Məhkəmə qərarları › İş №2-1(118)-473/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-473/2022

16.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-473/2022 16.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər bələdiyyəsinə qarşı “Sumqayıt şəhər bələdiyyəsinin “X6 mülkiyyətinə torpaq sahəsinin ayrılması haqqında” olan 24 aprel 2015-ci il tarixli 06 saylı qərarının ləğv edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Sumqayıt şəhər bələdiyyəsinə qarşı iddia qaldıraraq “Sumqayıt şəhər bələdiyyəsinin “X6 mülkiyyətinə torpaq sahəsinin ayrılması haqqında” olan 24 aprel 2015-ci il tarixli 06 saylı qərarının ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 2000-ci illərdə faktiki istifadəsində olan Sumqayıt şəhəri, «Yaşıldərə» yaşayış massivi adlandırılan «Samur-Abşeron» kanalının şimalında salınan Yeni yaşayış massivinin ərazisində 600 kv.metr torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı Sumqayıt şəhər Bələdiyyəsinə 2007-ci ildə müraciət etmişdir. Onun müraciəti bələdiyyə tərəfindən müsbət qarşılanmış və müvafiq razılaşdırmalardan sonra bələdiyyənin 07 mart 2008-ci il tarixli 07 saylı qərarına əsasən yuxanda göstərilən ərazidəki 600 kv.metr olan 362 saylı həyatyanı torpaq sahəsi fərdi ev tikintisi üçün ona ayrılmışdır. Həmin torpaq sahəsi həmin vaxtdan bu günə kimi onun faktiki və qanuni istifadəsindədir. Həmin sahəni hasarlayaraq çoxsaylı ağaclar əkmiş, köşk qoymuş, taxta materialları, qum, sement, daş tökmüşdür. Maddi imkanı olmadığı üçün ev tikintisinə başlaya bilməmişdir. Bələdiyyə qərarı ilə ona verilmiş torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınması üçün Reyestr Xidmətinə müraciət edərkən məlum olmuşdur ki, Bələdiyyə tərəfindən başqa bir şəxsə-3-cü şəxs A.Amaşovaya ona vemilmiş torpağa dair yeni qərar verilmiş və şəxs həmin qərar əsasında torpağa dair mülkiyyət sənədi almışdır. Bundan sonra o, bələdiyyəyə qarşı ona torpaq ayrılması barədə olan qərarın ləğv edilməsi barədə qərarının və onun faktiki istifadə və sahibliyində olan torpaq sahəsinin X3 dair qərarının ləğv edilməsi barədə iddia ilə məhkəmyə müraciət etmişdir.Sumqayıt İnzibati Məhkəməsinin 30.04.2021-ci il tarixli qərarına əsasən, onun iddiası təmin edilərək, bələdiyyənin 27 iyun 2008-ci il tarixli 14 saylı qəran 600 kv.metr torpaq sahəsinin satılması barədə bələdiyyənin 07 mart 2008- ci il tarixli 07 saylı qərarının ləğv edilməsi hissəsində ləğv edilmişdir. Məhkəmənin həmin tarixli qərardadı ilə onun Sumqayıt Bələdiyyəsinə qarşı X11 torpaq sahəsinin satılmasına dair 24 aprel 2015-ci il tarixli 06 saylı qərarının ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 izahatında bildirmişdir ki, iddiaçıya torpaq sahəsi ayrıldığı dövrdə o bələdiyyədə işləməmişdir. Buna görə də həmin torpaq sahəsinin iddiaçıya ayrılmasından, sonradan ayrılma ilə bağlı qərarın ləğvindən məlumatlı olmamışdır. Həmin torpaq sahəsi Aynaya hərrac vasitəsilə deyil, alqı-satqı müqaviləsi bağlanmaqla 24 aprel 2015-ci il tarixli qərarla birbaşa satılmışdır. Daha sonra torpaq sahəsinin ayrılmasına dair qərar bələdiyyənin özü tərəfindən ləğv edilmişdir. Məhkəmə qərarı ilə bələdiyyə qərarının ləğvinə dair qərar ləğv olunmuşdur. Sonda cavabdehin nümayəndəsi X9 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs X13 iddianı qəbul etməyərək bildirmişdir ki, torpaq sahəsi 2015-ci ildə bələdiyyə tərəfindən ona ayrılmışdır. Həmin qərar onun adına verilsə də, torpaq sahəsindən X7 istifadə etmişdir. Bələdiyyə qərarı əsasında onun hüququ daşımaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs X7 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçını tanımır. Mübahisəli torpaq sahəsi 2005-ci ildən onun istifadəsində olub. O, həmin ərazidə qeydiyyatda olmadığından sənədləşmə işləri Aynanın adına aparılıb. Torpaq sahəsi 2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində Aynanın adına qeydiyyata alınıb. Bundan sonra Ayna ilə aralarında həmin torpaq sahəsinə dair alqı-satqı müqavilə ilə torpaq sahəsi ona satılıb. Hazırda torpaq sahəsində tikili yoxdur. Mahir bələdiyyədən torpaq sahəsini 2008-ci ildə alıb. Həmin dövrdə də bələdiyyələr tərəfindən torpaq sahəsi yalnız hərrac vasitəsilə satıla bilərdi. Sonda üçüncü şəxs X7 iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Sumqayıt şəhər bələdiyyəsinin 07 mart 2008-ci il tarixli 07 saylı qərarı ilə Sumqayıt şəhərinin cənubunda «Samur-Abşeron» kanalının şimalında salınacaq Yeni yaşayış məntəqəsinin ərazisində sahəsi 600 kv.metr olan 362 saylı həyətyanı torpaq sahəsi İddiaçı ayrılmışdır. - Sumqayıt bələdiyyəsinin 24 aprel 2015-ci il tarixli 06 saylı qərarı ilə «Samur- Abşeron» kanalının şimalında, Sumqayıt şəhərinin cənubunda, Yeni yaşayış massivinin 7-ci məhəlləsində sahəsi 600 kv.m olan 362 saylı həyətyanı torpaq sahəsi X11 ayrılmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Sumqayıt şəhəri «Samur-Abşeron» kanalının şimalında, Yeni yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsi üzərində Sumqayıt bələdiyyəsinin mülkiyyət hüququ qeydiyyata alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Sumqayıt şəhəri «Samur-Abşeron» kanalının şimalı, Yeni yaşayış massivi 7-ci məhəllə, 362 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi üzərində X10 mülkiyyət hüququ qeydiyyata alınmışdır. - AN-İ ******* saylı 18 avqust 2021-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, Sumqayıt şəhəri «Samur-Abşeron» kanalının şimalı, Yeni yaşayış massivi 7-ci məhəllə, 362 ünvanında yerləşən ümumi sahəsi 0,06 haa olan torpaq sahəsi X13 tərəfindən X1. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 02 sentyabr 2021-ci il tarixli çıxarışdan görünür ki, Sumqayıt şəhəri «Samur-Abşeron» kanalının şimalı, Yeni yaşayış massivi 7-ci məhəllə, 362 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi üzərində X4 mülkiyyət hüququ qeydiyyata alınmışdır. - İddiaçı cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı “Sumqayıt bələdiyyəsinin 07 mart 2008-ci il tarixli 07 saylı qərarının ləğv edilməsinə dair bələdiyyənin 27 iyun 2008-ci il tarixli 14 saylı qərarının ləğv edilməsi”nə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2-1(118)-333/2021 saylı qərarı ilə iddia təmin edilmiş, Sumqayıt şəhərinin cənubunda salınacaq yeni yaşayış məntəqəsində 600 kv.m torpaq sahəsinin İddiaçı satılması barədə Sumqayıt bələdiyyəsinin 07 mart 2008-ci il tarixli 07 saylı qərarının ləğv edilməsi hissəsində ləğv edilməsi qərara alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhər bələdiyyəsinin 07 mart 2008-ci il tarixli 07 saylı qərarı ilə Sumqayıt şəhərinin cənubunda «Samur- Abşeron» kanalının şimalında salınacaq Yeni yaşayış məntəqəsinin ərazisində sahəsi 600 kv.metr olan 362 saylı torpaq sahəsi İddiaçı ayrılmışdır. Sonradan bələdiyyənin 27 iyun 2008-ci il tarixli 14 saylı qərarı ilə həmin qərar ləğv edilmişdir. Bundan sonra Sumqayıt bələdiyyəsinin 24 aprel 2015-ci il tarixli 06 saylı qərarı ilə sözügedən torpaq sahəsi X11 ayrılmış və onun həmin torpaq sahəsi üzərində hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra X13 2018-ci ildə həmin torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında X2 və sonuncunun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırki iş üzrə İddiaçı Sumqayıt bələdiyyəsinin ona torpaq sahəsinin ayrılmasına dair qərarın ləğvi ilə bağlı 27 iyun 2008-ci il tarixli 14 saylı qərarını Sumqayıt İnzibati Məhkəməsində mübahisələndirmiş və Məhkəmənin 30 aprel 2021-ci il tarixli qərarı ilə bələdiyyənin həmin qərarı ləğv edilmişdir. Beləliklə hazırda Sumqayıt bələdiyyəsinin İddiaçı torpaq sahəsinin ayrılmasına dair 07 mart 2008-ci il tarixli 07 saylı qərarı qüvvədədir. Belə olan halda eyni torpaq sahəsinə dair başqa şəxsin hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin qeydiyyatın da ilkin əsasını Sumqayıt bələdiyyəsinin 24 aprel 2015-ci il tarixli 06 saylı qərarı təşkil edir. 24 aprel 2015-ci il tarixli 06 saylı qərarla yuxarıda da qeyd olunduğu kimi X11 torpaq sahəsi satılmışdır. Məhkəmə hesab edir ki, Sumqayıt bələdiyyəsinin 07 mart 2008-ci il tarixli 07 saylı qərarı qüvvədə olduğundan, qərarın mötəbərliliyi mübahisələndirilmədiyindən, qərarın ləğvi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilmədiyindən, qeyd edilən qərar qüvvədə ola-ola onun predmeti olan torpaq sahəsinin digər şəxsə ayrılması qanunvericiliyin tələblərinə ziddir. Eyni zamanda bələdiyyə tərəfindən mübahisələndirilən qərarın qəbul edilməsi ilkin olaraq torpaq sahəsinin ayrıldığı şəxsin inzibati aktın məzmununa etimad hüququnun pozulması ilə nəticələnmişdir. Etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin hüquqları qanunla qorunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sumqayıt şəhər bələdiyyəsinin 24 aprel 2015-ci il tarixli 06 saylı qərarı ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt şəhər bələdiyyəsinin 24 aprel 2015-ci il tarixli 06 saylı qərarı ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar