Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4732/2025 28.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X6 Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2005-ci il təvəllüdlü övladı- X4 xx.xx.2023-cü il tarixdən, xx.xx.2024-cü il tarixə kimi Prezident təqaüdünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 182/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən 08 fevral 2005-ci il tarixdə doğulmuş X5 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi qət edilmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır.Daha sonra, Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli, 171 nömrəli Sərəncamı ilə İddiaçı xx.xx.2005-ci il təvəllüdlü övladı -X4 qəyyum təyin olunması qərara alınmışdır.Belə ki, övladının 18 yaşı tamam olana kimi ona əlillik təyin edilmiş və hər ay əlilliyi ilə bağlı təqaüd alırmış, ülvinin 18 yaşı tamam olandan sonra həmin təqaüdün verilməsi dayandırılmışdır. Ona görə ki, ona məhkəmə qətnaməsi ilə təsdiq olunamlıdır ki, Ülvi fəaliyyət qabiliyyəti olmayan şəxsdir.Bildirir ki, Ülvi anadan gəlmə Kvadroplegik spastik serebral iflic, Kvadriplegik serebral iflic xəstəlindən əziyyət çəkir. Əmək qabiliyyətsizdir. Buna görə də ona müddətsiz birinci qrup əlillik dərəcəsi təyin edilmişdir. Övladının fəaliyyət qabiliyyətsiz hesab edilməsi ilə bağlı məhkəməyə müraciət edən zaman onun əlillik üçün aldığı təqaüd dayandırılmışdır. 17 ay həmin pulu ala bilməmişdir. Birinci qrup əlillik dərəcəci bərpa edilmiş və bundan sonra o aylıq təqaüdü ala bilmişdir. xx.xx.2024-cü il tarixdən həmin pulu ala başlamışdır. Övladı tam yataq xəstəsidir. Ona iddiaçı baxır, nə yerimə, nə içmə və s. heç bir qabiliyyəti yoxdur. Orqanizminin funksiyalarının 100 % pozulmuşdur. Bu qeyd etdiyi faktlar Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsində də öz təsdiqini tapmışdır. Belə ki, ona verilməyən 17 ay müddətində pulun verilməsi ilə bağlı lazımi sənədlərimi toplayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Abşeron DOST Mərkəzinə müraciət etmiş, müraciəti və ona əlavə etdiyim sənədlər Mərkəzi filiala aidiyyəti üzrə baxılması üçün göndərilmişdir.Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona xx.xx.2024-cü il tarixli, 3-17-1/2-S- 227224/2024 nömrəli Prezident təqaüdü haqqında cavab məktubu ilə müraciətinin icrasından imtina edilmişdir. X3 qulluq edən şəxs kimi ona xx.xx.2019-cu il tarixindən Prezident təqaüdü təyin edilmiş və xx.xx.2023- cü il tarixinədək (18 yaşının tamam olması ilə əlaqədar) tam ödənilmişdir. İmtina qanunsuz olduğundan hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək ona “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlliliyi müəyyən edilmiş şəxslərə şəxslərə qulluq edənlərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsini xahiş etmişdir.Mərkəzi Filial tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdən müvafiq təqaüd təyin edilmiş və hal-hazırda ödənişi davam etdirilir.Daha sonra iddiaçı yenidən Mərkəzi Filiala müraciət edərək təqaüdün 0S.02.2023-cü il tarixdən təyin edilərək ona ödənilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanan məktubla müraciətin müsbət həllinin mümkün olmayacağı yazılı şəkildə bildirilmişdir.Bundan sonra, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində əvvəlki dövr üzrə prezident təqaüdünün ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.Hesab edirik ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.Belə ki, qulluq təqaüdünün təyin edilməsi üçün əsas müraciət etmiş şəxsin fəaliyyəti qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surətidir.Bu fərqləndirmənin hüquqi mahiyyəti həmin şəxslərin öz hərəkətinin əhəmiyyətini başa düşə bilməməsi, özləri üçün müiki hüquqlar və vəzifələr əldə etmək və ya icra etmək qabiliyyətindən məhrum olmalarıdır.Buna görə də onlar üzərində qəyyumluq müəyyən edilir və sözügedən məsələyə münasibətdə qəyyumun həmin şəxsə qulluq etməsi faktı rəsmiləşərək hüquqi nəticə doğurmaq xüsusiyyəti qazanmır, Bu qaydada rəsmiləşmə olmadıqda isə müaciət edən şəxsin əlilliyi müəyyən edilmiş şəxsə həqiqətən qulluq etməsi faktını müəyyən etmək mümkün olmur. Qeyd olunanlara əsasən bildirir ki, iddiaçıya övladı X4 qəyyum təyin edilməzdən əvvəlki dövr üzrə (xx.xx.2023-cü il tarixdən) qulluğa görə Prezident təqaüdünün təyin olunması qanunvericliyin tələbləri baxımından mümkün hesab edilmir.Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/2-S-227224/2024 nömrəli məktubun surəti, cavabdehin etiraz ərizəsi, Ölüm haqqında şəhadətnamənin surəti, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının H.Z.Tağıyev qəsəbə nümayəndəliyi tərəfindən təsdiqlənmiş xx.xx.2023-cü il tarixli Aktın surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun şəxsə qulluq etdiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq mərkəzi filialının hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun xidmət göstərdiyi ərazinin sakinidir və əmək pensiyalarının təyin edilməsi, sosial müavinətlərin, təqaüdlərinin verilməsi DSMF-nin səlahiyyətlərinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı hazırkı iddia tələbi üzrə cavab verməli olan orqandır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/2-S-227224/2024 nömrəli məktubunu qəbul etdikdən sonra məhkəməyə vaxtında müraciət etmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən digəri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Suqmayıt şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni olmuş və iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına əsasən 2019-cu ilin aprelin 1-dən “ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə” Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə əsasən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvlərinə münasibətdə şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlliliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun ərizəsi və onların qohumluq əlaqəsini təsdiq edən sənədlərin surətləri təqdim olunmalıdır. Həmin Qaydanın 2.2.3-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəvə minmiş qərarı ilə fəaliyyət qabiliyyətli olmayan sayılmış orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən şəxsə münasibətdə onun fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti təqdim olunmalıdır. Təqdim edilmiş iş materiallarından görünür ki, İddiaçı övladı X3 qulluq edən şəxs kimi xx.xx.2019-cu il tarixdən Prezident təqaüdü təyin edilmiş, xx.xx.2023-cü il tarixədək (övladının 18 yaşının tamam olması ilə əlaqədar) tam ödənilmişdir. Daha sonra Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)-182/2024 nömrəli qətnaməsi ilə xx.xx.2005-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli 171 nömrəli sərəncamına əsasən İddiaçı xx.xx.2024-cü il tarixdən Ü.Səmədovun qəyyumu təyin edilmişdir. Qanunvericiliyin tələbləri baxımından cavabdeh təşkilat tərəfindən iddiaçıya qəyyum elan edildiyi tarixdən sözügedən Prezident təqaüdü vermişdir. İddiaçının hüquqi marağı övladına qəyyum təyin edilənədək olan dövr ərzində verilməmiş təqaüdün alınmasından ibarət olsa da, cavabdeh təşkilat imperativ xarakter daşıyan qanunvericilik normalarını nəzərə alaraq iddiaçıya düzgün tarixdən, yəni Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli 171 nömrəli sərəncamının qəbul edildiyi vaxtdan həmin təqaüdü təyin etmişdir. İşin hallarından görünür ki, iddiaçı tərəfindən vaxtında qəyyumluq və himayəçilik orqanına müraciət edilməmişdir. Belə olan halda cavabdeh təşkilatın üzərinə hər hansı öhdəliyin qoyulması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2005-ci il təvəllüdlü övladı-X4 xx.xx.2023-cü il tarixdən, xx.xx.2024-cü il tarixə kimi Prezident təqaüdünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X9
Məhkəmə qərarları › İş №2-1(118)-4732/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4732/2025
28.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver