Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4741/2025 07.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçı və onun nümayəndəsi həmçinin vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı “əmək pensiyasının yenidən hesablanmasına dair 09 sentyabr 2024-cü il tarixli, 3-17-1/3-3-14227/2024 saylı və 09 dekabr 2024-cü il tarixli, 3-17-1/3-3-22161/2024 saylı qərarlarının ləğv edilməsi, iddiaçıdan tutulmuş pensiya məbləğinin geri qaytarılması, əvvəlki pensiya məbləğinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması”na dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı iddia qaldıraraq “cavabdehin hərəkətlərinin qanunsuz hesab etməklə, iddiaçıya 2009-cu ildən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanaraq artırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “əmək pensiyasının yenidən hesablanmasına dair 09 sentyabr 2024-cü il tarixli, 3-17- 1/3-3-14227/2024 saylı və 09 dekabr 2024-cü il tarixli, 3-17-1/3-3-22161/2024 saylı qərarlarının ləğv edilməsi, iddiaçıdan tutulmuş pensiya məbləğinin geri qaytarılması, əvvəlki pensiya məbləğinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1959-cu ildə anadan olmuş və zərərli işlərdə işləməyi ilə bağlı güzəştli əsaslarla xx.xx.2009-cu ildə əmək pensiyasına çıxmış, hazırda 865 manat pensiya alır. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının pensiyasının yenidən hesablanması aparılmış və onun 52 yaşında güzəştli şərtlərlə əmək pensiyasına çıxmalı olduğu bildirilməklə onun pensiyaya çıxdıqdan sonra 15 ildən artıq işləməsinə baxmayaraq pensiyası düzgün hesablanmamış və pensiyası nəinki artırılmış, hələ üstəlik iddiaçıya guya artıq pensiya hesablandığı bildirilmiş və son 3 il üzrə bu məbləğin 11769,34 manat təşkil edilməsi bildirilməklə onun aylıq pensiyasından hər ay 80,06 manat tutulur və bu tutulma 2024cü ilin sentyabr ayından başlamışdır. İddiaçı cavabdeh orqana müraciət edərək ona 2009-cu il mart ayının 6-dan-50 yaşımdan təyin edilmiş pensiyasının bərpasını və sonrakı illərdə işlədiyi dövrün və sığorta hesabında toplanan kapitalın nəzərə alınaraq pensiyanın yenidən hesablanaraq artırılmasını xahiş etmiş, lakin cavabdeh xx.xx.2025-ci il tarixli məktubunda iddiaçının xahişini təmin etməmiş və onun razılığı olmadan pensiyadan tutulmaları bu günədək davam etdirmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi həmçinin vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, idda tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddia ərizəsinə əsasən, iddiaçı ona 50 yaşdan təyin edilmiş pensiyanın bərpası, pensiyanın yenidən hesablanması və 2024-cü ilin sentyabr ayından əmək pensiyasından tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdeh Mərkəzi Filialın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hesab edirlər ki, iddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li Siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 50 yaşs tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixdə həmin Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə əsasən 1997-ci il avqustun 1- dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 avqust 2000-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ sözügedən Qərarla təsdiq olunmuş 1 №-li Siyahı üzrə 52 yaş müəyyən edilmişdir. Buna görə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 1 avqust 1997-ci il tarixədək tələb olunan güzəştli və ümumi iş stajını topladıqda, lakin 50 yaş həddinə dəyişiklikdən sonra çatdıqda onlara həmin yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Həmin şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası müvafiq dəyişiklikdən sonra qanunvericilikdə müəyyən edilmiş yaş həddinə (52 yaş) uyğun təyin edilməlidir. Qanunun 27-ci maddəsinin 1 yanvar 2010-cu il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyası pensiya sığorta kapitalına əsasən deyil, ödənilmiş əmək haqqının orta aylıq məbləğinə uyğun olaraq hesablanırdı. Göstərilən tarixdən qanunvericiliyə edilmiş dəyişikliklə əlaqədar 1 yanvar 2010-cu il tarixdən sonra əmək pensiyasının məbləği toplanılan pensiya sığorta kapitalına (1 yanvar 2006-cı il tarixdən əvvəlki iş stajının da pensiya sığorta kapitalına şərti çevrilməsi aparılmaqla) əsasən hesablanılmasına başlanılıb. Belə ki, həmin maddənin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006- cı il tarixədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixdən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq, İddiaçı əmək pensiyası tərəfimizdən aşağıdakı qaydada hesablanıb: Araşdırma zamanı, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşın tamamlandığı 6 mart 2011-ci il tarixindən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşın tamamlandığı 6 mart 2009cu il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunmuşdur. Pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək İddiaçı ümumi iş stajı 29 il 25 gün təşkil edir. Bununla əlaqədar 1 yanvar 2006-cı il tarixinədək iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanın sığorta hissəsi 34,32 manat (29,07 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2011-ci il tarixinə indeksləşdirilib 56,21 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2011-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabın sığorta hissəsində qeydə alınmış 2463,84 manat pensiya sığorta kapitalına uyğun 17,11(2463,84:144) manat və 85,00 manat baza hissəsi əlavə edilərək 6 mart 2011-ci il tarixinə 158,32(56,21 +17,11 +85,00) manat (indeksləşdirilərək xx.xx.2017-ci il tarixinə 207,09 manat) məbləğində əmək pensiyası müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, İddiaçı əmək pensiyası təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyinə görə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalına əsasən əmək pensiyası Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada 1 oktyabr 2017-ci il tarixindən yenidən hesablanaraq 207,09 manatdan 287,83 manata (indeksləşdirilərək 01,01,2023-cü il tarixinə 501,85 manat), əmək pensiyası yenidən hesablandıqdan sonra təkrar 6 il işlədiyinə görə 1 oktyabr 2023-cü il tarixindən 501,85 manatdan 703,111 manata (indeksləşdirilərək 01.01,2024-cü il tarixinə 781,86 manat), 5 aprel 2024-cü il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə isə həmin tarixdən 781,86 manatdan 800,67 manata artırılmışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı son üç il üzrə 11769,34 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Həmin vəsait əmək pensiyasındandan hissə-hissə (hər ay 80,06 manat olmaqla) tutularaq büdcəyə bərpa edilir. Əlavə olaraq bildiririk ki, Qanununun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2025-ci il tarixindən iddiaçının pensiya məbləği 865,52 manat təşkil edir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli məktub; 05 sentyabr 1977-ci il tarixli əmək kitabçası; НЗ ******* seriyalı hərbi biletin surəti və digər sənədlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. İnzibati-Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hal-hazırda mübahisə predmeti olan pensiyanın yenidən hesablanması haqqında qərarlar 09 sentyabr və 09 dekabr 2024-cü il tarixdə qəbul edilmiş, iddiaçı tərəfindən həmin qərarın ləğv edilməsi ilə bağlı iddia ərizəsi isə 03 mart 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı qeyd olunan qərardan məhkəmə sorğusuna cavab məktubu ilə xəbərdar olmuşdur. Göründüyü kimi iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə inzibati iş materiallarını tam, hərtərəfli və obyektiv olaraq araşdırıb, belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla, cavabdeh orqan tərəfindən ona 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh orqan tərəfindən qəbul edilmiş 09 sentyabr 2024cü il tarixli, 3-17-1/3-3-14227/2024 saylı və 09 dekabr 2024-cü il tarixli, 3-17-1/3-3- 22161/2024 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarlarla müvafiq olaraq əvvəlcə iddiaçıya təyin edilmiş 923 manat 47 qəpik pensiya məbləği azaldılaraq, ona 814 manat 09 qəpik, daha sonra isə 814 manat 09 qəpik pensiya məbləği azaldılaraq 800 manat 67 qəpik pensiya təyin edilmişdir. Cavabdeh orqan məhkəməyə təqdim etdiyi yazılı etirazda iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşın tamamlandığı 6 mart 2011-ci il tarixindən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşın tamamlandığı 6 mart 2009-cu il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyini, Nəcimova əmək pensiyası təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyinə görə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalına əsasən əmək pensiyası Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada 1 oktyabr 2017-ci il tarixindən yenidən hesablanaraq 207,09 manatdan 287,83 manata (indeksləşdirilərək 01,01,2023-cü il tarixinə 501,85 manat), əmək pensiyası yenidən hesablandıqdan sonra təkrar 6 il işlədiyinə görə 1 oktyabr 2023-cü il tarixindən 501,85 manatdan 703,111 manata (indeksləşdirilərək 01.01,2024-cü il tarixinə 781,86 manat), 5 aprel 2024-cü il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə isə həmin tarixdən 781,86 manatdan 800,67 manata artırıldığını, qeyd olunanları nəzərə alaraq, İddiaçı son üç il üzrə 11769,34 manat artıq pul vəsaiti ödənildiyinin müəyyən edildiyini və həmin vəsait əmək pensiyasındandan hissə-hissə (hər ay 80,06 manat olmaqla) tutularaq büdcəyə bərpa edildiyini qeyd etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın qəbul etdiyi 09 sentyabr 2024-cü il tarixli, 3-17-1/3-3-14227/2024 saylı və 09 dekabr 2024-cü il tarixli, 3-17-1/3-3- 22161/2024 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında qərar üzrə inzibati icraat aparılmadığından və əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə cavabdeh orqanın iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edilməsi dəlilinə münasibətdə bildirir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə ilk öncə güzəştli şərtlərlə əmək pensiyasının hansı dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq təyin edilməli olmasını müəyyən etmək zəruridir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir -Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin a) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-cı il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idiyaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. Hazırda qüvvədə olan qanunvericiliyə görə axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud olmalıdır: yaş; iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” (bundan sonra 1 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 1 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır. Hazırki işdə cavabdeh orqanın yazılı etirazından görünür ki, iddiaçının 10 ildən artıq güzəştli şərtlərlə əmək pensiyası hüququ verən xüsusi iş stajının olması ilə bağlı, eyni zamanda 20 ildən artıq ümumi iş stajının olması ilə bağlı tərəflər arasında hər hansı bir mübahisə yoxdur. İş materiallarından və iddiaçının pensiya işindən görünür ki, iddiaçının 10 ildən artıq güzəştli şərtlərlə əmək pensiyası hüququ verən xüsusi iş stajı və 20 ildən artıq ümumi iş stajı vardır. Beləliklə, iddiaçının 55 yaşı tamam olduğuna, güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə 10 il xüsusi iş stajı və 20 il ümumi iş stajı olduğuna görə, yuxarıda qeyd olunan normalara əsasən onun pensiya hüququ 50 yaşının tamam olduğu 06.03. 2009-cu il tarixindən yaranmışdır. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçıya təyin edilmiş pensiya məbləğinin hesablanması zamanı inzibati icraat düzgün aparılmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Qanunun 2.0.2-ci bəndinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir Qanunun 21-ci maddəsinə əsasən: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Qanunun 24-cü maddəsinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Qanunun 25.1-ci maddəsinə görə Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Qeyd ounan hüquq normalarının məzmunundan görünür ki, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. İnzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki,“İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. Lakin göründüyü kimi cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul edilən zaman, inzibati orqan tərəfindn inzibati icraatın prinsipləri pozulmuş, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməmiş və işdə onların iştirakını təmin etməmişdir. Həmçinin cavabdeh orqan tərəfindən inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verilməmiş və bu barədə onların mülahizələri dinlənilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39-cu maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Qeyd olunan hüquq normalarından göründüyü kimi qanunvericilikdə artıq ödənilmiş pensiyanın geri qaytarılmasının yalnız iki qaydası mövcuddur - tərəfin razılığı ilə inzibati orqanın özü tərəfindən qəbul edilmiş qərar və tərəfin razılıq olmadığı tədqirdə həmin vəsaitin qarşı tərəfdən məhkəmə qaydasında tutulması. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ondan artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı razılığı olmamışdır, nə də artıq ödənilmiş məbləğin tutulması ilə bağlı məhkəmə qərarı da mövcud deyildir. İnzibati iş materiallarından görünür ki, cavabdeh orqan iddiaçıya təyin edilmiş pensiya məbləğini dəfələrlə yenidən hesablamışdır, sonra isə öz mülahizəsi əsasında ödənilən artıq pensiya məbləğini iddiaçının əmək pensiyasından tutmağa başlamışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilatın iddiaçıya ödənilmiş artıq pensiya məbləğini ona təyin edilmiş pensiyadan tutması tamamilə əsassız olmuşdur. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edilə bilər. İPM-in 12.3-cü maddəsinə görə məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. İnzibati Prosessual Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə yuxarıda qeyd olunan hüquq normalarının müqaisəli təhlildən göründüyü kimi cavabdeh tərəfindən qəbul edilmiş 09 sentyabr 2024-cü il tarixli, 3-17-1/3-3- 14227/2024 saylı və 09 dekabr 2024-cü il tarixli, 3-17-1/3-3-22161/2024 saylı qərarları iddiaçıya münasibətdə akt əlverişsiz inzibati akt olmaqla, iddiaçının konstusion hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı barəsində qəbul edilmiş 09 sentyabr 2024-cü il tarixli, 3-17-1/3-3-14227/2024 saylı və 09 dekabr 2024-cü il tarixli, 3-17-1/3-3-22161/2024 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarları ləğv edilməli, pensiyadan aparılmış tutulmalar geri qaytarılması, əvvəlki pensiya məbləğinin bərpa edilməsi barədə öhdəlik cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı barəsində qəbul edilmiş 09 sentyabr 2024-cü il tarixli, 3-17-1/3-3- 14227/2024 saylı və 09 dekabr 2024-cü il tarixli, 3-17-1/3-3-22161/2024 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarlar ləğv edilsin. İddiaçı pensiya məbləğindən aparılmış tutulmaların geri qaytarılması və əvvəlki pensiya məbləğinin bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva