Məhkəmə qərarları › İş №2-1(118)-4742/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4742/2024

26.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4742/2024 26.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Kazımova İradə Səlim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Xızı qəsəbəsi ərazisində ümumi sahəsi 63 kv.m, yaşayış sahəsi 47 kv.m olan yaşayış evinə dair mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması”na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X5 xx xxxxx 1959-cu il tarixdə Gürcüstan, Dmanisi rayonunda anadan olmuşdur. X2 23 aprel 2003-cü il tarixdə “kəllə beyin damarlarının işemik insultu” səbəbindən vəfat etmişdir. Qeyd edir ki, mərhum anası Zəmişan İsayevaya məxsus Xızı qəbəsi ərazisində ümumi sahəsi 63 kv.m, yaşayış sahəsi 47 kv.m olan yaşayış evi olmuşdur. Ev 1990-cı il tarixdə tikilmişdir. Xızı rayon icra hakimiyyəti Xızı rayon Dövlət Arxivi tərəfindən verilmiş 17 mart 2021 -ci il tarixli arxiv çıxarışına əsasən müəyyən edilmişdir ki, 155 saylı təsərrüfatın ailə başçısı X6, təsərrüfat üzvləri isə X5 (qızı), X11 (nəvəsi), X8 (nəvəsi), X7r (gəlini). Təsərrüfatın şəxsi mülkiyyəti hesab olunan tikili-Yaşayış evi-1, tikildiyi il-1990, ümumi sahəsi-63 kv.m, Yaşayış sahəsi-47 kv.m X1 özünə məxsus fərdi evi iddiaçıya vəsiyyət etmişdir. Lakin iddiaçı Türkiyə Respublikasının vətəndaşı ilə ailə qurduğuna görə uzun müddət Türkiyə Respublikasında yaşamış, sənədləşmə ilə bağlı müraciət etməmişdir. Sözü gedən evdə hal-hazırda oğlu X14 ailə üzvləri ilə birlikdə qeydiyyatsız yaşayır. İddiaçıya orda yaşamağa icazə vermirlər. Yeganə birinci dərəcəli varis olaraq miras əmlaka dair sənədləşdirmə işlərini həyata keçirtmək istəyir. Bununla əlaqədar olaraq Xızı rayon Dövlət Notariat Ofisinə müraciət etdikdə bildirilmişdir ki, X3 torpaq sahəsinə dair hüquqlarının dövlət qeydiyyaına alınması barədə çıxanş təqdim etməyi tələb olunur. Buna görə də müvafiq qaydada cavabdeh idarəyə rəsmi qaydada müraciət etmişdir. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubu ilə ərizənin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Belə ki, məktubla ona bildirilmişdir ki, daşınmaz əmlaka baxış keçirilərkən mübahisə halı olduğu aşkar olunmuş, müraciətin icrası mümkün olmamışdır. Hesab edir ki, imtinanın heç bir hüquqi əsası yoxdur. Qeyd edir ki, yeganə birinci dərəcəli varis iddiaçıdır. Müvafiq qaydada vərəsəliklə bağlı müraciətinə cavab olaraq bildirilmişdir ki, mübahisələndirilən yaşayış sahəsi və evin mərhum anasına məxsus olmasına dair çıxarış tələb olunur. Dəfələrlə oğlu X12 yaşayış sahəsini boşaldılması barədə müraciətlər etsə də heç bir nəticəsi olmamışdır. Ümumiyyətlə heç bir əsas olmadan ona orda yaşamağa icazə vermirlər. Hara müraciət edirsə ondan çıxarış tələb olunur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilərək mümkün hüquq müdafiə vasitələri izah edilmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəfimizdən araşdırılmışdır və müəyyən edilmişdir ki, Xızı rayonu, Xızı şəhəri ərazisində yerləşən fərdi yaşayış evi üzərində mərhum X3 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə 18 mart 2024-cü il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi, həmin Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici əsaslardan biri, eləcə də 10-cu maddəsində nəzərdə tutulmuş texniki sənədlər əsasında aparılır. Sözügedən daşınmaz əmlaka idarənin mütəxəssisi tərəfindən müayinə baxışı keçirilən zaman mübahisəli hal olduğu və əmlakın başqa şəxs tərəfindən istifadə olunduğu müəyyən olunmuşdur. Odur ki, hüquqmüəyyənedici sənədlərin əsli, torpaq sahəsinin sərhəd ölçülərini və yerini müəyyən edən texniki sənəd (torpaq sahəsinin planı və ölçüsü, mövqe sxemi, ayrıc aktı və s.) təqdim edildikdən və mübahisəli hal aradan qaldırıldıqdan sonra bilavasitə müraciət edəcəyi təqdirdə müraciətə qanunamüvafiq qaydada baxılacağı iddiaçıya bildirilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması qaydasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdirlər. X14 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, məhkəmə sorğusuna cavab olaraq cavab olaraq cavabdehin xx.xx.2024-cü il tarixli 3-21-3-31/2-3280/2024 saylı məktubunda qeyd edilmişdir ki, daşınmaz əmlak üzərində mübahisə olduğu üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, müayinə aktının və ortofoto xəritəsinin tərtib edilməsi mümkün olmamışdır. 20 avqust 2024-cü il tarixli məhkəmə iclasında İddiaçı oğlu X14 ilə barışdığını bildirmiş, müayinə aktının tərtib edilməsi üçün heç bir maneənin olmadığını, inventarlaşdırma işlərinin aparılması üçün şəraitin yaradılacağını qeyd etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(118)-4742/2024 saylı qərardadı ilə mübahisə ilə bağlı iddiaçının müraciətinə yenidən baxılması üçün (torpaq sahəsinə cavabdeh tərəfindən baxış keçirilməklə torpaq sahəsinə dair müayinə aktı və ortofoto xəritəsindən çıxarış məhkəməyə təqdim edilməklə) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə 30 (otuz) gün müddət təyin edilmişdir. Cavabdehin 19 noyabr 2024-cü il tarixli 3-21-3-31/2-4333/2024 saylı məktubunda qərardadın icrası ilə əlaqədar bildirilmişdir ki, sözügedən daşınmaz əmlaka idarənin mütəxəssisi tərəfindən müayinə baxışı keçirilən zaman mübahisəli hal olduğu, əmlakın başqa şəxs tərəfindən istifadə olunduğu və daşınmaz əmlaka baxış keçirilməsinə şərait yaradılmadığı müəyyən olunmuşdur. Göründüyü kimi iddiaçı ilə üçüncü şəxs arasında ailə mübahisəsi mövcuddur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İşin hallarından görünür ki, iddiaçı ilə oğlu X14 arasında ailə mübahisəsi mövcuddur. Mübahisəli mənzildə X14 ailə üzvləri ilə birlikdə yaşayır. Bu halda məhkəmə hesab edir ki, hazırki mübahisənin yaranma əsasını ailə mübahisəsi təşkil etdiyindən və mənzilə baxış keçirilməsinə üçüncü şəxs tərəfindən şərait yaradılmadığından iddiaçı X9 ailə üzvləri ilə birlikdə mübahisəli mənzildən çıxarılmasını mülki məhkəmə icraatı qaydasında tələb edə bilər. Hazırki halda mübahisə cavabdeh orqanın hərəkət və ya hərəkətsizliyi ilə əlaqədar deyil, ailə mübahisəsi ilə əlaqədar yarandığından məhkəmə hesab edir ki, işə inzibati qaydada baxılması mümkün deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İddiaçıya izah edilsin ki, o, X9 ailə üzvləri ilə birlikdə mənzildən çıxarılmasını mülki məhkəmə icraatı qaydasında tələb edə bilər. Bundan sonra isə mübahisə predmetini təşkil edən mənzil üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün cavabdeh orqana müraciət edə, cavabdehin hərəkət və ya hərəkətsizliyindən inzibati qaydada iddia qaldıra bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar