Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4747/2024 27.08.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Quba rayon Barlı bələdiyyəsinə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğvi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Kazımova İradə Səlim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Quba rayon Barlı bələdiyyəsinə qarşı “Quba rayon Barlı bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 7 saylı iclasının 13-52 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı məhkəməyə müraciət edərək Quba rayon Barlı bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 7 saylı iclasının 13-52 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Quba rayonu Barlı Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 07/1352 saylı qərarına əsasən 623,31 manat vergi borcu tutulmalıdır. Sözügedən qərardan məlumatı icra məmurunun ona göndərdiyi xx.xx.2024-cü il tarixli bildirişdən sonra olmuşdur. Bildiriş ona xx.xx.2024-cü il tarixdə təqdim olunmuş və iddiaçı icra şöbəsinə yaxınlaşaraq oradan həmin qərarın surətini əldə etmişdir. Həmin qərarla razılaşmır və hesab edir ki, heç bir sübuta əsaslanmadan qanunsuz olaraq vergi borcu hesablanmışdır. Belə ki, qərarda sözügedən borcun necə, haradan hansı dövr üçün yaranması əksini tapmamış, formal mətndən ibarət qərar qəbul edilmişdir. Qərara nəzər yetirəndə heç bir araşdırma aparılmadığı, formal mülahizələrdən, maddi və prosessual hüquq normalarının qeyd olunmasından ibarət olduğu görünür. Halbuki MMC-dən tələb olunan borcun heç bir hüquqi əsası yoxdur, iddiaçının mülkiyyətində olan torpağa görə bu qədər verginin hesablanması qanunsuzdur və heç bir hüquqi əsası yoxdur. İddiaçı İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə, 32.1-ci, 38.1-ci, 70.1-ci, 70.3-cü maddələrinə, "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 87.2-ci maddəsinə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2012-ci il tarixli qərarına, «İnzibati İcraat haqqında» Azərbaycan Respublikası Qanunun 67-ci, 71-ci, 72-ci, 73-cü maddəsinə, «Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci və 2-ci abzaslarına, «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanunun 48.2-ci maddəsinə istinad edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, izahatında qeyd etmişdir ki, bələdiyyəyə dəfələrlə 1.56 ha torpağı olduğunu bildirmişdir. Ona deyiblər ki, 600 manata imza et, 100 manat ödə, amma 600 manat borc silinməyəcək. Dəfələrlə demişdir ki, düzəliş edilsin, qanunla nə ödəməlidirsə sistemə yazılsın, ödəsin. Düzdür, ferma var, lakin onun adında deyil, hələ də sənədləşdirə bilmir. Cavabdeh etirazında qeyd etmişdir ki, bütün bələdiyyələr kimi Barlı bələdiyyəsi də, büdcəsi vergilər hesabına formalaşır. Bələdiyyə ərazisində olan bütün vergi ödəyicilərinə daimi olaraq vergilərin ödənilməsi barədə tədiyyə bildirişləri göndərilir. Həmin tədiyyə bildirişləri əsasında ödənilən vergilər hesabına bələdiyyə işçilərinin əmək haqqları ödənilir, bələdiyyə ərazisində abadlıq işləri aparılır, bələdiyyə ərazisində olan imkansız şəxslərə yardımlar edilir və digər sosial layihələrə ayrılır. Bələdiyyə ərazisində hazırkı iddiaçı kimi bir neçə şəxslər varki, sahibkarlıq fəaliyyəti göstərsələr də, torpaq sahələri və bağları olsa da, bələdiyyə vergiləri ödəməkdən istənilən üsulla yayınırlar. Nəticədə bələdiyyə vergilərinin toplanılmasına çətinlik yaranır, bələdiyyə büdcəsində vəsait toplanmır, toplanan vəsait isə işçilərin əmək haqqlarının ödənilməsində belə çətinlik yaranır. Hətta ötən il bələdiyyə işçilərin əmək haqqlarının hesablanmasına görə ödənilməli olan sosial ödənişləri ödəmək imkanı olmadığı üçün, bələdiyyə büdcəsində pul olmadığı üçün bələdiyyə sədri olaraq mənim ölkədən getmək hüququm məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdır. İddiaçı Quba rayonu Qəçrəş kəndində yaşasa da, Quba rayonu Amsarqışlaq kəndində torpaq sahəsi üzərində bağ və bağ sahəsində anbar vardır. Həminçinin Amsarqışlaq kəndində 0,16 ha həyətaynı torpaq sahəsi, üzərində fərdi yaşayış evi, ferması və digər tikililəri vardır. Bələdiyyə olaraq sahibkarlığın inkişafına daimi kömək olmuşuq, bələdiyyə ərazisində olan sahibkarlara onların bələdiyyənin səlahiyyətlərinə aid olan işlərdə daim köməklik etmişik. Lakin iddiaçının bələdiyyə borcu 2020-ci ildən yaranmış, dəfələrlə iddiaçıya borcun ödənilməsi üçün şifahi qaydada, telefonla xəbərdarlıq etmişik. Lakin iddiaçı hər dəfə müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışdır. Belə olan halda iddiaçıya aid tədiyə bildirişi poçt vasitəsilə onun ünvanına göndərilmişdir. Bundan sonra qanunvericiliyə uyğun olaraq bələdiyyə ərazisində vergi borcunu ödəməyən şəxslərin siyahısı tərtib edilmiş, bələdiyyə iclası keçirilmiş, protokol və onun əsasında qərar qəbul edilmişdir. Bundan sonra həmin protokol və qərar bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinə göndərilmişdir. İş mərkəzinin müvafiq müsbət rəyindən sonra 27 mart 2024-cü il tarixdə vergilərin məcburi qaydada tutulması ilə bağlı qərar qəbul edilmiş və icra edilməsi üçün Quba rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Borcun hesablanma qaydası isə bələdiyyə tərəfindən müdaxilə edilmir, bələdiyyələrə verilən vergi borclarının hesablanması proqramı ilə avtomatik olaraq hesablanır. İddiaçı bələdiyyə ərazisində fəaliyyət göstərən sahibkar kimi vergi borcunun ödənilməsinə cəhd etmək əvəzinə əsassız olaraq məhkəməyə müraciət edir, məhkəmələrin də iş yükünün əsassız olaraq artmasına səbəb olur. Bundan başqa Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 1-ci bəndinə əsasən bələdiyyələrin büdcələri təkcə vergi ödənişləri ilə deyil, ianə və yardımlarla da formalaşır. İddiaçı sahibkar olsa da, bələdiyyə ərazisində yerləşən torpaq sahəsindən olan bağlardan kifayət qədər gəlir əldə etsə də, bələdiyyəyə nəinki ianə və ya yardım, heç hesablanan vergi borcunu belə ödəmək istəmir. Azərbaycan Respublikası 73-cü maddəsinın İ bəndinə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən yerli vergilər (bələdiyyə vergiləri) - Azərbaycan Respublikasının Vergi Məcəlləsi və "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən və bələdiyyələrə ödənilən vergilərdir. Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikası Qanunun 8-1-ci maddəsinə əsasən yerli ödənişlər – "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən bələdiyyələr tərəfindən müəyyənləşdirilən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdir. Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 1ci bəndinə əsasən bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə təhsil, tibb, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: RX seriyalı, ******* saylı, reyestr nömrəsi **********91, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Quba rayonu, Barlı Bələdiyyəsi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 1.56 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. xx.xx.2024-cü il tarixli **********0316 saylı tədiyyə bildirişdən görünür ki, iddiaçıya 2024-cü il üçün 35 manat əmlak vergisi, 24.61 manat torpaq vergisi, ötən dövrlər üzrə vergi borcu 254.61 manat, faiz məbləğ 101.32 manat, cəmi ödəniləcək məbləğ 415.54 manat olmaqla hesablanmışdır. 27 mart 2024-cü il tarixli, 07/13-52 saylı Qərardan və iclas protokolunun qərarından çıxarışından görünür ki, İddiaçı tərəfindən cəmi 623-31 manat pul məbləğində yerli vergi ödənişləri qanunla müəyyən edilmiş vaxtda ödənilmədiyinə görə vergi ödəyicisi barəsində məcburi icra tədbirlərinin görülməsi üçün Quba rayon İcra və Probasiya şöbəsinə təqdim edilmişdir. Cavabdeh tərəfindən elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş arayışda qeyd edilmişdir ki, **********0316 seriyalı tədiyyə bildirişi xx.xx.2024-cü il tarixdə vergi ödəyicisinə çatdırılmışdır. 2024-cü il üçün yerli (bələdiyyə) vergilər üzrə fiziki şəxsin şəxsi hesab vərəqəsində vergi ödəyicisi İddiaçı ümumi borc 363.09 manat hesablandığı qeyd edilmişdir. Quba rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli, 155530/2024-07 saylı tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başladığı Quba rayon Barlı bələdiyyəsinin 91 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı Quba rayon Barlı bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 7 saylı iclasının 13-52 nömrəli qərarının ləğv edilməsini istəyir. İddiaçı bildirir ki, onun mübahisələndirilən qərardan icra mərhələsində məlumatı olmuşdur. Cavabdeh orqan tərəfindən elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş arayışda tədiyyə bildirişinin iddiaçı tərəfindən əldə edilmiş olması qeyd edilsə də, iddiaçının inzibati icraata cəlb edilməsi, qanunvericiyə uyğun qaydada inzibati icraatın aparılmasına dair yetərli sübutlar məhkəməyə təqdim edilməmişdir. “İnzibati İcraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 51.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 61-ci maddəsinə əsasən: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 67-ci maddəsinə əsasən: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 1.1-ci bəndinə görə bu Əsasnamə bələdiyyələrin vergi xidməti orqanının fəaliyyətinin ümumi əsaslarını müəyyənləşdirir, onun yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyiciləri ilə qarşılıqlı münasibətlərini tənzimləyir. Həmin əsasnamənin tələblərinə əsasən: 5.1. Bələdiyyələrin vergi xidməti orqanı yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsinə nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müvafiq yerli (bələdiyyə) vergilərə və ödənişlərə dair müəyyən edilmiş hallarda və qaydada, bu Əsasnaməyə müvafiq bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə kameral və səyyar vergi yoxlamaları aparmaqla həyata keçirir. 5.2. Bu Əsasnamənin 3.3-cü bəndində nəzərdə tutulmuş hallarda dövlət vergi orqanları tərəfindən keçirilən səyyar vergi yoxlamasında iştirak edən bələdiyyənin vergi xidməti orqanının vəzifəli şəxsinə müvafiq yoxlamanın keçirilməsində iştirakı barədə bələdiyyənin qərarı verilməlidir. Qərar bələdiyyənin sədri (yaxud onun müavini) tərəfindən imzalanır. Qərarda dövlət vergi orqanının, səyyar vergi yoxlaması keçirilən obyektin adı, yoxlamada iştirakın məqsədi, müddətləri (bu müddət dövlət vergi orqanının keçirdiyi yoxlamanın müddəti həddində olmalıdır), yoxlamada iştirak edən bələdiyyənin vergi xidməti orqanının vəzifəli şəxsinin (şəxslərinin) adı, soyadı, atasının adı göstərilməlidir. 5.3. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. 5.4. Ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. 5.5. Ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. 5.6. Bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. 5.7. Ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. 5.8. Bələdiyyənin qərarının surəti və tələbnamə ödəyiciyə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. 5.9. Ödəyicinin və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində bələdiyyənin qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim edilmirsə, bu sənədlər sifarişli məktubla göndərildiyi gündən sonrakı gün təqdim edilmiş hesab edilir. 5.10. Bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. 5.11. Yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər. 5.12. Məhkəmənin yerli (bələdiyyə) vergi və ödənişlər üzrə borcların, hesablanmış faizlərin və maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarlarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Lakin cavabdeh yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati icraat aparmamış, nəticədə iddiaçı üçün əlverişsiz qanunsuz inzibati akt qəbul etmişdir. Cavabdehin qeyd edilən qərarında konkret vergi məbləği qeyd edilsə də, həmin məbləğin hesablanmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, bələdiyyə tərəfindən iddiaçıya hesablanmış vergilərin məbləğinin hansı əsaslarla hesablanması, hesablanmanın istinad edilməli olduğu hüquq norması göstərilməmiş, ümumilikdə borcun miqdarı qeyd edilmişdir. Sözügedən qərarda hesabat dövrünün əvvəlində torpaq və əmlak vergisinə 254.61 manat, cari il üçün 59.61 manat, faiz üzrə 101.32 manat, maliyyə sanksiyası üzrə 207.77 manat, ümumilikdə isə 623.31 manat ümumi borc hesablandığı qeyd edilmişdir. Lakin bələdiyyə tərəfindən iddiaçıya hesablanmış vergilərin məbləğinin hansı əsaslarla hesablanması, hesablanmanın istinad edilməli olduğu hüquq norması, vergi hesablanması zamanı torpağın kateqoriyasına uyğun olaraq vergi dərəcəsinin müəyyən edilib-edilməməsi qeyd edilməmiş, ümumilikdə borcun miqdarı qeyd edilmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, borcun hesablanma qaydasına bələdiyyə tərəfindən müdaxilə edilmir, bələdiyyələrə verilən vergi borclarının hesablanması avtomatik olaraq hesablanır. Halbuki qanunvericilikdə yerli vergilərin müəyyən edilməsinin əsasları müəyyən edilmişdir. Həmin əsaslara vergitutma obyekti, vergitutma bazası, vergitutma dövrü, vergi dərəcəsi, verginin hesablanması qaydası daxildir. Bundan başqa iş materiallarına əlavə edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Quba rayonu, Barlı kəndində yerləşən 1.56 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. Eyni zamanda onun üzərində olan tikili üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Beləliklə iddiaçının sözügedən əmlak üzərində hər hansı bir hüququ olmadığı halda, bələdiyyə tərəfindən həmin əmlaka münasibətdə vergilərin tutulması qənaətinə gəlinmişdir. Bununla da, bələdiyyə tərəfindən vergitutma obyekti düzgün müəyyən edilməmişdir. Cavabdehin etirazında iddiaçının Amsarqışlaq kəndində 0,16 ha həyətyanı torpaq sahəsi, bağ sahəsində anbarı, fərdi yaşayış evi, ferması və digər tikililəri olması, sahibkarlıq fəaliyyəti ilə məşğul olması qeyd edilsə də müvafiq sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, mübahisələndirilən 27 mart 2024-cü il tarixli 07/13- 52 nömrəli qərar vergi ödəyicisi kimi iddiaçıya münasibətdə vergi borcunun tutulmasını nəzərdə tutan inzibati akt formasında qəbul oluna bilməz. Çünki, yerli (bələdiyyə) vergilərin sırasına daxil olan “fiziki şəxslərin əmlak vergisi”nin hesablanması «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» AR Qanununun 7-ci maddəsinə və «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 5.6-cı bəndinə görə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi barədə birbaşa inzibati aktın yox, bu məsələ üzrə məhkəməyə müraciət edilməsi barədə qərarın qəbulu qaydasında mümkündür. «Normativ hüquqi aktlar haqqında» AR Konstitusiya Qanununun 13-cü maddəsinin tələbləri də nəzərə alınmaqla belə nəticə yaranır ki, cavabdeh inzibati orqan tərəfindən «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin qeyd olunan müddəasının (5.6-cı bəndinin) tələblərinə riayət edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə Quba rayon Barlı bələdiyyəsinin 27 mart 2024-cü il tarixli 07/13-52 nömrəli qərarı inzibati icraatın nəticəsi kimi qanuni və əsaslı hesab edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh Quba rayon Barlı bələdiyyəsinin qərarı qanunsuzdur, onun qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd olunanlara əsaslanaraq və qanunvericiliyin sadalanan normalarının, o cümlədən AR Vergi Məcəlləsinin 70.1-ci maddəsinin, «İnzibati icraat haqqında» AR Qanununun 67.1, 67.2-ci maddələrinin, «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 5.10-cu bəndinin, İPM-in 70.1-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia təmin edilərək cavabdeh Quba rayon Barlı bələdiyyəsinin 27 mart 2024-cü il tarixli 07/13-52 nömrəli qərarı ləğv edilməlidir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakla bağlı qanunvericilikdə nəzərdə tutulmuş vergilərin hesablanması və tələb edilməsi cavabdeh inzibati orqanın vəzifəsidir. Lakin bununla bağlı qanunvericiliyə uyğun inzibati icraat aparılmalı, vergi öhdəliyi yaradan mülkiyyət sənədləri müəyyən edilməli, vergi hesablanması üçün əsasları araşdırmalı, inzibati icraat haqqında qanunvericiliyin və vergi ilə bağlı qanunvericiliyin tələblərinə əməl edilməlidir. Azərbaycan Respublikası İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Quba rayon Barlı bələdiyyəsinin 27 mart 2024-cü il tarixli 07/13-52 nömrəli qərarı ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-4747/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4747/2024
27.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver