Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4751/2025 18.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2nə qarşı iş üzrə (Açar sözlər: arayışın verilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X13, Üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı cavabdeh X2nə qarşı “mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları
1. İddiaçı cavabdeh X2nə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba şəhəri, Ağamalı oğlu küçəsinin şimal tərəfindən X6 ayrılmış 400 m2 həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun 01 aprel 1984-cü il tarixdə vəfat etmiş X8 məxsus olması barədə qeydiyyat aparılması və müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 01 aprel 1984-cü il tarixdə vəfat etmiş atası X8 Quba rayon X9 İcraiyyə Komitəsinin 20 oktyabr 1964-cü il tarixli, 19 saylı iclas protokolundan çıxarışla (qərarla) Quba şəhəri, Ağamalı oğlu küçəsinin şimal tərəfindən 400 m2 torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində atası fərdi yaşayış evi tikmiş, iddiaçı və digər ailə üzvləri ilə birlikdə həmin evdə yaşamışdır. Atası 01 aprel 1984-cü ildə vəfat etmişdir. Onun vəfatından sonra ondan qalan miras əmlak olan fərdi yaşayış evi ilə bağlı 08 oktyabr 1984-cü ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən fərdi yaşayış evindən iddiaçının anası X10, ona və qardaşı Sülhəddin Məlikova miras əmlakdan pay verilmişdir. Sonradan həmin evə dair öz aralarında olan razılaşmaya əsasən qardaşı Sülhəddin Məlikovun adına X2 Bürosu tərəfindən xx.xx.1987-ci ildə qeydiyat vəsiqəsi verilmişdir. Hal-hazırda qeyd edilən fərdi yaşayış evinə dair qardaşı oğlu X4 adına xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış işlənmişdir. Cavabdeh qurumun sorğu cavabından da göründüyü kimi atası X5 miras qalmış fərdi yaşayış evinə dair mülkiyyət hüququ qeydə alınsa da, ona qanuni əsaslarla ayrılmış torpaq sahəsinə dair mülkiyyət hüququ bu günə kimi qeydə alınmamışdır. İddiaçı xx.xx.1984-cü il tarixli vərəsəlik işinə əsasən atasının vərəsələri sırasına daxildir. X15 vərəsəsi olmağına dair 18 fevral 2024-cü il tarixli məktubla atasına ayrılmış ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə mülkiyyət hüququnun atasına məxsus olmasına dair arayış alınması üçün cavabdeh təşkilata müraciət etmişdir. Lakin cavabdeh təşkilat tərəfindən imtina məktubu ilə cavab verilərək torpaq sahəsinə dair 1:10000 və 1:2000 miqyaslı yerquruluşu xəritəsindən çıxarışlar təqdim edilmədiyi əsas gətirilərək ərizənin icrasının Ərazi İdarəsi tərəfindən mümkün olmadığı bildirilmişdir. O, imtina cavabı ilə razılaşmır. Ona görə ki, torpaq sahəsi yerindədir, hətta torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair hüquqlar da qeydə alınmışdır. Qanunvericiliyin tələbinə əsasən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq cavabdeh qurumun vəzifələrindən biridir. Daşınmaz Əmlakın Dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində isə qeydiyyat orqanına verilən ərizəyə əlavə olunmalı sənədlərin siyahısında xəritə deyil, plan və ölçü sənədindən söhbət gedir ki, həmin sənədin də tərtib edilməsi cavabdehin vəzifəsidir. Quba rayon X9nin İcraiyyə Komitəsinin mərhum atası Hacımurad Məlikova torpaq sahəsinin ayrılmasına dair qərarı hal-hazırda qüvvədədir və həmin inzibati akt ləğv edilmədiyi müddətcə etibarlı akt kimi qəbul edilməlidir. Eyni zamanda cavabdeh təşkilatın əsas funksiyası hüquqların qeydə alınmasından ibarətdir, nəzarətedici hər hansı funksiyası qanunvericilikdə nəzərdə tutulmamışdır. Cavabdeh təşkilat iddiaçıya “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş sənədlər əsasında heç bir halı mübahisələndirmədən arayış verilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.4-cü bəndində rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar da öz əksini tapmışdır. Hal-hazırda iddiaçıya cavabdeh təşkilat tərəfindən verilən imtina “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmamaqla əsassızdır. Cavabdeh təşkilatla iddiaçı arasında yaranan mübahisə başqa qaydada aradan qaldıra bilmədiyindən iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139-1.1.8,157.1, “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 2.1, 2.2, 8.0.8, 10, 22.2-ci maddələrinə istinad olunmuşdur.
4. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(118)-4751/2025 nömrəli qərardadına əsasən X11 hazırkı iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
5. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı ölən şəxsin adına arayışın verilməsi ilə bağlı müraciət edilən 0,04 ha torpaq sahəsinə dair 1:10000 və 1:2000 miqyaslı yerquruluşu xəritəsindən çıxarışların təqdim edilmədiyi, torpaq sahəsinin yerləşdiyi yerin sənəd üzrə məlum olmadığı və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd, sxemin mövcud olmadığı müəyyən edilmişdir.
b) Tərəflərin iştirakı və izahatları
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinə etiraz edərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
9. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
10. Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən X2nə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdə vəfat etmiş X7 vərəsəsi sırasına daxildir.
11. X21 filialının xx.xx.2023-cü il tarixli arxiv arayışı ilə müəyyən edilir ki, Quba Rayon X9 İcraiyyə Komitəsinin 20 oktyabr 1964-cü il tarixli, 19 saylı iclas protokolundan çıxarışa əsasən Quba şəhəri, Ağamalıoğlu küçəsinin şimal tərəfindən 400 m2 torpaq sahəsi X8 ayrılmışdır.
12. xx.xx.1984-cü il tarixli, İİİ-JQ seriyalı, 261810 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1984-cü il tarixində vəfat etmişdir.
13. xx.xx.2007-ci il tarixli, AZ-İ seriyalı, 255654 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2007-ci il tarixində vəfat etmişdir.
14. X2nin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə torpaq sahəsi istifadədə olmaqla X4 adına çıxarış verilmişdir.
15. xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi X4 xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın texniki pasportunda həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsü 0,4547 ha qeyd edilmişdir.
16. X2 tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı ölən şəxsin adına arayışın verilməsi ilə bağlı müraciət edilən 0,04 ha torpaq sahəsinə dair 1:10000 və 1:2000 miqyaslı yerquruluşu xəritəsindən çıxarışlar təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir.
17. X2nin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş müayinə aktında qeyd edilmişdir ki, torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə naturadan (yerdən) götürülmüşdür. Müayinə zamanı mübahisəli hal qeydə alınmamışdır. İddiaçı tərəfindən iddia olunan torpaq sahəsi mişar daşı ilə hasarlanmışdır. Torpaq sahəsinin daxilində fərdi yaşayış evi və köməkçi həyət tikililəri mövcuddur. Kameral araşdırma nəticəsi olaraq bildirir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 0,0445 ha təşkil edir. Torpaq sahəsi baza məlumatlarında olan DWJ xəritələri üzərində 2825S nömrəli torpaq sahəsi üzərində yerləşir (sahibsiz sahə) . Torpaq sahəsi baza məlumatlarında olan xəritə materiallarına əsasən heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür, iddiaçı tərəfindən iddia olunan və faktiki istifadəsində olan torpaq sahəsi heç bir mühafizə zolağında yerləşmir. Torpaq sahəsinin sol qonşuluğunda yerləşən torpaq sahəsi üzərində **********36-10301 reyestr nömrəli və sağ qonşuluğunda yerləşən torpaq sahəsi üzərində **********36-10301 reyestr nömrəli çıxarışlara əsasən digər şəxslərin mülkiyyət hüquqları tanınmışdır. Sözügedən torpaq sahəsi (iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi) baza məlumatlarında olan xəritə materiallarına (TEKUİS) əsasən X1 kateqoriyalı olub uqodiyası fərdi yaşayış kimi, mülkiyyət növü isə bələdiyyə mülkiyyəti kimi göstərilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
a) İddianın növü və mümkünlüyü
18. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən də, mümkün hesab edilir.
19. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair - öhdəliyin icrası haqqında iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
20. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdikdən sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
b) Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
22. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu: 1-ci maddə: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93).
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.
24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır . 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. inzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
c) Məhkəmənin mövqeyi
27. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
28. Belə ki, Quba Rayon X9 İcraiyyə Komitəsinin 20 oktyabr 1964-cü il tarixli, 19 saylı iclas protokolundan çıxarışa əsasən Quba şəhəri, Ağamalıoğlu küçəsinin şimal tərəfindən 400 m2 torpaq sahəsi X8 ayrılmışdır. həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmiş və həmin ev üzərində qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında üçüncü şəxs N.Məlikovun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı xx.xx.1984-cü il tarixdə vəfat etmiş X7 vərəsəsi sırasına daxildir. İddiaçı 0,04 ha torpaq sahəsinin mərhum X8 məxsus olması barədə arayışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətinin icrasından imtina edilərək qeyd edilmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı ölən şəxsin adına arayışın verilməsi ilə bağlı müraciət edilən 0,04 ha torpaq sahəsinə dair 1:10000 və 1:2000 miqyaslı yerquruluşu xəritəsindən çıxarışlar təqdim edilməmişdir.
29. Məhkəmə cavabdeh inzibati orqanın imtinası ilə bağlı qeyd edir ki, yerquruluşu, habelə torpaq sahələrində mərzçəkmə işlərinin aparılması cavabdehin inzibati orqanın öhdəliyidir. Lakin buna baxmayaraq, cavabdeh inzibati orqan iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir.
30. Bundan əlavə məhkəmə qeyd edir ki, üçüncü şəxs N.Məlikovun mülkiyyətində olan fərdi yaşayış evinin mübahisəli torpaq sahəsində yerləşməsi işin mübahisəsiz halıdır. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş müayinə aktında da həmin torpaq sahəsinin faktiki ölçüsünün 0,0445 ha təşkil etdiyi qeyd edilmiş və həmin müayinə aktına torpaq sahəsinin 1:250 miqyasında yerquruluşu planı əlavə edilmiş, həmin planda torpaq sahəsinin yeləşmə vəziyyəti və koordinatları göstərilmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır.
31. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni vəziyyətdə olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur.
33. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Qeyd olunan halların torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir.
34. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarı).
35. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Quba rayon X9 İcraiyyə Komitəsinin 20 oktyabr 1964-cü il tarixli, 19 saylı iclas protokoluna əsasən Quba şəhəri, Ağamalıoğlu küçəsinin şimal tərəfindən X6 ayrılmış 400 m2 torpaq sahəsinin iddiaçının mərhum atası X8 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh X2nin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
36. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Quba rayon X9 İcraiyyə Komitəsinin 20 oktyabr 1964-cü il tarixli, 19 saylı iclas protokoluna əsasən Quba şəhəri, Ağamalıoğlu küçəsinin şimal tərəfindən X6 ayrılmış 400 m2 torpaq sahəsinin iddiaçının mərhum atası X8 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh X2nin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Qəşəm Məmmədli