Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4754/2023 25.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, Sumqayıt şəhəri 29 saylı Təmir-Tikinti Trestinin direktoru vəzifəsini icra edən X1 iştirakı ilə İddiaçı Sumqayıt şəhəri 29 saylı Təmir-Tikinti Trestinin Cavabdehnə qarşı “Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sərəncamı əsasında 29 saylı Sumqayıt Təmir-Tikinti Trestinin bank hesabı üzərinə qoyulmuş həbsin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sumqayıt şəhəri 29 saylı Təmir-Tikinti Trestinin Cavabdehnə qarşı “Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sərəncamı əsasında 29 saylı Sumqayıt Təmir-Tikinti Trestinin bank hesabı üzərinə qoyulmuş həbsin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(l 19)-50/2021 saylı qətnaməsi ilə "xxxx" MMC-nin iddiası qismən təmin edilmiş, cavabdeh 29 saylı Sumqayıt Təmir-Tikinti Trestindən 71421,30 manatın tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin bu iş üzrə qəbul edilmiş qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. 2022-ci ilin noyabr ayında 29 saylı Sumqayıt Təmir-Tikinti Trestinin Bank hesabına məcburi icra tədbiri kimi inkasso sərəncamı qoyulmuşdur. 29 saylı Sumqayıt Təmir-Tikinti i reslinin Bank hesablarına üzərinə inkasso sərəncamı qoyulduğuna görə müəssisədə çalışan işçilərin əmək haqqı 10 aydan artıqdır ki, ödənilmir. Bu da nəticədə işçilər arasında narazılığa səbəb olur, ixtisaslı peşəkar işçilərin işdən çıxmasına gətirib çıxarır. Müəssisənin dağılması, kommersiya qurumu kimi fəaliyyətinin dayandırılması ilə nəticələnir. Məsələ ilə əlaqədar olaraq dəfələrlə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə, Cavabdehnə, AR-nın Ədliyyə Nazirliyinə müraciət edərək Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sərəncamı əsasında 29 saylı Sumqayıt Təmir-Tikinti Trestinin Bank hesabları üzərinə qoyulmuş inkasso sərəncamının götürülməsini xahiş etmişlər. Lakin müraciətləri müsbət həllini tapmamışdır. AR Ədliyyə Nazirliyi Cavabdeh xx.xx.2023-cü il tarixli, 06/644 saylı məktubla xahişlərindən imtina etmiş və məsələ ilə əlaqədar inzibati məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Hesab edirik ki, cavabdehin imtinasını aşağıda qeyd edilənlərə görə əsassızdır. Beləki, 29 saylı Sumqayıt Təmir-Tikinti Tresti cavabdehə dəfələrlə müraciət etmiş və Trestdə çalışan işçilərin əmək haqqının ödənilməsi məqsədilə Sumqayıt İcra İdarəsi tərəfindən qoyulmuş imkasso sərəncamının götürülməsinin vacibliyini onların nəzərinə çatdırmışdır. Cavabdeh Mülki Məcəllənin 965-ci maddəsinin tələblərini pozmuş, əsassız bəhanələr gətirərək hesab üzərindəki sərəncamın götürülməsindən imtina etmişdir. Sumqayıt şəhəri 29 saylı Təmir-Tikinti Trestinin direktoru vəzifəsini icra edən X2 məhkəmə iclasında dinlənilmiş və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq onun tələbi aydınlaşdırılmış və ona hüquqi yardım edilmişdir. Həmin normaya əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçının nümayəndəsi həmin normaya uyğun olaraq hüquqi yardım olunması üçün məhkəməyə dəvət olunmuşdur. İddianın nümayəndəsinə iddianın ona cavab verməli olmayan inzibati orqana qarşı yönəldilməsinin, eyni zamanda icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlərin (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati məhkəmə icraatında mübahisələndirilməsinin mümkün olmadığı və iddianın mümkünsüzlüyünə səbəb olacağı izah edilmişdir. Sumqayıt şəhəri 29 saylı Təmir-Tikinti Trestinin direktoru vəzifəsini icra edən X2 iddia ərizəsinə məhkəməyə təqdim edildiyi kimi inzibati qaydada baxılmasını məhkəmədən xahiş etdi. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçı məhkəmədən “Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sərəncamı əsasında 29 saylı Sumqayıt Təmir-Tikinti Trestinin bank hesabı üzərinə qoyulmuş həbsin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati işin araşdırılması zamanı müəyyən edilmişdir ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-1(118)-50/2021 saylı qətnaməsi ilə cavabdeh “Sumqayıt şəhəri 29 saylı Təmir Tikinti Tresti”ndən 71421.30 (yetmiş bir min dörd yüz iyirmi bir manat otuz qəpik) manat borcun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Həmin qətnamənin icrasının təmin edilməsi üsulu kimi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sərəncamı əsasında 29 saylı Sumqayıt Təmir- Tikinti Trestinin bank hesabı üzərinə həbs qoyulmuşdur. Göründüyü kimi hal-hazırda iddiaçının mübahisələndirdiyi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sərəncamı Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-1(118)-50/2021 saylı qətnaməsinin icrası ilə əlaqədar qəbul edilmişdir. Beləliklə işin hallarından məlum olur ki, iddiaçı Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən verilmiş icra sənədi ilə bağlı Sumqayıt şəhəri üzrə İcra İdarəsinin hərəkətlərindən narazıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir”. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, “İcra haqqında” Qanun məcəllələşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təstiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Bununla yanaşı, icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə İPM-ə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İddiaçının nümayəndəsinə izah edilsin ki, hazırkı iddia ilə bağlı məhkəmə qərarının icrasına nəzarət edən məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Sumqayıt şəhəri 29 saylı Təmir-Tikinti Trestinin Cavabdehnə qarşı “Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sərəncamı əsasında 29 saylı Sumqayıt Təmir-Tikinti Trestinin bank hesabı üzərinə qoyulmuş həbsin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-4754/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4754/2023
25.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver