Məhkəmə qərarları › İş №2-1(118)-4756/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4756/2025

06.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4756/2025 06.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış, plan və ölçü sənədinin verilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış, plan və ölçü sənədinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 6 yanvar 2026-cı il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”-in 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. 18 iyun 2004-cü il tarixli, 229781 nömrəli, 4ə-6-700 reyestr nömrəli müqavilədən görünür ki, satıcı X16 30596 nömrəli qeydiyyat vəsiqəsinə və 16 iyun 2004-cü il tarixli, 9423 nömrəli arayışa əsasən ona məxsus olan Abşeron rayonu, Masazır kəndində 576,4 kv.m olan torpaq sahəsində yerləşən fərdi yaşayış evi alıcı İddiaçı satmışdır.

2. 429 inventar nömrəli, 30596 nömrəli “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”ndan görünür ki, İddiaçı sahibliyində olan Masazır kəndində yerləşən tikilinin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsü 576,4 kv.m olaraq göstərilmişdir.

3. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən RX seriyalı, ******* nömrəli, 24 sentyabr 2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən **********65-10301 reyestr nömrəli fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 12 fevral 2025-ci il tarixli, 32/332/2-H-0067-35/25 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, aparılan araşdırma zamanı torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquq müəyyənedici sənədlərin hazırkı müraciətinə əlavə olunmadığı müəyyən edilmişdir. Bundan başqa fərdi yaşayış evinin yüksək gərginlikli elektrik xəttinin (110 KVT) mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Nəzərinə çatdırılmışdır ki, sözügedən fərdi yaşayış evini yerləşdiyi torpaq sahəsi üzərində mübahisə predmeti olduğu müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir.

Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 13 may 2025-ci il tarixli, 3-21-3-32/2-7645/2025 nömrəli məktubundan görünür ki, elektron müayinə olunan torpaq sahəsi bələdiyyə mülkiyyətinə verilmiş torpaqların daxilində yerləşən, yaşayış məntəqələri torpaqlara aid olduğu aşkar edilmişdir. Elektron baza məlumatlarında mübahisə predmeti olan torpaq sahəsinə dair DWG və DBF məlumatları aşkar edilməmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, müayinə olunan torpaq sahəsi digər şəxslərin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmür. Müayinə olunan torpaq sahəsinin müayinə aktına əsasən yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. Bundan başqa müayinə aktına əsasən torpaq sahəsi üzərində mübahisə predmeti olduğu qeyd edilmişdir. Qoşma şəklində aşağıdakı sənədlərin surəti göndərilmişdir: - 6 fevral 2025-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan görünür ki, torpaq sahəsinin ölçüsü texniki göstəricilər üzrə 0,061 ha, faktiki 0,06 ha olaraq göstərilmişdir. Qeyd edilmişdir ki, 1 mərtəbəli “A” fərdi ev yerindədir, daxildə rekonstruksiya işləri aparılmış, bundan başqa açıq eyvan divar tikilərək evə qatılmışdır, 0,06 ha torpaq sahəsində yerləşir, tamamilə yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. Ərizəçi ilə birlikdə ünvana çıxılmış, orada yaşayan vətandaşlar bu ünvanın məhkəmə predmeti olduğundan çox çətinliklə texniki baxış keçirilməsinə razılıq vermişlər. - torpaq sahəsinin ortofoto görüntüsü və koordinatları.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 5 avqust 2025-ci il tarixli, 3-21-3-32/2-12927/2025 nömrəli məktubu ilə aşağıdakı sənədlərin surəti qoşma şəklində göndərilmişdir: - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən RX seriyalı, ******* nömrəli, 24 sentyabr 2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış (§1); - ünvan 3 ünvanında yerləşən **********65-10301 reyestr nömrəli fərdi yaşayış evinə dair 19 sentyabr 2014-cü il tarixli, 4339 inventar nömrəli texniki pasportda torpaq sahəsinin faktiki ölçüsü 0,061 ha olaraq göstərilmişdir. - 30596 reyestr nömrəli, 429 inventar nömrəli Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına tərtib edilmiş qeydiyyat vəsiqəsi. - 429 inventar nömrəli, 30596 nömrəli “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu” (§2). - 18 iyun 2004-cü il tarixli, 229781 nömrəli, 4ə-6-700 reyestr nömrəli müqavilə (§1).

7. "xxxx" ASC-nin 12 avqust 2025-ci il tarixli, 13-13/2-1/16-12480/2025 nömrəli məktubundan görünür ki, elektrik qurğularının mühafizə zonaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər”ə əsasən müəyyən edilir və qeyd olunan torpaq sahəsi Səhmdar Cəmiyyətin balansında olmayan 110 kV-luq elektrik verilişi xətlərinin mühafizə zonasında yerləşir.

8. "xxxx" ASC-nin 19 avqust 2025-ci il tarixli, 13-9/2-2497/15/25 nömrəli məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən İddiaçı məxsus 0,10 ha torpaq sahəsi "xxxx" ASC-yə məxsus 1954-cü ildən istismarda olan 110 kV-luq “1-ci Binəqədi” hava xəttinin mühafizə zonasına düşür.

9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2025-ci il tarixli, 2(105)-894/2025 nömrəli qətnaməsi ilə aşağıdakı hallar müəyyən olunur: - İddiaçı cavabdehlər X10, X3, X14 və X7 qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər X2, X5, X8, X6 ünvan 4 ünvanında istifadə hüquqlarına 10.000 manat kompensasiya verilməklə xitam verilməsi və cavabdehlərin ünvan 4 ünvanından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. - Abşeron Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 2(102)-874/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, X10, X14 və X7 10.080 manat kompensasiya ödənilməsi müqabilində ünvan 6 küçəsi, döngə 1, 7 saylı evə istifadə hüquqlarına xitam verilməsi, X10, X3, X14 və X6 ünvan 6 küçəsi, döngə 1, 7 saylı ev ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, mütəxəssis tədqiqatı üçün tələb edilən 500 manat pulun yarısı 250 manat pulun İddiaçı, 250 manat isə cavabdehlər X10, X3, X14 və X4 müştərək qaydada tutularaq "xxxx" MMC-nin (VÖEN: **********, Hesab nömrəsi: Z85ACAB********************,Müxbir hesab: AZ10NABZ**********000005644, bankın kodu-505000) xeyrinə ödənilməsi qət edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2025-ci il tarixli, 2(105)-894/2025 nömrəli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli qətnaməsi kompensasiya məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, İddiaçı tərəfindən cavabdehlər X10, X3, X14 və X7 verilən kompensasiyanın məbləği 12.000 manat olaraq müəyyən edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2025-ci il tarixli, 2(105)-894/2025 nömrəli icra sənədinə əsasən Abşeron rayon icra və probasiya şöbəsinin 5 dekabr 2025-ci il tarixli “İcraata başlamaq haqqında” qərarı.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri

10. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus ünvan 6 küçəsi, döngə 1, 7 saylı evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbində işin hallarına (§1-4) istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 6 küçəsi, döngə 1, 7 saylı evi və torpaq sahəsini 18 iyun 2004-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında X11 dəyərini 73.000 manat ödəyərək almışdır. Bu yaşayış evini alan zaman Abşeron rayonu Texniki inventarlaşdırma Bürosunun 30596 saylı qeydiyyat vəsiqəsinə və 16 iyun 2004-cü il tarixli, 9423 saylı arayışına əsasən 576,4 kv.m torpaq sahəsində yerləşmişdir. Həmin evin texniki pasportunda və başqa sənədlərində yaşayış evinin torpaq sahəsinin ölçüsü və məlumatları vardır. Alqı-satqı müqaviləsində də iddiaçı həm yaşayış evini həm də torpaq sahəsini mülkiyyət kimi almışdır. Buna baxmayaraq, iddiaçının adına tərtib edilmiş RX seriyalı, ******* nömrəli, 29 aprel 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda torpaq sahəsinin mülkiyyət növü bələdiyyə, sahəsi 0,1249 ha ölçü ilə, torpaq sahəsi üzərində hüququn növü isə istifadə hüquq kimi qeyd olunmuşdur. Bu qeydlər isə iddiaçının mülkiyyət hüquqlarının pozulmasıdır.

12. İddia tələbinin maddi hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4, prosessual hüquqi əsası kimi isə İPMin 2.2.2, 4.1, 12.1, 14.3, 33.1, 33.2-ci maddələrinə istinad olunmuşdur.

13. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

14. Məhkəmənin 19 dekabr 2025-ci il tarixli, 2-1(118)-4756/2025 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi (bundan sonra - “cavabdeh”) ilə əvəz edilmişdir.

15. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh orqana təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

16. Cavabdeh iddia ərizəsinə qarşı etiraz edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

17. Etiraz onunla əsaslandırılmışdır ki, torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərin müraciətə əlavə edilmədiyi, həmçinin fərdi yaşayış evinin yüksək gərginlikli elektrik xətlərinin (110 KVT) mühafizə zolağında yerləşdiyi, sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin mübahisə predmeti olduğu müəyyən olunmuşdur.

18. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139, 146, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 8, 9, 11.1, 15, 23-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2022-ci il tarixli, 1655 nömrəli Fərmanına istinad edilmişdir.

c) Tərəflərin iştirakı və izahatları:

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “... məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

21. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

22. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

23. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

24. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

25. Məhkəmənin 14 noyabr 2025-ci il tarixli iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi X12 etiraz dəlillərini müdafiə edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

a) İddianın mümkünlüyü:

26. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

27. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

28. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

29. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

30. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

b) Tətbiq edilən hüquq:

31. TM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri

1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.

2. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.

Maddə 5 5 . Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; (-)

Maddə 6 6 . Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər

1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.

2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

Maddə 6 7 . Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. (-) Maddə 6 8 . Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

32. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqlarınməhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (-) 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-)

Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-)

33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.

Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-) Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi Hüquqlarındövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir: 10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.

M a d d ə 1 5 . Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-)

34. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”

35. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.”

Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.”

Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.”

Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; (-)

Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. (-)

Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. (-)

Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı (-) 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

36. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-)

Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)

c) Məhkəmənin mövqeyi

37. Məhkəmə iddiaçı tərəfin vermiş olduğu izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, onlara yuxarıda göstərilən qanunvericilik normaları ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir.

38. Belə ki, yuxarıda sadalanan normalardan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Cavabdeh orqan isə yalnız adıçəkilən Qanunun 15-ci maddəsindəki əsaslardan biri olduğu halda daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasından imtina edə bilər.

39. İddia tələbinin əsası ondan ibarətdir ki, mübahisələndirilən torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi 24 sentyabr 2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında iddiaçıya məxsusdur, torpaq sahəsinə dair müvafiq texniki sənədlərin mövcud olduğuna baxmayaraq, cavabdeh tərəfindən mülkiyyət hüququnun qeydiyyata alınmasından əsassız olaraq imtina edilmişdir.

40. Cavabdehin etirazı isə aşağıdakılardan ibarətdir: - torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlər müraciətə edilməmişdir; - fərdi yaşayış evi yüksək gərginlikli elektrik xətlərinin (110 KVT) mühafizə zolağında yerləşir; - fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin mübahisə predmeti olduğu müəyyən olunmuşdur.

41. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

42. Məhkəmə iddia tələbinin məzmununu, həmçinin iddiaçı tərəfin verdiyi izahata əsasən müəyyən edir ki, hazırkı iddia tələbi ünvan 6 küçəsi, döngə 1, 7 saylı evin yerləşdiyi, faktiki istifadəsində olan 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınaraq, çıxarışın verilməsindən ibarətdir.

43. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 18 iyun 2004-cü il tarixli, 229781 nömrəli, 4ə-6-700 reyestr nömrəli müqavilə əsasında X16 tərəfindən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıya satılmış, mülkiyyət hüququ qeydiyyata alınaraq iddiaçının adına müvafiq çıxarış, həmçinin texniki pasport işlənilmişdir. Qeyd edilən sənədlərin həqiqiliyi cavabdeh orqanda mövcud olan arxiv sənədləri ilə öz təsdiqini tapmışdır.

44. Həmçinin, məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş müayinə aktından müəyyən edilmişdir ki, torpaq sahəsi bələdiyyə mülkiyyətinə verilmiş torpaqların daxilində yerləşən, yaşayış məntəqələri torpaqlara aiddir, digər şəxslərin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmür.

45. Torpaq sahəsinin üzərindəki evin elektrik xəttinin mühafizə zolağında yerləşdiyinə dair etiraz dəlili münasibətdə məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 6 iyul 2022-ci il tarixli, 2-1(102)-1240/2022 nömrəli qərarında qeyd edilmişdir: “...ayrılmış torpaq sahəsinin 145,0 kv.m hissəsinin yüksək gərginlikli elektrik xəttinin (110 kvt) mühafizə zolağında yerləşməsi ilə bağlı şikayətin dəlilinə münasibətdə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 6-cı və 12-ci bəndlərinə görə, torpaq sahəsinin müəyyən hissəsinin (hazırkı halda 145,0 kv.m hissəsinin) elektrik xəttinin mühafizə zolağında yerləşdiyi təqdirdə belə, həmin hal şəxsin həmin torpaq sahəsi üzərində hüquqlarının qeydə alınmasından imtina üçün əsas kimi çıxış edə bilməz. Başqa sözlə, cavabdeh həmin hala istinad etməklə qeydiyyatdan imtina olunmasında haqlı sayıla bilməz. Belə ki, istinad olunan həmin qaydalara görə, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər.”

46. Bundan əlavə, cavabdeh tərəfindən etirazda fərdi yaşayış evinin yüksək gərginlikli elektrik xətlərinin mühafizə zolağında yerləşdiyi bildirilsə də, həmin ev üzərində iddiaçının mülkiyyət hüququ qeydiyyata alınaraq, çıxarış da verilmişdir.

47. Qeyd olunan fərdi yaşayış evinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisələndirilən torpaq sahəsinə dair mülkiyyət hüququna malikdir.

48. Bundan başqa, torpaq sahəsi üzərində müəyyən olunmuş mübahisə halı ilə əlaqədar qeyd edilməlidir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2025-ci il tarixli, 2(105)-894/2025 nömrəli qüvvəyə minmiş qətnaməsi əsasında X10, X3, X14 və X1 rayonu, Masazır kəndi, H.Z.Tağıyev küçəsi, döngə 1, 7 saylı ev ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmış, istifadə hüquqlarına xitam verilmişdir.

49. Göründüyü kimi, iddia tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də cavabdeh orqanın iddia tələbinə münasibətdə təqdim etdiyi etirazında bildirdiyi dəlilləri məhkəmə yuxarıda qeyd olunanlara istinadən əsassız hesab edir, həmçinin aşağıdakıları bildirir.

50. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olubolmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir.

51. Nəzərə almaq lazımdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları qanunvericilikdə dəqiq təsbit edilmişdir və inzibati orqanlar yalnız həmin əsaslardan hər hansı birinin mövcud olduğu halda hüquqların dövlət qeydiyyatına alınmasından imtina etməkdə haqlı sayıla bilərlər. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir.

52. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu şəkildə qiymət verərək, qanunvericiliyin normalarını, həmçinin yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

53. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. ünvan 6 küçəsi, döngə 1, 7 saylı evin yerləşdiyi, (faktiki istifadədə olan) 0,06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar