Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-476/2025 10.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Əhmədova Nərgiz Zahid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı X1nun cavabdeh X2nə qarşı "X2nin 10 yanvar 2007-ci il tarixli, 01 saylı qərarı ilə ayrılmış 0,08 ha torpaq sahəsinin əvəzinə ayrılması nəzərdə tutulmuş eyni ölçüdə torpaq sahəsinin naturadan ayrılaraq təhvil verilməsi və sənədləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası üzrə işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X1 cavabdeh X2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2nin 10 yanvar 2007-ci il tarixli 01 saylı qərarı ilə ayrılmış 0,08 ha torpaq sahəsinin əvəzinə ayrılması nəzərdə tutulmuş eyni ölçüdə torpaq sahəsinin naturadan ayrılaraq təhvil verilməsi və sənədləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Qobu bələdiyyəsinin 10 yanvar 2007ci il tarixli, 01 saylı qərarı ilə X2nin ərazi hüdudlarında 0.08 ha sahədən ibarət torpaq sahəsi ayrılmış, torpaq sahəsinə dair alqı-satqı aktı tərtib edilmiş, yerquruluşu planı hazırlanmış və torpaq sahəsinin ayrılması ilə bağlı Qobu bələdiyyəsinin hesabına 05 oktyabr 2015-ci il tarixdə 800 manat məbləğində pul köçürmüşdür. Ayrılmış torpaq sahəsi onlara eyni ərazidə, ailə üzvləri olduğundan bitişik olaraq ayrılmış, həmin torpaq sahəsinə hasar çəkilməsi ilə bağlı kubik daşlar və digər materiallar alınmışdır və bununla bağlı xeyli vəsait sərf etmişdir. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən torpaq sahəsinə hasar çəkilməsinə icazə verilmişdir. Torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı müraciət etdikdə məlum oldu ki, bələdiyyə tərəfindən ona verilmiş qərarlar saxtadır, belə ki, bu torpaq sahəsinə əvvəllər başqa şəxslərə qərarlar verilmişdir. Onlar torpaq sahəsində tikinti işləri aparmış, torpaq sahəsinə hasar çəkdirmişlər. Bir müddət sonra bu hasar uçurulmuşdur, belə ki, bu torpaq sahəsi əvvəllər başqa şəxsə ayrılmışdır. Onlar maddi zərərə məruz qalmışlar. Hasar çəkilməsi ilə bağlı olaraq bünövrə xəndəyinin ekskavatorla qazılmasına, hasarın mişar daşı ilə tikintisinə, hörgü üçün mişar daşma (Güzdək standartı), hörgü üçün sementə, hörgü üçün quma və su ilə bağlı, əlavə işlərə cəmi 1656 manat 70 qəpik pul xərcləmişdir. Onlara vurulmuş maddi ziyanın müəyyən edilməsi ilə bağlı digər sifariş verilmişdir və "xxxx" MMC tərəfindən qiymətləndirmə işləri aparılmışdır və 05 may 2022-ci il tarixdə mütəxəssis rəyi verilmişdir. Göründüyü kimi o maddi ziyana məruz qalmış, normal qaydada torpaq sahəsi əldə etməkdən məhrum edilmiş və saxtakarlığın qurbanına çevrilmişdir. Qobu bələdiyyəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş cavabda X2nin xx.xx.2007-ci il tarixli, 01 saylı torpaq ayırma qərarlarının xx.xx.2018-ci il tarixdə ləğv edilməsi göstərilmişdir. Qobu bələdiyyəsi tərəfindən həmin torpaq sahəsinin əvəzi olaraq başqa yerdə torpaq sahəsi təklif edilir, torpaq sahəsinin yalnız miqyası göstərilməklə planı verilir, həmin planın ona aid olması göstərilməmiş, digər sənədləşmə işləri isə aparılmır. Halbuki, təklif edilən torpaq sahəsinin ayrılması barədə qərar, alqı-satqısına dair akt, müqavilə və s. barədə sənədləşmə işləri aparılmalıdır. Ona əvvəllər verilmiş torpaq sahəsindən məhrum olmuş və əvəzi də qanunvericiliyə uyğun olaraq ayrılaraq verilməlidir. Qobu bələdiyyəsinə ərizə ilə müraciət edərək ayrılmış torpaq sahəsinin əvəzinə ayrılması nəzərdə tutulmuş eyni ölçüdə torpaq sahəsinin naturadan ayrılaraq ona təhvil verilməsi və torpaq sahəsinin adına sənədləşdirilməsi barədə tədbir görülməsini xahiş etmiş, ərizə poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə göndərilmiş, lakin tədbir görülməmiş və cavab verilməmişdir. Cavabdeh tərəf heç bir tədbir görməməklə hərəkətsizliyə yol vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İPMin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2-ci bənd). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1-ci bənd). Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar (5.2-ci bənd). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7-ci bənd). İş materialları ilə müəyyən edilir ki, X2nin xx.xx.2007-ci il tarixli, 01 nömrəli qərarı ilə İddiaçı fərdi mənzil tikmək üçün 0,08 ha torpaq sahəsinin satılması qərara alınmışdır. X2 tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, torpaq sahəsinin ayrılması barədə qərar xx.xx.2019-cu il tarixində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarına əsasən ləğv edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-195/2019 nömrəli qərarı ilə iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Regional Ədliyyə İdarəsinin cavabdeh X2nə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası təmin edilərək X2nin xx.xx.2007-ci il tarixli, 01 nömrəli iclasının gündəliyində duran X1, X2 və İddiaçı fərdi ev tikintisi üçün hər biri 0,08 ha torpaq sahəsinin ayrılması barədə qərarları ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2- 1(105)-106/2025 nömrəli qərardadına əsasən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-195/2019 nömrəli qərarı ləğv edilərək iddia mümkün sayılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən Sumqayıt İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(105)-106/2025 nömrəli qərardadından kassasiya şikayəti verilmədiyindən inzibati iş Sumqayıt İnzibati Məhkəməsinə qaytarılmışdır. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət X2nin 10 yanvar 2007-ci il tarixli, 01 saylı qərarı ilə ayrılmış 0,08 ha torpaq sahəsinin əvəzinə başqa torpaq sahəsinin verilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı məhkəməyə müraciət edən zaman Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-195/2019 nömrəli qərarı ilə iddiaçıya torpaq sahəsinin ayrılması barədə bələdiyyə qərarı ləğv edilmişdir. Hazırkı iş məhkəmənin icraatında olarkən Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(105)-106/2025 nömrəli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-195/2019 nömrəli qərarı ləğv edilərək iddia mümkün sayılmamışdır. Həmin qərardaddan kassasiya şikayəti verilməmiş və qərardad qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, iddiaçıya torpaq sahəsinin ayrılması barədə X2nin xx.xx.2007-ci il tarixli, 01 nömrəli qərarı hazırda qüvvədədir. Həmin qərar qüvvədə olduğu zaman iddiaçının ayrılmış torpaq sahəsinin əvəzinə digər torpaq sahəsinin ayrılması barədə tələbi mümkün hesab edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddia tələbi mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Hakim Qəşəm Məmmədli
Məhkəmə qərarları › İş №2-1(118)-476/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-476/2025
10.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver