Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4760/2023 17.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “onunla "xxxx" ASCnin Sumqayıt filalı arasında bağlanmış 07/UNİ 2019/030 saylı, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən tərəfindən banka ödənilmiş 3500 manat məbləğində pul vəsaitinin və həmin məbləğə hesablanmış faizlərin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinin mümkünlüyünü Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla "xxxx" ASC-nin Sumqayıt filalı arasında bağlanmış 07/UNİ 2019/030 saylı, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən tərəfindən banka ödənilmiş 3500 manat məbləğində pul vəsaitinin və həmin məbləğə hesablanmış faizlərin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə iddiaçı ilə "xxxx" ASC-nin Sumqayıt filialı arasında 07/UNİ 2019/030 saylı universal bank əmanəti müqaviləsi bağlanmış, həmin müqavilənin 2.1-ci bəndinə görə bank, əmanətçidən 3.500 manat məbləğində pul vəsaitini qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərdə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə görə əmanət xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək, 12 ay müddətinə illik 12,5%-lə qoyulmuşdur. İddiaçı 3.500 manat məbləğində pulu xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-nin Sumqayıt filialına ödəmişdir. Müqavilənin müddəti xx.xx.2020-ci tarixdə bitmişdir. Müqavilənin qüvvədə olduğu müddətdə "xxxx" ASC ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-3(103)-132/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə "xxxx" ASC müflis elan edilərək iflas proseduruna başlanılmış və həmin qərarla Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC-nin Ləğvedicisi təyin edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə 0105 sıra nömrəsi ilə "xxxx" ASC-nin kreditorları sırasına daxil edilsə də əmanət kimi ondan qəbul edilmiş 3.500 manat məbləğində pul və həmin məbləğə hesablanmış faizlər bu günə kimi iddiaçıya ödənilməmişdir. "xxxx" ASC ilə bağlanmış Müqavilənin 5.2-ci bəndinə görə “Əmanət, Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanmışdır”. İddiaçı cavabdeh təşkilata ərizə ilə müraciət edib artıq 85 yaşına qədəm qoyduğunu, əmanətin və ona hesablanmış faizlərin qaytarılmasını xahiş etmişdir. Lakin ona göndərilmiş **********996 saylı, xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, tələbinin ödənilməsi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsində göstərilmiş növbəlik qaydasında həyata keçiriləcəkdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3.). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4.). Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir (2.). Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir (3.1.). Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır (5.2.). İşdən göründüyü kimi tərəflər arasında olan münasibət müqavilədən yaranan öhdəliklərlə bağlıdr. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür (944.1.). Əmanətin qoyulduğu hesab üzrə bank ilə əmanətçinin münasibətlərinə bank hesabı müqaviləsi haqqında qaydalar tətbiq olunur, bir şərtlə ki, bu Məcəllənin bu fəslinin müddəalarında ayrı hal nəzərdə tutulmasın və ya bank əmanəti müqaviləsinin mahiyyətindən ayrı hal irəli gəlməsin (944.2.). Qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, hazırkı iddia tələbində xüsusi hüququn subyektləri arasında yaranan hüquq münasibətləri bərabər mövqedə çıxış etmişlər. Belə ki, onlar öz iradələrini ifadə etməkdə sərbəst olmaqla, birinin digərinə münasibətdə hakimiyyət səlahiyyətləri yoxdur. Yəni, hazırkı iddia tələbi inzibati mübahisənin predmeti deyildir. Ali Məhkəmənənin Plenumunun Qərarında eyni zamanda qeyd edilmişdir ki, mülki məhkəmə icraatı qaydasında baxılmalı olan işlərin aidiyyatı üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İddiaçıya izah edilsin ki, hazırkı iddia ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə uyğun olaraq müvafiq rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı onunla "xxxx" ASC-nin Sumqayıt filalı arasında bağlanmış 07/UNİ 2019/030 saylı, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən tərəfindən banka ödənilmiş 3500 manat məbləğində pul vəsaitinin və həmin məbləğə hesablanmış faizlərin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İmran Burcayev
Məhkəmə qərarları › İş №2-1(118)-4760/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4760/2023
17.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver