Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4767/2024 01.08.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı iş üzrə (Açar sözlər: yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Kazımova İradə Səlim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “X10, X7 və X8 Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən 3/4 saylı evin, 54-cü mənzilindən pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, X10, X7 və X8 Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən 3/4 saylı evin, 54-cü mənzilindən pasport qeydiyyatından çıxarılmalarını istəyir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ünvanda yerləşən 3/4 saylı evin 54-cü mənzili mülkiyyət hüququ ilə atası X4 məxsus olmuşdur. Atası 14 aprel 2021-ci ildə vəfat etmişdir. Hal-hazırda 54 saylı mənzildə üçüncü şəxslər qeydiyyatdadır. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-998/2015 saylı qətnaməsi ilə X3 iddiası təmin edilmiş, yuxarıda adları sadalanan şəxslərin mənzildə olan istifadə hüquqlarına 9000 manat kompensasiya ödənilməklə xitam verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvə almış və adları yuxarıda sadalanan şəxslərə kompensasiya ödənilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8(060)- 3865/2016 saylı qərardadı ilə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli. 2(060)-998/2015 saylı icra sənədi üzrə "icraata xitam verilmişdir”. Qətnamədə adları çəkilən şəxslərə kompensasiva ödənilsə də qeydiyyatdan çıxmamışlar. Qeyd edilənlərə əsasən iddiaçı X10, X7 və X8 Sumqayıt şəhəri, 12-ci mikrorayon, ünvanda yerləşən 3/4 saylı evin 54-cü mənzilindən pasport qeydiyуatından çıxarılmaları xahişi ilə Polis İdarəsinə xx.xx.2024-cü ildə müraciət etmişdir. Sumqayıt şəhər Polis İdarəsi müraciətinə cavab verməmişdir. İddiaçı Mülki Məcəllənin 228.2-ci, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununa istinad edərək iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, izahatında bildirmişdir ki, evdə 3 bacısı qeydiyyatdadır. Atası vəfat etmişdir. Bacıları anası ilə birlikdə Suriyadadır. Ömürlük həbsdədirlər. Evi satmaq istəyir. Qeydiyyatda olan şəxslərə görə sata bilmir. Bacılarının qeydiyyatdan çıxarılmasını istəyir. Sonda iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə iddiaya münasibətində məhkəmənin qəbul edəcəyi qərarla razılaşdığını bildirir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. X17, X14 və X15 zəruri cəlbetmə əsası ilə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Sumqayıt şəhər Məhkəməsinin N2(060)-5001/2014 saylı, 20 oktyabr 2014-cü il tarixli Qətnaməsi ilə X6 ilə X9 arasında xx.xx.1992-ci il tarixdə Sumqayıt şəhər Nikah evində bağlanmış nikah pozulmuşdur. Sumqayıt şəhər Məhkəməsinin №2(060)-998/2015 saylı, 24 fevral 2015-ci il tarixli Qətnaməsi ilə X6 tərəfindən X5, X13, X11, X12 davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə yaşamaları üçün 9000 manat kompensasiya ödənilməsi və Sumqayıt şəhəri, 12-ci mkr, 3/4 saylı evin 54 saylı mənzilindən X9, X17, X15, X7 istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Sumqayıt şəhər İH MTTB-nin 10 sayli MİS tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli aktda qeyd edilmişdir ki, X9 qızları X15, X14 ilə birlikdə 2013-cü ilin dekabr ayında Suriya ölkəsinə getmişdir. Həmin tarixdən hal-hazıra kimi Sumqayıt şəhəri, 12-ci mkr, ev 3/4 mənzil 54-də yaşamırlar. Məhkəmənin ünvan 1 ünvanlanmış sorğuya sonuncunun 20 iyun 2024-cü il tarixli 1353 saylı cavab məktubu ilə X2 miras qalmış əmlaka dair Sumqayıt şəhər 1 saylı Notariat Ofisinin verdiyi xx.xx.2022-ci il tarixli, 2v-173 reyestr nömrəli notariat işinin surəti məhkəməyə təqdim edilmişdir. Sumqayıt şəhər 1 saylı Notariat Ofisinin 2V/173 nömrəli (xx.xx.2022-ci il tarixli, işin nomenklatur üzrə aid olduğu bəndin şərti №841-8) vərəsəlik işində miras qoyan X3 vərəsəsi İddiaçı göstərilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli şəhadətnaməyə görə xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsələri: ünvan 2 ünvanında qeydiyyatda olan oğlu- İddiaçı (AA*******, xx.xx.2019-Asan-Sumqayıt, FİN: xxxxxxx, d/t: xx.xx.1997) və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak qismində nəqliyyat vasitəsi qeyd edilmişdir. Məhkəmənin 11 iyun 2024-cü il tarixli sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 25 iyun 2024cü il tarixli 3-21-3-31/2-2209/2024 saylı cavab məktubu ilə Sumqayıt şəhəri, 12-ci mkr, ev 3/4 mənzil 54-ə dair hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş RX Seriyalı, ******* saylı, reyestr nömrəsi **********07-05101-093050, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014-cü il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 12-ci mkr, ev 3/4 mənzil 54 X3 xüsusi mülkiyyətindədir. Sumqayıt şəhər MKTİB-nin 10 saylı MKS-in tərtib etdiyi arayışda 2021-ci ildə vəfat etmiş X1 həyat yoldaşı və qızları mənzildə qeydiyyatda olsalar da xarici ölkədə yaşadıqları bildirilir. Oğlu İddiaçı mənzildə yaşayır. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 12ci mkr, ev 3/4 mənzil 54 X3 xüsusi mülkiyyətindədir. X6 vəfat etmişdir. İddiaçı, X3 qanun üzrə vərəsəsidir. Belə ki, mənzil üzərində iddiaçının mülkiyyət hüququ rəsmiləşdirilməsə də onun yeganə vərəsə olması iddiaçının mənzili xüsusi mülkiyyətinə keçirməyə dair hüquqi gözləntisi üzrə əsas təşkil edir. Sumqayıt şəhər Məhkəməsinin № 2(060)-998/2015 saylı, 24 fevral 2015-ci il tarixli Qətnaməsi ilə X6 tərəfindən X5, X13, X11, X12 davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə yaşamaları üçün 9000 manat kompensasiya ödənilməsi və Sumqayıt şəhəri, 12-ci mkr, 3/4 saylı evin 54 saylı mənzilindən X9, X17, X15, X7 istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi üçüncü şəxslərin istifadə hüququna 2015-ci ildən xitam verilmişdir. Üçüncü şəxslər mübahisəli mənzildə yaşamadığı və istifadə hüquqlarına xitam verildiyi halda mübahisəli mənzildə qeydiyyatdadırlar. Sumqayıt şəhər MKTİB-nin 10 saylı MKS-in tərtib etdiyi arayışdan görünür ki, üçüncü şəxslər mübahisəli mənzildə yaşamır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır (bax: İatridis Yunanıstana qarşı [BP], № 31107/96, § 54, ECHR 1999İİ). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (bax: Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 2010-cu il 27 may). Göründüyü kimi, mübahisəli mənzilə iddiaçının hüquqi gözləntisi vardır. İddiaçının “gözləntisi” hüquqi akta əsaslandığından “qanunidir”. Mübahisəli mənzil iddiaçının faktiki istifadə və sahibliyindədir, o, X3 birinci dərəcəli qanun üzrə vərəsəsidir. X6 mülkiyyətçi kimi hüquqlarından istifadə edərək məhkəməyə müraciət etmiş və Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə üçüncü şəxslərin istifadə hüququna xitam verilmişdir. Hazırda həmin mənzildə faktiki olaraq yaşamayan və istifadə hüququ olmayan üçüncü şəxslər qeydiyyatdadır. Bu isə iddiaçının həmin mənzil üzərində qanun üzrə vərəsə kimi hüquqlarını məhdudlaşdırır. Belə ki, məhkəmə sorğusu ilə təqdim edilmiş sənədlərdə mərhumdan miras qalmış əmlak qismində nəqliyyat vasitəsi qeyd edilsə də həmin sənədlərdən mərhumun yeganə vərəsəsinin oğlu - İddiaçı olduğu qeyd edilmişdir. Qeyd edilənlərdən belə nəticəyə gəlinir ki, mənzil müvafiq qaydada reyestrdə iddiaçının adına qeydə alınmasa belə, Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı ilə əhatə olunur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hüquqi gözləntisinin mövcud olduğu mənzildə yaşamayan və məhkəmə qətnaməsi ilə istifadə hüququna xitam verilmiş şəxslərin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinə görə, şəxs yaşayış yerini dəyişdikdə (yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən) müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə qeyd edir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özünün faktiki olaraq yaşadığı yaşayış yeri üzrə qeydiyyata alına bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilsin. X10, X7 və X8 Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən 3/4 saylı evin, 54-cü mənzilindən pasport qeydiyyatından çıxarılmaları öhdəliyi cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Aynur Axundova