Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-477/2021 17.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı və iddiaçının nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında 01.04.1992-ci il tarixdən 03.09.1992-ci il tarixə kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində iştirak etdiyi üçün müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ona Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında 01.04.1992-ci il tarixdən 03.09.1992-ci il tarixə kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində iştirak etdiyi üçün müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Həmin orqan tərəfindən iddiaçının müraciəti təmin edilməmiş, iddiaçı narazı qalaraq, Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 08.10.2020-ci il tarixli 2-1(112)-5446/2021 saylı qərarı iş baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1969-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Ermənilərin Azərbaycana qarşı elan olunmamış müharibəyə başlaması, Xocalı şəhərini işğal edərkən etnik azərbaycanlılara qarşı soyqırım törətmələri, Şuşa şəhəri də daxil olmaqla Dağlıq Qarabağ bütün ərazisini işğal etmələri, Ermənistanla sərhəd rayonlarımızın da mütəmadi olaraq atəşə tutulması, vətənin belə anında hər bir azərbaycanlını torpaqlarımızın erməni işğalçılarından müdafiəsinə qalxmalı olduğunu düşünmüş, tərəddüd etmədən vətənə olan borcunu vermək üçün 1992-ci ilin aprel ayının əvvəllərində Sumqayıt Hərbi Komissarlığına getmişdir. Vətənini sevən hər bir qeyrətli azərbaycanlı kimi o, torpaqlarımızı müdafiə etməyini özünə müqəddəs borc bilmişdir. Onları avtobuslarla əvvəlcə Şixova gətirib hərbi paltar geyindirmişdirlər. Daha sonra Biləcəriyə hərbi toplanış məntəqəsinə gətirib bölüşdürmüşdürlər. Onları-bir neçə avtobus əsgəri ön cəbhəyə Ağdam rayonuna gətirmişdirlər. Burada onlara avtomat silah paylayaraq silahlandırmışdırlar. Ermənilərin postu ilə onların postu arasındakı məsafə 150- 200 metrdən artıq olmamışdır. Erməni quldurlarının irəli gəlməsinin qarşısının almaq əmri verilmişdir. Ermənilər müxtəlif odlu silahlardan atəş açmış, iddiaçı və digər əsgər yoldaşları öz növbələrində cavab atəşi ilə düşmənləri susdururmuşdurlar. 01.04.1992-ci il tarixdən 03.09.1992-ci il tarixə kimi N nömrəli hərbi hissənin tərkibində Ağdam rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi biletinin müharibə dövründə hərbi xidmət qeydləri aparılan 17- ci qrafasında 07.04.1992-ci il tarixdən 03.09.1992-ci il tarixə kimi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müharibə dövründə xidmət etməyi göstərilmişdir. Bununla yanaşı hərbi biletin döyüşlərdə iştirak qeydləri aparılan 18-ci qrafasında 01.04.1992-ci ildən 27.07.1992-il tarixə kimi erməni işğalçılarına qarşı döyüşməyi xüsusi ilə göstərilmişdir. Hər iki qeydi N saylı hərbi hissənin qərargah rəisi mayor Rəhimov imzalamışdır. Azərbaycan Respublikası Veteranlar haqqında 28.06.1994-cü il tarixli qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adı və vəsiqəsi öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Yenə həmin maddədə göstərilir ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “ Müharibə veteranı, Silahlı qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında “Əsasnamənin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Göründüyü kimi iddiaçı yuxarıda göstərilən qanun və əsasnamənin tələbinə uyğun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında hərbi hissənin tərkibində iştirak etdiyi üçün müharibə veteranıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi və vəkili X3 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məkhəmədən xahiş etmişdirlər. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı iddia ərizəsində göstərilənlər əsassız və qanunsuz olduğu səbəbindən, aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iddiaçı ərizəsində göstərmişdir ki, 01.04.1992-ci il tarixdən 03.09.1992-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində döyüşlərdə iştirak etmişdir. Qeyd olunan ifadənin əsasında da Müdafiə Nazirliyinə qarşı olan tələblərini irəli sürmüşdür. Buna etiraz edib bildirirlər ki, Müharibə veteranı, silahlı qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi və «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 7 aprel 2006-cı il tarixli 90-İİİ QD Ne-li Qanunu ilə «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci hissəsində göstərilən «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 Ne-li Fərmanının ikinci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabineti də özünün 22 sentyabr 1995-ci il tarixli 216 Ns-li Qərarı ilə «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnaməni təsdiq etmişdir. Həmin Əsasnamənin 1-ci bəndinin onuncu yarımbəndinə uyğun olaraq, «1988-ci il fevralın 1-dən 1991-ci il oktyabrın 9- dək erməni milliyətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində- keçmiş DQMV ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə-Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə - müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir». Həmin Əsasnamənin 1-ci bəndinin on birinci yarımbəndinə uyğun olaraq, «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir». Hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, Mərkəzi Arxivin 12.12.2019-cu il tarixli 9/2-19835 nömrəli arayışına əsasən İddiaçı hərbi xidməti əmrlərdə tam təsdiqlənmədiyindən ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Bu səbəbdən ona Müdafiə Nazirliyinin komissiyası tərəfindən veteran adının və vəsiqəsinin verilməsi qanuna zidddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.09.2018-ci il tarixli 422 nömrəli qərarına əsasən: “Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Tələbin faktiki əsasına gəldikdə isə ilk öncə qeyd etmək zəruridir ki, şəxsin hərbi xidmət keçməsi hərbi bilet, nizami hissə üzrə əmrlər, arxiv arayışı və s. Xidmətini bilavasitə əks edən sənədlərdə öz təsdiqini tapmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iddiaçı və üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 16.03.2021-ci il tarixli, 2-1(118)-477/2021-ci il tarixli sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavab məktubunda bildirmişdir ki, təkrar araşdırmalar zamanı N №li hərbi hissə komandirinin aprel-sentyabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ünvanladığı 21.04.2021-ci il tarixli sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsi 02.06.2021-ci il tarixli 11/2644 saylı cavab məktubunda bildirmişdir ki, məktubda göstərilən dövr üzrə cəmi 419 sənəd tərtib edilmiş, sənədlər hərbi hissə komandirinin N ədəd əmrlər kitabında cəmləşdirilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 2017-ci il 12 iyun tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkilinə dair Təlimafın 2-ci bəndinə əsasən arxiv məlumatı müraciətin mətnindən asılı olaraq arxiv arayışı, arxiv surəti, arxiv çıxarışı formasında verir. İnzibati iş üzrə məhkəməyə təqdim edilmiş arxiv arayışında olan məlumatlar arxiv sənədləri (əmrlər, kitablar) əsasında tərtib olunduğu üçün onların mötəbərliyinə dair hər hansı şübhə mövcud deyil. Sumqayıt İnzibati Məhkəməsinin 20.05.2021-ci il tarixli sorğusuna Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin 07 iyun 2021-ci il tarixli 1386 saylı cavab məktubunda bildirmişdir ki, 1969cu il təvəllüdlü İddiaçı Milli Ordu Sıralarına səfərbər edilməsi, xidməti, tərxis olunması barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsində heç bir məlumat yoxdur. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, əsaslı deyil və təmin edilməməlidir. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, ona “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Həmin orqan tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İddia öhdəliyin icrası hesab olunduğu və iddiaçının cavabdeh inzibati orqana müraciəti olduğu üçün, məhkəmə hesab edir ki, iddiaya mahiyəti üzrə baxılmalıdır. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar; Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2018-ci il tarixli, 422 №li qərarına əsasən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, həmin maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Qeyd edilən normaların tələbindən göründüyü kimi, müharibə veteranı adı verilməsi üçün hərbi biletdə göstərilən məlumatlar hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə təsdiq edilməli, hərbi qulluqçu qanuni əsaslarla hərbi xidmətdən təxris olunmalıdır. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavab məktubunda bildirmişdir ki, təkrar araşdırmalar zamanı N №li hərbi hissə komandirinin aprel-sentyabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Eyni zamanda məhkəmənin sorğusuna Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin 07 iyun 2021-ci il tarixli 1386 saylı cavab məktubunda bildirmişdir ki, 1969-cu il təvəllüdlü İddiaçı Milli Ordu Sıralarına səfərbər edilməsi, xidməti, tərxis olunması barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsində heç bir məlumat yoxdur. Lakin hazırki işdə iddiaçının N saylı hərbi hissənin tərkibində döyüşlərdə iştirakı hərbi beletdə qeyd edilsədə arxiv sənədləri ilə təsdiq edilmir və onun qanuni əsalarla ordu sıralarından təxris olunması müəyyən olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqananın imtinası əsaslı olmuşdur və iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-477/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-477/2021
17.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver