Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4770/2025 07.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: birdəfəlik müavinətin təyin edilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “birdəfəlik müavinətin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. İ-ЖГ seriyalı, 388033 nömrəli “Atalığı müəyyən etmək haqqında şəhadətnamə”dən görünür ki, X5 xx xxxxx 2000-ci il təvəllüdlü İddiaçı atası hesab edilmişdir.
2. İ-AZ seriyalı, 124296 nömrəli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, xx xxxxx 2000-ci il təvəllüdlü İddiaçı atası X5, X3dır.
3. AZ-İ seriyalı, 009412 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X11 23 mart 2002-ci il tarixdə ölmüşdür.
4. Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X6 15 saylı Mənzil-Kommunal Sahəsinin təsdiq etdiyi 24 yanvar 2004-cü il tarixli aktdan görünür ki, xx xxxxx 2000-ci il təvəllüdlü İddiaçı anadan olan tarixdən hazıradək 13-cü mikrorayon, ev 39, mənzil 25 ünvanda, əvvəlcə X3nın, 2002-ci il 23 mart tarixdə o vəfat etdikdən sonra isə nənəsi, X4 himayəsindədir. Uşağın atası Sabirabad rayonunda yaşayır, uşağa baş çəkmir və heç bir maddi yardım göstərmir.
5. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 26 fevral 2004-cü il tarixli, 86 nömrəli sərəncamından görünür ki, X9 müraciət edərək hər iki valideyn himayəsindən məhrum olmuş nəvəsinə qəyyum təyin edilməsini xahiş etmiş, xx xxxxx 2000-ci il tarixdə anadan olmuş İddiaçı qəyyumu təyin edilmişdir.
6. 4 dekabr 2023-cü il tarixli, C seriyalı, 100428 nömrəli “Bakalavr diplomu”ndan görünür ki, İddiaçı 25 iyun 2021-ci il tarixdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin elektrik mühəndisliyi ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsi verilmişdir.
7. “MyGov” elektron sistemindən çıxarışdan görünür ki, İddiaçı 2021-2022-ci tədris ilində Azərbaycan Texniki Universitetinin “avtomatlaşdırılmış elektrotexnoloji qurğular və sistemlər” ixtisasına qəbul edilmişdir.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 18 noyabr 2024-cü il tarixli, 3-17-1/2-Ə-279552/2024 nömrəli “Birdəfəlik müavinət və kompensasiyanın təyin edilməsinin mümkün olmaması haqqında” İddiaçı göndərilmiş məktubundan görünür ki, atası X1 valideynlik hüququndan məhrum edilməsi haqqında məhkəmənin qərarının surətini və ya cəzaçəkmə müəssisəsində cəza çəkməsi barədə arayışı təqdim etdikdən sonra təkrar müraciəti əsasında sözügedən birdəfəlik müavinət və kompensasiya hüququna qanunvericiliyə uyğun olaraq baxılacaqdır.
9. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “Azərbaycan Texniki Universiteti” publik hüquqi şəxsinin 27 avqust 2025-ci il tarixli, JU-X/0-001/068-1097Ü nömrəli məktubundan görünür ki, İddiaçı Azərbaycan Texniki Universitetinin 29 sentyabr 2021-ci il tarixli, 392-T(s) nömrəli əmrinə əsasən Yüksək Təhsil İnstitutunun “Elektrik mühəndisliyi” ixtisasına qəbul olmuş, 23 oktyabr 2021-ci il tarixli, 482-T(s) nömrəli əmri ilə mövcud qanunvericiliyə əsasən valideynini itirmiş şəxs kimi təhsil haqqının ödənilməsindən azad olmuş və ona 1 oktyabr 2021-ci il tarixdən 1 fevral 2022-ci il tarixədək adi təqaüdün iki misli miqdarında təqaüd verilmişdir. İddiaçı universitetlə əlaqə saxlamadığı üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının müvafiq qərarı ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq Azərbaycan Texniki Universitetinin 14 fevral 2024cü il tarixli, TM-27 nömrəli əmrinə əsasən tələbələr sırasından xaric edilmişdir.
Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
10. 3 mart 2021-ci il tarixli, ******* nömrəli “Əmək kitabçasının surəti”ndən görünür ki, İddiaçı 1 mart 2021-ci il tarixdən 10 dekabr 2021-ci il tarixədək "xxxx" MMC-də təmizlik işçisi, 12 dekabr 2022-ci il tarixdən 21 fevral 2023-cü il tarixədək “X17” MMC-nin “Aldo Shoes” mağazasında satıcı-konsultant vəzifəsində fəaliyyət göstərmişdir.
11. Sumqayıt Şəhər İcra Hakimiyyətinin 21 may 2025-ci il tarixli, 5-6/2-1223/2025 nömrəli məktubundan görünür ki, 2020-ci il tarixədək aid olan sənədlər qanunvericiliyin tələblərinə uyğun olaraq Arxiv Fondunun Sumqayıt filialına təhvil verilmişdir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddiaçı tərəfin tələbi və əsasları
12. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birdəfəlik müavinət və kompensasiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxx 2000-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Doğum haqqında şəhadətnaməyə əsəsən atası X5, anası isə X10r. X3 23 mart 2002-ci il tarixdə vəfat etmişdir. Bundan sonra atası iddiaçını nənəsi X9 ilə qoymuş Sabirabad rayonuna getmişdir. Nənəsi Həqiqət xanım sənədləri toplayaraq müvafiq icra hakimiyyətinə müraciət etmişdir. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 86 nömrəli sərəncamına əsasən hər iki valideyn himayəsindən məhrum olmuş iddiaçıya nənəsi X9 qəyyum təyin edilmişdir.
14. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 114.1, 136.1, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1, 8, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 31, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 noyabr 2001-ci il tarixli, 179 nömrəli Qərarına, prosessual hüquqi əsası kimi isə İPM-in 12.1, 12.2-ci maddələrinə istinad edilmişdir.
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
16. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddiaçıya 6.000 manat məbləğində birdəfəlik müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
17. Məhkəmənin 8 avqust 2025-ci il tarixli, 2-1(118)-4770/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “birdəfəlik müavinətin təyin edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Şəhər İcra Hakimiyyəti üçüncü şəxs qismində (adi cəlbetmə) məhkəmə icraatına cəlb edilmişdir.
18. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri:
19. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmiş, onunla əsaslandırmışdır ki, iddiaçı sübut etməlidir ki, o müvafiq dövrdə valideyn himayəsindən məhrum olmuşdur, bu isə atanın valideyn hüquqlarından məhrum edilməsinə dair qətnamə və ya atanın həmin müddət ərzində cəzaçəkmə müəssisəsində olduğuna dair arayışla mümkündür.
20. Etirazın maddi hüquqi əsası kimi “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 114.1, 136.1-ci maddələrinə, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 noyabr 2001-ci il tarixli, 179 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 10 iyun 2022-ci il tarixli, 227 nömrəli Qərarına, prosessual hüquqi əsası kimi isə İPM-in 14.3, 47-ci maddələrinə istinad olunmuşdur.
c) Tərəflərin iştirakı və izahatları:
21. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazda qeyd olunan dəlillərə əsaslanaraq, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı tərəf və üçüncü şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər.
23. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
24. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.
25. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə iddiaçı tərəfin və üçüncü şəxsin səlahiyyətli nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
26. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
27. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
28. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
29. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
30. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
31. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
Tətbiq edilən hüquq:
32. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. (-) İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (-)
33. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə 114. Valideyn himayəsindən məhrum olan uşaqların hüquq və mənafelərinin müdafiəsi
114.1. Valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. (-)
Maddə 136. Üzərində qəyyumluq və himayə təyin edilən uşaqlar
136.1. Qəyyumluq və himayə bu Məcəllənin 114.1-ci maddəsində qeyd edilən uşaqlara onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədilə müəyyən olunur.] 136.2. Qəyyumluq 14 yaşınadək, himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar üzərində təyin edilir. 136.3. Uşaqlara qəyyumluq və himayə təyin edilməsi və bunun xitamı Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilir. 136.4. Uşaqlar (himayədar ailəyə verilmiş uşaqlar, habelə bu Məcəlləyə uyğun olaraq yerləşdirilənədək – valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar istisna olmaqla) üzərində qəyyumluq və himayəçilik orqanının funksiyalarını uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar həyata keçirir.
34. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 1. Əsas anlayışlar
valideynlərini itirmiş uşaqlar – hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir; valideyn himayəsindən məhrum olmuş uşaqlar – hər iki valideyni aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan: məlum olmayan; valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan; xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən; cəzaçəkmə müəssisələrində cəzasını çəkən; uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən; uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən; qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir.
35. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 noyabr 2001-ci il tarixli, 179 nömrəli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
2. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə: (-) valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Sosial müdafiə və sosial təminat” bölməsində ayrılmış vəsait hesabına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 6000 (altı min) manat məbləğində birdəfəlik müavinətlə təmin olunsunlar.
36. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi:
37. Məhkəmə tərəflərin izahatlarını, həmçinin iş materialına əlavə edilmiş sənədləri mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunan hallara istinad edərək əsaslandırır.
38. İddiaçı hazırda iddia tələbini qaldıraraq, onunla əsaslandırır ki, iddiaçının X3 23 mart 2002-ci il tarixdə vəfat etmiş, atası iddiaçını onun tərbiyə edilməsindən imtina edərək, nənəsi X9 ilə qoymuş, nəticədə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 86 nömrəli sərəncamına əsasən nənəsi iddiaçının qəyyumu təyin edilmişdir.
39. Cavabdeh isə iddia tələbinə qarşı etiraz edərək, iddiaçının valideyn himayəsindən məhrum olduğunun təsdiq olunması üçün atanın valideyn hüquqlarından məhrum edilməsinə dair qətnamə və ya atanın həmin müddət ərzində cəzaçəkmə müəssisəsində olduğuna dair hər hansı sənəd mövcud deyildir.
40. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, xx xxxxx 2000-ci il təvəllüdlü iddiaçının 388033 nömrəli şəhadətnaməyə əsasən atası hesab edilmiş X2r, anası isə X8r, 23 mart 2002-ci il tarixdə vəfat etmişdir.
41. Həmçinin, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 26 fevral 2004-cü il tarixli, 86 nömrəli sərəncamı ilə iddiaçının nənəsinin müraciəti əsasında o, iddiaçının qəyyumu təyin edilmişdir.
42. Bundan başqa, Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X6 15 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən təsdiq edilmiş aktda iddiaçının əvvəlcə X3nın, 23 mart 2002-ci il tarixdə anası vəfat etdikdən sonra isə nənəsi, X4 himayəsində olduğu, iddiaçının atasının Sabirabad rayonunda yaşadığı, övladına maddi yardımın göstərilməməsi qeyd edilmişdir.
43. Eyni zamanda, iddiaçı 29 sentyabr 2021-ci il tarixdə Yüksək Təhsil İnstitutunun elektrik mühəndisliyi ixtisasına qəbul olmuş, 23 oktyabr 2021-ci il tarixdə mövcud qanunvericiliyə əsasən valideynini itirmiş şəxs kimi təhsil haqqının ödənilməsindən azad olunmuş və ona 1 oktyabr 2021-ci il tarixdən 1 fevral 2022-ci il tarixədək adi təqaüdün iki misli miqdarında təqaüd verilmişdir.
44. Yuxarıda istinad edilən normalardan müəyyən edildiyi kimi, uşağın valideyn himayəsindən məhrum olmuş hesab edilməsi üçün hər iki valideyni müəyyən olunmuş kateqoriyaların hər hansı birinə aid olmalıdır: məlum olmayan, valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan, xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən, cəzaçəkmə müəssisələrində cəzasını çəkən, uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən, uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən.
45. İddiaçı tərəf iddiaçının atasının uşağın tərbiyə edilməsindən imtina etdiyini, onunla maraqlanmadığını, həmçinin nənəsinin qəyyum qismində təyin edildiyi üçün onun valideyn himayəsindən məhrum olmuş hesab edildiyini iddia etsə də, atasının yuxarıda qeyd edilən kateqoriyaların hər hansı birinə aid olunduğu sübuta yetirilməmişdir.
46. Belə ki, iddiaçının istinad etdiyi Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 26 fevral 2004-cü il tarixli, 86 nömrəli sərəncamında iddiaçının hər iki valideyn himayəsindən məhrum olunmuş şəxs qismində qeyd edilməsinə dair nənəsi X4 müraciətindən başqa hər hansı əsaslı hal müəyyən edilməmiş, bu barədə məhkəməyə sübut təqdim edilməmişdir.
47. Eyni zamanda, məhkəmənin elektron sistemində mövcud olan məlumatlarda iddiaçının atası X1 fərdi məlumatlarında onun hazırda Sabirabad rayonu, Qasımbəyli ərazi dairəsi, Qasımbəyli kəndində qeydiyyatda olması, “Üzeyir-2” kiçik müəssisəsində (VÖEN **********) çalışır, o cümlədən barəsində hər hansı bir məhkəmə işinin olması müəyyən olunmamışdır.
48. Bundan əlavə məhkəmə, “Azərbaycan Texniki Universiteti” publik hüquqi şəxsi tərəfindən iddiaçının təhsili ilə əlaqədar verilmiş məlumata əsasən onun valideynini itirmiş şəxs kimi təhsil haqqının ödənilməsindən azad edilməsini də mövcud olan qanunvericiliyə əsaslanaraq iddiaçının valideyn himayəsindən məhrum olmuş hesab edilməsi üçün əsas hesab etmir.
49. Beləliklə, məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. İmtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
50. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi – Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova