Məhkəmə qərarları › İş №2-1(118)-4778/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4778/2024

11.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4778/2024 11.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2inin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “onlara qaçqın statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Pakistan İslam Respublikasının vətəndaşı kimi hazırda ünvan 1 ünvanında müvəqqəti yaşayan, xx.xx.1983-cü il təvəllüdlü İddiaçı1 (N - AC6443383) ailə üzvləri arvadı xx.xx.1990-cı il təvəllüdlü Salma Bangash, qızı - xx.xx.2015-ci il təvəllüdlü Rumaisa Khan, oğlu-xx.xx.2018-ci il təvəllüdlü Abdullah Bangash ilə birlikdə xx.xx.2023-cü il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Vəsatətinin araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, onun və ailə üzvlərinin adına 63-2023 saylı şəxsi İş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla və ailə üzvləri ilə müsahibə keçirilmişdir. O, qaçqın statusunun verilməsi haqqında vəsatətin (ərizə-anketinin) qeydiyyatı və müsahibə zamanı Pakistan İslam Respublikasının xayber-Paxtunxva vilayətinin Hanqu rayonunun Sarozay kəndində anadan olduğunu, milliyətçə puştun (banqaş tayfası), dini etiqadına görə müsəlman (sünni) olduğunu, 2000-ci ildə Hanqu şəhərindən “Public Hing school” adlı məktəbdə orta təhsil, 2002-ci ildə Peşəvər şəhərində “X2” adlı məktəbdə tam orta təhsil, 2004-2008-ci illərdə Çinin Dalyan şəhərində tibb üzrə təhsil, 2010-2012-ci illərdə Azərbaycanda dil kursunda iştirak etmiş və 2015-2016-cı illərdə Peşəvər şəhərində Peşəvər Universitetində ictimai elmlər üzrə bakalavr təhsilini aldığını bildirmişdir.Əmək fəaliyyəti barədə isə məlumat verərkən 2008-2010-cu illərdə Handuda orta məktəbdə İngilis dili və biologiyadan dərslər keçdiyini, 2014-2016-cı illərdə “Shid” və “Sabaun” adlı QHT-lərdə sosial işçi, 2016-2022-ci illərdə hanquda “Rehman medicaf store” adlı şəxsi aptek işlətdiyini və 2020-2022-ci illərdə əmlakçı kimi işlədiyini qeyd elmişdir. Ailə vəziyyəti barədə məlumat, verərkən bildirir ki, evli, atası vəfat etmiş, anası, 2 qardaş və 4 bacının Pakistanda, arvadı və 2 övladımın xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasına gəldiyini və hazırda onunla birlikdə Azərbaycan Respublikasında yaşayırlar. Belə ki, qaçqın statusu əldə etmək üçün müraciətinin səbəblərini izah edərkən əlavə olaraq bildirmiş ki, o, “X4” adlı partiyanın üzvü olmuş və 2018-ci ildən isə İmran Xanın “PTİ” (pakistan Tehrik-e-İnsaf) adlı partiyasına qoşulmuş və həmin partiyanın yaşadığı Hanqu rayonunda baş müşaviri kimi fəaliyyət göstərmiş, lakin onun partiyaya üzv olmağı barədə heç bir sənədi məhkəməyə təqdim edə bilmir. O Pakistanda yaşadığı zaman arvadının və onun təhdid olunmağının səbəbi siyasi fəaliyyəti ilə bağlı olmamışdır.Ətraflı olaraq bildir ki, o və ailəsi Pakistan Respublikasında yaşayan zaman təhdid olunur və ölümlə hədələnirdi. O və arvadının təhdid olunmağı səbəbini ondan ibarətdir ki, onlar Pakistanda GHT-lərdə sosial fəaliyyətlə məşğul olub, həyat tərzinin və arvadının geyim tərzinin puştun adət və ənənələrinə uyğun olmaması, ona yaşadığı həyat tərzindən və arvadının geyim tərzindən əldə çəkməyi üçün dəfələrlə naməlum şəxslər tərəfindən bilərəkdən şiddətə məruz qalmışıq və arvadı dəfələrlə şiddətə və döyülmələrə məruz qalmışdır. Naməlum şəxslər tərəfindən arvadına hədə-qorxu ilə zənglər gəlib, hətta küçə ortasında arvadı naməlum bir şəxs, motokislet sürüvüsü tərəfindən bilərkədən vurulmuşdur. Yaşadığı ərazinin Əfqanıstan sərhəddi ilə yaxın olması və onların həyatının ciddi şəkildə təhlükə altında olduğunu nəzərinə çatdırır.Bütün bu yuxarıda qeyd etdikləri ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etdiyi zaman ona Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli qaçqın statusu verilməsindən İmtina edilməsi haqqında qərar qəbul edilməsi məktub göndərilmişdir.Həmin qərar xx.xx.2023-cü il tarixdə tərtib edilsə də iddiaçı həmin xx.xx.2023-cü il tarixdə qəbul edib almışdır. Onun müraciəti öz müsbət həllini tapmamışdır.Cavabdeh hərəkətləri qanunsuz olduğundan, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, aşağıdakı əsaslara görə iddia ərizəsinə etiraz edir və hesab edir ki, onun heç bir hüquqi əsası yoxdur. Belə ki, İddiaçı1 (pasport nömrəsi: AC6443383) ona qaçqın statusunun verilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2023cü il tarixli İQ-52/4 nömrəli qərar qəbul edilmişdir. İş materialları ilə müəyyən olunur ki: 1. Azərbaycan Respublikasına gələnədək hər hansı təqibə və təhdidə məruz qalmamış; 2. Hüquq- mühafizə orqanlarına şikayət ünvanlanmamış; 3. 2014-cü ildə ailə qurmalarına baxmayaraq təhdidə 2022-ci ildə məruz qalmaları inandırıcı deyil; 4. Əvvəlcə təhdid və təqibin sosial-məişət zəminində olduğunu bildirsə də sonradan bunu siyasi təqibə istiqamətləndirmişdir. Şəxsin DMX-yə təqdim etdiyi vəsatətindən görünür ki, onun Pakistan İslam Respublikası, yəni dövlət tərəfindən “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır. Onun ölkə ərazisinə gəlişi iqtisadi vəziyyətlə əlaqəli olmuşdur. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli İQ-52/4 nömrəli Qərarının surəti, cavabdehin etiraz ərizəsi, iddiaçıya aid hüquqmüəyyənedici sənədlərin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə araşdırması zaman müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2023-cü il tarixli İQ-52/4 nömrəli qərarı ilə iddiaçıya qaçqın statusunun verilməsindən imtina edilmişdir. İddiaçı Pakistan İslam Respublikasında təqibə məruz qaldığını əsas gətirərək, ona Azərbaycan Respublikasında qaçqın statusunun verilməsini xahiş etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir.Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir;...Başqa ölkədəki daimi yaşayış yerini bu maddənin birinci hissəsində göstərilən əsaslara görə tərk etməyə məcbur olub Azərbaycan Respublikasına gəlmiş Azərbaycan Respublikası vətəndaşına müvafiq icra hakimiyyəti orqanının qərarı ilə məcburi köçkün statusu verilə bilər. Həmin Qanunun 13-cü maddəsinə görə şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Barəsində qaçqın statusu verməkdən imtina edilməsi haqqında qərar qəbul edilmiş şəxsin Azərbaycan Respublikasının ərazisindən göndərilməsinin təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Məhkəməyə təqdim edilmiş sübutlardan müəyyən olunur ki, iddiaçıların “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilmiş əsaslarda və “Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyası”nın 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır. Həmçinin, bununla bağlı hər hansı etibarlı dəlil məhkəməyə təqdim etməmişdir. Maddi hüquq normalarının tələblərindən də göründüyü kimi, cavabdeh inzibati orqanın hərəkətlərində hər hansı bir qanun pozuntusu mövcud deyil. Belə olan halda iddia tələbinin təmin edilməsi qanunvericiliyə əsasən mümkün deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2inin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “onlara qaçqın statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar