Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4778/2025 30.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Şabran rayonu Şabran bələdiyyəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinin qiymətinin tariflərə uyğunlaşdırılması) GİRİŞ HİSSƏ X1-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Şabran rayonu Şabran bələdiyyəsinə qarşı “torpaq sahəsinin qiymətinin tariflərə uyğunlaşdırılması” tələbinə dair iddiası üzrə inzibati işə 30 oktyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Şabran rayonu Şabran bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şabran rayonu Şabran bələdiyyəsindən ayrılmış 17+13 ha örüş torpaq sahələrinin Respublikada tariflərə uyğunlaşdırılmasına cavabdeh Şabran bələdiyyəsi tərəfindən yeni protokolun tərtib edilməsinə, qiymətin aşağı salınması ilə əladəqar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şabran rayonu Şabran bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şabran rayonu Şabran bələdiyyəsindən ayrılmış 17+13 ha örüş torpaq sahələrinin Respublikada tarif qiymətlərinə uyğunlaşdırılmasının, cavabdeh Şabran bələdiyyəsi tərəfindən sahibkar ilə yeni protokolun (daxili) tərtib edilməsi, qiymətin aşağı salınması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 15 ildir ki, Şabran rayonunda təsərrüfatçılıq fəaliyyəti ilə məşğul olur. Onun adına olan torpaq sahəsinin vaxtının uzadılması ilə əlaqədar bələdiyyə tərəfindən qanunsuz olaraq hərrac yolu ilə yox, müsabiqə yolu ilə ayrılaraq iddiaçıya maddi və mənəvi zərər vurulmuşdur. Nəticə etibarilə, qiymətlər mexaniki olaraq şişirdilmişdir ki, bu da iddiaçının həm büdcəsinə, həm də təsərrüfatına böyük ziyan vurur. Belə ki, Şabran rayonunda torpağın örüş yeri 15 manat olduğu halda, sənədlərdə 200 manat qeyd olunmuşdur. Dəfələrlə qeyd olunanlarla bağlı Şabran bələdiyyəsinə müraciət etsə də, müraciətinə cavab verilməmiş, örüş torpaqlarının qiymətləri Respublikadakı qiymət tariflərinə uyğunlaşdırılmamışdır.
4. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 359 nömrəli məktubda qeyd etmişdir ki, “Sizin Şabran rayonu Şabran bələdiyyəsinə ünvanladığınız ərizənizə cavab olaraq bildiririk ki, mövcud qanunların tələblərinə görə, bələdiyyə torpaqlarının icarəyə verilməsi yalnız hərrac və ya müsabiqə yolu ilə həyata keçirilir və icarə haqqının məbləği də orada müəyyən olunur. Hərrac və ya müsabiqədə müəyyən edilmiş icarə haqqının azaldılması bələdiyyənin səlahiyyəti daxilində olmadığı üçün Sizin müraciətinizi müsbət həll etmək mümkün olmamışdır.”.
5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
7. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir
ƏSASLANDİRMA HİSSƏSİ
II. İddianın növü və mümkünlüyü
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
11. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
12. Beləliklə, iddia mümkündür.
İİİ. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar:
13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Şabran şəhəri ərazisində yerləşən 0,17 ha torpaq sahəsinə icarə hüququ İddiaçı adına xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır.
14. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən ********* qeydiyyat nömrəli çıxarışdan görünür ki, Şabran şəhəri ərazisində yerləşən 0,13 ha torpaq sahəsinə icarə hüququ İddiaçı adına xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır.
15. xx.xx.2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, Şabran rayonu Şabran bələdiyyəsi ilə İddiaçı arasında Şabran şəhəri ərazisində yerləşən 0,17 ha torpaq sahəsinin İddiaçı icarəyə verilməsinə dair bağlanılmışdır. İcarə müddəti xx.xx.2039-cu il tarixədək müəyyən edilmişdir. Müqavilənin 5-ci bəndinə əsasən, icarəyə verilən sahəsin istifadəsinə görə: “İcarəyə götürən” İddiaçı “İcarəyə verən” Şabran rayonu Şabran bələdiyyəsi illik 3000 manat 00 qəpik (üç min manat sıfır qəpik) icarə haqqı ödəyir.
16. xx.xx.2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, Şabran rayonu Şabran bələdiyyəsi ilə İddiaçı arasında Şabran şəhəri ərazisində yerləşən 0,13 ha torpaq sahəsinin İddiaçı icarəyə verilməsinə dair bağlanılmışdır. İcarə müddəti xx.xx.2039-cu il tarixdəkmüəyyən edilmişdir. Müqavilənin 5-ci bəndinə əsasən, icarəyə verilən sahəsin istifadəsinə görə: “İcarəyə götürən” İddiaçı “İcarəyə verən” Şabran rayonu Şabran bələdiyyəsi illik 2600 manat 00 qəpik (ikin min altı yüz manat sıfır qəpik) icarə haqqı ödəyir.
IV. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
19. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 47-ci maddəsinin 7-ci bəndinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. 56-cı maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. 56-cı maddəsinin 2-ci bəndinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 56-cı maddəsinin 3-cü bəndinə əsasən, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 99-cu maddəsinin 4-cü hissəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının ilkin qiyməti onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. Həmin sənədlərdə torpağın normatv qiyməti, torpaq vergisi, habelə tələb və təklif nəzərə alınmalıdır.
20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1-ci maddə: qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir (həmin normalar Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də qeyd olunmuşdur). 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
21. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5-ci maddəsinə əsasən, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. 9.1-ci maddəsinə əsasən, bələdiyyəin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyada olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq hərrac torpaqları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
IV. Məhkəmənin mövqeyi
22. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
23. Məhkəmə qeyd edir ki, iş materiallarına əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən ********** və ********* qeydiyyat nömrəli çıxarışlara əsasən, Şabran şəhəri ərazisində yerləşən 0,17 ha və 0,13 ha torpaq sahələrinə icarə hüququ İddiaçı adına qeydiyyata alınmışdır.
24. Şabran rayonu Şabran bələdiyyəsi ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən, 0,17 ha torpaq sahəsi İddiaçı icarəsinə verilmiş, icarə müddəti xx.xx.2039-cu il tarixdək müəyyən edilmişdir. Müqavilənin 5-ci bəndinə əsasən, icarəyə verilən sahəsin istifadəsinə görə: “İcarəyə götürən” İddiaçı “İcarəyə verən” Şabran rayonu Şabran bələdiyyəsi illik 3000 manat 00 qəpik (üç min manat sıfır qəpik) icarə haqqı ödəyir.
25. 0 Şabran rayonu Şabran bələdiyyəsi ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən, Şabran şəhəri ərazisində yerləşən 0,13 ha torpaq sahəsi İddiaçı icarəyə verilmiş, icarə müddəti xx.xx.2039-cu il tarixdəkmüəyyən edilmişdir. Müqavilənin 5-ci bəndinə əsasən, icarəyə verilən sahəsin istifadəsinə görə: “İcarəyə götürən” İddiaçı “İcarəyə verən” Şabran rayonu Şabran bələdiyyəsi illik 2600 manat 00 qəpik (ikin min altı yüz manat sıfır qəpik) icarə haqqı ödəyir.
26. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunması üçün qanuni əsas müəyyən edilmədiyindən iddia təmin edilməməlidir.
27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
28. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3).
29. Hazırki işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır.
30. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, üzərinə düşən sübutetmə vəzifəsini icra edə bilməmişdir. Buna görə də, hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
NƏTİCƏVİ HİSSƏ
32. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilmir. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X1-Abbaszadə