Məhkəmə qərarları › İş №2-1(118)-478/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-478/2021

28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-478/2021 28.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən “Qarant” Kompleksindəki “Real” market qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş müvəqqəti nəzarətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia qaldıraraq, “Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən “Qarant” Kompleksindəki “Real” market qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş müvəqqəti nəzarətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Mehdiabad qəsəbəsində 0.04 ha torpaq sahəsində yerləşən, sahəsi 374.4 kv/m olan “Qarant” kompleksində yerləşən “Real” market qeyri-yaşayış sahəsi AR ƏMDK yanınnda DƏDRX-nin HDQ haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş 19.03.2014-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən iddiaçının şəxsi mülkiyyətindədir.Çıxarışda qeyriyaşayış binası üzərində hüquq növü mülkiyyət, binanın mülkiyyət növü 0.04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olması göstərilir.Buna müvafiq olaraq həmin orqanın 4 saylı Ərazi İdarəsi tərəfindən texniki pasportu tərtib edilmiş və qeyriyaşayış sahəsinin texniki ölçüləri, nədən inşa edilməsi göstərilmişdir. O vaxtdan indiyə qədər əmlak iddiaçının mülkiyyətindədir. Əmlakını kirayə vermək istəyərkən 6 saylı notariat ofisi tərəfindən imtina edilmiş və əsas kimi 24.09.2019-cu ildə əmlakımın üzərinə müvəqqəti nəzarətin qoyulması göstərilmişdir. Hansı səbəbə və hansı əsasla əmlakımın üzərinə müvəqqəti nəzarətin qoyulması barədə AR Vəkillər Kollegiyasının 4 saylı Vəkil Bürosu vasitəsilə 28 avqust 2020-ci il tarixdə 4 saylı Ərazi İdarəsinə sorğu verilmiş və sorğu həmin tarixdə idarənin əməkdaşı A.Cəlilova tərəfindən qeydə alınmışdır.O vaxtdan indiyə qədər iki aydan çox vaxt keçməsinə baxmayaraq cavabdeh təşkilat nə şifahi nə də rəsmi qaydada sorğuya cavab vermir. İddiaçı dəfələrlə cavabdeh təşkilatda olmuş hər dəfə də araşdırılır deyilmişdir. Axırıncı dəfə Təşkilatın hüquqşünası ilə görüşərkən təsadüf nəticəsində səhv olduğunu demiş, əmlak barəsində məhkəmə mübahisəsi olmaması barədə ərizə alınmış və qeyd etmişdir ki, tezliklə bu anlaşılmamazlıq aradan qaldırılacaq. Buna baxmayaraq indiyə kimi hər hansı bir cavab verilməyib və əmlak üzərindən müvəqqəti nəzarət götürülməmişdir. Vətəndaşların müraciətləri haqqında AR Qanununun 10.1 -ci maddəsinə əsasən vətəndaşların müraciətinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlama tələb edən müraciətlərə 30 iş günü müddətində baxılır. Göründüyü kimi, sorğu daxil olandan 2 ay keçməsinə baxmayaraq sorğuya cavab verilməmişdir. Cavabdehin bu hərəkətsizliyi tam əsassız olmaqla qanunsuzdur. AR Konstitusiyasının 29-cu maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Nə Daşınmaz əmlakın Dövlət reyestri haqqında Qanunda nə də əsasnaməsində həmin xidmətin əmlak üzərinə nəzarət və ya müvəqqəti nəzarət qoymaq səlahiyyəti yoxdur. Daşınmaz əmlakın Dövlət reyestri haqqında AR Qanununun 29 iyun 2004-cü il tarixli maddəsinin 1.0.3-cü bəndində qeyd edilir ki, hüququn məhdudlaşdırılması (məhdudiyyət yüklərinə) - qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qaydalar (servitut, uzufrukt, ipoteka, əmlak üzərinə həbs qoyulma və s.) Həmin qanunun 21.2-ci maddəsində qeyd edilir ki, Daşınmaz əmlaka Dövlət qeydiyyata alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. İstinad olunanalardan aydın olur ki, yalnız məhkəmənin qərarı əsasında mülkiyyət hüququ məhdudlaşdırıla bilər. AR Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məkhəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil İsfəndiyar oğlu iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, iddiaçının əmlakına qanunsuz qoyulmuş nəzarət götürülmür, iddiaçının hüquqları pozulur. Sonda iddiaçının nümayəndəsi və vəkili Vəkil İsfəndiyar oğlu iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qeyri-yaşayış binasının üzərinə Qaçqınların və X2 Üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 27.08.2019-cu il tarixli RR/02-815 saylı məktubuna əsasən məhdudiyyət qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1-ci maddəsinə uyğun olaraq cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq iddianı təmin etmə tədbirlərindən biri kimi müəyyən edilmişdir. Məcəllənin 159.2-ci maddəsinə uyğun olaraq iddianı təmin etmək tədbiri ilə bağlı məhkəmə tərəfindən qərardad qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 249-cu maddəsinə görə əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmənin qərarı əsasında qoyulur. Təxirə salına bilməyən hallarda cinayət törətmiş şəxs tərəfindən əmlakın və ya cinayət yolu ilə əldə edilmiş əşya və vasitələrin məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya verilmiş mülki iddianın təmin edilməsi hesabına özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, müstəntiq məhkəmənin qərarı olmadan əmlak üzərinə həbs qoya bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə görə, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. Sözügedən əmlak üzərinə Qaçqınların və X2 Üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 27.08.2019-cu il tarixli RR/02- 815 saylı məktubunda Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin balansında - dövlət mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən strateji əhəmiyyətli içməli su anbarının üzərində kənar fiziki şəxs tərəfindən 2014-cu ilin əvvəlində daşınmaz əmlak—ticarət obyekti inşa edilmişdir. Həmin qəsəbədə strateji əhəmiyyətli su anbarının üzərində qeyri-yaşayış sahəsinin tikilməsi içməli su anbarınının fəaliyyətinə və insanlara veriləcək suyun təmizliyinə ciddi təhlükə yaratması qeyd edilib. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestnndə aparılan daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iştirak etsədə, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etməmiş, məkhəmə iclası cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddia öhdəliyin icrasıdır və iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, onun tələbi təmin edilməmiş, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ******* nömrəli çıxarışla məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qeyri-yaşayış binasının üzərinə Qaçqınların və X2 Üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 27.08.2019-cu il tarixli RR/02-815 saylı məktubuna əsasən cavabdeh tərəfindən məhdudiyyət qoyulmuşdur. İddiaçı qoyulmuş məhdudiyyətin götürülməsi üçün inzibati orqana müraciət etsədə, onun tələbi təmin edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İddiaçı onun mülkiyyəti olan daşınmaz əmlak üzərində cavabdeh inzibati orqan tərəfindən qoyulmuş məhdudiyyətin aradan qaldırılması ilə bağlı həmin orqana müraciət etmiş lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qeyri-yaşayış binasının üzərinə Qaçqınların və X2 Üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 27.08.2019-cu il tarixli RR/02-815 saylı məktubuna əsasən məhdudiyyət qoyulmuşdur. Eyni zamanda cavabdeh inzibati orqan aşağıdakı hüquq normalarına istinad edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1-ci maddəsinə uyğun olaraq cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq iddianı təmin etmə tədbirlərindən biri kimi müəyyən edilmişdir. Məcəllənin 159.2-ci maddəsinə uyğun olaraq iddianı təmin etmək tədbiri ilə bağlı məhkəmə tərəfindən qərardad qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 249-cu maddəsinə görə əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmənin qərarı əsasında qoyulur. Təxirə salına bilməyən hallarda cinayət törətmiş şəxs tərəfindən əmlakın və ya cinayət yolu ilə əldə edilmiş əşya və vasitələrin məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya verilmiş mülki iddianın təmin edilməsi hesabına özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, müstəntiq məhkəmənin qərarı olmadan əmlak üzərinə həbs qoya bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə görə, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. Lakin bu normalarda qeyd edilən əsasların hazırkı işdə mövcudluğu ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Cavabdeh etirqazında qeyd edir ki, sözügedən əmlak üzərinə Qaçqınların və X2 Üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 27.08.2019-cu il tarixli RR/02- 815 saylı məktubunda Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin balansında - dövlət mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən strateji əhəmiyyətli içməli su anbarının üzərində kənar fiziki şəxs tərəfindən 2014-cu ilin əvvəlində daşınmaz əmlak—ticarət obyekti inşa edilmişdir. Həmin qəsəbədə strateji əhəmiyyətli su anbarının üzərində qeyri-yaşayış sahəsinin tikilməsi içməli su anbarınının fəaliyyətinə və insanlara veriləcək suyun təmizliyinə ciddi təhlükə yaratması qeyd edilib. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu səlahiyyətli qurumların nəzarətində olmalıdır. Dövlət reystrində qanunsuz aparılmış qeydin ləğvi və digər hüquqi müdafiyə vasitələrindən istifadə edilə bilər. Qeyd edilən hüquq müdafiə vasitələrindən istifadə edilmədən, Qaçqınların və X2 Üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin məktubu əsasında iddiaçının mülkiyyət hüququnun pozulması yolverilməzdir və şikayət edilən məhdudiyyətin hüquqi əsası mövcud deyil. Bunlardan başqa məhkəmə hazırki iş üzrə qərar qəbul edərkən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüququna qoyulmuş məhdudiyyətin götürülməməsi «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinin pozulması kimi qiymətləndirilməlidir. Belə olan halda hazırki iş üzrə cavabdeh inzibati orqanın Qaçqınların və X2 Üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 27.08.2019-cu il tarixli RR/02-815 saylı məktubunu əsas gətirərək İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qeyri-yaşayış binasının üzərinə məhdudiyyət qoyması əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus qeyri yaşayış binası (Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən “Qarant” Kompleksindəki “Real” market qeyri-yaşayış sahəsinin) üzərinə qoyulmuş müvəqqəti nəzarətin götürülməsi öhdəliyi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı məxsus qeyri yaşayış binası (Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən “Qarant” Kompleksindəki “Real” market qeyri-yaşayış sahəsinin) üzərinə qoyulmuş müvəqqəti nəzarətin götürülməsi öhdəliyi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar