Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4781/2025 25.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mənzilə mülkiyyət hüququnun qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Vəkil1 Cavabdehin nümayəndəsi X1 Üçüncü şəxs X2 nümayəndəsi və eyni zamanda üçüncü şəxs X4, Üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, 4-cü mikrorayon ünvanda yerləşən 6 saylı evin, 29 nömrəli mənzil üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı Sumqayıt şəhəri, 4-cü mikrorayon ünvanda yerləşən 6 saylı evin, 29 nömrəli mənzil üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, ünvan 2 ünvanında yerləşən ev mərhum anası 10 mart 1920-ci il təvəllüdlü X7 Sumqayıt şəhər XDİK Sumqayıt şəhər Yİ tərəfindən xx.xx.1988-ci il tarixli qərar ilə verilmişdr (order N-2153). Orderdə onun da adı vardır. Orderdə adı keçən şəxslərin bəziləri vəfat etmiş, bəziləri isə mirası qəbul etməmişdir. İddiaçı isə anasından mirası qəbul etmiş və bugünkü günədək həmin evdə yaşayır. Anası xx.xx.2015-ci ildə vəfat etmişdir. Hazırda, sözügedən evə mərhum anasının adına çıxarış verilməsinə zərurət vardır.Qeyd edir ki, bununla bağlı cavabdeh orqana aidiyyəti üzrə müraciət etsə də bugünədək müsbət cavab ala bilməmişdir.Cavabdehin hərəkətləri qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirak edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmışdır və müəyyən edilmişdir ki, iddiaçı ünvan 3 ünvanında yerləşən 29 nömrəli mənzil üzərində mərhum X6 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar 20 noyabr 2023- cü il tarixli ərizə ilə 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Bununla əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, müraciətə iddiaçının mərhum X6 qanuni vərəsəsi olmağı barədə notariusun məktubu, yaşayış yeri üzrə qeydiyyat haqqında arayış və razılıq ərizələri əlavə olunmamışdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən isə vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 Ns-li forma); mənzil sahəsinin orderi, mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. İdarənin mütəxəssisi tərəfindən mənzildə texniki inventarlaşdırma işləri aparılan zaman mübahisəli halın olduğu müəyyən edilmiş və yaşayış sahəsində ölçmə işlərinin aparılması mümkün olmamışdır. Həmçinin, vətəndaş Maraqlı şəxs1 sözügedən mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınmaması ilə bağlı xx.xx.2023-cü il tarixli ərizəsi və ərizəyə əlavə edilmiş Maraqlı şəxs1 sözügedən mənzilə köçürülməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)- 3229/2023 nömrəli qətnaməsi idarəyə daxil olmuşdur.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.Göründüyü kimi, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, etirazı müdafiə etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2-1(118)-2853/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Sumqayıt şəhəri, 4-cü mikrorayon ünvanda yerləşən 6 saylı evin, 29 nömrəli mənzil üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-4781/2025 nömrəli qərardadı ilə X8 və X4 ərizələri təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2-1(118)-2853/2024 nömrəli qərarı ləğv edilmiş və iş üzrə icraat təzələnmiş, X8 və X10 zəruri cəlbetmə əsası ilə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Məhkəmə iclasında üçüncü şəxs X2 nümayəndəsi və eyni zamanda üçüncü şəxs X10, üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil2 iştirak etmiş, iddianın rədd edilməsini xahiş etmişdirlər. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Cavabdehin imtina məktubunun surəti, cavabdeh inzibati orqanın etiraz ərizəsi, Sumqayıt şəhər X14 İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli, 2153 nömrəli orderin təsdiqlənmiş surəti, Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş 394 nömrəli, xx.xx.2022-ci il tarixli arayışın surəti, ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surəti, “Vətəndaşlıq vəziyyəti aktları” AQİS tərəfindən verilmiş çıxarışların surəti, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3229/2023 nömrəli qətnaməsinin surəti və digər sənədlər daxildir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-1871/2022 saylı qərardadı ilə X10 və İddiaçı arasında mənzilin hər ikisinin adına özəlləşdirilməsi, dövlət reyestrindən çıxarış alınması, 2 ay müddətində satılması, pul məbləğinin aralarında 50 faiz olmaqla bölüşdürülməsi şərtləri ilə barışıq sazişi təsdiq edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)-923/2023 saylı Qərardadı ilə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-1871/2022 saylı qərardadı ləğv edilmiş, iş baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3229/2023 saylı Qətnaməsi ilə Maraqlı şəxs1 Sumqayıt şəhəri, 4-cü mkr, ev 6/15, mənzil 29-a köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, ******* saylı arayışında X9 mənzilə qeydiyyatda olan şəxs qismində qeyd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2025-ci il tarixli, ******* saylı arayışında X11 mənzilə qeydiyyatda olan şəxs qismində qeyd edilmişdir. Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 12 saylı mənzil kommunal sahəsinin xx.xx.2025-ci il tarixli, 146 saylı arayışında Maraqlı şəxs2 Sumqayıt şəhəri, 4-cü mkr, ev 6/15, mənzil 29-da qeydiyyatda olduğu qeyd edilmişdir. Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 12 saylı mənzil kommunal sahəsinin xx.xx.2025-ci il tarixli, 19 saylı arayışında Sumqayıt şəhəri, 4-cü mkr, ev 6/15, mənzil 29 ünvanında X10, X8 mənzildə daimi qeydiyyatda olan şəxslər qismində qeyd edilmişdir. Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 12 saylı mənzil kommunal sahəsinin xx.xx.2025-ci il tarixli, 146 saylı arayışında ünvan 4 ünvanı ilə ünvan 5 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 11 oktyabr 2024-cü il tarixli 3-21-3-31/2-3781/2024 saylı məhkəmə qərarının icra olunması barədə məktuba əlavə edilmiş **********10-05101- 093049 reyestr nömrəli, xx.xx.2024 qeydiyyat tarixli çıxarışı ilə İddiaçı Sumqayıt şəhəri, 4cü mkr, ev 6/15, mənzil 29, Yeni qaydalarla: AZ 5005, ünvan 6 ünvanına mülkiyyət hüququ tam pay ilə qeydiyyata alınmışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 20 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2025-ci il tarixli arayışında Maraqlı şəxs2 ünvan 7 ünvanında qeydiyyatsız yaşadığı qeyd edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı Sumqayıt şəhəri, 4-cü mikrorayon ünvanda yerləşən 6 saylı evin, 29 nömrəli mənzil üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın və texniki pasportun verilməsini istəyir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-1871/2022 saylı qərardadı ilə X10 və İddiaçı arasında mənzilin hər ikisinin adına özəlləşdirilməsi, dövlət reyestrindən çıxarış alınması, 2 ay müddətində satılması, pul məbləğinin aralarında 50 faiz olmaqla bölüşdürülməsi şərtləri ilə barışıq sazişi təsdiq edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)-923/2023 saylı Qərardadı ilə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-1871/2022 saylı qərardadı ləğv edilmiş, iş baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3229/2023 saylı Qətnaməsi ilə Maraqlı şəxs1 Sumqayıt şəhəri, 4-cü mkr, ev 6/15, mənzil 29-a köçürülməsi qət edilmişdir. Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 12 saylı mənzil kommunal sahəsinin xx.xx.2025-ci il tarixli, 19 saylı arayışında Sumqayıt şəhəri, 4-cü mkr, ev 6/15, mənzil 29 ünvanında X10, X8 mənzildə daimi qeydiyyatda olan şəxslər qismində qeyd edilmişdir. Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 12 saylı mənzil kommunal sahəsinin xx.xx.2025-ci il tarixli, 146 saylı arayışında ünvan 4 ünvanı ilə ünvan 5 Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 20 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2025-ci il tarixli arayışında Maraqlı şəxs2 ünvan 7 ünvanında qeydiyyatsız yaşadığı qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında ərizəçi Maraqlı şəxs1 mübahisəli mənzilə köçürülməsi qət edilmişdir. Həmin məhkəmə qətnaməsi ilə iddia tələbinin əsaslılığı onun atasının adının müvafiq orderdə əks olunması, atasının və dolayısı ilə Telli Şamilovanın ailə üzvi olmaqla, mənzilə dair istifadə hüququ əldə etməsi, uzun illər həmin mənzildə yaşaması, lakin sonradan İddiaçı ilə aralarında olan münaqişə zəminində mənzili tərk etmək məcburiyyətində qalması, başqa yaşayış yerinin olmaması və mübahisəli mənzilə yaşayış sahəsi kimi ehtiyacının olması kimi hallarla əsaslandırılmışdır. İş materialları ilə müəyyən olunur ki, mübahisəli mənzil müvafiq order əsasında X6 adına 4 nəfər ailə üzvi ilə birlikdə ayrılmışdır. X13 19 iyul 2015-ci il tarixdə vəfat etmiş, orderdə adı göstərilən digər şəxslər Şamilova Zemfira xx.xx.2020-ci ildə, Şamilov Vidadi isə xx.xx.2020-ci ildə vəfat etmişdir. Orderdə adı göstərilən digər şəxs Şamilova Rəna mənzilin iddiaçının adına özəlləşdirilməsinə dair notarial qaydada təsdiq edilmiş yazılı ərizə təqdim etmişdir. Üçüncü şəxs Maraqlı şəxs1 münasibətdə məhkəmə qeyd edir ki, onun mübahisəli mənzilə istifadə hüququnu əldə etməsi, yaşayış sahəsinə ehtiyacının olması, uzun müddət mübahisəli mənzildə yaşaması və mübahisəli mənzilə köçürülməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Üçüncü şəxs X5 münasibətdə isə məhkəmə qeyd edir ki, o, hazırda mübahisəli mənzildə daimi pasport qeydiyyatındadır, mübahisəli mənzildə yaşamışdır, hər iki valideynin müvafiq orderdə adı qeyd edilmişdir. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Qanunun 8-ci maddəsinə əsasən: Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Məhkəmə qeyd edir ki, mənzilin özəlləşdirilməsi üçün mənzildə yaşayan və mənzilə hüququ olan şəxslərin razılıq ərizəsi tələb olunur. Qeyd edilən razılıq ərizələri iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, üçüncü şəxslər iddia tələbinin təmin edilməsinə etiraz etmişlər. Məhkəmə hesab edir ki, qeyd edilən hallar iddianın əsassız hesab edilməsi üçün kifayətdir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin edilməməlidir. Belə olan halda cavabdehin bu barədə imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-4781/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4781/2025
25.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver