Məhkəmə qərarları › İş №2-1(118)-4787/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4787/2024

15.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4787/2024 15.11.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Kazımova İradə Səlim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.055 ha torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, Abşeron rayonu, Saray qəsəbəsi, Ş.İ.Xətai küçəsi, ev 28A ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.055 ha torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın verilməsini istəyir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin mülkiyyətçisidir (çıxarış əlavə olunur). Həmin ev və üzərində tikildiyi torpaq sahəsi onun və ailəsinin istifadəsindədir. Hazırda olan evin və torpağın mülkiyyətdə olmasına dair yeni çıxarışın verilməsinə zərurət yaranmışdır. Belə ki, ona verilən çıxarışda daşınmaz əmlakın növü fərdi yaşayış evi göstərilmiş, ancaq torpaq sahəsinin mülkiyyət növü bələdiyyə, torpaq sahəsi üzərində mülkiyyət növü istifadə göstərilmişdir. Halbuki, Abşeron rayon X13 xx.xx.2002-ci il tarixli, 33 saylı protokolunun qərarından verilən çıxarışdan göründüyü kimi X2 Bələdiyyəsinə müraciət etmiş, ona torpağın fərdi yaşayış evi tikmək üçün alqı-satqı yolu ilə ayrılmasını xahiş etmişdir. Ərizə təmin olunmuş, 840.000 manat torpaq rüsumu ödənilmiş (qəbz əlavə olunur) və ona 0,055 ha torpaq sahəsi ayrılmışdır (çıxarış əlavə olunmuşdur). Bələdiyyə, çıxarışı verməzdən əvvəl Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət etmiş, müsbət cavab almışdır. Komitənin 25.02. 2002-ci ıl tarixli, 44 saylı cavabında qeyd olunur ki, göstərilən torpaq sahəsi kənd təsərrüfatına yararsızdır, Komitə qanuna və təlimata uyğun olaraq göstərilən torpaq sahəsinin X1 etiraz etmir. X6 anasıdır (doğum haqqında şəhadətnamə əlavə olunmuşdur). O, xx.xx.2015 ci ıl tarixdə vəfat etmişdir (ölüm haqda şəhadətnamə əlavə olunmuşdur). xx.xx.2016-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X3 varisləri iddiaçı və qardaşı Əsgər olmuşdur (şəhadətnamə əlavə olunmuşdur). Əsgər miras payını iddiaçıya bağışlamışdır (bağışlama müqaviləsi əlavə olunmuşdur). Bundan sonra, etdiyi müraciət əsasında çıxarış və Texpasport verilmişdir (Texpasport əlavə olunur). Texpasportda ev və torpaq sahəsi aydın göstərilmir, evin cizgisi, torpağın sahəsinin planı, ölçüsü dəqiq qeyd olunmuşdur. Göstərilən bütün sənədlərə baxmayaraq, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin verdiyi Çıxarışda torpaq bələdiyyə torpağı kimi göstərilmiş, bu zaman torpağın “ayrılması” ifadəsi əsas götürülmüşdür. Qanunun tələb etdiyi bütün sənədlər qaydasında olduğu üçün iddiaçıya məxsus olan fərdi evə və evin yerləşdiyi torpaq sahəsinə olan mülkiyyət hüquqlarım dövlət reyestrində qeydiyyata alınmalı, müvafiq Çıxarış verilməlidir. Göstərilənləri nəzərə alaraq ƏMLAK Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 4 saylı Abşeron Ərazi idarəsinə ərizə ilə müraciət edərək, həmin evə və torpağa Çıxarış verilməsini xahiş etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 4 saylı Abşeron Ərazi idarəsindən xx.xx.2024-cü il tarixli cavabla imtina məktubu verilmişdir (imtina məktubu əlavə olunmuşdur). İmtina tamamilə əsassızdır və şablon cavablardan biri kimi bizə ünvanlayıblar. Belə ki, məktubun ikinci abzasında qeyd olunur ki, alqı-satqı aktı, yerquruluşu planından çıxarış və vərəsəlik məktubu ərizəyə əlavə olunmamışdır. -alqı-satqı aktı əlavə olunmayıb; Abşeron Rayon Dövlət Arxivindən verilən xx.xx.2016-cı il tarixli çıxarışda göstərilir ki, X2 Bələdiyyəsinə müraciət etmiş, ona torpağın fərdi yaşayış evi tikmək üçün alqı-satqı yolu ilə ayrılmasını xahiş etmişdir. Ərizə təmin olunmuş, 840.000 manat torpaq rüsumu ödənilmiş (qəbz əlavə olunur) və ona 0,055 ha torpaq sahəsi ayrılmışdır (çıxarış əlavə olunur). Cavabdehin başqa hansı aktı tələb etməsi aydın deyildir, başqa sözlə, alqı-satqı aktı var. -yerquruluşu planından arayış əlavə olunmayıb; Cavabdehin bu tezisi də əsassızdır. Belə ki, “Dövlət torpaqlarının kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" Azərbaycan Respublikası Qanununda deyilir ki, yerquruluşu torpaq sahələrinin hüquqi nizamlama və təsərrüfat əhəmiyyətini müəyyən edir Burada, hüquqi cəhətdən torpağa aid sxem, ərazinin planı, situasiya planı Te.xpasport çıxarılarkən cavabdeh idarəyə təhvil verilmiş və texpasportda əks olunmuşdur. Təsərrüfat əhəmiyyəti isə, hələ torpaq ayrılarkən müəyyən edilmiş və yararsız torpaq kimi fərdi yaşayış üçün nəzərdə tutulmuşdur. Yəni, DƏDRK-də həmin plan var. —vərəsəlik məktubu əlavə olunmayıb; Sənədlərə əlavə olunan Qanun üzrə vərəsəlik hüquqq haqqında şəhadətnamə ilə iddiaçının payı və hüquqları müəyyən olunur, digər varis, qardaşı X10 öz miras payını ona bağışlamışdır. Yəni, cavabdehin bu tezisi də ağ yalandır və yersiz süründürməçilikdən başqa bir şey deyildir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə cavabdeh orqana müraciət etmiş, müraciətinə cavab verilməmişdir. Torpaq sahəsinin faktiki və hüquqmüəyyənedici sənəd üzrə koordinatları uyğundur. Cavabdeh etirazında qeyd edir ki, aparılan araşdırma zamanı alqı-satqı aktının, Abşeron Rayonu Saray Bələdiyyəsinin yerquruluşu planından çıxarışının və torpaq sahəsinə dair vərəsəlik hüququ olan şəxslərin dairəsini müəyyənləşdirən notariat vərəsəlik məktubunun idarəyə təqdim edilmədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu və 146-cı maddələrinə müvafiq olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması və xitamı dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9- cu maddəsinə əsasən, qanuna uyğun olaraq, hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub- olmaması müəyyən edilir. Həmin Qanunun 8-ci maddəsinə görə, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması (yüklülüyü) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsi, icarəsi, istifadəsi və ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, bu qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur) tərəfindən müəyyən edilən sənədlər əsaslar hesab edilir. Torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4- cü cümləsinə əsasən, torpaq sahəsinin mülkiyyət, istifadə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyəti və torpaqın ayrılma məqsədi, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyqun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Əsasnamənin 19-cu bəndinə əsasən, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyqun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsi, onların planı və ölçüsünün tərtib edilməsi, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanması və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə uyğun olaraq, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15- ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Abşeron rayon X13 xx.xx.2002-ci il tarixli 33 saylı protokol qərarı ilə X5 Abşeron rayon Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 44 saylı xx.xx.2002-ci il tarixli müsbət rəyini, X13 33 saylı, xx.xx.2002-ci il tarixli qərarı nəzərə alınaraq vətəndaşa ferma deyilən ərazidən fərdi evlər arasında boş qalmış şərti yararsız sahədən 0.055 ha torpaq sahəsi ayrılması qərara alınmışdır. 05 may 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2015 tarixdə ölmüş X4 vərəsələri İddiaçı və X7r, onlar miras əmlakdan ½ hissədə pay almalıdırlar. 05 may 2016-cı tarixli miras payının bağışlanma müqaviləsindən görünür ki, X11 05 may 2016-cı il tarixli 2V-337 saylı reyestr nömrəsi ilə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ona düşən payı İddiaçı bağışlamışdır. RX seriyalı, ******* saylı, reyestr nömrəsi **********74-10301, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindın çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Torpaq sahəsinin dəyərinin ödənilməsinə dair 05 mart 2002-ci il tarixli, 14 saylı ödəniş qəbzinin surəti, fərdi yaşayış evinə məxsus **********74-10301 reyestr nömrəli texniki pasportun surəti, AZ-İ №777287 saylı X4 ölüm haqqında şəhadətnaməsinin surəti iş materiallarına əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 321332/2-9002/24 saylı məktubu ilə RX seriyalı, ******* saylı, reyestr nömrəsi **********74- 10301, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindın çıxarış və onun verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surəti (miras payının bağışlama müqaviləsi, qanunu üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, bələdiyyə qərarı və s. ), eyni zamanda torpaq sahəsinin müayinə aktı və ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir. Müayinə aktında torpaq sahəsinin yaşayış məntəqələri torpaqlarına aid olduğu, faktiki istifadədə 0.05677 ha olduğu, həyətdə icazəsiz tikili sanitar qovşağı tikililəri mövcud olduğu, texpasportdakı ölçülərlə FYE-nin daxili ölçüləri və konfiqurasiyasının uyğun olduğu qeyd edilmişdir. Məhkəmə sorğusuna Abşeron rayon Saray Bələdiyyəsinin 16 iyul 2024-cü il tarixli 01/289 saylı məktubu ilə Abşeron rayon X13 33 saylı xx.xx.2002-ci il tarixli qərarının qüvvədə olduğu, torpaq sahəsinə hüquqmüəyyənedici sənəd verilməsinə etiraz etmədiklərini bildirmişdirlər. Saray bələdiyyəsinin yerquruluşu planından çıxarış məhkəməyə təqdim edilmişdir. Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, T495/2024 saylı məktubu ilə bələdiyyə qərarı və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə prosesində iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə qeydə alınmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə ünvanladığı müraciəti məhkəməyə təqdim edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, Ş.İ.Xətai küçəsi, ev 28A ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.055 ha torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın verilməsini istəyir. Cavabdeh orqan xx.xx.2024-cü il tarixli imtinasını onunla əsaslandırır ki, alqı-satqı aktı, yerquruluşu planından çıxarış və vərəsəlik məktubu ərizəyə əlavə olunmamışdır. Bundan əlavə iddiaçı tələbini dəqiqləşdirdikdən sonra cavabdeh orqana yenidən müraciət etmiş, məhkəmə prosesində iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə qeydə alınmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə ünvanladığı müraciəti məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədə cavabdeh tərəfindən 35 gün ərzində cavab verilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin tələbinə görə torpaq sahəsinin mülkiyyətə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 5-ci bəndinə əsasən bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Həmin Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması isə hərrac və ya müsabiqə vasitəsilə həyata keçirilmir. Bu halda, torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlarla satıla bilərlər. Torpaq sahəsi bu qaydada satılarkən isə hərrac və ya müsabiqə vasitəsilə satılmadığına görə satılan sahə üzərində bələdiyyənin mülkiyyət hüququnun əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələb olunmur. Göründüyü kimi torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hüquqi əsas mövcuddur. Cavabdehin imtinasına münasibətdə məhkəmə qeyd edir ki, torpaq sahəsi bələdiyyə qərarı ilə satılmış, torpaq sahəsinin dəyəri ödənilmişdir. Bələdiyyə qərarı hazırda qüvvədədir və mübahisələndirilmir. Torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Məhkəmə araşdırması zamanı torpaq sahəsinin müayinə aktı və ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir. Müayinə aktında torpaq sahəsinin yaşayış məntəqələri torpaqlarına aid olduğu, faktiki istifadədə 0.05677 ha olduğu, həyətdə icazəsiz tikili sanitar qovşağı tikililəri mövcud olduğu, texpasportdakı ölçülərlə FYE-nin daxili ölçüləri və konfiqurasiyasının uyğun olduğu qeyd edilmişdir. İddiaçının tələbi 0.055 ha torpaq sahəsi ilə bağlıdır. Cavabdehin imtina əsası kimi qeyd etdiyi alqı-satqı aktının təqdim edilmədiyinə münasibətdə məhkəmə qeyd edir ki, torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinin torpaq qanunvericiliyinin tələblərinə uyğun tərtib olunmaması iddiaçının təqsiri kimi qiymətləndirilib onun gözlənilən mülkiyyət hüququnun pozulmasına və onun məsuliyyətinə səbəb ola bilməz. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Yerquruluşu planından çıxarışın olmamasına münasibətdə məhkəmə qeyd edir ki, yerquruluşu planından çıxarış Abşeron rayon Saray bələdiyyəsi tərəfindən məhkəməyə təqdim edilmişdir. Sözügedən torpaq sahəsinə dair vərəsəlik hüququ olan şəxslərin dairəsini müəyyənləşdirən notariat vərəsəlik məktubunun ərizəyə əlavə edilmədiyinə münasibətdə isə məhkəmə qeyd edir ki, məhkəmə sorğusu ilə 05 may 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 05 may 2016-cı tarixli miras payının bağışlanma müqaviləsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmişdir. Beləliklə, məhkəmə tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istisna edən hal müəyyən edilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin ilkin imtinası və iddiaçının ikinci müraciətinə münasibətdə hərəkətsizliyi qanunsuz və əsassız olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayonu, Saray qəsəbəsi, Ş.İ.Xətai küçəsi, ev 28A ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.055 ha torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar