Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-48/2021 01.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndə və vəkili Vəkil, İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı “cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən dəymiş maddi ziyana görə 150.000 (yüz əlli min) manat, mənəvi ziyana görə 50.000 (əlli min) manat, əldən çıxmış faydaya görə 100.000 (yüz min) manat və ödənilmiş 30(otuz) manat dövlət rüsumunun, cəmi 300030 (üç yüz min otuz) manat pul məbləğinin onun xeyrinə tutulması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı qeyd etdi ki, Abşeron rayonu, Saray qəsəbəsində, 0.3694 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Bu barədə ona AR ƏMDK yanında DƏDRXnin X2 tərəfindən hüquqların Dövlət Qeydiyyatı haqqında xx xxxxxx 2006-cı il tarixli RX seriyalı ******* nömrəli əmlakın dövlət reyestri tərəfindən çıxarış verilmişdir. Təxminən 4 il əvvəl xüsusi mülkiyyətində olan torpağa baxış keçirən zaman ona məlum olmuşdur ki, qeyd edilən torpaq sahəsinin 10 sotdan çox hissəsi, AR Prezidentinin xx xxxx 2008-ci il tarixli, 2930 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sahəsinin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün Tədbirlər Planının'' müvafiq bəndinə əsasən “xxxx” ASC (indiki adı ilə: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi) tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt” avtomobil yolunun tikintisi layihəsi çərçivəsində tikinti altına düşmüşdür. Həmin torpaq sahəsnin tikinti altına düşməsi barədə ona heç bir xəbərdarlıq məktubu göndərilməmiş, üstəlik tutulmuş torpaq sahəsinin müqabilində ona heç bir kompensasiya verilməmişdir. Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında AR qanunun tələbinə əsasən; Alan orqan rəsmi elanın mahiyyətini alınmanın təsirinə məruz qalan torpaqda yaşayan bütün şəxslərin, alınmanın təsirinə məruz qalan torpaqda mülkiyyət, istifadə və icarə kimi hüquqları olan şəxslərin, alınmanın təsirinə məruz qalan torpağın alınması ilə bağlı kompensasiya hüququna malik olan şəxslər kimi alan orqan tərəfindən tanınan şəxslərin diqqətinə çatdırmaq üçün bütün müvafiq zəruri tədbirləri görməlidir. Yuxarıda göstərilən vəzifənin ümumiliyinə xələl gətirmədən, alan orqan bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulmuş bütün şəxslərə bu Qanunun 77ci maddəsində müəyyən edilmiş qaydada rəsmi elanın mahiyyəti barədə bildiriş göndərməlidir. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Qeyd etdi ki, mülkiyyətində olan torpaq sahəsinin böyük bir hissəsinin zəbt edilməsi nəticəsində ona 150.000 (yüz əlli min) manat məbləğində maddi ziyan dəymiş, eyni zamanda həmin torpaq sahəsindən mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. Torpaq sahəsindən məhrum olduğu 5 ilə yaxın bir müddətdə həmin gəlirin məbləği 100.000 (yüz min) manata bərabərdir. Digər tərəfdən həmin torpaqın itirilməsi nəticəsində uzun müddət özünə gələ bilməmiş, mənəvi sarsıntılar keçirmişdir. Torpaq sahəsinin itirildiyini ona bildirəndən sonra normal şəkildə öz həyatını davam etdirə bilməmiş, daim fikirli və nevroz vəziyyətə düşmüş və müalicə almışdır. Cavabdehin bu hüquqa zidd hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərərin (fiziki və mənəvi iztirabların) əvəzini verməlidir. Cavabdeh tərəfindən ona dəymiş mənəvi zərəri 50000 (əlli min) manat dəyərində qiymətləndirir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndə və vəkili Vəkil iddia ərizəsinə dəqiqləşdirmə verərək bildirmişdir ki, iddiaçının mülkiyyətində olmuş müvafiq torpaq sahəsi üçün 150000 manat, məbləğində kompensasiya məbləğinin tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçının nümayəndə və vəkili eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin x xxxx 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planına əsasən Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Layihə çərçivəsində yolun tikintisi sahəsinə düşən fiziki və hüquqi şəxslərə məxsus torpaq sahələrinin, yaşayış və qeyri-yaşayış obyektlərinin dövlət ehtiyacları üçün alınması məqsədi ilə torpaq sahəsi tıkırrıı altına düşdüyü halda, həmin əmlak dövlət ehtiyacları üçün alınması məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və X1 tərəfindən tikilinin kadastr planı təqdim edilir. Bunda sonra isə əmlakın müstəqil qiymətləndırici olan “xxxx” MMC-nin rəyi əsasında dəyəri müəyyən edilir. Hazırda isə İddiaçı məxsus torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2008-ci il tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın müvafiq bəndinə əsasən “xxxx” ASC tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşsə də layihə çərçivəsində iddiaçının iddia etdiyi torpaq sahəsinə müdaxilə edilməmişdir.Belə ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə görə torpağın satın alınması mülkiyyətçi tərəfindən torpağın satın alınması təklifinin bu Qanuna uyğun olaraq qəbul olunması şərti ilə, dövlətin adından alan orqanla alınmanın təsirinə məruz qalan şəxs arasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanan alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilir. Həmin Qanununun 36.1-ci maddəsinə əsasən bu Qanunun 35.3-cü maddəsinə uyğun olaraq torpağın alqı-satqı müqaviləsi bağlandıqdan sonra alan orqan 90 təqvim günü ərzində aşağıdakıları həyata keçirir: mülkiyyətçiyə torpağın dəyərini tam ödəyir; torpaqla bağlı hüquqların dövlətə verilməsi (keçməsi) üçün öz xərcləri hesabına lazımi tədbirləri görür; satılan torpaq mülkiyyətçinin, onun ailəsinin yaşayış yeri olduğu halda, torpağın dəyəri mülkiyyətçiyə tam ödənildikdən sonra bu Qanunun V fəslinə uyğun olaraq mülkiyyətçiyə torpağı boşaltmaqda və yeni yaşayış yerinə köçməkdə köməklik göstərir. Hazırkı iş üzrə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yolun tikinti altına düşməsi işin mübahisəsiz halıdır. Lakin alan orqan tərəfindən alınmanın təsirinə məruz qalan şəxslə torpağn alınması rəsmiləşdirilməmiş və alqı-satqı müqaviləsi bağlanmamışdır. Bu isə o deməkdir ki, torpaq iddiaçının tam istifadəsində olmaqla mülkiyyətindədir və iddiaçıya məxsus torpaq sahəsinin yerdənaturada təyinatı üzrə istifadə olunması mümkündür. Odur ki, qeyd edilənlərə əsasən İddiaçı cavabdeh Avtomobil Yolları Dövlət Agentliyinə qarşı kompensasiya barədə iddia tələbi təmin edilməməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan və üçüncü şəxs nümayəndəsinin iştrakını təmin etməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazır ki, mübahisəyə cavabdeh orqanın və üçüncü şəxsin nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xx xxxxxx 2006-cı il tarixli RX seriyalı ******* çıxarışın surəti, cavabdeh inzibati orqanın xx.xx.2020-ci il tarixli, 3/09-1113 nömrəli etiraz ərizəsi, “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 555 nömrəli ekspert rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Həmin Qanunun 20.1.6-cı maddəsinə əsasən alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə kompensasiya ödəmək öhdəliyini daşıyır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Həmin Qanunun 54.2-ci maddəsinə əsasən kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Həmin Qanunun 56.1-ci maddəsinə əsasən bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin, ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya, torpağın bu Qanunun 58-ci maddəsinə əsasən müəyyən edilmiş bazar qiyməti, alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər, alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər, alınma nəticəsində şəxs yaşayış, həyata keçirdiyi sahibkarlıq fəaliyyətininin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər nəzərə alınır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq kompensasiyanın ödənişində hər hansı yubadılma ilə hüquqları pozulan şəxs belə kompensasiyanın dərhal ödənilməsinə nail olmaq məqsədi ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,3694 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə ona RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarış verilmişdir. İddiaçıya məxsus torpaq sahəsinin bir hissəsi Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2008-ci il tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın müvafiq bəndinə əsasən həyata keçirilən “Bilgəh- Novxanı-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşmüşdür. İddiaçı torpaq sahəsinin yolun tikinti altına düşməsi nəticəsində ona dəymiş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, işin hallarından göründüyü kimi iddiaçı dövlət ehtiyacları üçün geri alınan ona məxsus torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya ünvanladığı cavab məktubunda kompensasiyanın ödənilməməsinə, “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşsə də layihə çərçivəsində iddiaçının iddia etdiyi torpaq sahəsinə müdaxilə edilməməsi ilə əsaslandırmışdır. Müvafiq torpaq sahəsinə dair ekspert rəyi verilməsi üçün məhkəmə tərəfindən yerli baxış təyin edilmiş, lakin yerli baxışın keçirilməsində nə cavabdeh inzibati orqan, nə də üçüncü şəxsin nümayəndəsi iştrak etməmişlər. Belə ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi cavabdeh tərəfindən tikintisi aparılmış “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşmüşdür. İş materiallarına əlavə olunmuş “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 555 nömrəli ekspert rəyindən göründüyü kimi iddiaçının mülkliyyətində olan yolun tikinti altına düşən 1 sot torpaq sahəsinin bazar dəyəri 9.000 manat müəyyən edilmişdir. Hesabat kifayət qədər əsaslandırılmaqla torpaq sahəsinin dəyəri müəyyən olunmuşdur. Yuxarıda qeyd olunan normalara və məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallara əsasən məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşdüyündən həmin torpaq sahəsinin dövlət ehtiyacları üçün geri alınmasına görə kompensasiya iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yolun tikinti altına düşən hissəsinin hər bir sotuna görə 9000 manat məbləğində kompensasiya cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yolun tikinti altına düşən hissəsinin hər bir sotuna görə 9000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yolun tikinti altına düşən hissəsinin hər bir sotuna görə 9000 manat məbləğində kompensasiyanın İddiaçı ödənilməsi öhdəliyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt şəhərində yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-48/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-48/2021
01.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver