Məhkəmə qərarları › İş №2-1(118)-48/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-48/2022

14.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-48/2022 14.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı X1 (işləməyən, Şamaxı rayonu, Muğanlı kəndində yaşayan) iştirakı ilə, İddiaçı X1 cavabdeh DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı Şamaxı rayonu Muğanlı Bələdiyyəsinin 20 noyabr 2007-ci il tarixli 11 saylı qərarı ilə ona satılmış 1,0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı X4 cavabdeh DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu Muğanlı Bələdiyyəsinin 20 noyabr 2007-ci il tarixli 11 saylı qərarı ilə ona satılmış 1,0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayonu Muğanlı bələdiyyəsinin 20 noyabr 2007-ci il tarixli 11 saylı qərarı ilə 1,0 ha torpaq sahəsi iddiaçıya satılmışdır. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququmun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin cavabdeh tərəfindən ona 24 oktyabr 2020-ci il tarixdə rəsmi poçt vasitəsilə təqdim olunmuş 13 oktyabr 2020-ci il tarixli **********42 nömrəli məktubda həmin torpaq sahəsinin alqı-satqı predmeti olmadığı əsas gətirilərək, torpaq sahəsi üzərində mülkiyyət hüququmun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunduğu bildirilmişdir. Həmin torpaq sahəsi 13 ildir ki iddiaçının istifadəsindədir. Səlahiyyətli orqan olan DTXK-nın Şamaxı rayon şöbəsi torpaq sənəsinin alqı-satqı predmeti olduğuna dair rəy vermişdir. Həmin sahəyə görə o 2008-ci ildə 630 manat vəsait ödəmişdir. Artıq 13 ildir ki, o sahənin mülkiyyətimdə olduğuna inanaraq oradan istifadə edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə göndərdiyi etiraz məktubunda bildirmişdir ki, Şamaxı rayon Muğanlı Bələdiyyəsinin 20.11.2007- cı il tarixli 11 saylı qərarı ilə X1 mülkiyyətinə kənd təsərrüfatı məqsədilə satılmış 1.0 ha torpaq sahəsi bələdiyyənin ehtiyat fondunda olan kənd təsərrüfatı təyinatlı əkin sahələrinə aidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56cı maddəsinin 3-cü bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları kənd təsərrüfatı istehsalı üçün yalnız icarəyə verilə bilər. Şamaxı rayon Muğanlı Bələdiyyəsinin 20.11.2007-cı il tarixli 11 saylı qərarı ilə satılmış 1.0 ha torpaq sahəsi alqı-satqı predmeti olmadığına görə, həmin torpaq sahəsinin üzərində X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. İş materiallarında olan : -DTXK-nin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş 27.02.2007-cı il tarixli rəydən görünür ki,idarə X5 oğluna tikinti məqsədi ilə 1 ha torpaq sahəsinin ayılmasına etiraz etmir. -Torpaqların alqı-satqına dair aktdan görünür ki, Şamaxı rayon Muğanlı bələdiyyəsinin 20.11.2007-ci il tarixli 11 saylı qərarına əsasaən X2 1,0 ha torpaq sahəsi satılmışdır. - -Şamaxı rayon bələdiyyəsinin 20.11.2007-ci il tarixli 11 saylı qərarından görünür ki, vətəndaş X2 bələdiyyənin perespektiv ehtiyat fondundan alqı-satqı predmeti olan torpaq sahəsindən 1,0 ha torpaq sahəsinin satılması qərara alınmışdır. - -Şamaxı rayon Muğanlı bələdiyyəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışdan görünür ki, həmin çıxarış Q.Fətəliyevə ayrılmış 1,0 ha torpaq sahəsinə dair tərtib edilmişdir. -18.02.2008-ci il tarixli qəbzdən görünür ki, X4 tərəfindən torpaq alqı-satqısı üçün Muğanlı bələdiyyəsinin hesabına 633 manat ödənilmişdir . - İş üzrə ƏMDX yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfinfən rəy verilməsi üçün həmin idarəyə göndərilmiş, təqdiqat obyetinə baxış keçirilmiş, mütəxəssis rəyi hazırlanmışdır. Mütəxəssis rəyinin məhəkəməyə təqdim edilməsi üçün iş üzrə müvafiq rəyinin verilməsi üçün çəkilən xərcin smetaya uyğun ödənilməsi tələb olunmuşdur. Lakin iddiaçı 15.12.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə mütəxəssis rəyinin verilməsi üçün çəkilən xərc ödənilmədən həmin rəyin məhkəməyə təqdim edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmillədirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Məhkəmə araşdırması zamanə iddiaçı ona satımış torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olmasını təkzib etmədiyini və bununla bağlı mütəxəssis rəyinin alınmasına ehtiyac olmadığını bildirdi. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin : -13.1-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. -56.2-ci maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. -56.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. -86.2-ci maddəsinə görə bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz “Bələdiyyə torpaqlarının idarə edilmısi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1.2-ci maddəsinə əsasən Azırbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. Göstərilən normaların məzmunundan aydın olur ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələri yalnız icarəyə verilə bilər. Bu növ torpaqlar alqı-satqı obyekti ola bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM- 14.3). NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar