Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-48/2023 16.01.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, Abşeron rayonu Novxanı kəndində yaşayan), iddiaçının nümayəndələri X1 (Abşeron rayon Vəkil Bürosunun vəkili, ünvan 1 ünvanında yaşayan) və Vəkil (Abşeron rayon Vəkil Bürosunda vəkil işləyən) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon Novxanı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 07 saylı qərarı ilə ona satılmış 550 kv m torpaq sahəsi və üzərində yerləşən qeyriyaşayış sahəsinə dair mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.055 ha torpaq sahəsinə və üzərində inşa edilmiş qeyri-yaşayış sahəsinin iddiaçının adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Abşeron rayon Novxanı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 07 saylı qərarı ilə ona satılmış 550 kv m torpaq sahəsi və üzərindəki qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar şıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1993-cü ildən iddiaçının istifadəsində olan və Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,055 ha torpaq sahəsi Novxanı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 07 saylı qərarı ilə ona satılmışdır. Azərbaycan Respublikası DT və XK-in Abşeron rayon şöbəsinin xx.xx.2006-cı il tarixli, 245 nömrəli rəyinə əsasən torpaq sahəsinin iddiaçıya satılmasına etiraz edilməmiş və qeyd olunan idarə torpaq sahəsinə dair onun adına plan və ölçü tərtib edərək iddiaçıya vemişdir. Abşeron rayon İcra Hakimiyyəti Başçısının 06 aprel 2007-ci il tarixli 128 nömrəli sərəncamına əsasən torpaq sahəsində mağaza binasının tikintisinə icazə verilmişdir. İddiaçı həmin torpaq sahəsində mağaza binasını inşa etmişdir. İnşa etdiyi bina İcra Hakimiyyəti tərəfindən istismara qəbul edilmişdir. Qeyd olunan qeyri-yaşayış sahəsinə müvafiq dövlət orqanlarının rəyləri alınmış, tikiliyə qaz, işıq, su və kanalizasiya xətləri çəkilmişdir. İddiaçı inşa etdirdiyi qeyri-yaşayış sahəsinin və torpaq sahəsinin Daşınmaz Əmlakın Reyestri Xidmətində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi üçün zəruri olan bütün sənədlər tərəfindən tam hazırlanmış və həmin sənədlər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə təqdim olunmuşdur. Cavabdeh təşkilat xx.xx.2021-ci il tarixli imtina məktubu ilə tikilini və torpaq sahəsini qeydə almaqdan imtina etmiş və buna əsas olaraq göstərmişdir ki, memarlıq və tikinti şöbəsinin rəyi ərizəyə əlavə edilməmiş, eyni zamanda torpaq sahəsinin 275 kv.metr hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyi müəyyən edilir. Qeyd olunan halları təkzib edərək bildirir ki, memarlıq şöbəsinin rəyi işdə mövcuddur. Elektrik xətti isə iddiaçı tikilini inşa edən zaman mövcud olmamışdır. Həmin xətt uzaq məsafədə yerləşsə də, bir neçə ildir ki, çəkilmişdir. Cavabdeh təşkilatın imtina məktubunda göstərdiyi xüsusatlar imtina üçün əsa ola bilməz. Məhkəmə iclasında iddiaçı və nümayəndələri iddia tələbini müdafiə etdilər və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh məhkəmə iclasınını vaxtı veri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə clasında nümayəndisinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, aparılan araşdırma zamanı Novxanı bələdiyyəsi tərəfindən İddiaçı 0.055 ha torpaq sahəsinin 30 ivun 2006-cı il tarixli 07 nömrəli qərarla ayrılsa da, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin hazırkı ərizəyə əlavə edilmədiyi müəyyən edilmişdir. Bundan başqa sözügedən sənəd üzrə torpaq sahəsinin 275 kv m hissəsinin yüksək gərginlikli (6 kVt) elektrik xəttinin mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. İş materiallarında olan : - Abşeron rayon Novxanı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 07 saylı qərarından görünür ki, Novxanı sovxozundan 550 kv m torpaq sahəsinin İddiaçı ayrılması qərara alınmışdır. - 30 iyun 2006-cı il tarixli torpaqların alqı-satqına dair aktdan görünür ki, Abşeron rayon Novxanı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarına əsasən 550 kv m torpaq sahəsi Abşeron rayon Novxanı bələdiyyəsi tərəfindən İddiaçı satılmışdır. -DTXK-nin Abşeron rayon şöbəsinin 19 iyun 2006-cı il tarixli rəyindən görünür ki, idarə 550 kv m torpaq sahəsi İddiaçı satılmasına etiraz etmir. -Topraq sahəsinin kadastr planından və yerquruluşu planından çıxarışdan görünür ki, həmin sənəd Abşeron rayon Novxanı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 07 saylı qərarı ilə ona satılmış 550 kv m torpaq sahəsi barəsindədir. - -Abşeron rayon İH tərəfindən tərtib edilmiş xx.xx.2007-ci il tarixli aktdan görünür ki, İddiaçı tərəfindən yenidən qurulmuş mağaza binası istismara yararlı hesab edilmişdir. - - Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsin tərəfindən tərtib edilmiş texniki baxış-rəyindən görünür ki,həmin sənəd İddiaçı Abşeron rayon Novxanı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 07 saylı qərarı ilə ona satılmış 550 kv m torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış obyektinə texniki baxış keçirilmişdir. - - Abşeron rayon İcra Hakimiyyəti başçısının 06 aprel 2007-ci il tarixli 128 saylı sərəncamından görünür ki, İddiaçı Novxanı kəndində mülkiyyətində olan 550 kv m sahədə mağazanın yenidən qurulmasına icazə verilmişdir. - "xxxx" MMC tərəfindən 2003-cü ildə tərtib edilmiş eskiz layihədən görünür ki, həmin sənəd İddiaçı tərəfindən inşa edilmiş mağaza binası barəsindədir. -xx.xx.2007-ci il tarixli 1/532 saylı istismara qəbul edilmə barədə aktdan görünüür ki, İddiaçı tərəfindən inşa edilmiş qeyri-yaşayış sahəsi (mağaza) istismara qəbul edilmişdir. - -"xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5a saylı bəndinə əsasən ona məxsus Abşeron rayonu, Novxanı qəsəbəsində aşağıda qeyd olunan koordinantlar daxilində yerləşən qeyri-yaşayış sahəsi 6 kVt-luq elektrik şəbəkəsinin mühafizə zonasında yerləşir.Yuxarıda qeyd olunan qeyri-yaşayış sahəsi elektrik verilişi xəttinin istismarına heç bir maneçilik törədmədiyini bildirilir və qeydiyyata alınmasına etiraz edilmir. Məhkəmənin sorğusuna əsasən "xxxx" AC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, qeyd olunan torpaq sahəsi “919-Novxanı” elektrik xəttinin mühafizə zolağında yerləşir. Məhkəmə sorğusuna əsasən Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilmiş tarixli cavab məktubundan görünür ki, rayon İcra Hakimiyyəti sözügedən torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquğunun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına və reyestrdən çıxarışın verilməsinə etiraz etmir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, sözügedən torpaq sahəsinə müayinə baxışı (inventarlaşdırma, çöl-ölçmə) keçirilmiş və idarənin elektron baza məlumatlarında araşdırılmışdır. Araşdırma zamanı Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,055 ha torpaq sahəsinin 0.0319 ha hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının və nümayəndələrinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 23 oktyabr 2007-ci il tarixli 466-lllQD saylı qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, ““Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, ”Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçıya torpaq sahəsinin satılmasına dair bələdiyyə qərarı ləğv və ya etibarsız hesab edilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsi ilə bağlı imtina etmişdir. Cavabdeh tərəfindən iddiaçının qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair müraciətinə münasibət bildirilməsə də, bununla bağlı iddiaçının müraciəti cavabdeh inzibati orqana məhkəmə araşdırması zamanı təqdim edildiyindən məhkəmə həmin tələb üzrə də araşdırma aparmışdır və müəyyən etmişdir ki, torpaq sahəsinin 0.0319 ha hissəsi və qeyri-yaşayış sahəsi yüksək elektrik enerji xəttinin mühafizə zolağında yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 8-cu bəndinə görə elektrik şəbəkələrindən binalara, qurğulara, ağac-kol sahələrinə qədər, hava elektrik ötürücü xətlərinin naqillərindən yer və su səthinə qədər olan minimal məsafələr (qabarit, kəsişmə, yaxınlaşma) Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq qaydalara əsasən müəyyən edilir və binaların layihələşdirilməsi, tikintisi, ağacların, kolların əkilməsi, budanması və kəsilməsi zamanı mütləq bu Qaydalara riayət edilməlidir. Qaydaların 12-ci bəndinə görə elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi.... Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi qismən, torpaq sahəsinin 0.0319 ha hissəsi çıxıldıqdan sonra yerdə qalan hissəsinə mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsinə dair hissədə təmin edilməli, qalan hissədə rədd edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Abşeron rayon Novxanı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 07 saylı qərarı ilə ayrılmış Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.055 ha torpaq sahəsinin yüksək gərginlikli eletrik xəttinin mühafizə zolağına düşməyən hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəlyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-48/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-48/2023
16.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver