Məhkəmə qərarları › İş №2-1(118)-4802/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4802/2024

08.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4802/2024 08.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, üçüncü şəxsin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı Şirkətinin cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinə qarşı (X8 üçüncü şəxs qismində cəlb edilməklə) “sərəncamın qanunsuzluğunun tanınması” iddia tələbi üzrə işə mümkünlük məsələsinə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: TƏSVİRİ HİSSƏ İşin halları

1. Azərbaycan Respublikası Abşeron rayon Xırdalan Bələdiyyəsinin 26 sentyabr 2007ci il tarixli, 242 nömrəli sərəncamı ilə bələdiyyə ehtiyyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən X3 Yeni ərazidə uzun illər istifadəsində olan 400 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikintisi məqsədilə ona satılmışdır.

2. Sumqayıt İnzibati Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 2-1(118)-1803/2023 nömrəli qərarı ilə Abşeron rayon Xırdalan Bələdiyyəsinin 26 sentyabr 2007-ci il tarixli 242 nömrəli qərarı ilə ayrılmış 400 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun X6 mərhum anası X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 mart 2024-cü il tarixli, 2-1(105)-360/2024 nömrəli qərardadından görünür ki, “X15” Şirkəti zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

MÜBAHiSƏLi HÜQUQi MƏSƏLƏNiN QİSA XÜLASƏSi

İddia tələbinin dəlilləri:

4. İddiaçı Şirkəti (bundan sonra - “iddiaçı”) cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Xırdalan X1 istifadəsinə torpaq sahəsinin ayrılması haqqında 26 sentyabr 2007-ci il tarixli, 242 saylı sərəncamın qanunsuzluğunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasıya Məhkəməsinin icraatında olan 2-1(105)-360/2024 saylı iş üzrə üçüncü şəxs qismində cəlb olunmuş İddiaçı Şirkəti (hazırkı iddiaçı) tərəfindən əldə olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, Abşeron rayon Xırdalan Bələdiyyəsinin 242 saylı, 26 sentyabr 2007-ci il tarixli sərəncamı ilə X3 istifadəsinə, dövlətin müstəsna istifadəsində saxlanılan, sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olan və Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901-İİQD saylı, 29 aprel 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq edilərək, Qanun statusu almış “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişlə neft-qaz əməliyyatlarının aparılması üçün iddiaçının istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində, l saylı mədənin 6-cı sahəsində 400 kv.m torpaq sahəsi ayrılmışdır. 29 sentyabr 2004-cü il tarixdə “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("xxxx"), X17 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş imzalanmış və 29 aprel 2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 150 nömrəli, 14 oktyabr 2004-cü il tarixli qərarı ilə “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişin 5-ci əlavəsində qeyd olunmuş Azərbaycan Respublikası Hökümətinin təminatı və öhdəlikləri təsdiq edilmişdir. Sazişin 2 və 8-ci maddələrinin və X17 Bi.Vi., ARDNŞ-in Ortaq Neft Şirkəti (“Podratçı Tərəflər”) və X14 şirkətləri arasında imzalanmış X10 5-ci maddəsinin müddəalarına əsasən, Sazişin 2-ci Əlavəsində göstərilən koordinat perimetrləri daxilində ayrılmış Kontrakt sahəsində, Əməliyyat şirkəti qismində fəaliyyət göstərən iddiaçıya neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün müstəsna hüquq verilmişdir. Azərbaycan Respublikası Hökuməti tərəfindən Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (a) bəndində Hökumət Saziş üzrə ARDNŞ-in verdiyi hüquqlara, o cümlədən, Neft-qaz əməliyyatları üçün Podratçıya gərək olan torpaq sahələrindən istifadə etməsinə təminat verir; 1 (e) bəndində isə Hökumətin aşağıda sadalanan təminatı öz əksini tapmışdır: “Podratçı Tərəflərin heç bir hüququ, mənafeyi və ya əmlakı Azərbaycan Respublikasının hər hansı hakimiyyət orqanlarının hər hansı hərəkətləri nəticəsində qəsb edilə bilməz, milliləşdirilə bilməz və ya başqa səkildə özgə tərəfindən mənimsənilə bilməz. Göründüyü kimi, Qanunun yuxarıda sadalanan müddəalarından birbaşa aydın olur ki, Abşeron rayon Xırdalan Bələdiyyəsinin 242 saylı, 26 sentyabr 2007-ci il tarixli Sərəncamı Sazişin qüvvəyə mindiyi 15 may 2005-ci il tarixdən sonra qəbul edildiyi üçün qanunsuz hesab olunmalıdır. Qeyd olunur ki, Saziş ərazisinin hüdudları daxilində yerləşən torpaq sahələri ilə bağlı verilmiş qərar və sərəncamların Saziş qüvvəyə mindiyi 15 may 2005-ci il tarixdən qüvvədən düşməsi halı, Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı ilə də təsdiq edilmişdir. Belə ki, analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəsini almış Qərarı mövcuddur. X16 Məhkəmə nəticəyə gəlmişdir ki, Saziş qüvvəyə mindiyi tarixdən etibarən Saziş ərazisi ilə bağlı Qanunun qüvvəyə minməsindən əvvəl və sonra verilmiş bütün inzibati qərar və sərəncamlar qüvvədən düşmüşdür. Hesab edilir ki, Abşeron rayon Xırdalan Bələdiyyəsinin yuxarıda göstərilmiş 242 saylı, 26 sentyabr 2007-ci il tarixli qərarı Qanunun imperativ tələbinə görə Saziş qüvvəyə mindiyi 15 may 2005-ci il tarixdən sonra qəbul edildiyi üçün müvafiq sərəncamın qanunsuzluğu məhkəmə qaydasında tanınmalıdır. Əlavə olaraq bildirilir ki, məlum olduğu kimi eyni torpaq sahəsi barəsində Şirkətin mülki iddialarına baxan məhkəmələr tərəfindən obyektiv və qəti qərarların qəbul edilməsi, həmin torpaqlarla bağlı Şirkətin inzibati iddia tələblərinə baxan məhkəmələrin qəbul etdiyi qərarların nəticəsindən asılıdır. Belə ki, hazıda Şirkətin inzibati iddia tələblərinin məhkəmələr tərəfindən mümkünsüz hesab edilməsi, Şirkətin mülki iddia tələblərinin də təmin edilməməsinə səbəb olur. Bu isə, Ali Məhkəmənin Mülki Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli, 1-8-5/2-1837/2023 saylı məktubunda qeyd olunmuş tövsiyələrə zidd olmaqla, Şirkət tərəfindən verilmiş qanuni mülki iddialarının rədd edilməsi ilə nəticələnir.

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

7. Məhkəmənin 8 iyul 2024-cü il tarixli, 2-1(118)-4802/2024 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə X7 (bundan sonra – “üçüncü şəxs”) üçüncü şəxs qismində (zəruri cəlb etmə) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.

8. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar.

İddia tələbinə dair etirazın dəlilləri:

9. İddia ərizəsinə qarşı etiraz təqdim edilməmişdir.

TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahat verərək bildirmişdir ki, mübahisələndirilən sərəncam cavabdeh orqan tərəfindən səlahiyyəti olmadan qəbul edilmişdir. Çünki, sərəncam saziş bağlandıqdan sonrakı tarixə aiddir. Bu səbəbdən də sərəncamın qanunsuzluğunun tanınması tələbi ilə məhkəməyə müraciət edilmişdir. İddianın mümkün sayılması xahiş edilmişdir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır.

12. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili bildirmişdir ki, hal-hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan iş üzrə hazırkı iddiaçı Şirkət üçüncü şəxs qismində cəlb olunmuşdur və qərardad qərara alındığı vaxtdan iddiaçı 26 sentyabr 2007-ci il tarixli, 242 nömrəli sərəncam barədə məlumatlı idi. Bu səbəbdən iddiaçının iddia ərizəsi müddətinin ötürülməsi əsası ilə mümkünsüz hesab edilməlidir.

13. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır.”

15. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü, o cümlədən yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

16. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MƏHKƏMƏNİN MÖVQEYİ

17. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır.

18. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”

19. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.

20. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

21. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

22. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

24. Beləliklə, iddia müddətlərinə riayət edilməsi iddianın mümkünlüyü elementlərindən biridir.

25. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

26. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün, iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir.

27. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

28. Hazırki işdə iddiaçı Abşeron rayon Xırdalan X1 istifadəsinə torpaq sahəsinin ayrılması haqqında 26 sentyabr 2007-ci il tarixli, 242 saylı sərəncamının qanunsuzluğunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Məhkəmə qeyd edir ki, hazırki işdə iddia tələbində “sərəncamın qanunsuzluğunun tanınması” göstərilsə də, iddia tələbinin məzmunundan (§ 4-5) aydın olur ki, bu İPM-in 2.2.5-ci maddəsində nəzərdə tutulan müəyyənetmə və tanınma haqqında iddia deyil, mübahisələndirmə növündə olan iddiadır. Mübahisə predmeti olan inzibati aktın sərəncamın tarixi 2007-ci il olduğundan, mübahisələndirmə haqqında iddianın mümkünlük şərti “İPM-in 38.1-ci maddəsinə əsasən, iddia qaldırmaq müddətinə riayət edilməsi”ndən yayınmaq məqsədi ilə hazırki iddia bu formada məhkəməyə təqdim edilmişdir.

30. Çünki, İPM-in 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); (-) 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); (-)

32. Habelə, İPM-in 36.1-ci maddəsinə görə, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Məcəllənin 36.2-ci maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər.

31. Sadalanmış normaların məzmunundan görünür ki, inzibati prosessual qanunvericilik müəyyən etmə və ya tanınma haqqında iddianı müstəqil iddia növü kimi nəzərdə tutur. Digər iddia növləri iddiaçıya hüquqlarını müdafiə üçün konkret mexanizm təklif etmədikdə, iddiaçı tanınma haqqında iddia institutundan istifadə edə bilər.

32. Bu iddianın özəlliyi ondadır ki, iddia barəsində qəbul olunmuş məhkəmə qərarı ancaq hüquq münasibətinin müəyyən olunması, yəni onun mövcud olmasının (və ya olmamasının) tanınması ilə məhdudlaşır. Buna görə də, bu qərar əsasında icranın həyata keçirilməsi mümkünsüzdür.

33. İPM-də tanınma haqqında iddianın 2 növü fərqləndirilir: 1) inzibati aktın qanunsuzluğu və ya etibarsızlığı haqqında iddia; 2) hüquq münasibətinin mövcud olması və ya olmaması haqqında, yəni pozitiv tanınma haqqında və ya neqativ tanınma haqqında iddia. Tanınma haqqında iddianın predmeti 36.1-ci maddəyə əsasən ancaq konkretləşmiş hüquq münasibəti ola bilər. Yəni hüquq münasibətinə çevrilməmiş hər hansı əlaqələr tanınma haqqında iddianın predmeti ola bilməz.

34. Tanınma haqqında iddia o zaman qaldırıla bilər ki, iddiaçı hüquq münasibətinin mövcud olması və ya olmamasının qısa müddət ərzində (yəni tezliklə) müəyyən edilməsində maraqlı olsun. Beləliklə, bu iddia növündə əsaslandırılmış maraq subyektiv komponentə (iddiaçının marağı) və zaman komponentinə (qısa müddətdə) malikdir.

35. İddiaçının marağı kimi qanunda “hüquqi, iqtisadi və ideya” marağı göstərilir.

36. İddianın mümkünlüyü haqqında qaydaların tanınma haqqında iddiaya tətbiqi barədə qanunda birbaşa göstəriş yoxdur. Amma hər bir halda nəzərə almaq lazımdır ki, qanunverici inzibati proses çərçivəsində “actio popularis” qaldırılmasını istisna edir (35-cü maddənin tələblərinə əsasən). Bu səbəbdən də, iddiaçının hüququnun pozulması iddianın yoxlanılması zamanı əsas şərtlərdən biri olmalıdır.

37. Qanunvericinin hüquqların pozulması haqqında şərti tanınma haqqında iddiaya münasibətdə ayrılıqda ifadə etməməsi müxtəlif cür əsaslandırıla bilər. Belə ki, iddiaçının hüquqlarının və vəzifələrinin hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olması elə iddiaçının hüququnun pozulması ilə birbaşa qarşılıqlı əlaqədədir. Yəni iddiaçının əsaslı marağının olması tanınma iddiasının mümkünlüyü üçün kifayət edir. Subyektiv hüququn pozulması haqqında şərt də, elə bununla ehtiva olunur.

38. İnzibati aktın etibarsızlığının tanınması haqqında iddia məqsədinə görə mübahisələndirmə haqqında iddia ilə yaxındır. Amma inzibati aktın etibarsızlığının tanınması haqqında iddiaya mübahisələndirmə haqqında iddia ilə bağlı qaydaların birbaşa analoji tətbiqi mümkünsüz olduğu üçün bu iddia növü xüsusi tənzimləmə tələb edir. Etibarsız inzibati aktın yararsız, əhəmiyyətsiz olduğuna (heç bir hüquqi nəticə yaratmadığına) görə, yəni iddia predmeti mövcud olmadığına görə mübahisələndirmə haqqında iddianın qaldırılması istisna olunur.

39. Etibarsız inzibati aktın həmçinin artıq mübahisə predmeti ola bilmədiyinə görə mübahisələndirmə haqqında iddia ilə mü-bashisələndirilə bilməz. Buna görə də qüvvədən düşmüş elan edilmiş akta qarşı da, yalnız tanınma haqqında iddia qaldırıla bilər (72-ci maddə).

40. Tanınma haqqında iddianın subsidiar qaydada tətbiq olunması (maddə 36.4.). Hər bir hüquqi mübahisə sonunda ən azından həm də hər hansı bir hüquq münasibətinin mövcud olması və ya olmamasının müəyyənləşdirilməsinə yönəlir. Bu səbəbdən tanınma haqqında iddia subsidiar xarakter daşıyır. Tanınma haqqında iddianın digər iddia növlərinə münasibətdə subsidiar elan olunmasında qanunvericinin məqsədi, hüquqi müdafiənin intensivliyi baxımından iddiaçıya onun hüquqi mübahisəsini dolayı deyil, məhz birdəfəlik həll edən hüquqi müdafiə vasitəsindən ist ifadə imkanının yaradılmasından ibarətdir.

41. Bu səbəblərdən tanınma haqqında iddia ancaq o zaman qaldırıla bilər ki, digər iddia növlərindən istifadə mümkünsüz olsun. Digər iddia növləri dedikdə, mübahisələn-dirmə, məcburetmə, öhdəliyin icrası haqqında iddia növləri başa düşülür.

42. Hazırkı halda isə mübahisəyə İPM-in 2.2.5-ci maddəsində nəzərdə tutulmuş “müəyyənetmə və tanınma haqqında iddia” kimi baxılmasını istisna edir.

33. Məhkəmə üçüncü şəxsin nümayəndəsi və vəkilinin məhkəmə iclasında bildirdikləri ilə razılaşaraq aşağıdakıları qeyd edir.

34. Eyni zamanda, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2-1(102)-1871/2023 saylı qərarında qeyd olunmuşdur ki, “29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, mübahisələndirilən qərarın iddiaçıya rəsmi olaraq məhz hansı tarixdə təqdim edilməsinin bəlli olmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Belə ki, İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır.”

35. İş materiallarına əlavə olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərardadından müəyyən olunur ki, X7 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu, Xırdalan şəhəri, Şəfəq Əfəndizadə küçəsində yerləşən 400 kv.m torpaq sahəsinə dair X5 mülkiyyət hüququnun tanınması və onun adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi üzrə işinə hazırkı iddiaçı Şirkət üçüncü şəxs qismində 7 mart 2024-cü il tarixdə cəlb edilərək, həmin andan mübahisələndirdiyi sərəncam barədə məlumatlandırılmışdır. Lakin iddia ərizəsi 7 iyun 2024-cü il tarixdə məhkəməyə təqdim olunmuşdur. Bu səbəbdən hətta, qeyd olunan tarixdən də hesablanarsa belə, iddia ərizəsinin verilməsi müddəti ötürülmüş hesab olunmalıdır.

36. Bundan əlavə, məhkəmə qeyd edir ki, hazırki məsələyə münasibətdə həmçinin, iddiaçının məsuliyyət məsələsinin də nəzərə alınmalı olması iddia müddətinin mahiyyətindən, onun əhəmiyyətindən irəli gəlir.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.

38. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia ümumi mümkünlük şərtlərini ödəmədiyi üçün mümkün sayılmamalıdır.

39. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

40. Göstərilənlərə əsasən və İPM-in 35, 80-81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı Şirkətinin cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinə qarşı “Abşeron rayon Xırdalan X1 istifadəsinə torpaq sahəsinin ayrılması haqqında 26 sentyabr 2007-ci il tarixli, 242 saylı sərəncamın qanunsuzluğunun tanınması” barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar