Məhkəmə qərarları › İş №2-1(118)-4812/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4812/2025

03.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4812/2025 03.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə qarşı iş üzrə (Açar sözlər: diplom üzrə psixologiya ixtisası üzrə ali təhsilə dair kvalifikasiyanın akademik tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması) GİRİŞ HİSSƏ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, cavabdehin nümayəndələri X5 və X2 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə psixologiya ixtisası üzrə ali təhsilə dair kvalifikasiyanın akademik tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 3 dekabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. AA seriyalı, 027300 nömrəli “Orta ixtisas təhsili haqqında” Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt tibb kollecinin diplomundan görünür ki, Dövlət Attestasiya Komissiyasının 22 fevral 2013-cü il tarixli qərarı ilə X3 “müalicə işi” feldşer ixtisası üzrə subbakalavr dərəcəsi verilmişdir.

2. AZ-İİ seriyalı, 265637 nömrəli “Nikah haqqında şəhadətnamə”dən görünür ki, X8 ilə X7 29 iyun 2018-ci il tarixdə rəsmi nikaha daxil olmuş, bundan sonra sonuncuya “Şükürlü” soyadı verilmişdir.

3. Ali təhsilin muxtar qeyri-kommersiya təşkilatı “X9 Universiteti”nin Stavropol filialının 15 noyabr 2022-ci il tarixli, 273 nömrəli arayışından görünür ki, İddiaçı psixologiya fakültəsində əyani-qiyabi təhsil formasında “37.03.01 Psixologiya” ixtisası üzrə təhsil alan 2-ci kurs tələbəsidir.

4. Rusiya Federasiyası Ali təhsilin muxtar qeyri-kommersiya təşkilatı “X9 Universiteti”nin 6 iyul 2024-cü il tarixli, 137705 ******* nömrəli, 30430 reyestr nömrəli “Bakalavr diplomu”ndan görünür ki, xx xxxx 1992-ci il təvəllüdlü İddiaçı Dövlət imtahan komissiyasinın qərarı (1 iyul 2024-cü il tarixli 4 nömrəli protokol ilə) “37.03.01 Psixologiya” ixtisası üzrə bakalavr kvalifikasiyası verilmişdir.

5. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 28 fevral 2025-ci il tarixli, NA00037323 nömrəli “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” qərarından görünür ki, İddiaçı müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir.

6. Ali təhsilin muxtar qeyri-kommersiya təşkilatı “X9 Universiteti”nin Stavropol filialının 10 mart 2025-ci il tarixli, 045-25 nömrəli arayışından görünür ki, İddiaçı 2021-ci ildən 2024-cü ilədək ali təhsilin muxtar qeyri-kommersiya X6-iqtisad universitetinin Stavropol filialında təhsil aldığı müddətdə, 2021/2022-ci tədris ilində epidemioloji vəziyyətlə əlaqədar olaraq və təhsil alanın səxsi ərizəsi əsasında ona distansion təhsil elementləri ilə ali təhsil müəssisəsinin elektron informasiya-təhsil şəraitində cari və qismən aralıq attestasiyadan (qış imtahan sessiyasından) keçmək imkanı verilmişdir.

7. İddiaçı məxsus C03489973 nömrəli pasport.

8. İddiaçı dair “Sərhədkeçmə məlumatları”ndan elektron çıxarış.

9. Özəl Qeyri-Kommersiya Ali Təhsil X6-İqtisad Universitetinin “2024/2025-ci tədris ilində ali təhsil proqramı üzrə tələbələrin məşğələ rejimi haqqında” 24 aprel 2024-cü il tarixli, 630/4y nömrəli əmri.

Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

10. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 24 aprel 2025-ci il tarixli, 3-38-33/2-1422/25 nömrəli məktubundan görünür ki, xx xxxx 1992-ci il təvəllüdlü Şükürlü (Səmədova) Günel Teymur qızının dövlət sərhədindən hərəkəti İAMAS bazasında mövcud olan məlumata əsasən “Rusiyaya çıxış 23 yanvar 2022-ci il, giriş 30 yanvar 2022-ci il, çıxış 3 iyun 2023-cü il, giriş 11 iyun 2023-cü il, çıxış 12 fevral 2024-cü il, giriş 19 fevral 2024-cü il, çıxış 8 iyun 2024-cü il, giriş 22 iyun 2024-cü il” olaraq göstərilmişdir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia tələbinin dəlilləri:

11. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rusiya Federasiyası “X9 Universiteti”nin 137705 0069209, 30430 qeydiyyat nömrəli Rusiya Federasiyası “X9 Universiteti”nin 16 noyabr 2024-cü il tarixli, 766181 nömrəli Haaqa Konvensiyasına əsaslanan, “Apostil” möhürü ilə leqallaşdırılmış diplom və qiymət cədvəlinin Azərbaycan Respublikasında tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi işin hallarına (§1-9) istinad edilərək onunla əsaslandırılmışdır ki, Rusiya Federasiyası Ali Təhsilin muxtar qeyri-kommersiya təşkilatı “X9 Universiteti”nin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsil proqramının iddiaçının uğurla bitirməyini təsdiq edən həmin diplomun Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasını inkar edən cavabdehin imtina məktubu faktiki hallara əsaslanmır. Belə ki, iddiaçı hər bir tədris ilində təhsil aldığı universitetdə olub məşğələlərdə iştirak etmişdir. Ölkə ərazisində baş verən pandemiya ilə əlaqədar onlayn qaydasında dinləmələr aparıldığından 2021-2022-ci illərdə üzrlü səbəbdən təhsil müəssisəsinin yerləşdiyi yerə gedə bilməmişdir. Rusiya Federasiyası Ali Təhsilin muxtar qeyri-kommersiya təşkilatı “X9 Universiteti”nin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsil haqqında diplomunun Azərbaycan Respublikasında tanınması üçün iddiaçının müraciəti cavabdeh orqan tərəfindən araşdırılarkən “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın tələbləri pozulmuşdur.

13. İddia tələbinin maddi hüquqi əsası kimi “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyaya, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 44.1, 44.2, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 20.2-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 1 mart 2005-ci il tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.28, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.2, 1.3, 1.4, 1.6, 1.7, 2.3, 3-cü bəndlərinə istinad edilmişdir.

14. İddiaçı daha sonra iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək, X9 Universitetinin 6 iyul 2024-cü il tarixli, 137705 ******* nömrəli diplom üzrə psixologiya ixtisası üzrə ali təhsilə dair kvalifikasiyanın akademik tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə məhkəmənin 11 sentyabr 2025-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.

15. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

16. Məhkəmənin 13 oktyabr 2025-ci il tarixli, 2-1(118)-4812/2025 saylı qərardadı ilə iddia üzrə icraat təzələnmiş, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi iş üzrə üçüncü şəxs qismində (adi cəlb etmə) məhkəmə icraatına cəlb edilmişdir.

17. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia tələbinə qarşı etirazın dəlilləri:

18. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

19. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı kollec diplomu əsasında qəbul olunmuşdur və onun ali təhsil aldığı ölkədə olma müddəti aşağıdakı kimi müəyyən edilmişdir: 1-ci il - 7 gün (pandemiya dövrü), 2-ci il - 8 gün, 3-cü il - 21 gün. Sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və 28 fevral 2025-ci il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar işlər üzrə qərarlarında dəfələrlə (2-1(102)-265/2020 saylı iş üzrə 18 fevral 2020-ci il tarixli, 2- 1(102)- 251/2021 saylı iş üzrə 16 fevral 2021-ci il tarixli qərarlar) xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və onların ekvivalentliyinin müəyyən edilməsinin cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olmasını vurğulamışdır. Bundan əlavə, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınması Qaydaları”na uyğun olaraq həyata keçirilir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili” Qaydalarının 3.2.2-ci yarımbəndinə əsasən əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 30 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci yarımbəndinə əsasən əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Belə ki, bakalavr (magistratura) səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi təhsil müddətində hər bir tədris ili üzrə tələb olunan normativ müddətə riayət etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (magistratura) səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3-cü bölməsinə əsasən, ərizəçinin aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas uzrə təhsilin müddətinə uyğun gəlmir.

20. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2023-cü il tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na, prosessual hüquqi əsası kimi isə İPM-in 73.3-cü maddəsinə istinad edilmişdir.

c) Tərəflərin iştirakı və izahatları:

21. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin bir sıra qərarlarına əsasən iş üzrə dəyərləndirilməli məsələ iddiaçının təhsil aldığı təhsil formasıdır. Hazırkı iş üzrə iddiaçının təhsilalma forması əyani-qiyabidir. Bu təhsil forması Azərbaycan Respublikasında əvvəl mövcud olmuş, lakin hal-hazırda mövcud deyildir. Belə ki, “Bakalavr və magistr təhsilinin təşkili” üzrə 348 nömrəli Qaydalara əsasən cavabdeh orqan uyğunlaşdırma aparmış və müəyyən etmişdir ki, iddiaçının təhsilalma forması əyani təhsilalma formasına uyğundur. Həm yerli aktlarda, həm də kassasiya instansiyasının oxşar işlər üzrə mövqeyində əyani təhsilalma üzrə 40 həftəlik illik təhsil alma dövrü nəzərdə tutulur. “Təhsil haqqında” Qanunun tətbiq edilməsi Fərmanına əsas olaraq təsdiq olunmuş fərmanı tanınma Qaydalarının 4.1.4.1-ci yarımbəndinə əsasən, ölkədə mövcud olan tələbin ən azı yarısı qədər xaricdə təhsil alanların tədrisdə iştirakı üzrə təhsil aldıqları ölkədə olmaları tələb olunur. Tədrisdə iştirakla bağlı məsələ işin normativ tərəfidir və uzun illərdir inzibati-praktiki təcrübə formalaşmışdır. Əyani təhsil üzrə 20 həftəlik, qiyabilər üçün isə 3 həftəlik güzəştli dövr mövcuddur. Əlavə olaraq qeyd etmişdir ki, əyani-qiyabi axşam təhsilinə uyğun gəlir, yəni əyaninin axşam formasına uyğundur, qiymətləndirilmə zamanı ilkin olaraq xaricdə təhsil almış şəxsin təhsil formasına baxılır, daha sonra isə həmin forma üzrə Azərbaycan Respublikasının təhsil standartlarına və qanunauyğunluq nəzərə alınmaqla dəyərləndirilir. Kassasiya instansiyasının qərarlarında dəfələrlə qeyd olunmuş və birbaşa vurğulanmışdır ki, tələbənin tədrisdə iştirak etməməsi imtina üçün əsas sayıla bilər və hazırkı iş üzrə həm qüvvədə olan normativ tələblər, həm kassasiya instansiyasının mövqeyi, həm də formalaşmış inzibati təcrübə iddia tələbinin rədd olunmasına əsas verir. Bundan başqa bildirmişdir ki, diplomu tanımayan universitetlər hissəsində əsas məsələ akkreditasiya və lisenziya tələblərinin pozulması ilə bağlı olur. Həm yerli qanunvericilik, həm də təhsil üzrə qaydaların əsaslandığı Lissabon Konvensiyası tənzimləyir və beş mövcud əsas tələb müəyyən edilmişdir. Bu tələblərə sərhədkeçmə, sənədin həqiqiliyi, akkreditasiya, təhsil forması və təhsil səviyyəsidir. Əvvəldən ölçülə bilən hallarla bağlı vətəndaşlara məlumat verilir və bu məlumatlar cavabdeh orqanın rəsmi internet saytında paylaşılır. Eyni zamanda qeyd edilmişdir ki, sərhədkeçmə halı əvvəldən ölçülə bilinmir. Həmçinin, statistikaya əsasən diplomları tanınmayan universitetlərin məlumatları mövcud olduğunu, siyahıda qeyd edilən universitetlərdə dolayı yollarla diplomun verilməsinin mümkün olduğunu, həmin diplomların ölkədə tanınmadığını, təhsilvermə səviyyəsinin aşağı olduğunu bildirmişdir. Bundan əlavə, Haaqa Konvensiyasının sənədlərin həqiqiliyi ilə bağlı münasibətlərin tənzimlədiyini, yalnız təhsillə bağlı sənədlərə deyil, ümumiyyətlə inzibati qaydada hazırlanmış bütün sənədlərə şamil olunduğunu, Azərbaycan Respublikasında bu xidməti icra edən 5 saylı Asan Xidmət mərkəzində Xarici İşlər Nazirliyinin ofisinin mövcud olduğunu və daxil olan sənədin imzasının təsdiq edilməsinin həyata keçirdiyini, həmçinin sənədə apostilin əlavə olunduğunu qeyd etmişdir. Eyni zamanda, kassasiya instansiyasının mövqeyi belədir ki, sənədə apostil şəhadətnaməsinin əlavə olunması diplomun tanınması istiqamətində deyil, diplomun həqiqiliyini müəyyənləşdirir. Hazırkı iş üzrə isə mübahisə predmeti iddiaçının diplomunun həqiqiliyi deyil, diplomun tanınması məsələsidir. Bildirilmişdir ki, tədris ili 2021-ci il tarixdə başladıqda, 2021 və 2022-ci il tarixlər üzrə güzəştlər tətbiq olunur. İkinci il üzrə, əyani təhsil üzrə qaydalar Azərbaycan Respublikasında 40 həftə təhsil dövrü nəzərdə tutulmuşdur və qaydaların tələblərinə uyğun olaraq yarıya bölünməklə 20 həftə tələb olunur. Sonuncu il üzrə eyni qayda tətbiq olunur. İddiaçının təhsil müddəti ilə bağlı qeyd edilmişdir ki, 8 günlük tədris müddəti nəinki əyani, heç qiyabi təhsil üçün də kifayət deyildir. Həmçinin, qanunvericilikdə distant təhsillə əyani təhsilin ayrıldığını, kassasiya instansiyasının mövqeyinə əsasən qiyabi təhsildə belə tədrisə faktiki cəlb olunma ilə iştirakın təmin olunmasının zəruri olduğunu bildirmişdir.

22. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi X4 izahat verərək, etiraz dəlillərini müdafiə etmiş, iddianın təmin edilməməsini xahiş etmişdir.

23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı tərəf və üçüncü şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “... məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

25. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

26. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

27. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə iddiaçının və üçüncü şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

28. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək, ərizədə qeyd olunan hallara istinad etməklə onun təmin edilməsini xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

29. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

30. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

31. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

32. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

33. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

34. İddiaçı tərəfin mövqeyinə görə, - iddiaçının yekun dövlət attestasiyasından müvəffəqiyyətlə keçməsinə görə verilmiş 6 iyul 2024-cü il tarixdə 137705 0069209, 30430 qeydiyyat nömrəli diplom və qiymət cədvəli Rusiya Federasiyası “Moskva Humanitar-İqtisad Universiteti”nin 16 noyabr 2024-cü il tarixli 766181 nömrəli Haaqa Konvensiyasına əsaslanan, “Apostil” möhürü ilə leqallaşdırılmışdır; - hər bir tədris ilində təhsil aldığı universitetdə olub məşğələlərdə iştirak etmiş, pandemiya ilə əlaqədar onlayn qaydasında dinləmələr aparıldığından 2021- 2022-ci illərdə üzürlü səbəbdən təhsil müəssisəsinin yerləşdiyi yerə gedə bilməmişdir; - “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nda tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddət nəzərdə tutulmamışdır.

35. Cavabdeh tərəfin mövqeyinə görə, iddiaçı tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmamış, ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsi qeyri-mümkündür.

36. Beləliklə müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt tibb kollecində təhsil almış, Dövlət Attestasiya Komissiyasının 22 fevral 2013-cü il tarixli qərarı ilə “müalicə işi” feldşer ixtisası üzrə subbakalavr dərəcəsinə malik olmuşdur. Daha sonra Rusiya Federasiyası Ali təhsilin muxtar qeyri-kommersiya təşkilatı “X9 Universiteti” tərəfindən psixologiya ixtisası üzrə bakalavr kvalifikasiyası verilmişdir. Həmin kvalifikasiyanın Azərbaycan Respublikasının ərazisində tanınması məqsədi ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh isə “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” qərar verərək, müraciətin icrasından imtina etmişdir.

37. İşin hallarını nəzərə alaraq, məhkəmə aşağıdakıları qeyd edir.

38. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: 27.4-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; 29.0.21-ci maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; 44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.

39. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

40. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli, 367-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Qiymətləndirmə meyarlarına əsasən, tanınma zamanı a) tədrisin nəticələri; b) gələcək fəaliyyətə çıxış; c) proqramın əsas elementləri; d) qiymətləndirmə üzrə mütəxəssis tərəfindən sənədləşdirilmiş, proqramların keyfiyyəti arasında əhəmiyyətli fərq olduqda tanınma yox alternativ, hissəvi və ya şərti tanınma məsələsinə baxıla bilər. Bu bənddə qeyd edilir ki, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”.

41. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların: 1.1-ci bəndinə əsasən, bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; 1.5-ci bəndinə əsasən, “xarici dövlətlərin ali təhsil sahəsində ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi bu ixtisasın alındığını təsdiq edən sənədlərin sahiblərini Azərbaycan Respublikasında isə qəbul zamanı bu respublikanın qanunvericiliyində müəyyən edilmiş ümumi tələbləri gözləməkdən azad etmir”; 1.6-cı bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir; 3.2-ci bəndinə əsasən, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra); 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

42. Məhkəmə təhsil sahəsində mövcud olan qanunvericiliyin tələblərinə əsasən cavabdeh tərəfin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının xarici dövlətdə təhsil aldığı proqram üzrə təhsilalma forması əyani-qiyabi (axşam təhsili) olaraq göstərilsə də, aparılan icraat zamanı müəyyən olunmuşdur ki, bu formada tədris olunan ali təhsil proqramlarının məzmunu, tədris prosesinin planlaşdırılması, onun həyata keçirilməsinin forma və metodları, tədris yükünün həcmi, tədris mərhələlərinin (semestrlərin) müddəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən əyani təhsilalma forması üçün nəzərdə tutulmuş minimum tələblərə uyğun gəlir.

43. Məhkəmə xüsusi olaraq qeyd edir ki, hazırkı mübahisənin düzgün həll olunması üçün tətbiq edilməli olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 saylı qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”dır ki, həmin Qaydaların: 2.1-ci bəndinə əsasən, bakalavriat - ali təhsilin birinci səviyyəsinin tələblərinə uyğun genişprofilli mütəxəssis hazırlığını təmin edən təhsil prosesidir; 2.7-ci bəndinə əsasən, tədris ili, bir qayda olaraq, iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər; (-)

44. Cavabdeh tərəfindən təqdim edilmiş məlumata əsasən iddiaçının sərhədkeçmə məlumatlarının yoxlanılması zamanı onun xarici ali təhsil aldığı ölkədə olma müddəti 1-ci il ərzində 7 gün (pandemiya dövrü olması nəzərə alınıb), 2-ci il - 8 gün, 3-cü il - 21 gün olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 24 aprel 2025-ci il tarixli məktubundan görünür ki, iddiaçının dövlət sərhədindən hərəkəti İAMAS bazasında mövcud olan məlumata əsasən “Rusiyaya çıxış 23 yanvar 2022-ci il, giriş 30 yanvar 2022-ci il, çıxış 3 iyun 2023-cü il, giriş 11 iyun 2023-cü il, çıxış 12 fevral 2024-cü il, giriş 19 fevral 2024-cü il, çıxış 8 iyun 2024-cü il, giriş 22 iyun 2024-cü il” olaraq göstərilmişdir.

45. Məhkəmə hesab edir ki, iddiaçının faktiki olaraq xarici ölkədə olduğu qısa müddət ərzində bakalavr pilləsi üzrə proqramın mənimsənilməsi qeyri-mümkündür. Bu müddət həm də Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilin dövlət standartlarına uyğun olmadığı nəticəsini yaradır. Həmçinin, iddiaçının tədris aldığı müddət bütövlükdə pandemiya dövrünə düşmür.

46. İddiaçının diplomuna Rusiya Federasiyasında Apostil şəhadətnaməsinin əlavə olunması ilə əlaqədar olaraq məhkəmə tərəfindən araşdırılma aparılmış və bununla bağlı qeyd edilir ki, Azərbaycan Respublikasının 5 mart 2004cü il tarixli, 595-İİQ nömrəli Qanunla qoşulduğu, 5 oktyabr 1961-ci il tarixdə Haaqa şəhərində imzalanmış “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”nın: 3-cü maddəsinə əsasən, imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz; 4-cü maddəsinə əsasən, 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Lakin şəhadətnamə onu verən orqanın rəsmi dilində tərtib edilə bilər. Eyni zamanda onda qeyd edilmiş bəndlər ikinci dildə də izah edilə bilər. Şəhadətnamənin “Apostille (Convention de la Haye du 5 octobre 1961)” adlı başlığı fransız dilində göstərilməlidir; 5-ci maddəsinə əsasən, şəhadətnamə sənədi imzalamış şəxsin və ya hər hansı bir sənəd sahibinin vəsatətinə əsasən verilməlidir. Lazımi qaydada doldurulmuş şəhadətnamə imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq edir. Şəhadətnamədə edilmiş imza, vurulmuş möhür və ştampın yenidən təsdiq edilməsi tələb olunmur.

47. Göründüyü kimi, iddiaçının diplomuna Apostil şəhadətnaməsinin əlavə olunması yalnız diplomdakı imzaların həqiqiliyini, sənədi imzalamış şəxslərin hansı qisimdə çıxış etdiyini təsdiq edir və a priori bu diplomların başqa ölkələrdə, o cümlədən Azərbaycan Respublikasında tanınmasının məcburiliyi nəticələrini doğurmur.

48. Cavabdeh orqan tərəfindən hazırkı iş üzrə iddiaçıya X9 Universitetinin verdiyi 6 iyul 2024-cü il tarixli, 137705 ******* nömrəli, 30430 reyestr nömrəli bakalavr diplomunun saxta olub-olmaması deyil, tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ödənilib-ödənilməməsi mübahisələndirilir.

49. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru cavabdeh tərəfindən hər bir halda mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlara uyğun həyata keçirilməlidir ki, bu şərtə də iş üzrə əməl olunmuşdur.

50. İddiaçının tədrisinin distant formada baş tutması ilə əlaqədar məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2023-cü il tarixli, 2-1(102)-2762/2023 nömrəli Qərarına əsasən, “25. Qanunvericiliyin istinad olunan normalarının tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla sözügedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər. ...

29. Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır.

30. İddiaçı İ, İİ, İİİ və İV tədris ili üzrə təhsil aldığı ölkəyə ümumiyyətlə getməmişdir. Deməli, o, İ-İV kurslarda tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak etməmişdir. İddiaçının dəlili ondan ibarətdir ki, həmin dövrlərdə tədrisdə iştirakı distant formada baş tutmuşdur.

31. Kollegiya, iddiaçının halında xaricdə təhsil alınarkən distant təhsil texnologiyalarından istifadə olunduğunun mümkünlüyünü və təhsilin alındığı ölkədə bunun yolverilənliyini nəzərə alır. Lakin burada həlledici olan qeyd edilən qaydada xaricə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olmadığıdır. Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. İddiaçının halında sözügedən tələbə riayət olunmamışdır. Kollegiya, həmçinin nəzərə alır ki, qeyd edilən tələbə iddiaçının iradəsi ilə bağlı olmayan obyektiv hallara görə riayət edilməsinin mümkün olmadığına dair iddiaçı tərəfindən hər hansı sübutlar da təqdim olunmamışdır.”

51. Həmçinin, “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən:

3. Tanınmaya dair müraciətə baxılması 3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; ...

4. Tanınmaya dair tələblər

4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: ... 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); ...”

52. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

53. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

54. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

55. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

56. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının təhsil aldığı Rusiya Federasiyası Ali təhsilin muxtar qeyri-kommersiya təşkilatı “X9 Universiteti” cavabdeh orqan tərəfindən müəyyən edilmiş “ən çox imtina alan universitetlər”in siyahısına da daxil edilmişdir.

57. İPM-in müvafiq müddəalarında nəzərdə tutulmuşdur: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır;

58. Beləliklə, məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək və mövcud məhkəmə təcrübəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. İmtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz.

NƏTİCƏVİ HİSSƏ

59. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar