Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4820/2024 13.08.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Kazımova İradə Səlim qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhər XDS İK-nin 10 nömrəli, xx.xx.1991-ci il tarixli protokol-qərarı ilə ona verilmiş 300 kv.m torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, Sumqayıt şəhər XDS İK-nin 10 nömrəli, xx.xx.1991-ci il tarixli protokolqərarı ilə ona verilmiş 300 kv.m torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsini istəyir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, ünvan 1 ünvanlı (yeni qaydalarla ünvan 2şən 300 kv.m torpaq sahəsi Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 07 may 1991-ci il tarixli 10 nömrəli protokol-qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədləri üçün verilmişdir. Həmin vaxt torpaq sahəsi yerində ölçülərək akt əsasında təhvil verilmişdir. 1996-cı ilin sentyabr ayınadək həmin torpaq sahəsi istifadələrində olmuşdur. Lakin həmin torpaq sahəsi şoran olduğundan orada heç bir ağac bitməmiş, ona görə də başqa yerdə ev tikdirmək qərarına gəlmişdirlər. Ancaq həmin vaxt torpaq sahəsinin alqı-satqısı rəsmiləşdirilməmiş qalmışdır. Alqısatqının rəsmiləşdirilməməsi aralarında olan etibarlı münasibətlərə görə (mərhum əri ilə Cəmilə Məmmədovanın həyat yoldaşının arasında olan dost münasibətlərinə görə) ləngimişdir. Həmin torpaq sahəsi üzərində Cənanə Məmmədova ailəsi tərəfindən fərdi yaşayış evin inşa edilmiş və 1997-ci ildən onlar həmin evdə yaşayırlar. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə sözügedən torpağın adına qeydə alınması barədə müraciət etsə də, həmin idarə tərəfindən bundan imtina edilmişdir. Cavabdehin imtinası göndərilməmişdir. Lakin ‘'ASAN" Xidmət Mərkəzindən sənədləri götürərkən bildirilmişdir ki, arxivdə sənədlər aşkar edilmədiyindən müraciətin icrasından imtina edilmişdir. Hesab edir ki, həmin imtina əsassızdır. Belə ki, 16 iyul 1996-cı il tarixli “Torpaq İslahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə nəzərdə tutulmuşdur ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada əvəzsiz onların mülkiyyətinə verilir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1 və Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının əmələ gəlməsinin bir əsası kimi qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti tərəfindən dövlətə məxsus olan daşınmaz əmlakın istifadəyə verilməsinə dair qəbul edilmiş aktlar nəzərdə tutulur. Bir daha qeyd edir ki, həmin torpaq sahəsi Sumqayıt şəhər XDS İK-nin xx.xx.1991ci il tarixli protokol-qərarı ilə verilmişdir. Torpağın ayrılması barədə sənədlərin bir qisminin surəti də Sumqayıt Şəhəri İcra Hakimiyyətinin Arxitektura şöbəsində saxlanılır. Odur ki, cavabdeh tərəfindən göstərilən əsaslarla razılaşmadığı üçün Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.4-cü bəndinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1, 2.2, 4.1, 8.0.5-ci maddələrinə istinad edərək iddianın təmin edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etirazında qeyd edir ki, iddiaçı Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən, ümumi sahəsi 0.03 ha olan 55 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə xx.xx.2024-cü il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçının müraciətinə dair sənədlərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, təqdim etdiyiniz xx.xx.1992-ci il tarixli, 111 nömrəli ayrıc aktı onu tərtib edən müvafiq qurum tərəfindən möhürlə təsdiq olunmamışdır. Həmçinin yaranmış zərurətlə əlaqədar olaraq, Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli 10 nömrəli protokolundan çıxarışın təsdiq olunmuş surətinin idarəyə təqdim olunması ilə bağlı Dövlət Arxivinin Sumqayıt Filialına xx.xx.2024-cü il tarixli 3-21-3-31/2-1402/2024 nömrəli sorğu ünvanlanmışdır. Dövlət Arxivinin Sumqayıt Filialının sorğuya xx.xx.2024-cü il tarixli cavabında bildirilmişdir ki, Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli 10 nömrəli protokolunda İddiaçı adına rast gəlinməmişdir və Həmçinin Sumqayıt Şəhər XDS İK-in 1991 -ci il tarixli protokollarında sorğu edilən məsələ ilə bağlı məlumat aşkar olunmadığı qeyd olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması qaydasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin 10 nömrəli, 07 may 1991-ci il tarixli protokolundan çıxarışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri, 51-ci məhəllə ünvanından fərdi ev tikmək üçün 300 kv.m torpaq sahəsi ayrılmışdır. Sözügedən sənədin əsli iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Fevral 1992-ci il tarixli aktın surətindən görünür ki, Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində 55 №li torpaq sahəsi yerində ölçülərək İddiaçı təhvil verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 09 iyul 2024-cü il tarixli, 3-21-3-31/2-2421/2024 saylı məktubu ilə torpaq sahəsinə dair müayinə aktı və ortofoto görüntüsü və torpaq sahəsinin faktiki koordinatları məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının 04 iyul 2024-cü il tarixli, 3-48-DA-10F/2-125-2024 və 3-48-DA-10F/2-127-2024 saylı məktublarında məhkəmənin 13 iyun 2024-cü il tarixli sorğusuna cavab olaraq bildirilmişdir ki, Sumqayıt şəhər XDS İK-nın 07 may 1991-ci il tarixli, 10 saylı iclas protokolunda sorğu edilən İddiaçı adına torpaq sahəsinin ayrılması barədə məlumat aşkar edilməmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Sumqayıt şəhəri, 51-ci məhəllə ünvanından fərdi ev tikmək üçün 300 kv.m torpaq sahəsi ayrılmışdır. (Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin 10 nömrəli, 07 may 1991-ci il tarixli protokolundan çıxarış) Sözügedən sənədin əsli iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində 55 №li torpaq sahəsi yerində ölçülərək İddiaçı təhvil verilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istəyir. Cavabdeh orqan imtinasını onunla əsaslandırır ki, xx.xx.1992-ci il tarixli, 111 nömrəli ayrıc aktı onu tərtib edən müvafiq qurum tərəfindən möhürlə təsdiq olunmamışdır. Həmçinin Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli 10 nömrəli protokolundan çıxarışın təsdiq olunmuş surətinin idarəyə təqdim olunması ilə bağlı Dövlət Arxivinin Sumqayıt Filialına xx.xx.2024-cü il tarixli 3-21-3-31/2-1402/2024 nömrəli sorğu ünvanlanmışdır. Dövlət Arxivinin Sumqayıt Filialının sorğuya xx.xx.2024-cü il tarixli cavabında bildirilmişdir ki, Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli 10 nömrəli protokolunda İddiaçı adına rast gəlinməmişdir və Sumqayıt Şəhər XDS İK-in 1991 -ci il tarixli protokollarında sorğu edilən məsələ ilə bağlı məlumat aşkar olunmadığı qeyd olunmamışdır. Məhkəmə hesab edir ki, İddiaçı torpaq sahəsinin ayrılmasına dair məlumatın arxivdə aşkar edilməməsi iddiaçının məsuliyyətinə səbəb ola bilməz. Qeyd edilən sənədin əsli iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmişdir. Cavabdeh özü də həmin sənədin mötəbərliliyi ilə bağlı hər hansı bir dəlil irəli sürməmiş, yalnız həmin sənəd barədə arxivdə məlumat aşkar olunmamasını göstərmişdir. Məhkəmə qeyd edir ki, əsli məhkəməyə təqdim edilmiş Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli 10 nömrəli protokolundan çıxarışın arxivdə aşkar edilməməsi iddiaçının təqsirindən baş verən hal deyildir. Qeyd olunan hal iddiaçının müraciətinin təmin edilməsindən imtina üçün əsas sayıla bilməz. Həmin sənədin mötəbərliliyini şübhə altına alacaq hər hansı bir hal müəyyən edilmir. Belə ki, məhkəmə araşdırması zamanı torpaq sahəsinə dair müayinə aktı və ortofoto görüntüsü və torpaq sahəsinin faktiki koordinatları məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, torpaq sahəsi yaşayış məntəqələrinə torpaqlarına aid edilməklə, hüquqmüəyyənedici sənəd üzrə və faktiki 0.03 ha-dır. Torpaq sahəsi m/daşı ilə hasarlanmışdır, 3 tərəf qonşu, 1 tərəf yoldur. Ünvanı var. Torpaq sahəsi ilə bağlı mübahisəli hal qeyd edilməmişdir. Torpaq sahəsində icazəsiz tikili mövcuddur. Texniki inventarlaşdırma işləri aparılmış, torpaq sahəsində qeydə alınmamış tikili mövcud olduğu, yerüstü kommunikasiya xətlərinin mühafizə zolağında yerləşmədiyi qeyd edilmişdir. (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 09 iyul 2024-cü il tarixli, 3-21-3-31/2-2421/2024 saylı məktubu) Göründüyü kimi torpaq sahəsi faktiki istifadədə olmaqla mübahisəli hal mövcud deyildir. Torpaq sahəsinin sənəd üzrə və faktiki koordinatlarında ziddiyyət yoxdur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına - 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar aid edilmişdir. Göründüyü kimi, torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması üçün hüquqi əsas mövcuddur. Belə ki, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatını alınmasını istisna edən hal mövcud deyildir. Çünki qanunvericiliklə iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənədin hüququların dövlət qeydiyyatı üçün nəzərdə tutulması iddiaçıda mülkiyyət hüququna “qanuni gözlənti” yaratmışdır. Belə ki, “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının əsaslandığı belə bir hüquqi akt olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt şəhər XDS İK-nin 10 nömrəli, xx.xx.1991-ci il tarixli protokol-qərarı ilə İddiaçı verilmiş 300 kv.m (0.03 ha) torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-4820/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4820/2024
13.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver