Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4826/2024 09.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (daşınmaz əmlakın dövlət reyestrindən vahid çıxarışın verilməsi) GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********85 reyestr nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0.10 ha torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydə alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:
1. İşin halları
İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0.10 ha torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydə alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********85 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Fatmayı kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Həmin torpaq sahəsinin üzərində müvafiq icazə sənədləri alaraq fərdi yaşayış evi inşa olunmuşdur. İddiaçı həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun öz adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə müvafiq çıxarış və texniki pasportun verilməsi üçün xx.xx.2021-cü il tarixdə cavabdeh orqana müraciət etmiş və müraciət edərkən, tikiliyə və torpaq sahəsinə aid bütün sənədləri həmin müraciətə əlavə etmiş, lakin cavabdeh tərəfindən xx.xx.2021-cü il tarixli, **********96 nömrəli bildiriş məktubunda sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması va reyestrdən çıxarışın verilməsindən imtina edildiyi bildirilmişdir. Sözügedən fərdi yaşayış evi üzərində sərəncam və razılaşdırılmış layihə Qələmzər Rüstəmova adına olmuş və X4 adından Abşeron Rayon İcra Hakimiyyətinə sərəncam və layihənin İddiaçı adına sənədləşdirilməsi üçün rəsmi müraciət edilmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin 5-29/2-R-43-091/2023 nömrəli, xx.xx.2023 tarixli cavab məktubunda bildirilmişdir ki, 01 yanvar 2013-cü il tarixindən qüvvəyə minmiş qanuna əsasən yaşayış evlərinin tikintisi üşün yerli icra orqanlarının sərəncam verilməsi nəzərdə tutulmayıb və verilmiş sərəncam və layihənin İddiaçı adına sənədləşdirilməsinə və reyestrdən çıxarış verilməsinə etiraz edilmir. İddiaçı əlavə olaraq adına xx.xx.2023-cü il tarixdə Abşeron Rayonu İcra Hakimiyyəti tərəfindən Tikinti obyektinin istismara icazə aktı əldə etdiyini, habelə fərdi yaşayış evinin 12 metrdən çox olduğunu nəzərə alıb binanın dayanıqlılığını yoxlamaq və texniki rəy almaq üçün Fövqalədə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinə müraciət edərək 04 oktyabr 2022-ci il 1199/4 saylı müsbət rəy aldığını bildirmişdir. 01 iyun 2023-cü il tarixdə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli bildiriş məktubunda sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması va reyestrdən çıxarışın verilməsindən imtina edildiyi bildirilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 27 noyabr 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı (həmçinin nümayəndəsi) iddia tələbinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak edərək iddia tələbinə olan yazılı etirazı müdafiə etdi və bildirdi ki, aparılan araşdırma zamanı müayinə baxışı keçirilən iddiaçının mülkiyyətində olan **********85 reyestr nömrəli torpaq sahəsində yerləşən tikilinin fərdi yaşayış evi kimi bəyan edilsə də texniki baxış zamanı çoxmərtəbəli yaşayış binası kimi istifadə olunduğu, müraciət üzrə əlavə edilmiş fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə Abşeron RİH başçısının xx.xx.2011-ci il tarixli, 352 nömrəli sərəncamının və fərdi yaşayış evinin eskiz layihəsinin başqa şəxsin adına tərtib olunduğu və həmçinin müraciət üzrə əlavə edilmiş 28 aprel 2023-cü il tarixli, 04 nömrəli tikinti obyektinin istismarına icazə sənədinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2014-cü il tarixli 302 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavəyə uyğun formada tərtib olunmalı olduğu halda, 2 dekabr 2016-cı il tarixli 491 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavəyə uyğun tərtib edildiyi müəyyən olunmuşdur.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. • İşdə olan **********85 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və AA № 578518 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən Abşeron rayon Fatmayı kəndində yerləşən müvafiq 0.10 ha torpaq sahəsinin iddiaçının xüsusi mülkiyyətində olması müəyyən edilmişdir. • İşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2016-cı il tarixli 491 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavəyə uyğun xx.xx.2023-cü il tarixli Tikinti obyektinin istismarına İcazə əlavə edilmişdir. • Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 352 nömrəli sərəncamı, Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi tərəfindən X4 adına fərdi yaşayış evin eskiz layihəsi və Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Abşeron rayonu, Fatmayı kəndi ərazisində yerləşən torpaq sahəsi üzərində inşa olunmuş fərdi yaşayış evinin İddiaçı adına sənədləşdirilməsinə və reyestrdən çıxarışın verilməsinə etiraz edilmədiyinə dair notarial qaydada təsdiq edilmiş ərizə iş materiallarına əlavə edilmişdir. • Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2014-cü il tarixli, L-14-025 qeydiyyat nömrəli lisenziya təqdim edilmişdir. • Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X6 tərəfindən fərdi yaşayış evinin möhkəmlik və dayanıqlılıq tələbərini ödəməsinə dair müsbət texniki müayinə rəyi təqdim edilmişdir. • Cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçının müraciəti təyin edilməmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə” dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir: 1.1-ci bənd: Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3-cü bənd: Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4-cü bənd: Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.3-cü bənd: Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Hər bir tələbə ayrılıqda nəzər salaq. İddiaçının hazırkı tələb üzrə iddia qaldırmağa subyektiv hüququ mövcuddur. Belə ki, daşınmaz əmlakın dövlət reyestrindən olan çıxarışa əsasən həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı özü də ailə üzvləri ilə birlikdə müvafiq sənədlər əldə etməklə həmin fərdi yaşayış evində yaşayır. Cavabdeh inzibati orqanın həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə qeyd edir ki, mübahisəli mənzilin yerləşdiyi yer Abşeron rayonu olduğu üçün həmin orqanın səlahiyyətlərinə aiddir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdeh orqana müraciət etmiş və cavabdehin 30 yanvar 2024-cü il tarixli məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqda müəyyən edir ki, hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. Məhkəmə bununla bağlı eyni zamanda qeyd edir ki, cavabdeh orqan etirazının 4-cü bəndində hazırkı iddiaya mübahisələndirmə iddiasının müddaəlarını aid etmişdir. Halbuki hazırkı iddia öhdəliyin icrası ilə bağlı iddia növlərinə aid edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı qeyd edilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlakın yerləşdiyi yer Abşeron rayonu, Fatmayi kəndi olduğu üçün məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5. Tətbiq edilən hüquq
Bundan əlavə məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddə: Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddə: Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
“İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu 1-ci maddə: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93).
Azərbaycan Respublikası Mülki Məcəlləsi 139.1-ci maddə: Mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. 139.3-cü maddə: Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd;[35] 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd
“X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarı inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarı Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu 12.2-ci maddə: İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır 12.3-cü maddə: İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-cü maddə: İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 2.2.3-cü maddə: İnzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. 4.1-ci maddə: İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 12.1-ci maddə: Məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 34.1-ci maddə: Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1-ci maddə: Məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. 68.2-ci maddə: Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
6. Məhkəmənin mövqeyi
Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, daşınmaz əmlakın dövlət reyestrindən **********85 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,10 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinə dair AA seriyalı 578518 nömrəli plan-ölçü sənədi verilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti başçısının 7 mart 2011-ci il tarixli sərəncamı ilə həmin torpaq sahəsində X1 adına razılaşdırılmış eskiz layihəyə əsasən fərdi yaşayış evinin (üçmərtəbəli) tikintisinə icazə verilmiş, daha sonra isə sonuncunun notarial qaydada təsdiq edilmiş ərizəsinə əsasən sərəncam və eskiz layihənin iddiaçının adına sənədləşdirilməsinə etiraz edilməmişdir. 28 aprel 2023-cü il tarixdə tikinti obeyktinin istismarına icazə verilmiş, bundan əlavə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X6 tərəfindən fərdi yaşayış evinin möhkəmlik və dayanıqlılıq tələbərini ödəməsinə dair müsbət texniki müayinə rəyi də mövcud olmuşdur. Göründüyü kimi, iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri hesab edilən sənədləri təqdim etməsinə baxmayaraq cavabdeh orqan torpaq sahəsində yerləşən tikilinin fərdi yaşayış evi kimi bəyan edilsə də texniki baxış zamanı çoxmərtəbəli yaşayış binası kimi istifadə olunduğu, müraciət üzrə əlavə edilmiş fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə Abşeron RİH başçısının xx.xx.2011-ci il tarixli, 352 nömrəli sərəncamının və fərdi yaşayış evinin eskiz layihəsinin başqa şəxsin adına tərtib olunduğu və həmçinin müraciət üzrə əlavə edilmiş 28 aprel 2023-cü il tarixli, 04 nömrəli tikinti obyektinin istismarına icazə sənədinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2014-cü il tarixli 302 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavəyə uyğun formada tərtib olunmalı olduğu halda, 2 dekabr 2016-cı il tarixli 491 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavəyə uyğun tərtib edilməsi səbəbindən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina etmişdir. Məhkəmə qeyd edir ki, müvafiq qaydada təsdiq edilmiş eskiz layihədən və istismara icazədən də göründüyü kimi hazırkı yaşayış sahəsi çoxmərtəbəli yaşayış binası olmamaqla fərdi yaşayış evi (zirzəmi və mansard daxil olmaqla) kimi istismara qəbul edilmişdir və iddiaçı uzun müddətdir ki, ailəsi ilə birlikdə orada yaşayır. Sərəncam və fərdi yaşayış evinin eskiz layihəsinin başqa şəxsin adına tərtib olunmasına münasibətdə isə məhkəmə qeyd edir ki, Memarlıq və Tikinti şöbəsi tərəfindən X1 adına fərdi yaşayış evinin eskiz layihəsi və Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Abşeron rayonu, Fatmayı kəndi ərazisində yerləşən torpaq sahəsi üzərində inşa olunmuş fərdi yaşayış evinin İddiaçı adına sənədləşdirilməsinə etiraz edilməmiş və bu notarial qaydada təsdiq edilmiş ərizədə öz əksini tapmışdır. Tikinti obyektinin istismarına icazə sənədi isə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilməli olan sənəd olmaqla iddiaçının öhdəliyinə aid edilimir. Göründüyü kimi qanunvericiliyə uyğun olaraq fərdi yaşayış evinə dair mülkiyyət hüququnun qeydiyyata alınması üçün iddiaçı tərəfindən bütün sənədlər – evin yerləşdiyi torpaq sahəsinə dair çıxarış, təsdiq edilmiş eskiz layihə və istismara icazə sənədi iş materiallarına əlavə edilmişdir. Yəni cavabdeh orqanın formal imtinası əsasında iddiaçının gözlənilən mülkiyyət hüququ pozulmamalıdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının adına müvafiq torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair inzibati akt qüvvədə olduğundan, qeyd edilən inzibati akt hüququn qeydiyyata alınması üçün əsas kimi çıxış etdiyindən, inzibati icraat haqqında qanunvericiliyin norma və prinsipləri əsas götürülməklə, habelə yuxarıda istinad olunan qanunvericilik normalarının tələbinə əsasən cavabdeh inzibati orqanın iddia tələbinə etirazın əsası kimi istinad etdiyi hallar əsassız olmaqla, iş materialları ilə təkzib edildiyindən iddia təmin edilməlidir İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).
NƏTİCƏVİ HİSSƏ:
Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0.10 ha torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun (vahid əmlak kimi) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən (elektron kabinetdə yerləşdirildiyi vaxtdan) 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan (elektron kabinetdə yerləşdirildiyi vaxtdan) 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən (elektron kabinetdə yerləşdirildiyi vaxtdan) 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İmran Burcayev