Məhkəmə qərarları › İş №2-1(118)-483/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-483/2022

09.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-483/2022 09.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən, istifadəsində olan 330 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazinin İdarəsinin üzərinə qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən, onun istifadəsində olan 330 kv.m torpaq sahəsində hüquqlarının qeydiyyata alınması və vahid daşınmaz əmlak şəklində dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiasını dəqiqləşdirərək Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən, istifadəsində olan 330 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazinin İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri 16-cı mikrorayon, 14/117 saylı ev AR Sumqayıt Şəhər Xalq Deputatları Sovet İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürməsi şöbəsinin 14/286 № li. xx.xx.1992-ci il tarixli orderinə əsasən iddiaçının adına qeydiyyata alınmışdır. Həmin order Sumqayıt Şəhər İcra Hakimiyyətinin 386 № li. xx.xx.1992-ci il tarixli əmrinə əsasən iddiaçının adına verilmişdir. Həmçinin xx.xx.1992-ci il tarixli, 44№-li protokoldan çıxarışa əsasən, təsərrüfat hesablı fin tipli Sumqayıt şəhəri, 16-cı mikrorayon, 14/117 saylı evin ümumi sahəsi 36 kv.m yaşayış sahəsi 30.6. kv.m olan 2 otaqlı, 330 kv.m torpaq sahəsində yerləşən fin tipli ev 3 nəfər ailə üzvü də nəzərə alınmaqla təqdim olunmuşdur. 2002-ci il tarixdə həmin evi sökərək yerində yeni birmərtəbəli fərdi yaşayış evi tikmişdir. O vaxtdan bu günə kimi ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. AR Sumqayıt Şəhər İcra Hakimiyyətinin "Mülk" kiçik müəssisəsinin 14 № li ailə tərkibi haqqında arayış və 2 saylı arayış formasında da bu öz əksini tapır. İllərdir bu evə təsərrüfat aparmalarına baxmayaraq həmin ev-əmlak üzərində mülkiyyət hüququnun tanınması, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və evə dair çıxarışı almaq mümkün olmamışdır. İddiaçı bununla bağlı AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Həmin təşkilatın **********38 saylı, xx.xx.2021-ci il tarixli məktubu ilə mübahisələndirilən torpaq sahəsi sahəsinə dair hansı hüquqmüəyyən edici sənədlərin əlavə olunmamasını əsassız gətirərək imtina vermişdir. Belə ki, həmin torpağa dair lazım olan bütün sənədlər, habelə plan sxemi də əlavə olunmuşdur. Uzun illərdir həmin torpaq sahəsi və ev onun, ailə üzvlərinin istifadəsindədir. Onlar orada yaşayır, birgə ailə kimi həmin evdə təsərrüfat aparırlar. Cavabdeh təşkilatın istinaq eldiyi sənədlərin olmaması onun mülkiyyət hüququnu məhdudlaşdıra bilməz. Hesab edir ki, məhkəmə yuxarıda dedikləri və iş materiallaırna əlavə etdiyi sənədləri nəzərə alaraq həmin torpaq üzərində müllkiyyət hüququnu tanınmasını cavabdeh təşkilatdan tələb edə bilər. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, İddiaçı Sumqayıt şəhəri 16-cı mikrorayon ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə barədə xx.xx.2021-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinə müraciət etmiş və və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, ərizəyə sözügedən torpaq sahəsinə dair hər-hansı hüquqmüəyyənedici sənəd əlavə edilməmişdir. Belə ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” ilə müəyyən edilmiş sənədlər əsasında aparılır. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən, istifadəsində olan 330 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını istəyir. Cavabdeh isə qeyd edir ki, İddiaçı bildirilmişdir ki, ərizəyə sözügedən torpaq sahəsinə dair hər-hansı hüquqmüəyyənedici sənəd əlavə edilməmişdir. Belə ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” ilə müəyyən edilmiş sənədlər əsasında aparılır. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Belə ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin sıyahısına əsasən:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar. İş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhəri 16-cı mikrorayon, 14/117 saylı ev AR Sumqayıt Şəhər Xalq Deputatları Sovet İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürməsi şöbəsinin 14/286 № li. xx.xx.1992-ci il tarixli orderinə əsasən iddiaçının adına qeydiyyata alınmışdır. Həmin order Sumqayıt Şəhər İcra Hakimiyyətinin 386 № li. xx.xx.1992-ci il tarixli əmrinə əsasən iddiaçının adına verilmişdir. Həmçinin xx.xx.1992-ci il tarixli, 44№-li protokoldan çıxarışa əsasən, 14 №li ev İddiaçı 3 nəfərdən ibarət ailə üzvlərinə təqdim edilmişdir. İddiaçı 2002-ci il tarixdə həmin evi sökərək yerində yeni birmərtəbəli fərdi yaşayış evi tikmişdir. İddiaçı hazırda fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını istəyir. İddiaçı Sumqayıt şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 17 avqust 1989-cu il tarixli, 15342 saylı Qərarına istinad edir. Həmin qərarda iddiaçıya torpaq sahəsinin ayrılması qeyd edilməmişdir və məhkəmə hesab edir ki, həmin sənəd iddiaçıya torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün əsas təşkil edə bilməz və cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. İddiaçı 1992-ci ildə əldə etdiyi order əsasında istifadəsinə verilmiş evi sökən zaman müvafiq səlahiyyətli orqandan icazə almalı, həmin evin özəlləşməsi üçün müvafiq hərəkətlər etməli, yaşayış evinə mülkiyyət hüququ əldə etdikdən sonra torpaq sahəsi ilə bağlı tələblər irəli sürməli olduğu halda bunları etməmişdir. Hazırda ümumi xarakterli olan Sumqayıt şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 17 avqust 1989-cu il tarixli, 15342 saylı Qərarına əsalanaraq torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını istəyir ki, cavabdeh inzibati orqanın mövcuq qanunvericiliyə əsasən belə bir səlahiyyəti müəyyən olunmur və həmin orqan əsaslı olaraq imtina etmişdir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz olmamışdır və iddiaçının hazırda seçdiyi hüquq müdafiə vasitəsi əsaslı hesab oluna bilməz. Məhkəmə hesab edir ki, iddiaçı ilkin olaraq qanunvericiliyə əsasən mövcud hüquq müdafiə vasitələrindən istifadə edərək yaşadığı evə mülkiyyət hüququ əldə etdikdən sonra, həmin evin yerləşdiyi və texniki pasportda qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb edə bilər. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar