Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4831/2024 22.08.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Kazımova İradə Səlim qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən 22 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, ünvan 1 ünvanında yerləşən 22 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istəyir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, iddiaçı qeyd olunan ünvanda pasport qeydiyyatında olmaqla faktiki yaşayır. Mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etsə də cavabdeh tərəfindən ərizənin icrasından imtina edilmişdir. Cavabdehin imtinası ilə qəti olaraq razı deyil. Belə ki, sözügedən mənzil Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 18 aprel 1986-cı il tarixli n/28 nömrəli order və Sumqayıt Şəhər Xalq Deputatlar Sovetinin 29 mart 1986-cı il tarixli, 17.120.1 nömrəli qərarı ilə mülkiyyətinə verilmişdir. Göründüyü kimi mənzil artıq 30 ildən çoxdur ki, mübahisəsiz olaraq faktiki mülkiyyətində və istifadəsindədir. İddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu, 178.6-cı maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci, 3-cü, 8-ci, 10-cu, 15-ci maddələrinə istinad edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, izahatında bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən 22 saylı mənzil özəlləşdirmək istəyir. Mənzilə order var. 1986-cı ildə almışdır. Dəmiryolunda işləmişdir, mənzil xidməti əsaslarla verilmişdir. Mənzildə qızı, gəlini, oğlu, nəvələri qeydiyyatdadır. Cavabdeh etirazında qeyd edir ki, Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1986-cı il tarixli n/28 nömrəli orderdə və Dövlət Arxivinin Sumqayıt fililalının xx.xx.2023-cü il tarixli 3-48- DA-10F/2-992-2023 nömrəli arxiv çıxarışında göstərilən Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin xx.xx.1986-cı il tarixli 17.120.1 nömrəli qərarında sözügedən mənzil iddiaçıya və ailə üzvlərinə xidməti rejimdə verildiyi qeyd edilmişdir. Həmçinin mənzilin dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət iddiaçı tərəfindən edilsə də, təqdim etdiyi razılıq ərizələrində mənzilin X5 adına özəlləşdirilməsi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 91.2-ci maddəsinin müddəalarına əsasən sözügedən mənzilin xidməti rejimdən çıxarılması və daimi qaydada verilməsi üçün aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanına müraciət etməyiniz tövsiyə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iştirak etmiş, izahatında bildirmişdir ki, imtinanın iki səbəbi var. Xidməti rejimdə verilib. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Qanunun 6-cı maddəsinə əsasən xidməti mənzillərin özəlləşdirilməsinə icazə verilmir. Razılıq ərizələri başqa şəxsin Şeydayev Günelin adına verilib. İddiaçının adına razılıq ərizələri olmalı idi. Sorğuya da cavab gəlib ki, xidmətidir. İddiaçı İcra Hakimiyyətinə müraciət etməlidir. Mənzili xidməti rejimdən çıxarılmalıdır. Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında "Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi" zəruri cəlbetmə əsası ilə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1986-cı il tarixli n/28 nömrəli orderdən və Sumqayıt şəhər XDS İK-nin 29 mart 1986-cı ilə dair 8 saylı iclas protokolunun 17.120.1 №-li qərarından görünür ki, mənzil iddiaçıya və ailə üzvlərinə xidməti rejimdə verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 23 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2023-cü il tarixli 871 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı ünvan 1, mənzil 22-də yaşayır və qeydiyyatdadır. Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 12 iyul 2024-cü il tarixli, 5-6-7/2-619/2024 saylı sorğuya cavab məktubuna qoşma edilmiş balansda olma barədə arayışdan görünür ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmir yolu yaşayış massivində 1A saylı bina İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır. 23 saylı Mənzil Kommunal Sahəsinin 05 iyul 2024-cü il tarixli 68 saylı arayışında qeyd edilmişdir ki, Sumqayıt şəhər, H.Zeynalabdin qəsəbəsi Dəmiryol yaşayış massivində yerləşən 23saylı Mənzil Kommunal Sahəsinin balansında olan 1a saylı beş mərtəbəli binanın, 22 saylı mənzili; yaşayış sahəsi 28.55 kv/m, 2 (iki) otaqlı mənzili xx.xx.1986-cı il tarixində H/28 saylı xidməti rejimdə olan orderə əsasən İddiaçı Ağarza oğluna verilmişdir. Həmin mənzildə qeydiyyatda olanlar aşağıdakılardır. 1.Ev sahibi-İddiaçı Ağarza oğlu. xx.xx.1957-ci ildə anadan olmuşdur. 2.Həyat yoldaşı-X1. xx.xx.1959-cu ildə anadan olub. 3.X11 qızı. xx.xx.1981-ci ildə anadan olub. 4.X12 oğlu. xx.xx.1989-cu ildə anadan olub. 5.X3 qızı. xx.xx.1989-cu ildə anadan olub. 6.X8 oğlu. xx.xx.2016-cı ildə anadan olub. 7.X4 qızı. xx.xx.2018-ci ildə anadan olub. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının 15 iyul 2024-cü il tarixli məktubu ilə Sumqayıt şəhər XDS İK-nin 29 mart 1986-cı ilə dair 8 saylı iclas protokolunun 17.120.1 №-li qərarından vətəndaş İddiaçı adına mənzil verilməsi barədə arxiv çıxarışı məhkəməyə təqdim edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 22 saylı mənzil üzərində hüququn qeydə alınmasını istəyir. Cavabdeh isə qeyd edir ki, Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1986-cı il tarixli n/28 nömrəli orderdə və Dövlət Arxivinin Sumqayıt fililalının xx.xx.2023-cü il tarixli 3-48-DA-10F/2-992- 2023 nömrəli arxiv çıxarışında göstərilən Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin xx.xx.1986-cı il tarixli 17.120.1 nömrəli qərarında sözügedən mənzil iddiaçıya və ailə üzvlərinə xidməti rejimdə verildiyi qeyd edilmişdir. Həmçinin mənzilin dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət iddiaçı tərəfindən edilsə də, təqdim etdiyi razılıq ərizələrində mənzilin X5 adına özəlləşdirilməsi qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, sözügedən mənzil iddiaçıya xidməti rejimdə ayrıldığı üçün həmin mənzil özəlləşdirilə bilməz. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 6. Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (2009-cu il oktyabrın 1-dək qüvvədə olan) 100-cü maddəsinə əsasən, xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. Göründüyü kimi qanunvericliyin imperativ tələbinə əsasən xidməti mənzilin özəlləşdirilməsinə yol verilməməsi müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt şəhər, H.Zeynalabdin qəsəbəsi Dəmiryol yaşayış massivində yerləşən 23 saylı Mənzil Kommunal Sahəsinin balansında olan 1 a saylı beş mərtəbəli binanın, 22 saylı mənzili; yaşayış sahəsi 28.55 kv/m, 2 otaqlı mənzil xx.xx.1986-cı il tarixində H/28 saylı xidməti rejimdə olan orderə əsasən İddiaçı Ağarza oğluna verilmişdir. İddiaçı məhkəmə iclasında mənzilin ona xidməti rejimdə verilməsini təsdiq etmiş, bu halı mübahisələndirməmişdir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; Hazırkı iş üzrə mülkiyyət hüququnun qeydiyyata alınması tələb edilən mənzil iddiaçıya xidməti vəzifəsinə görə verilmişdir. Mənzil qanunvericiliyinin tələbinə əsasən isə xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Qeyd olunan hal “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə uyğun olaraq mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsi üçün əsasdır. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-4831/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4831/2024
22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver