Məhkəmə qərarları › İş №2-1(118)-4833/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4833/2024

02.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4833/2024 02.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Elşən oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Bilgəh bələdiyyəsinin 27 may 2005-ci il tarixli 738 saylı qərarı ilə ayrılmış Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi, yeni yaşayış massivində yerləşən 0,20 ha torpaq sahəsi üzərində üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən X3 ayrılmış torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-6396/2024 saylı qərardadı ilə inzibati işin baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi ilə əvəz edilməsi və tələb qismində “Bilgəh bələdiyyəsinin 27 may 2005-ci il tarixli 738 saylı qərarı ilə ayrılmış Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi, Yeni yaşayış massivində yerləşən 0,20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbini qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonun Bilgəh bələdiyyəsinin 738 nömrəli, 27 may 2005-ci il tarixli qərarı ilə iddiaçıya fərdi yaşayış evinin tikilməsi üçün Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi, Yeni yaşayış massivində yerləşən 2000 kv m torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsini 27 may 2005-ci il tarixli akta əsasən, 27200000 (iyirmi yeddi milyon iki yüz min) manat ödəməklə alqı-satqı yolu ilə almışdır. Həmin vaxtdan bugünədək qeyd olunan torpaq sahəsi iddiaçının daimi istifadəsində və mülkiyyətindədir. İddiaçı həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Lakin, cavabdeh orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Bakı Ərazi İdarəsinin 23 avqust 2024-cü il tarixli, 32/332/2-11509/24 saylı məktubu ilə iddiaçının xahişini təmin etməkdən imtina etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, aparılan araşdırma zamanı Bilgəh bələdiyyəsi tərəfindən X1 0,20 ha torpaq sahəsinin 27 may 2005ci il tarixində, 738 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının qanunamüvafiq qaydada təsdiqlənmədiyi (ləğv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsinin möhürü ilə), arxiv arayışının idarəyə təqdim edilmədiyi, torpaq sahəsinin iddiaçı tərəfindən normadan artıq əldə edildiyi, müraciət üzrə əlavə edilmiş Bilgəh bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunauyğun formada (ləğv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsinin şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürləri ilə) təsdiqlənmədiyi, daşınmaz əmlakın Bilgəh Zəfəran sovxozu ərazisində yerləşdiyi, sözügedən torpaq sahəsinə dair başqa şəxsin müraciətinin olduğu müəyyən olunmuşdur. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - Bilgəh bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 738 saylı qərarından görünür ki, Bilgəh qəsəbə ərazisində Azərbaycan Qadını küçəsi, Yeni Yaşayış massivində yerləşən 2000 kv m torpaq sahəsinin fərdi yaşayış evinin tikilməsi üçün İddiaçı satılması qərara alınmışdır. -Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Abşeron rayon Bilgəh bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 738 saylı qərarına əsasən Abşeron rayon Bilgəh bələdiyyəsi İddiaçı 20000 kv m torpaq sahəsi satmışdır. - 1045 nömrəli xx.xx.2005-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Abşeron rayon Bilgəh bələdiyyəsinin hesabına 27200000 manat torpaq alqı-satqı pulu ödəmişdir. - Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, torpaq sahəsinin sərhədləri mişar daş ilə hasarlanmışdır, üzərində ikimərtəbəli fərdi yaşayış evi və həyət tikililəri mövcuddur. Faktiki sahəsi 0,2018 ha təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Abşeron rayonu inzibati sərhədləri daxilində yerləşir. - Məhkəmənin sorğusuna əsasən Sabunçu rayonu Bilgəh bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bilgəh bələdiyyəsinin 2000-2008-ci illərə aid sənədlərin Arxiv İdarəsinin 18 fevral 2009-cu il tarixli akta əsasən oxunması mümkün olmadığına görə ləğv edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları tərəfindənm tərtib edilmiş müayinə aktından görünür ki, torpaq sahəsinin faktiki ölçüləri 0.2042 ha təşkil edir, yol ilə sərhəddir, daş hasarın daxilində yerləşir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 23 oktyabr 2007-ci il tarixli 466-lllQD saylı qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, ““Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması və ya alqısatqı aktınını sonradan bağlanması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)” Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, ”Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” Məhkəmə hesab edir ki, torpaqların alqı-satqısına dair aktın tərtib edilməməsi iddiaçının vəzifələrinə aid olmamışdır. İddiaçı üzərinə düşən vəzifəni yerinə yetirmiş, torpaq sahəsinin dəyərini ödəmiş, lakin səlahiyyətli orqanların təqsiri üzündən alqı-satqı düzgün rəsmiləşdirilməmiş, alqı-satqı aktı və bələdiyyənin yerquruluşu planından çıxarış DTXK-nin Abşeron rayon şöbəsinin möhürü ilə təsdiqlənməmişdir və s. Bələdiyyə qərarının arxiv əsaslarının aşkar edilməməsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan Sabunçu rayn Bilgəh bələdiyyəsinni xx.xx.2024-cü il tarixli 64 saylı məktubuna görə Bilgəh bələdiyyəsinin 2000-2008-ci illərə aid sənədlərin arxiv idarəsinin 18 fevral 2009-cu il tarixli akta əsasən oxunması mümkün omadığına görə ləğv edilmişdir. Məhkəmə hesab edir ki, bu hal vətəndaşın qanunla qorunan mənafelərinin ziddinə təfsir edilə bilməz. Torpaq sahəsini ayıran bələdiyyə, ümumiyyətlə 2000-2008-ci illərə aid sənədlərin 2009-cu il tarixdə tərtib edilmiş akta əsasən məhv edildiyini bildirdiyi halda cavabdeh orqanın arxiv əsaslarınınm olmaması səbəbi ilə iddiaçıya imtina cavabı verməsi əsassızdır. Bundan başqa torpaq sahəsinin müəyyən edilmiş normadan artıq satılması da iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırılmamalıdır. Torpaq sahəsinin satılmasına dair bələdiyyə qərarı hazırda qüvvədədir və qanunvericiliklə müəyyən edilmiş qaydada ləğv edilməmiş və ya etibarsız hesab olunmamışdır.Hazırda torpaq sahəsi iddiaçının istifadəsindədir. Nəzərə alınmalıdır ki, fərdi yaşayış evinin tikintisi üçün ayrılan torpaq sahəsinin qanunvericiliklə müəyyən edilmiş normaya uyğunluğunun təmin olunması həmin sahəni ayırmış inzibati orqanın, eləcə də bununla bağlı müvafiq rəyləri vermiş və ayırmaya etiraz etməmiş səlahiyyətli orqanların məsuliyyət sferasına aiddir. Məhkəmə qeyd edir ki, cavabdeh həmin dəlilə əsaslanmaqda ümumiyyətlə haqlı sayıla bilməz, Belə ki, bununla bağlı cavabdeh orqan qanunverici tərəfindən hər hansı nəzarət səlahiyyəti ilə təchiz olunmamışdır və bu mənada torpağın ayrılmasına məsul olan inzibati orqanların fəaliyyət sahəsinə müdaxilə edə bilməz. Digər tərəfdən, torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin üzərinə qoyula bilməz. Qeyd olunmalıdır ki, torpaq sahəsinin iddiaçıya ayrıldığı və onun istifadəsində olduğu müddətdə Bilgəh bələdiyyəsinin müvafiq qərarının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Eyni zamanda, cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bu baxımdan qərar hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Bilgəh bələdiyyəsinin 27 may 2005-ci il tarixli 738 saylı qərarı ilə ayrılmış Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi, Yeni yaşayış massivində yerləşən 0,20 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bilgəh bələdiyyəsinin 27 may 2005-ci il tarixli 738 saylı qərarı ilə ayrılmış Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi, Yeni yaşayış massivində yerləşən 0,20 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar