Məhkəmə qərarları › İş №2-1(118)-484/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-484/2022

14.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-484/2022 14.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin üzərinə Tibbi Sosial Ekspert Komissiyasının qərarına dəyişiklik edərək ona 2-ci qrup əlillik təyin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı ilkin olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehlərin üzərinə Tibbi Sosial Ekspert Komissiyasının qərarına dəyişiklik edərək ona 2-ci qrup əlillik təyin edilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, epilepsiya xəstəsidir və bununla əlaqədar ona 2-ci qrup əlil kimi təyin olunmuş əlillik müddəti bitdiyindən yenidən Sumqayıt şəhərinin 2 nömrəli poliklinikasının həkim məsləhət komissiyasından keçirilmiş və bu barədə göndəriş nazirliyin “tibbi-sosial ekspert komissiyasının (TSEK) göndərişlərin reyestri”nə daxil edilmişdir. İddiaçıya TSEK-dən “əlavə müalicəyə ehtiyacın olması səbəbindən əlillik təyinatından imtina edilməsi barədə cavab göndərilmişdir. Bu qərar qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına” dair Əsasnamənin 2.2-ci bəndində əsasən “epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi (G40-G419.) səbəbi ilə 2-ci qrup əlillik müəyyən olunmuşdur (2.2.11.). Epilepsiya, seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) (G40-G40.9) 3-cü qrup əlillik dərəcəsi təyin edilməsi müəyyən olunmuşdur. İddiaçı barəsində Həkim Komissiyası tərəfindən verilmiş göndərişdə və Ambulator kitabçadan çıxarışda bir ay ərzində tez-tez təkrarlanan tutmaların sayının 8 olması qeyd edilmişdir. Göründüyü kimi, təsdiq olunmuş Meyarlarda 2-ci qrup üçün nəzərdə tutulduğundan iddiaçıda müşahidə edilən tutmaların sayı iki dəfə çoxdur və iddiaçının ikinci qrup əlillik dərəcəsi almaq hüququ yaranmışdır. Müalicəyə iddiaçının daim ehtiyacı vardır, lakin bu ona əlillik qrupu verilməsindən imtina edilməsinə əsas vermir. Ona imtina verilməsi hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını, ona əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya yazılı etirazında bildirmişdir ki, İddiaçı əlillik vəziyyətinə Sumqayıt 2 saylı Şəhər poliklinikasının 06.03.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G98 - Sinir sisteminin digər rubrikalarda təsnif olunmamış başqa pozğunluğu; Diaqnozun mətni: Ensefalopatiya. Anamnezində KBT-sı. Simptomatik epilepsiya. Təkrarlanan qıcolma tutmaları ilə. ANS. Zəif dər. miopiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin 10.03.2015-ci il tarixli 0530003AABJA saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.4 - Dəqiqləşdirilməmiş ensefalopatiya; Diaqnozun mətni: Dəqiqləşdirilməmiş Ensefalopatiya. Anamnezində КВТ-sı. Simptomatik epilepsiya. Təkrarlanan qıcolma tutmaları ilə. ANS. Zəif dər. miopiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 11.03.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: => G93.4 - Dəqiqləşdirilməmiş ensefalopatiya; Diaqnozun mətni: Dəqiqləşdirilməmiş Ensefalopatiya. Anamnezində КВТ-sı. Simptomatik epilepsiya. Təkrarlanan qıcolma tutmaları ilə. ANS. Zəif dər. miopiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin 21.10.2021-ci il tarixli 0530003AAHBF saylı göndərişi əsasında baxılmış və “X1 : Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.3 - Generalize olunmuş idiopatik epilepsiya və epileptik sindromlar; Diaqnozun mətni: Epilepsiya, Simptomatik. Anamnezində kəllə beyin travması.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Son illərdə müalicə müddəti azdır. Əlavə stasionar müalicəyə ehtiyacı var” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərardad qəbul etməyinizi xahiş edirik. Sumqayıt İnzibati Məhkəməsinin 18.01.2022-ci il tarixli qərardadı ilə Sumqayıt şəhər 2 nömrəli şəhər poliklinikası üçüncü şəxs qismində məhkəmə iclasına cəlb edilmişdir. Lakin məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bu barədə hər hansı bir məlumatı məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cavabdehlər siyahısından çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya yazılı etirazla eyniməzmunlu izahat verərək təmin olunmamasını məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara aiddir: İşdə olan iddiaçıya məxsus AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1984-cü ildə anadan olmuşdur. 22.10.2021-ci il tarixdə iddiaçıya ünvanlanmış imtina bildirişində onun əlavə müalicəyə ehtiyacı olması səbəbindən əlillik təyinatından imtina edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazilriyinin ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışa əsasən iddiaçıya Epilepsiya, Simptomatik. Anamnezində kəllə beyin travması diaqnozu qoyulmuşdur. Sumqayıt Tibbi Mərkəzi PHŞ 2 nömrəli Ailə Sağlamlıq Mərkəzinin 04.08.2021-ci il tarixli, 375 nömrəli arayışına əsasən iddiaçı “epilepsiya” diaqnozu ilə Sumqayıt şəhər 2 nömrəli ASMdə dispanser qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Sumqayıt Tibb Mərkəzi PHŞ X7 Stansiyasının 26.11.2021-ci il tarixli 2590 nömrəli arayışına əsasən 12.08.2021-ci il tarixdə saat 11:32-də ünvan 3 ünvanında yaşayan 1984-cü il təvəllüdlü İddiaçı adına ünvan 4 ünvanına 25 saylı çağırış daxil olmuşdur. İddiaçıya dəqiqləşdirilməmiş epilepsiya tutmasından sonrakı vəziyyət diaqnozu qoyulmuşdur. İş materiallarına iddiaçıya məxsus müxtəlif xəstəlik vərəqələri əlavə edilmişdir. Mərkəzi Neftçilər Xəstəxanasından verilən epikrizə əsasən (yatış tarixi 24.12.2015; çıxış tarixi 29.12.2015) iddiaçıda 10 ildir ki epilepsiya tutmaları olur, 4 il əvvəl ona epilepsiya diaqnozu qoyulmuşdur. Sumqayıt şəhəri X3 və MNX-də müalicələr alıb. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş TSEK-ə göndərilən zaman xəstənin vəziyyəti ilə bağlı məlumatlara əsasən iddiaçıya əsas diaqnoz olaraq epilepsiya (G40), simptomatik. Anamnezində kəllə beyin travması qoyulmuşdur. Ağırlaşma diaqnozu kimi başqa rubrikalarda təsnif olunmayan qıcolmalar, tez-tez təkrarlanan (ayda 8 dəfə) generalizə olunmuş qıcolma tutmaları (R56), dəqiqləşdirilməmiş ensefalopatiya, postravmatik ensefalopatiya (G93.4), xoşxassəli kəllədaxili hipertenziya (G93.2), nevrasteniya, Asteno nevrotik sindrom (F48.0) qeyd edilmişdir. İşdə olan TSEK müayinələrinə əsasən iddiaçıya 11.03.2014-cü ildə bir il müddətinə, 17.03.2015-ci ildə bir il müddətinə, 11.03.2016-cı ildə beş il müddətinə ikinci dərəcə əlillik verilmişdir. Diaqnozun mətni dəqiqləşdirilməmiş ensefalopatiya, anamnezində KBT-sı. Simptomatik epilepsiya. Təkrarlanan qıcolma tutmaları ilə, ANS, zəif dər miopiya olmuşdur. 22.10.2021-ci ildə iddaçıya əlilliyin verilməsindən imtina edilmişdir. Səbəb kimi əlavə müalicəyə ehtiyacın olması, son illərdə müalicə müddətinin az olması, əlavə stasionar müalicəyə ehtiyacının olması qeyd olunmuşdur. 09.12.2021-ci il tarixdə iddiaçıya əlillik verilməsindən yenidən imtina edilmişdir. Səbəb kimi göndərişin natamam doldurulması, son 5 il ərizndə stasionar müalicəsi haqqında məlumatın olmaması olmuşdur. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını; 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ TSEK tərəfindən İddiaçı barəsində sonuncu dəfə 09.12.2021-ci ildə keçirilmiş müayinənin nəticəsində verilmiş imtinasından yaranmış olur. Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddia tələbi üzrə həmin iddiaya cavab veribverməməsi ilə bağlı məhkəmə qeyd edir ki, əlilliyin təyin edilməsi həmin Agentliyin səlahiyyətlərinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi hazırkı iddia tələbi üzrə cavab verməli olan orqandır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Agentliyə müraciət etmiş və nəticədə TSEK-dən müvafiq imtinanı almışdır. Məhkəmə iddianın mümükünlük şərtlərindən digəri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddianı mümkün hesab etmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Sumqayıt şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının 1.3-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. Qaydaların 2.1-ci bəndinə əsasən göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi həkim-məsləhət komissiyasına müraciət edir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Qaydaların 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydaların 3.1.2-ci bəndinə əsasən göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda əlilliyin səbəbi Agentlik tərəfindən dəyişdirilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına” dair Əsasnamənin 2.2.11-ci bəndinə əsasən epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi (G40-G419.) səbəbi şəxsə ikinci dərəcə əlillik təyin edilir. Əsasnamənin 2.3.4-cü bəndinə əsasən Epilepsiya, seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) (G40-G40.9) 3-cü dərəcə əlillik təyin edilir. Həmin Əsasnamənin 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Yuxarıda qeyd olunan Nazirlər Kabinetinin 11 və 12 saylı 16 yanvar 2020-ci il tarixli Əsasnamələrin tələbləri baxımından müəyyən olunur ki, şəxsə əllillik dərəcəsinin təyin edilməsi məqsədi ilə özü və ya müalicə həkimi Həkim Məsləhət Komissiyasına müraciət edir. X5 şəxsin tibbi müayinəsini həyata keçirir, xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Sonra Komisiya tərəfindən həmin nəticələr siyahısı müəyyən edilmiş tibb müəssisələrinə göndərilir və həmin tibb müəssisələri müayinə olunmuş şəxin xəstəlikləri barəsində göndərilmiş məlumatlar əsasında Forma 88 adlı sənədi tərtib edərək “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edir. Qeyd olunan Forma 88 adlı arayışın əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komisiyası (TSEK) şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Tibbi müəssisələri tərəfindən verilmiş göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda əlilliyin səbəbi Agentlik tərəfindən dəyişdirilir. İddiaçı iddia tələbi araşdırılarkən müəyyən edilmişdir ki, Sumqayıt şəhər 4 nömrəli xəstəxanasının poliklinika şöbəsi tərəfindən İddiaçı müayinə olunmuş və ona tez-tez təkrarlanan (ayda 8 dəfə) generalizə olunmuş qıcolma tutmaları (R56), dəqiqləşdirilməmiş ensefalopatiya, postravmatik ensefalopatiya (G93.4), xoşxassəli kəllədaxili hipertenziya (G93.2), nevrasteniya, Asteno nevrotik sindrom diaqnozları qoyulmuşdur. İddiaçı barəsində 01.12.2021-ci il tarixdə nevropotoloq tərəfindən G40 epilepsiya, epilepsiya simptomatik. Anamnezində kəllə beyin travması qeyd olunmuşdur. Qeyd olunan məlumatlar əsasında “Sumqayıt Tibb Mərkəzi” X8 tərəfindən Forma 88 saylı arayış tərtib edilərək “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilmişdir. Göndərilmiş reyestr məlumatları əsasında Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komisiyası (TSEK) tərəfindən iddiaçıya əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. İmtinanın əsas səbəbi kimi xəstənin son 5 il ərzində stasionar müalicəsi haqqında məlumatın olmaması göstərilmişdir. Məhkəmə inzibati orqanının bu səpkidə gətirdiyi arqumenti əsassız hesab edərək qeyd edir ki, iddiaçıda mövcud xəstəliyin olması cavabdeh orqan tərəfindən inkar edilməməklə yanaşı iddiaçının ev şəraitində, o cümlədən, Sumqayıt şəhər 2 nömrəli şəhər Poliklinikasında müalicə alması onun tərəfindən təqdim edilmiş müayinə vərəqələri ilə müəyyən edilmişdir. Belə ki, iddiaçıya məxsus tibb müəssisəsi tərəfindən qeydiyyat aparılmış xəstəlik kitabçasından çıxarışa əsasən o, müxtəlif vaxtlarda – 18.06.2017-ci il, 20.04.2018-ci il, 09.08.2019-cu il, 14.10.2020-ci il tarixlərdə müalicələr almışdır. Xəstədə baş ağrıları, baş gicəllənmə, huşun itməsi, qıcolma kimi hallar müəyyən edilmiş və ona ensefalopatiya, simptomatik epilepsiya diaqnozları qoyulmuşdur. Təqdim edilən resept müayinələrindən isə iddiaçının daim ambulator müayinə alması müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının ev şəraitində və tibb müəssisəsində müalicə və müayinələri cavabdeh tərəfindən verilən imtinanın əsassız olmasına dəlalət verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına” dair Əsasnamənin 2.2.11-ci bəndinə əsasən epilepsiya (G40-G41.9) müşahidə olunan şəxsə ikinci dərəcə əlillik təyin edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komisiyası (TSEK) tərəfindən iddiaçı barəsində keçirilmiş müayinənin nəticəsində verilmiş imtinası qanunsuz hesab edilməli və X4 Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İİ dərəcə əlillik təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilməmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı X4 İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Tibbi Sosial Ekspert Komissiyasının qərarına dəyişiklik edərək iddiaçı X4 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar