Məhkəmə qərarları › İş №2-1(118)-484/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-484/2025

02.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-484/2025 02.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “JN0643 KOD 41011018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən X9 (Nağaraxana bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 03 saylı qərarı) ayrılmış 1.50 ha torpaq sahəsinin mübahisəsiz olan 1.2618 ha (1.50 ha-0.2024 ha-0.0358 ha =1.2618 ha) hissəsi üzərində mülkiyyət hüquqlarının X5 məxsus olmasına dair arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Şamaxı rayon Nağaraxana Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 03 saylı qərarı ilə ayrılmış, X7 adına olan Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində 1.50 ha əmlak üzərində (Dövlət aktı JN-0643, kod ********) hüququn vəfat etmiş X9 məxsus olması barədə arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi-vəkili iddia tələbini dəqiqləşdirərək, “JN0643 KOD 41011018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən X9 (Nağaraxana bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 03 saylı qərarı) ayrılmış 1.50 ha torpaq sahəsinin mübahisəsiz olan 1.2618 ha (1.50 ha-0.2024 ha-0.0358 ha =1.2618 ha) hissəsi üzərində mülkiyyət hüquqlarının X5 məxsus olmasına dair arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 28 saylı notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə 16 may 2023-cü il tarixli, 284 №-li məktubla müraciət olunaraq X7 adına olan Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində yerlşən 1.50 hektar əmlakın üzərində (Dövlət Aktı JN-0643, kod ********) məhdudiyyət və yüklülüyün qeydə alınıb- almmamasma dair dövlət reyestrindən arayış (Forma 1) verilməsi xahiş olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pııblik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən müraciətə baxılması barədə 04 sentyabr 2023-cü il tarixli, **********79 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, sənədlər araşdırılan zaman məlum olmuşdur ki, 1.50 ha torpaq sahəsi aqrar islahat zamanı tərtib olunmuş xəritəyə və yeni yaradılmış rəqəmsal kadastr xəritəsinə əsasən örüş torpaqlarına aiddir. Bundan əlavə, həmin torpaq sahəsi üzərində mübahisə mövcuddur. Torpaq sahəsi təyinatı üzrə ayrılmadığına və mübahisəli ərazidə yerləşdiyinə görə ərizənin icrası mümkün olmamışdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri “ publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı "Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində yerləşən, Şamaxı rayonu, Nağaraxana bələdiyyəsinin 03 saylı, 17 mart 2005-ci il tarixli qərarı ilə ayrılmış 1.50 ha torpaq sahəsinin X5 məxsus olması barədə arayışın verilməsi barədə öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddia ərizəsini əsassız hesab edirik. Bakı şəhəri, 28 saylı notariat ofisi tərəfindən verilmiş 284 nömrəli, 16 may 2023-cü il tarixli vərəsəlik məktubuna əsasən X7 vərəsəsi İddiaçı etibarnamə üzrə nümayəndəsi qismində çıxış edən Vəkil Ərazi İdarəsinə müraciət edərək, Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində yerləşən, Şamaxı rayonu, Nağaraxana bələdiyyəsinin 03 saylı, 17 mart 2005-ci il tarixli qərarı ilə ayrılmış 1.50 ha torpaq sahəsinin X5 məxsus olması barədə arayışın verilməsini xahiş etmişdir. Qeydiyyat üçün təqdim olunmuş sənədlər araşdırılan zaman məlum olmuşdur ki, 1.50 ha torpaq sahəsi aqrar islahat zamanı tərtib olunmuş xəritəyə və yeni yaradılmış rəqəmsal kadastr xəritəsinə əsasən örüş torpaqlarına aiddir. Bundan əlavə, həmin torpaq sahəsi üzərində mübahisə mövcuddur. Torpaq sahəsi təyinatı üzrə ayrılmadığına və mübahisəli ərazidə yerləşdiyinə görə ərizənin icrası mümkün olmamışdır. İddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia tələbi əsassız olduğu üçün rədd edilməsini xahiş edirlər.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: JN 643 KOD 41011018 saylı dövlət aktı; Nağaraxana bələdiyyəsinin yerquruluşu layihəsindən çıxarış; 04 sentyabr 2023-cü il tarixli məktubu; AZ-İ № “Ölüm haqqında şəhadətnamə”; məhkəmə sorğusu əsasında təqdim edilmiş müayinə aktı və digər sənədlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla bərabər, əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Şamaxı rayonunda yerləşən 0.10 ha turizm, 1.40 ha kənd təsərrüfatı üçün torpaq sahəsinin Şamaxı rayonu Nağaraxana Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 03 saylı qərarı ilə X9 ayrılması qərara alınmış, qeyd olunan torpaq sahəsi həmin vaxtdan da onun istifadəsində və sahibliyində olmuşdur. Buna dair onun adına JN 643 KOD 41011018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” tərtib edilmişdir. AZ-İ №985186 saylı “Ölüm haqqında şəhadətnamə”dən aydın olur ki, X12 xx.xx.2018-ci ildə ölmüşdür. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10 və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Mübahisəli torpaq sahəsi Şamaxı rayonu Nağaraxana Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 03 saylı qərarına əsasən X9 ayrılmış və onun adına JN 643 KOD 41011018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” tərtib edilmişdir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə mərhuma satılmışdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinin ümumi qaydaları müəyyənləşdirilmiş, istifadə, mühafizə sahəsində hüquq münasibətləri tənzimlənmişdir. Həmin qanunun 4.0.1-ci maddəsi bələdiyyələrə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək hüququ vermişdir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun iddiaçıya bələdiyyə tərəfindən torpaq sahəsi ayrıldığı dövrdə, yəni 17 mart 2005-ci ildə qüvvədə olan redaksiyasında torpaq sahələrinin şəxslərə torpaq hərracları və ya müsabiqələri ilə yanaşı bilavasitə satışının mümkünlüyü də təsbit edilmişdir. Beləliklə bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin bilavasitə satılması həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Sözügedən torpaq sahəsi iddiaçıya ayrılmamışdan öncə bununla bağlı müvafiq orqanların rəyi alınmışdır. İddiaçıya torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır. Şamaxı rayonu Nağaraxana Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 03 saylı qərarı əsasında mərhuma satılmış torpaq sahəsi üzərində mərhumun mülkiyyət hüququnun həmin tarixdən yarandığı mübahisəsizdir. Mərhum X1 orqanın rəyi əsasında torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmamışdır. Məhkəmə cavabdehin etirazının əsası kimi göstərdiyi dəlilinə münasibətdə bildirir ki, qeyd edilən torpaq sahəsinə dair mübahisə halının aydınlaşdırılması məqsədilə cavabdeh orqana müvafiq sorğular ünvanlanmışdır. Məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş 10 yanvar 2025-ci il tarixli məktubda aşağıdakılar qeyd edilmişdir: Bakı şəhər sakini X7 naturada faktiki istifadəçiliyində torpaq sahəsi mövcud deyildir. Bu səbəbdən araşdırma JN 0643, KOD 41011018 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”na əsasən Bakı şəhər sakini X9 ayrılmış 1.50 ha torpaq sahəsinin elektron baza xəritəsində yerləşmə mövqeyinə görə və qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********40 olan çıxarışa əsasən "xxxx" X11 Cəmiyyətinin mülkiyyətində olan torpaq sahəsinin sənəd üzrə koordinatlarına əsasən aparılmışdır. JN 0643, KOD 41011018 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”na əsasən Bakı şəhər sakini X9 ayrılmış 1.50 ha torpaq sahəsinin elektron baza xəritəsində yerləşmə mövqeyinə görə və qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********40 olan çıxarışa əsasən "xxxx" X11 Cəmiyyətinin mülkiyyətində olan torpaq sahəsinin sənəd üzrə koordinatlarına dair müqayisəli ortofoto görüntüsü cavab məktubuna əlavə olunur. Cavab məktubuna əlavə olunmuş ortofoto görüntüsündən məlum olur ki, JN 0643, KOD 41011018 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”na əsasən Bakı şəhər sakini X9 ayrılmış 1.50 ha torpaq sahəsi ilə qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********40 olan çıxarışa əsasən "xxxx" X11 Cəmiyyətinin mülkiyyətində olan torpaq sahəsi üst-üstə düşmür. JN 0643, KOD 41011018 “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən Bakı şəhər sakini X9 ayrılmış 1.50 ha torpaq sahəsinin elektron baza xəritəsində yerləşmə mövqeyinə görə 0.43 ha-dək hissəsi "xxxx" X11 Cəmiyyəti tərəfindən hasarlanan ərazinin daxilində yerləşir. Əlavə olaraq bildiririk ki, elektron baza məlumatlarına əsasən JN 0643, KOD 41011018 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” ilə Bakı şəhər sakini X9 ayrılmış 1.50 ha torpaq sahəsinin elektron baza xəritəsində yerləşmə mövqeyinə görə 0.40 ha-dək hissəsi başqa şəxsin plan ölçü sənədi və faktiki istifadədə olan yola, 0.67 ha-dək hissəsi bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı kollu örüş torpaqlarına düşür. Məhkəmə həmçinin qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsi ilə üst-üstə düşən digər torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməsi üçün də müvafiq sorğular ünvanlamış, məhkəmə sorğusuna cavab olaraq qeyd edilən sənədlər təqdim edilmişdir. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş 11 aprel 2025-ci il tarixli məktubunda aşağıdakılar qeyd edilmişdir: “JN 0643, KOD 41011018 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”na əsasən Bakı şəhər sakini X9 ayrılmış 1.50 ha torpaq sahəsinin elektron baza xəritəsində yerləşmə mövqeyinə görə 0.43 ha-dək hissəsi "xxxx" X11 Cəmiyyəti tərəfindən hasarlanan ərazinin daxilində yerləşsədə həmin torpaq sahəsinə dair "xxxx" X11 Cəmiyyətinin hüquqmüəyyənedici sənədləri mövcud deyildir. Sözügedən 0.43 ha-dək olan torpaq sahəsi JN 0643, KOD 41011018 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın elektron baza xəritəsində yerləşmə mövqeyinə görə X9 ayrılmış 1.50 ha torpaq sahəsinin daxilində yerləşir. Bundan əvvəl məhkəməyə təqdim edilmiş cavab məktubunda qeyd edilmiş bələdiyyənin mülkiyyətində olan 0.67 torpaq sahəsi bələdiyyənin mülkiyyətində deyil, bələdiyyə torpağıdır. Bələdiyyə sözü gedən torpaq sahəsini dövlət qeydiyyatına aldırmamışdır. Bundan əvvəl məhkəməyə təqdim edilmiş cavab məktubunda qeyd edilmiş elektron baza xəritəsində yerləşmə mövqeyinə əsasən 0.40 ha- dək başqa şəxsin plan ölçü sənədi və faktiki istifadədə olan yol ilə üst-üstə düşən torpaq sahəsinin kadastr məlumat bazasına əsasən 0.2024 ha-dək hissəsi **********0178 reyestr nömrəli Plan ölçü sənədinə, 0.0358 ha-dək hissəsi isə **********0542 reyestr Nömrəli plan ölçü sənədi ilə üst-üstə düşür. Ərazi İdarəsinin arxivində hər iki plan ölçü sənədinin ikinci nüsxəsi mövcuddur və təsdiq olunmuş surətləri cavab məktubuna əlavə olunur. Torpaq sahəsinin 0.1618 ha-dək hissəsi faktiki istifadədə olan yol ilə üst-üstə düşür. İddiaçının naturada faktiki istifadəçiliyində torpaq sahəsi mövcud deyildir. Bu səbəbdən araşdırma JN 0643, KOD 41011018 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”na əsasən Bakı şəhər sakini X9 ayrılmış 1.50 ha torpaq sahəsinin elektron baza xəritəsində yerləşmə mövqeyinə görə aparılmışdır. Cavab məktubuna əlavə olunmuş ortofoto görüntüsündə JN 0643 nömrəli Dövlət aktı ilə kadastr məlumat bazasına əsasən **********0178 reyestr nömrəli və **********0542 reyestr nömrəli plan ölçü sənədlərinin hansı hissədə üst-üstə düşməsi öz əksini tapmışdır”. Məhkəmə inzibati işin hərtərəfli araşdırılması məqsədilə mütəxəssis rəyinin verilməsi məqsədilə cavabdeh orqana müvafiq sorğular ünvanlamışdır. Məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş mütəxəssis rəyində aşağıdakılar qeyd edilmişdir: İddiaçı, X2 və X8 naturada faktiki istifadəçilikləri olmadığından üst-üstə düşməni müəyyən etmək mümkün olmadı. X3 məxsus **********0178 reyestr nömrəli plan-ölçü sənədi və X10 məxsus **********0542 reyestr nömrəli plan-ölçü sənədində qeyd edilən koordinatları daxilində yerləşən torpaq sahəsi ilə JN 0643, KOD 41011018 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”na əsasən Bakı şəhər sakini X9 ayrılmış 1,50 ha torpaq sahəsinin elektron baza xəritəsində yerləşmə mövqeyinə görə 0,2024 ha hissəsi X2 və 0.0358 ha hissəsi X8 torpaq sahəsi ilə üst-üstə düşür. JN 0643, KOD 41011018 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” na əsasən Bakı şəhər sakini X9 ayrılmış 1,50 ha torpaq sahəsinin elektron baza xəritəsində yerləşmə mövqeyinə görə 0,43 ha-dək hissəsi “Fortuna Tur" X11 Cəmiyyəti tərəfindən hasarlanan ərazinin daxilindəki əkin kimi istifadə edilən torpaq sahəsində və 0,67 ha hissəsi bələdiyyə torpağında yerləşir. Qalan hisəsi ümumi istifadədə olan yollarla üst-üstə düşür. Mübahisə predmeti olan torpaq sahəsi X4 və X13 tərəfindən istifadə edilmir. İddiaçı, X2 və X8 naturada faktiki istifadəçilikləri mövcud deyildir. Sənəd üzrə torpaq sahələrinin hansı hissədə üst-üstə düşməsi rəyə əlavə olunmuş ortofoto görüntüsündə öz əksini tapmışdır. Məlumat üçün bildiririk ki, İddiaçı 1,50 ha torpaq sahəsi Şamaxı rayonu Nağaraxana bələdiyyəsinin ərazisindən, X3 və X10 isə Şamaxı rayonu Avaxıl bələdiyyəsinin ərazisindən ayrılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili ərizə təqdim edərək, Nağaraxana bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 03 saylı qərarı ilə X5 ayrılmış 1.50 ha torpaq sahəsinin mübahisəsiz olan 1.2618 ha (1.50 ha-0.2024 ha-0.0358 ha =1.2618 ha) hissəsi üzərində mülkiyyət hüquqlarının X5 məxsus olmasına dair arayış verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin göstərdiyi hərəkətsizlik qanunvericilikdə nəzərdə tutulmuş bir sıra prinsiplərin, həmçinin qanunçuluq prinsipinin pozulmasına əsas olmuşdur. Qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada - sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»). Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin İ hissəsində məhkəmə fəaliyyətinin ədalət mühakiməsi adlandırılması bu fəaliyyətin ədalət anlayışına uyğun həyata keçirilməsini tələb edir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsində, eləcə də “Məhkəmələr və hakimlər haqqında” Qanunun 8 və 99-cu maddələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərindən biri kimi işlərə ədalətlə baxılması təsbit olunmuş, ədalətli olmaq həm də hakimin vəzifəsi kimi müəyyən edilmişdir. Hüququn bütün sahələrində əsas başlanğıc prinsiplərdən biri kimi çıxış edən ədalətlilik hüquq tətbiqedicilər, o cümlədən hakim qarşısında ədalət, insaf və mənəviyyat tələblərini nəzərə almaq öhdəliyi də qoyur. Beləliklə, mübahisənin həlli və bu zaman tətbiq edilməli olan qanunvericilik normaları həm də ədalət mühakiməsinin təməlini təşkil edən ədalətlilik meyarı əsasında dəyərləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, JN0643 KOD 41011018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən X9 (Nağaraxana bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 03 saylı qərarı) ayrılmış 1.50 ha torpaq sahəsinin mübahisəsiz olan 1.2618 ha (1.50 ha-0.2024 ha-0.0358 ha =1.2618 ha) hissəsi üzərində mülkiyyət hüquqlarının X5 məxsus olmasına dair arayış verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. JN0643 KOD 41011018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən X9 (Nağaraxana bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 03 saylı qərarı) ayrılmış 1.50 ha torpaq sahəsinin mübahisəsiz olan 1.2618 ha (1.50 ha-0.2024 ha-0.0358 ha =1.2618 ha) hissəsi üzərində mülkiyyət hüquqlarının X5 məxsus olmasına dair arayış verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar