Məhkəmə qərarları › İş №2-1(118)-4840/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4840/2024

10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4840/2024 10.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Gözdən Əlillər (Korlar) Cəmiyyətinin Xaçmaz rayon Təşkilatının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə (Açar sözlər: məcburi dövlət sosial sığorta haqları üzrə borcun silinməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Kazımova İradə Səlim qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Gözdən Əlillər (Korlar) Cəmiyyətinin Xaçmaz rayon Təşkilatının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə5, Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin nümayəndələri Nümayəndə3, Nümayəndə4 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Gözdən Əlillər (Korlar) Cəmiyyətinin Xaçmaz rayon Təşkilatının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı Azərbaycan Respublikası Gözdən Əlillər (Korlar) Cəmiyyətinin Xaçmaz rayon Təşkilatı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Azərbaycan Respublikası Korlar Cəmiyyətinin Xaçmaz rayon Təşkilatına hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə ümumilikdə 3136,97 manat (2605.0 manat əsas, hesablanmış faizlər üzrə 531.97 manat) borcun silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulması” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Nümayəndə1 1985-ci ildən Azərbaycan Respublikası Gözdən Əlillər Cəmiyyətinin (köhnə adı Korlar Cəmiyyəti) Xaçmaz rayon təşkilatının sədridir. Özü İ dərəcəli gözdən əlildir (görmə qabiliyyəti sıfırdır). Cavabdeh sədr olduğu Xaçmaz rayon təşkilatına tam əsassız olaraq Dövlət Sosial Müdafiə Fonduna 3236,97 manat, o cümlədən 2605 manat əsas, hesablanmış faizlər üzrə 531,97 manat və tətbiq edilmiş maliyyə sanksiyası üzrə 100 manat borc hesablanmışdır. Bu əsasla cavabdeh 3 saylı Ərazi Vergilər İdarəsi ona qarşı Sumqayıt Kommersiya Məhkəməsində Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair iddia qaldırmış və həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, e-2-2(119)-111/2022 saylı qətnaməsi ilə 3 saylı Ərazi Vergilər İdarəsinin ərizəsi təmin edilərək ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır (hakim Xəqani Tağıyev). Nümayəndə1 rəsmi məktubla 3 saylı Ərazi Vergilər İdarəsinə müraciət edərək sədr olduğu Xaçmaz rayon təşkilatına hesabladığı borcun izah edilməsini xahiş etmişdir. Həmin məktuba 3 saylı Vergilər İdarəsinin rəisi, baş vergi xidmətinin müşaviri Ziya Ağagülovun xx.xx.2024-cü il tarixli, **********246900 nömrəli məktubla cavab verilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 vergi orqanına daxil olmuş məlumatlara əsasən Azərbaycan Respublikası Korlar Cəmiyyətinin Xaçmaz rayon Təşkilatının xx.xx.2019-cu il tarixə məcburi dövlət sosial sığorta haqları üzrə ümumilikdə 3136,97 manat, o cümlədən 2605,0 manat əsas və hesablanmış faizlər üzrə 531,97 manat borcu mövcud olmuşdur. Həmçinin, hüquqi şəxsin aktivləri barədə məlumatı 10 gün müddətində vergi orqanına təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Korlar Cəmiyyətinin Xaçmaz rayon Təşkilatına 100,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Hal-hazırda Azərbaycan Respublikası Korlar Cəmiyyətinin Xaçmaz rayon Təşkilatının məcburi dövlət sosial sığorta haqları üzrə ümumilikdə 3236,97 manat, o cümlədən 2605,0 manat əsas, hesablanmış faizlər üzrə 531,97 manat və tətbiq edilmiş maliyyə sanksiyası üzrə 100,0 manat borcu vardır. Hesab edir ki, cavabdehin sədrlik etdiyi Azərbaycan Respublikası Gözdən Əlillər Cəmiyyəti Xaçmaz rayon Təşkilatına 3236,97 manat məbləğində borcun hesablanması tamamilə qanunsuz və əsassızdır. Belə ki, 2001-ci ilin dekabr ayında sonuncu dəfə olaraq əmək haqqı almışdır, bundan sonra Xaçmaz rayon Təşkilatına mərkəzi idarəsi olan Azərbaycan Respublikası Korlar Cəmiyyəti tərəfindən heç bir pul vəsaiti köçürülməmişdir. Xaçmaz rayon təşkilatının başqa heç bir gəlir mənbəyi yoxdur. İanə formasında Xaçmaz rayon təşkilatına daxil olmuş cüzi vəsaitlər hesabına DSMF-na köçürmələr etmişdir. Azərbaycan Respublikası Korlar Cəmiyyətinin müvəqqəti sədr əvəzi R.Ə.Məmmədovanın xx.xx.2005-ci il tarixli, 03 nömrəli əmri ilə Xaçmaz rayon təşkilatının sədr vəzifəsinin tərəfindən icra edilməsi cəmiyyətin maliyyə vəziyəti ilə əlaqədar ictimai əsaslarla icra edilməsi qərara alınmışdır. Buna əsas kimi Azərbaycan Respublikası Gözdən Əlillər Cəmiyyətinin xx.xx.2006-ci il tarixli, 32ş saylı əmrinin 2-ci hissəsi göstərilmişdir. Kapital Bank ASC Xaçmaz Filialının 05 may 2024-cü il tarixli, 115 nömrəli arayışında qeyd olunur ki, Azərbaycan Respublikası Korlar Cəmiyyəti Xaçmaz rayonunun Bank hesabı 11 dekabr 2001-ci ildə açılmış və 07 may 2015-ci ildə İsə hesab bağlanmışdır. Hesabdan cəmi 898,92 qəpik mədaxil olmuşdur və sonuncu 05 may 2014cü ildə DSMF-ə ödəniş getmişdir. Beləliklə, 2001-ci ildən Xaçmaz rayonun təşkilatının bank hesabına Korlar Cəmiyyəti tərəfindən heç bir pul köçürmələri olmamışdır. Bu səbəbdən yuxarıda qeyd edildiyi kimi Nümayəndə1 icra etdiyi vəzifəyə görə əmək haqqı almamışdır. Belə vəziyyətdə 3 saylı Ərazi Vergilər İdarəsinin Xaçmaz rayon təşkilatına 3236,97 manat məbləğində DSMF-ə borcun hesablanması tamamilə əsassızdır. Azərbaycan Respublikası İPM-nin 2.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş İnzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən Mübahisələndirmə haqqında iddia vasitəsi İlə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2, Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iştirak etmiş, izahatında bildirmişdir ki, 1992-ci ildən bəri Cəmiyyət demək olar ki, fəaliyyət göstərmir. 1992-1993-cü illərdə loto buraxmış, 1 milyon pul yığmışdırlar. Onunla maaşları verilmişdir. 3 ilin əmək haqqısı verilmişdir. Özü və başqa işçi maaşlarından imtina etdi. 1992-ci ilə qədər əmək haqqı verilmişdir. Özü-özünü maliyyələşdirirdilər. Kapital bankın məktubu var. Pulun hamısını pensiya fonduna köçürmüşdür. Ülkər və Aytən 1-ci qrup əlil idi. Onların pensiya pulu köçürülməli idi. İşdə olanlar hamısı gözdən əlildir. 1 nəfərdən başqa. Heç biri əmək haqqı almamışdır. Mərkəzi İdarə 2-3 ilin əmək haqqını ona borcludur. Bu gün tək işləyir. Katibə də yoxdur. Nə vaxt pul köçürüldüyü xatırlamır. Faktiki cavabdeh də bilir ki, əmək haqqı olmamışdır. Kapitalbankın arayışı da var. Borc idarənin borcudur. Pulları pensiya fonduna köçürmüşdürlər. Maliyyələşdirən Korlar Cəmiyyətidir. Xəstəliklə bağlı ölkədən çıxmaq istəyir. İddiaçının nümayəndəsi məhkəmə suallarına cavabında bildirmişdir ki, işçilərlə əmək müqaviləsi bağlamamışdır. Validə və digər şəxslər işləsə də əmək haqqı almamışdırlar. Əmək haqqı verə bilmirdilər. Əmək müqaviləsi yoxdur. Müqavilə 2002-ci ilə qədər olmuşdur. Prezidentin borcların bağlanması barədə 2006-cı ildən Fərmanı olmuşdur. Sosial sığorta üçün hesabatı Sevinc adlı işçisi vermişdir. Cavabdeh etirazında qeyd edir ki, iddia ərizəsində qeyd edilmiş əsas və faiz borcunun məbləği xx.xx.2019-cu il tarixdən əvvəl yaranmış və "Dövlət Sosial Müdafiə Fondu" X6 3 saylı Ərazi Vergilər İdarəsinə keçmişdir. Vergi ödəyicisi Azərbaycan Respublikası Korlar Cəmiyyətinin Xaçmaz rayon Təşkilatının (VÖEN **********) şəxsi hesab vərəqəsində yaranan MDSS, həmçinin MDSS üzrə faiz borcu vergi orqanları tərəfindən aparılmış hər hansı bir kameral vergi yoxlaması nəticəsində yaranmamışdır. Hal-hazırda mövcud olan müvafiq borc, müvafiq icra hakimiyyəti orqanı tərəfindən vergi orqanlarına təqdim edilən saldo nəticəsində yaranmışdır. Aktivlərin təqdim edilməməsi barədə maliyyə sanksiyası, xx.xx.2021-ci il tarixli **********946800 nömrəli məktuba qanunvericilikdə müəyyən edilmiş müddətdə cavab verilmədiyinə görə tətbiq edilmiş və xx.xx.2021-ci il tarixli **********004500 nömrəli qərar göndərilmişdir. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən vergi ödəyicisi qanunvericiliklə nəzərdə tutulmuş qaydada qəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən qəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 aprel 2019-cu il tarixli Qərarı ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.5-ci maddəsini şərh etmişdir (xx.xx.2019-cu il tarixdə “Respublika” qəzetində dərc olunaraq həmin tarixdən qüvvəyə minmişdir). Həmin qərarda əks olunmuş mövqeyə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin Məcəllənin müddəalarının tətbiq edilməsi istisna olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Bu funksiyaların həyata keçirilməsinin təmin edilməsi qanunla müəyyən edilmiş vergiləri ödəməklə bağlı fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrini yaradır. Konstitusiyanın 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 1.1-ci bəndinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sğorta, işsizlikdən sğorta və icbari tibbi sğorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Pzezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasını təmin edilməsi sahəsində dövlət nəzarətini həyata keçirilməsini təmin edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin struktruna daxil olan qurumdur. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsi ilə qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin, 24.0.1-ci maddəsi ilə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə görə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim olunmasına dair sərəncam verir. İddia ərizəsini təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. Məhkəmə bu məqsədlə ağlabatan müddət təyin edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə5 iştirak etmiş, izahatında bildirmişdir ki, vergi orqanı tərəfindən Korlar Cəmiyyətinə heçbir vergi hesablanmamışdır. Məbləğ özlərinin verdiyi hesabat əsasında yaranıb. 2019-cu il 01 yanvar tarixdən DSMF ödəniş nəzarəti Vergi orqanlarına həvalə edilmişdir. Heç bir qərar yoxdur. Sırf MDSS borcudur. DSMF hesabına köçürülməsində ləngiməyə görə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair KM Qərarına əsasən - Mülki Məcəllənin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin Məcəllənin müddəaları tətbiq edilmir. Faiz nə rəhbərliyin, nə də təşkilatın məsuliyyətində deyil. Həmin məbləğlərin silinməsinə əsas yoxdur. Qanun nəticəsində bir dəfə silinmişdir. Ondan sonra belə bir qanun tətbiq edilməmişdir. Tələbin vergi orqanına yönəlməsi tam absurddur. İddia rədd edilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi Nümayəndə3 iştirak etmiş, izahatında bildirmişdir ki, borcla bağlı DSMF ilə əlaqə saxlamışdırlar. Borc 2017-ci ildən hesablanmışdır. Elektron formada vergilərə ötürülür. Baza məlumatlarına əsasən əldə edilir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi Nümayəndə4 iştirak etmiş, izahatında bildirmişdir ki, cədvəl təqdim edilib. Mdss işəgötürən tərəfindən təqdim edilmiş hesabat əsasında hesablanır. İddiaçı tərəfindən təqdim edilmiş hesabat əsasında mdss üzrə borc məbləği yaranıb. Üçüncü şəxsin nümayəndəsi məhkəmə suallarına cavabında bildirmişdir ki, hesabat müəssisə tərəfindən hər il təqdim edilir. Əmək müqaviləsi olmadan hesabat təqdim edilə bilməzdi. Borcun silinməsi mümkün deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı var. Borclar bir dəfə bağışlansa da hazırda belə bir qərar yoxdur. İddiaçı işləyibsə əmək haqqı almalıdır. Bu halda mdss ödənişləri olmalıdır, əks halda gələcəkdə həmin şəxslərin pensiya almasında problemlər yarana bilər. Bu müəssisənin işçilərə ödəmədiyi mdss haqlarıdır. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-111/2022 saylı, xx.xx.2022-ci il tarixli Qətnaməsi ilə Nümayəndə1 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Nümayəndə1 iş materiallarına əlavə edilmiş AR ƏSSMN DSMF-nun Xaçmaz rayon şöbəsinə ünvanlanmış ərizəsində təşkilatın maliyyə vəsaiti olmadığı üçün xx.xx.2016-cı il tarixdən öz iş fəaliyyətini dayandırdığını, bundan sonra faəliyyətini ictimai əsaslarla davam etdirəcəyini qeyd etmişdir. İş materiallarına əlavə edilmiş Xaçmaz rayon Gözdən Əlillər Cəmiyyətinin xx.xx.2005-ci il tarixli, 03 saylı Əmrində Nümayəndə1 Azərbaycan Respublikası Gözlər Əlillər Cəmiyyətinin xx.xx.2005-ci il tarixli 32 Ş saylı əmrinin 2-ci hissəsinə görə maliyyə vəziyyəti İlə əlaqədar vəzifəsini xx.xx.2005-ci il tarixdən ictimai əsaslarla icra etməli olduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Xaçmaz rayon Gözdən Əlillər Cəmiyyətinin xx.xx.2016-cı il tarixli, 03 saylı X1 Cəmiyyətin metodisti ərizəsinə əsasən xx.xx.2016-cı il tarixdən işdən azad edilməsi qeyd edilmişdir. Kapital Bank ASC-nin Xaçmaz Filialının xx.xx.2024-cü il tarixli 115 saylı arayışında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Korlar Cəmiyyəti Xaçmaz rayon-un bank hesabı 11 Dekabr 2001-ci ildə açılmış və 07 May 2015 -ci ildə isə hesab bağlannmışdır. Hesabdan cəmi 898.92 qəpik mədaxil olmuşdur və sonuncu 05 May 2014-cü ildə DSMF-ə ödəniş getmişdir. Hesab üzrə çıxarış (AZ14AİİB******************** hesab nömrəli, xx.xx.2000-xx.xx.2024 hesabat tarixli) məktuba əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin 05 iyul 2024-cü il tarixli **********533900 saylı məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Korlar Cəmiyyətinin Xaçmaz Rayon Təşkilatının (VÖEN **********) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondundan vergi orqanına daxil olmuş məlumatlara əsasən Azərbaycan Respublikası Korlar Cəmiyyətinin Xaçmaz Rayon Təşkilatının xx.xx.2019-cu il tarixə məcburi dövlət sosial sığorta haqları üzrə ümumilikdə 3136,97 manat, o cümlədən 2605,0 manat əsas və hesablanmış faizlər üzrə 531,97 manat borcu mövcud olmuşdur. Həmçinin, hüquqi şəxsin aktivləri barədə məlumatı 10 gün müddətində vergi orqanına təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Korlar Cəmiyyətinin Xaçmaz Rayon Təşkilatına 100,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Hal-hazırda Azərbaycan Respublikası Korlar Cəmiyyətinin Xaçmaz Rayon Təşkilatının məcburi dövlət sosial sığorta haqları üzrə ümumilikdə 3236,97 manat, o cümlədən 2605,0 manat əsas, hesablanmış faizlər üzrə 531,97 manat və tətbiq edilmiş maliyyə sanksiyası üzrə 100,0 manat borcu (xx.xx.2021-ci il tarixli, **********004500 nömrəli Qərar) vardır. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işşizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi və onların hesablanmasına nəzarət xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikasının Vergilər Nazirliyinə həvalə edilmişdir. Həmin tarixdən əvvəlki dövrlərə aid olan və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər (rayon) şöbələri tərəfindən təmin olunmuş müvafiq daxilolmalar, təqdim edilmiş bəyannamələr barədə və ödənilməmiş borclar haqqında baza məlumatların xx.xx.2018-ci il tarixə olan vəziyyətə xx.xx.2019-cu il tarixdən DSMF-dən 3 saylı Ərazi Vergilər İdarəsinə saldo üzrə keçmişdir. Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2021-ci il tarixli, **********004500 saylı Qərara əsasən Azərbaycan Respublikası Korlar Cəmiyyətinin Xaçmaz Rayon Təşkilatı tərəfindən vergi ödəyicisinin aktivləri barədə məlumat əsas olmadan müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə ona qarşı Azərbaycan Respublikası Vergi məcəlləsinin 57.2-ci maddəsinə əsasən 100 manat maliyyə sanksiyası tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə prosesində iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, Xaçmaz rayon Təşkilatının xx.xx.2021-ci il tarixli qərarı əsasında Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin xx.xx.2021-ci il tarixli 01/1-Ş saylı Əmri ilə Nümayəndə1 Xaçmaz rayon Təşkilatının sədri vəzifəsinə təyin edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli 3-17-1/2-201556/2024 saylı məktubu ilə Nazirliyin elektron informasiya ehtiyatlarında olan sığortaedənin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək məcburi dövlət sosial sığorta haqqı üzrə borc məlumatlarını əks etdirən dinamika cədvəli məhkəməyə təqdim edilmişdir. İddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş Xaçmaz rayon Gözdən Əlillər Cəmiyyətinin əmlər kitabında 2008-2016-cı illərdə işçilərin müxtəlif vəzifələrə işə qəbul edilməsi barədə əmrlərin qeydi aparılmışdır. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Korlar Cəmiyyətinin Xaçmaz rayon Təşkilatına hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə ümumilikdə 3136,97 manat (2605.0 manat əsas, hesablanmış faizlər üzrə 531.97 manat) borcun silinməsini istəyir. Cavabdeh isə qeyd edir ki, vergi ödəyicisi Azərbaycan Respublikası Korlar Cəmiyyətinin Xaçmaz rayon Təşkilatının (VÖEN **********) şəxsi hesab vərəqəsində yaranan MDSS, həmçinin MDSS üzrə faiz borcu vergi orqanları tərəfindən aparılmış hər hansı bir kameral vergi yoxlaması nəticəsində yaranmamışdır. Hal-hazırda mövcud olan müvafiq borc, müvafiq icra hakimiyyəti orqanı tərəfindən vergi orqanlarına təqdim edilən saldo nəticəsində yaranmışdır. Aktivlərin təqdim edilməməsi barədə maliyyə sanksiyası, xx.xx.2021-ci il tarixli **********946800 nömrəli məktuba qanunvericilikdə müəyyən edilmiş müddətdə cavab verilmədiyinə görə tətbiq edilmiş və xx.xx.2021-ci il tarixli **********004500 nömrəli qərar göndərilmişdir. ... Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 aprel 2019-cu il tarixli Qərarı ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.5-ci maddəsini şərh etmişdir (xx.xx.2019-cu il tarixdə “Respublika” qəzetində dərc olunaraq həmin tarixdən qüvvəyə minmişdir). Həmin qərarda əks olunmuş mövqeyə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin Məcəllənin müddəalarının tətbiq edilməsi istisna olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin mövqeyi əsaslı olmuşdur. Belə ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidentinin 21 dekabr 2018-ci il tarixli, 421 nömrəli fərmanı ilə məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət 01 yanvar 2019-cu il tarixdən Azərbaycan Respublikasının Vergilər Nazirliyinə həvalə edilmişdir. Bu Fərmana qədər məcburi dövlət sosial sığorta haqlarını hesablanması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilirdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli 3-17-1/2-201556/2024 saylı məktubu ilə Nazirliyin elektron informasiya ehtiyatlarında olan sığortaedənin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək məcburi dövlət sosial sığorta haqqı üzrə borc məlumatlarını əks etdirən dinamika cədvəli məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən təqdim edilmiş hesabat əsasında mdss üzrə borc məbləği yaranmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən: Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər ...1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.10. məcburi dövlət sosial sığorta haqqı – sığortalamaya görə sığortaçıya ödənilən pul vəsaiti; Maddə 9-1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət 9-1.1. 9-1.1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. 9-1.2. Artıq ödənilmiş və ya düzgün tutulmamış məcburi dövlət sosial sığorta haqlarının geri qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 11. Sığortaolunanların hüquq və vəzifələri Sığortaolunanların vəzifələri aşağıdakılardır: sosial sığorta haqqını vaxtında ödəmək; sosial sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri sığortaçıya və ya sığortaedənə təqdim etmək. Maddə 14. Məcburi dövlət sosial sığorta haqqı 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. 14.3. Bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 1. Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Maddə 2. Məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir. Maddə 3. Məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə 2015-ci ilin 1 yanvar tarixindən 2018-ci ilin 1 aprel tarixinədək yaranmış borcların tənzimlənməsi 3.0. Bu Qanunun 2-ci maddəsi nəzərə alınmaqla sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir: 3.0.1. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir; 3.0.2. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir; 3.0.3. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir. Göründüyü kimi Qanunun müddəaları müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclara, 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borclara, 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borclara şamil edilir. İddiaçının isə xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək məcburi dövlət sosial sığorta haqqı üzrə ödənilməmiş borc məbləği mövcuddur ki, həmin borcların silinməsinə dair tənzimləmə mövcud deyildir. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən: Maddə 85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. 85.5-1. Bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına (bu sığorta haqları ilə bağlı tətbiq edilmiş maliyyə sanksiyaları və hesablanmış faizlər istisna olmaqla), habelə bu Məcəllənin 38.3.9-cu maddəsində nəzərdə tutulan hallara münasibətdə tətbiq edilmir. AR ƏƏSMN-nin DSMF-nin Kollegiyasının xx.xx.2014-cü il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş və mübahisələndirilən məbləğin hesablandığı dövrdə qüvvədə olan “Məcburi dövlət sosial sığorta haqqının toplanması” Qaydalarının 5.1-ci bəndinə əsasən məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (sığortaolunanın) vəsaitləri hesabına ödənilir. Qaydaların 5.2-ci bəndinə əsasən seçkili orqanlar və mülkiyyətindən və təşkilatihüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, habelə başqasını sosial sığortaedən şəxslər hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər. Qaydaların 5.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər; dövlət qulluqçuları; seçkili ödənişli vəzifələrdə işləyənlər; hərbi qulluqçular və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); prokurorluq orqanlarında xidmət keçən prokurorluq işçiləri; vergi orqanlarının işçiləri; əmək müqaviləsi (kontraktı) ilə işləyənlər hesablanmış əmək haqqının 3 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər. Qaydaların 7.4-cü bəndinə əsasən sığortaedənlər uçota alındığı DSMF orqanına hər rüb hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı və digər daxil olan məbləğlər barədə hesabat təqdim edirlər. Hər rüb üçün hesabat həmin rübdən sonra gələn birinci ayın 20-dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda DSMF orqanına təqdim edilməlidir. Aprelin, iyulun, oktyabrın və yanvarın 20-i iş günü olmayan dövrə təsadüf edərsə, hesabatın təqdim olunması müddəti ayın 20-dən sonra gələn birinci iş gününə qədər artırılır. Göründüyü kimi borc məbləği iddiaçı tərəfindən təqdim edilmiş hesabatlar əsasında yaranmışdır. İddiaçının nümayəndəsi izahatında işçilərlə əmək müqaviləsinin bağlanmadığını və əmək haqqının verilmədiyini bildirsə də, tərəfindən təqdim edilmiş Xaçmaz rayon Gözdən Əlillər Cəmiyyətinin əmlər kitabında 2008-2016-cı illərdə işçilərin müxtəlif vəzifələrə işə qəbul edilməsi barədə əmrlərin qeydi aparılmışdır. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar