Məhkəmə qərarları › İş №2-1(118)-4845/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4845/2024

16.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4845/2024 16.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Kazımova İradə Səlim qızının katibliyi ilə İddiaçı Səmədova (Əsgərova) Tükəzban Şıxı qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, Yaşma bağları massivi, “Maarif” Bağçılıq Cəmiyyətinin ərazisində yerləşən 519 saylı, 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Səmədova (Əsgərova) Tükəzban Şıxı qızı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X2 ( xx.xx.1987-ci il tarixdə Səmədov ilqar Şahid oğlu ilə rəsmi nikaha daxil olmuşlar) 02 avqust 1988-ci il Sumqayıt şəhəri X4 İcraiyyə Komitəsinin 16 saylı qərarına əsasən “Maarif” Bağçılıq Yoldaşlığının üzvlüyünə qəbul edilmiş və ona Yaşma “Maarif” Bağçılıq Yoldaşlığında 519 nömrəli 0,06 ha olan bağ sahəsi verilmişdir. X1 yaşamaq üçün 1999-cu ildə Almanya Federativ Respublikasına köçmüş və 2008-ci il tarixdə oranın vətəndaşlığını almışdır. xx.xx.2024-cü ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə Sumqayıt şəhəri, Yaçma bağlar massivi, “Maarif’ Bağçılıq Cəmiyyətinin ərazisində yerləşən 519 saylı 0,06 ha ölçülü torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyyata alınmasını ilə bağlı müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi həmin hüquqların qeydiyyata alınmasından imtina edilmişdir. Cavabdehin imtinası qanunsuzdur, belə ki, müvafiq qanunvericilik iddiaçıya aid edilməməlidir. Çünki onun mülkiyyət hüququnu əldə etmə hüququ şəhadətnamə verilən zaman torpaq ona satılan zaman əldə edilmişdir. Bu gün isə sadəcə bu hüququ rəsmiləşdirmək istəyir. Həmin torpaq sahəsi onun istifadəsinə verilən zaman, X3 Azərbaycan Respublikasının vətəndaşı idi, Almaniya Federativ Respublikasının vətəndaşlığını 2008-ci il tarixdə qəbul etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi kimi özünü təqdim edən Hüseynova Hicran Şıxı qızı iştirak etmiş, lakin onun iddiaçını təmsil etmək səlahiyyəti olmadığından həmin şəxs proses iştirakçısı kimi qəbul edilməmişdir. Məhkəmə tərəfindən izah edilmişdir ki, hazırki işdə iddia ərizəsini imzalayan Hüseynova Hicran Şıxı qızına verilmiş etibarnamədə ona, iddia ərizəsini imzalamağa səlahiyyət verilməsi xüsusi olaraq göstərilməmişdir. Beləliklə, hazırki iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə və ya səlahiyyətli nümayəndə ilə təmsil olunmaq hüququ vardır. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İddiaçıya izah edilsin ki, etibarnamədə nümayəndəyə iddia ərizəsini imzalamağa səlahiyyət verilməsi xüsusi olaraq göstərilməli, inzibati məhkəmə icraatı ilə bağlı işlər üzrə məhkəmələrdə təmsil etmək səlahiyyəti qeyd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar