Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-485/2020 16.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “X2 ona məxsus olan Sumqayıt şəhəri, 9-cu mikrorayon 4 a saylı evin 24 saylı mənzilindən passport qeydiyyatından çıxarılmasının cavabdehin üzərinə vəzifə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı X2 ona məxsus olan Sumqayıt şəhəri, 9-cu mikrorayon 4 a saylı evin 24 saylı mənzilindən passport qeydiyyatından çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Həmin orqanın 123-35959M-3219 saylı, xx xxxxxx 2019-cu il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 4a saylı evin 24 saylı mənzili AR DƏDRX-nin MH seriyalı ******* №li çıxarışına əsasən iddiaçının mülkiyyətindədir. Üçüncü şəxs kimi qeyd etdiyi X5 onun qardaşı oğludur. Qardaşının xahişi ilə oğlu 1985-ci il X4 2017-ci il tarixdə bəzi sənədləşmə işlərinə görə mülkiyyətində olan mənzilə pasport qeydiyyatına salmışdır. İddiaçı da müvəqqəti olaraq passport qeydiyyatına razılaşmışdır. Lakin sonra dəfələrlə müraciət etməsinə baxmayaraq daimi yaşayış yerinin olmadığını səbəb gətirərək hələ də qeydiyyatdan çıxmamışdır. Onun passport qeydiyyatında olmasına baxmayaraq iddiaçının mənzilində heçbir hüququ yaranmamış, mənzildən istifadə hüququna malik deyildir. Ona dair heçbir əmlak iddiaçının mənzilində yoxdur. Qeydiyyatı formal xarakter daşıyır. İddiaçı hesab etmişdir ki, onun qeydiyyatda qalması iddiaçının mənzil hüquqlarının pozulması deməkdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı xx xxxxxx 2020-ci il tarixli məhkəmə iclasında iştirak etmiş, ərizə ilə məhkəməyə müraciət edərək növbəti məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmiş və məhkəmə iclası iddiaçının iştirakı olmadan keçirilmişdir. Cavabdeh inzibati orqan iddiya münasibətində etirazın olmadığı bildirilmişdir. Cavabdehin nümayəndəsi və üçüncü şəxs X5 məhkəmə iclasına gəlməmiş və məhkəmə iclası tərəflərin iştirakı olmadan keçirilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 9-cu maddəsinə görə, yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndinə əsasən vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx xxxx 2016-cı il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx xxxxxxx 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Hazırkı işdə də iddiaçının özünün mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxardılmasını istədiyi üçüncü şəxsin mənzil üzərində istifadə hüququ müəyyən olunmur. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilən Mənzil Kommunal Sahəsinin verdiyi 6027 nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışda X2 xx xxxxxxx 2017ci ildə iddiaçıya məxsus evə qeydiyyata alındığı görsənir. X5 məhkəmə iclaslarına dəvət edilsədə, məhkəmə iclaslarında iştirak etməmiş, poçt göndərişlərində həmin ünvanda yaşamadığı qeyd edilmişdir. Beləliklə araşdırması zamanı həmin şəxsin sözügedən mənzildə yaşaması, yaşayış sahəsinə istifadə hüququnun olması müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X5 iddiaçıya məxsus evdə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradır. Buna görə də məhkəmə hesab edir ki, həmin şəxs iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və X2 iddiaçıya məxsus olan Sumqayıt şəhəri, 9-cu mikrorayon 4 a saylı evin 24 saylı mənzilindən passport qeydiyyatından çıxarılması cavabdehin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X2 iddiaçıya məxsus olan Sumqayıt şəhəri, 9-cu mikrorayon 4 a saylı evin 24 saylı mənzilindən passport qeydiyyatından çıxarılması cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-485/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-485/2020
16.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver