Məhkəmə qərarları › İş №2-1(118)-485/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-485/2021

01.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-485/2021 01.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı nümayəndəsi X7, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı “Abşeron rayonu İcra Hakimiyyəti başçısının xx xxxxxx 1992-ci il tarixli, 609 saylı və Abşeron rayon İcra Hakimiyyəti başçısının Aşağı Güzdək kəndi üzrə nümayəndəsinin xx xxxxxx 1992-ci il tarixli, 13 saylı sərəncamları ilə ayrılmış 1000 kv.m torpaq sahəsinin mülkiyyət hüququ əsası ilə dövlət qeydiyyatına alınması öhdəliyinin DƏDRX-nin 4 saylı Ərazi İdarəsinin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı “Abşeron rayonu İcra Hakimiyyəti başçısının xx xxxxxx 1992-ci il tarixli, 609 saylı və Abşeron rayon İcra Hakimiyyəti başçısının Aşağı Güzdək kəndi üzrə nümayəndəsinin xx xxxxxx 1992-ci il tarixli, 13 saylı sərəncamları ilə ayrılmış 1000 kv.m torpaq sahəsinin mülkiyyət hüququ əsası ilə dövlət qeydiyyatına alınması öhdəliyinin DƏDRX-nin 4 saylı Ərazi İdarəsinin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının Aşağı Güzdək kəndi üzrə nümayəndəsinin xx xxxxxx 1992-ci il tarixli, 13 saylı sərəncamı ilə Abşeron rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 1992-ci il tarixli 609 saylı sərəncamı əsas götürülərək Aşağı Güzdək kənd sakinlərinə, o cümlədən iddiaçının həyat yoldaşı X4 fərdi mənzil tikintisi üçün 1000 kv.metr olmaqla torpaq sahəsi ayrılmışdır. Həyat yoldaşı X6 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Əlavə olaraq bildirir ki, eyni vaxtda kənd sakinləri üçün ayrılmış evlər xüsusi mülkiyyət hüququ əsasında sənədləşdirilmişdir. Lakin iddiaçı həyat yoldaşının uzun sürən xəstəlikləri ilə əlaqədar digər üzrlü səbəblərdən tikdikləri fərdi yaşayış evini və 1000 kv.metr həyətyanı toıpaq sahəsini sənədləşdirməmişdir. İddiaçı həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdehin xx xxxxxxx 2018-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Mübahisəni məhkəmədənkənar qaydada həll edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Abşeron rayonu İcra Hakimiyyəti başçısının xx xxxxxx 1992-ci il tarixli, 609 saylı və Abşeron rayon İcra Hakimiyyəti başçısının Aşağı Güzdək kəndi üzrə nümayəndəsinin xx xxxxxx 1992-ci il tarixli, 13 saylı sərəncamları ilə X4 ayrılmış 1000 kv.m torpaq sahəsinin mülkiyyət hüququ əsası ilə dövlət qeydiyyatına alınması öhdəliyinin DƏDRX-nin 4 saylı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-338/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-274/2019 saylı xx xxxx 2019-cu il tarixli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə 2-1(85)- 338/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X12 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 2945/2019 saylı xx xxxxxxx 2019cu il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(105)-274/2019 saylı xx xxxx 2019- cu il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Yeni apellyasiya baxışı zamanı Sumqayıt Apellyasiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı hüquqi yardım göstərilərək, torpaq sahəsinin kimin adına rəsmiləşdirilməsi barədə dəqiqləşdirmə ərizəsinin alınması və torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış almadan X5 öldüyünə görə mərhumun qanun və ya vəsiyyət üzrə vərəsəsinə mübahisə predmeti olan torpaq sahəsinin X5 məxsus olması haqqında cavabdeh təşkilatdan arayışın tələb edilməsinin zəruriliyidir. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2- 1(105)-106/2020 saylı qərardadı ilə Sumqayıt İnzibati–İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilərək, yuxarıda qeyd olunan məsələrə qiymət verilməsi məqsədi ilə inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə qaytarılmışdır. Məhkəmə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərdadında qeyd olunan məsələlərin aydınlaşdırılması məqsədi ilə iddiaçıdan dəqiqləşdirmə ərizəsi almış və mərhum X1 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilib-verilməməsi dəqiqləşdirmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, mərhum X2 adına vərəsəlik işinin açılmasına baxmayaraq, ondan miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Belə olduğu tədqirdə məhkəmə hesab edir ki, iddiaçının hazır ki, iddia tələbi ilə məhkəmədə iddia qaldırmağa subyektiv hüququ yoxdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adma rəsmiləşdirilir. Yuxarıda sadalanan hüquq normasından görünür ki, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən arayış verilə bilər. İşdən görünür ki, iddiaçı mərhumun miras əmlakına dair vərəsəlik şəhadətnaməsinə malik olmadığı üçün, vəfat etmişə ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun öz adına dövlət qeydiyyatına alınması üçün əvvəlcə sözügedən arayışın verilməsindən ötrü cavabdehə müraciət etməli olduğu halda bunu etməmişdir. Digər tərəfdən, o, yalnız bu arayış, ondan sonra vərəsəlik şəhadətnaməsini əldə etdikdən sonra və hər bir halda, hüquqların ölmüş şəxsin deyil, məhz öz adına qeydiyyata alınmasını cavabdehdən tələb edə bilərdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Eyni zamanda müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı Abşeron Rayonu İcra Hakimiyyəti başçısının xx xxxxxx 1992-ci il tarixli, 609 saylı və Abşeron rayon İcra Hakimiyyəti başçısının Aşağı Güzdək kəndi üzrə nümayəndəsinin xx xxxxxx 1992-ci il tarixli, 13 saylı sərəncamları ilə X4 ayrılmış 1000 kv.m torpaq sahəsinin mülkiyyət hüququ əsası ilə onun adına dövlət qeydiyyatına alınması öhdəliyinin DƏDRX-in 4 saylı Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar