Məhkəmə qərarları › İş №2-1(118)-486/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-486/2020

26.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-486/2020 26.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs Xammədov Rövşən Xamməd oğlu) “xx.xx.1975-ci il təvəllüdlü Xammədov Rövşən Xamməd oğlunun iddiaçının xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan qəsəbəsi, Quşçuluq yaşayış massivi, 11-ci küçədə yerləşən 32 saylı evdən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibatiMəhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə qarşı “xx.xx.1975-ci il təvəllüdlü Xammədov Rövşən Xamməd oğlunun iddiaçının xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan qəsəbəsi, Quşçuluq yaşayış massivi, 11-ci küçədə yerləşən 32 saylı evdən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının qızı X1 xx xxxxxxx 2003-cü ildə Bakı şəhəri keçmiş Əzizbəyov rayon VVADQ şöbəsində 645 nömrəsi ilə rəsmiləşən nikahla cavabdeh Xammədov Rövşən Xamməd oğlu ilə ailə qurmuş və nikahdan sonra ərinin soyadını qəbul etmişdir. Onların nikahından xx.xx.2004-cü il təvəllüdlü Xammədov Emil Rövşən oğlu adında bir oğlu anadan olmuşdur. Bir müddət sonra cavabdeh iddiaçının mülkiyyətində olan 32 saylı evdə onlarla birgə yaşamağa başlamışdır. Təxminən 2009-cu ilin yay aylarında isə qızı ilə ailə münasibətlərinin pozulması ilə əlaqədar iddiaçının mülkiyyətində olan evdən çıxıb getmişdir. İddiaçıda olan məlumata görə, cavabdeh işləmək üçün 2010-cu ildən Rusiya Federasiyasına çıxıb getmiş, orada faktiki olaraq ailə qurmuş və 1 övladı doğulmuşdur. Cavabdeh iddiaçının evindən köçərkən özünə məxsus bütün əmlakını da götürmüşdür. Bu faktı, qonşuları X3, Mamedova Solmaz ismayıl qızı və X4 tərəfindən xx xxxxxxx 2017-ci ildə tərtib edilməklə, 4 saylı Mənzil Təsərrüfatı İstehsalat istismar Təmir Sahəsi tərəfindən təsdiq edilmişdir (aktı Abşeron rayon Məhkəməsinə təqdim etmişdim və qətnamədə qeyd olunub) Bundan əlavə, Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(012)-193/2019 saylı qətnaməsi ilə qızı Yeganə Xammədova ilə Rövşən Xammədov arasındakı nikah ləğv edilmiş, həmin qətnamə 11,03.2019-cu ildə qanuni qüvvəsini almış və 1 8.05.2019-cu ildə nikahın pozulması barədə şəhadətnamə alınmışdır. Eləcə də, iddiaçı Xammədov Rövşən Xamməd oğlunun yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Həmin Məhkəmənin xx xxxx 2018-ci il tarixli 2(012)-3938/2018 saylı qətnaməsi ilə iddia təmin olunmamış və əsas kimi məhkəmə göstərmişdir ki, cavabdeh Rövşən Məmmədov İddiaçı ailə üzvü deyildir və onun İddiaçı mülkiyyətində olan evə pasport qeydiyyatına alınmasına dair notarial qaydada razılıq ərizəsi olmamışdır. Belə olan halda, Rövşən Məmmədovun İddiaçı mülkiyyətində olan mənzildən istifadə hüququ yoxdur və hüquqi cəhətdən mövcud olmayan istifadə hüququnun itirilmiş hesab edilməsindən söhbət gedə bilməz. Odur ki, yekunda məhkəmə iddiaçıya izah edib ki, cavabdehin pasport qeydiyyatından çıxarılması üçün Abşeron rayon Polis idarəsinə müraciət etməlidir. İddiaçı qeyd olunan tələbə uyğun olaraq xx xxxxxxx 2019-cu il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, xx.xx.1975-ci il təvəllüdlü Xammədov Rövşən Xamməd oğlunun iddiaçının xüsusi mülkiyyətində olan Abşeron rayonu. Xırdalan qəsəbəsi. Quşçuluq yaşayış massivi, 11-ci küçədə yerləşən 32 saylı evdən pasport qeydiyyatından çıxarılmasını xahiş etmişdir. Həmin ərizə "Operativ" express vasitəsilə xx.xx.2019-cu ildə rəsmi qaydada cavabdehə təqdim edilmişdir. Lakin ərizənin təqdim edilməsindən 35 gündən artıq müddət keçməsinə baxmayaraq ərizəyə cavab verilməmişdir. Odur ki, hüqularının müdafiəsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdəmüvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə- məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda - müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında»Qanunun 9-cu bəndində (birinci abzasında və birinci bəndində) nəzərdə tutulmuş«müvafıq icra hakimiyyəti orqam»nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Göründüyü kimi, qanuni qüvvəsini almış Abşeron rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(012)-3938/2018 saylı qətnaməsi ilə Rövşən Məmmədovun İddiaçı mülkiyyətində olan 32 saylı evdən istifadə hüququnun olmadığı təsdiq edilmiş, buna görə də Rövşən Məmmədovun qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət etməyi iddiaçıya izah edilmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Ona görə də iddiaçı hesab edir ki, Rövşən Xammədovun mülkiyyətində olan 32 saylı evə istifadə hüququnun olmamasının qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci maddəsinə göstərilmiş istifadə hüququna xitam verilməsi və evdən çıxarma barədə məhkəmə qətnaməsinə bərabər tutulmalıdır. İddiaçı müvafiq razılıq ərizəsi ilə üçüncü şəxsi qızı ilə nikahda olduğuna görə mülkiyyətində olan evə daimi qeydiyyata aldırmışdır, qanunvericilikdə şəxsin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması nəzərdə tutulmasa da, evə istifadə hüququ mövcud olmayan və həmin evdə faktiki yaşamayan şəxsin həmin evdə formal olaraq qeydiyyatda qalması bir mülkiyyətçi olaraq əmlak hüquqlarını məhdudlaşdırır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmiş və məhkəmə iclası iddiaçının iştirakı olmadan keçirilmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, vətəndaşın qeydiyyatdan çıxarılması üçün Azərbaycan Respublikası DİN-nin 550 saylı əmrinin 5-ci maddəsinin “a” bəndinə əsasən yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin 10 nömrəli arayışına və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında çıxarıla bilər. Cavabdehin nümayəndəsi və üçüncü şəxsXammədov Rövşən Xamməd oğlu məhkəmə iclasında iştirak etməmişlər.Məhkəməcavabdehin nümayəndəsi və üçüncü şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmiş və məhkəmə iclası onların iştirakı olmadan keçirilmişdir. Əsaslandırma hissəsi: Məhkəməiş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanunun 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları özündə əks etdirir. Həmin maddəyə görə, yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndinə əsasən vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx xxxx 2016-cı il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx xxxxxxx 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutlmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hazırkı işdə iddiaçının özünün mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxardılmasını istədiyi üçüncü şəxsin mənzil üzərində istifadə hüququ müəyyən olunmur. Belə ki, Abşeron rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(012)-3938/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Xammədov Rövşən Xamməd oğluna qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh Xammədov Rövşən Xamməd oğlu İddiaçı ailə üzvü deyildir və onun iddiaçının mülkiyyətində olan evə pasport qeydiyyatına alınmasına iddiaçının notarial qaydada təsdiq olunmuş yazılı razılığı olmamışdır. Belə olan halda, cavabdeh Xammədov Rövşən Xamməd oğlunun İddiaçı mülkiyyətində olan mənzildən istifadə hüququ yoxdur və hüquqi cəhətdən mövcud olmayan istifadə hüququnun itirilmiş hesab edilməsindən söhbət gedə bilməz. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildən yaşayış sahəsindən istifadə hüququ olmayan şəxsin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.1975ci il təvəllüdlü Xammədov Rövşən Xamməd oğlu iddiaçının xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan qəsəbəsi, Quşçuluq yaşayış massivi, 11-ci küçədə yerləşən 32 saylı evdən pasport qeydiyyatından çıxarılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.1975-ci il təvəllüdlü Xammədov Rövşən Xamməd oğlu iddiaçının xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan qəsəbəsi, Quşçuluq yaşayış massivi, 11-ci küçədə yerləşən 32 saylı evdən pasport qeydiyyatından çıxarılması öhdəliyi Abşeron rayon Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar