Məhkəmə qərarları › İş №2-1(118)-4861/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4861/2025

30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4861/2025 30.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı X11 Mərkəzinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarında əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 4 aprel 2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Quba rayonu, İspik kəndi ərazisində yerləşən 0,8 ha torpaq sahəsi X2, X9, X5 və X3 ümumi birgə xüsusi mülkiyyətindədir.

Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

2. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı X11 Mərkəzi (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2, X6, X9, X5 adına verilmiş 4 aprel 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 5 saylı X13 Mərkəzinin əməkdaşları tərəfindən 6 mart 2024-cü il tarixdə Quba meşəbəyliyinin ərazisində meşə fondu torpaqlarının təyinatından kənar istifadə halları yoxlanılarkən Quba rayon İspik kənd sakini X1 meşəbəyliyinin 7 saylı dolayının 9-cu kvartalının ərazisində qanunsuz olaraq 0,80 ha X15 aid olan ərazini zəbt edərək 2024-cü ilin plan-proqnozların əsasən meşəbərpa tədbirlərinin aparılması ilə əlaqədar mexaniki torpaq hazırlığı işləri apararkən Mərkəzin əməkdaşlarına təzyiq göstərərək işin gedişinə maneəçilik törətməklə işin icrasını tam saxlamışdır. Həmin vətəndaşlar artıq neçə illərdir ki, Meşə Fonduna aid olan 0,80 ha ərazini qanunsuz istifadə edirlər. Həmin fakt əsasında 5 saylı RMTM-nin meşə əkini üzrə baş mühəndisi Telman Misrixanov, meşə uçotu və kadastr üzrə baş mühəndis Oruc Bayramov, Quba meşəbəyliyinin meşəbəyisi Hüseyn Abdulhüseynov, 7 saylı dolayın meşə gözətçisi Kamran Qafarovun iştirakları ilə 6 mart 2024-cü il tarixdə müvafiq akt tərtib edilmiş, ərazinin koordinatları, ərazidən çıxarış və fotoşəkillər akta əlavə edilmişdir. X2 4 aprel 2024-cü il tarixli çıxarışı təqdim edərək qeyd edilmiş Mərkəzə aid olan torpaqlara çıxarış aldığını bildirmişdir. Ona görə də qeyd edilir ki, həmin şəxsin təqdim etdiyi çıxarış Mərkəzin mülkiyyət hüquqlarını pozmuşdur. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilir.

4. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - “İPM”) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

5. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

6. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar.

Tərəflərin iştirakı və izahatları:

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öz səlahiyyətli nümayəndəsi ilə məhkəmə iclasında təmsil olunmamışdır.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. ...

42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

10. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

11. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.

12. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

13. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır.

14. Məhkəmə ilk öncə qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli, 5 saylı Qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

15. İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.

16. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir.

17. Hazırkı iş üzrə müəyyən edilir ki, iddiaçı iddia tələbi qaldıraraq, X2, X9, X5 və X4 verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 4 aprel 2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsini xahiş etmişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 22 yanvar 2025-ci il tarixli, 2-1(102)-116/2025 nömrəli qərarında qeyd edilmişdir ki, “...daşınmaz əmlakın dövlət reyestrindən çıxarış daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatını əks etdirən sənəddir və ona bağlıdır. İddiaçının hüquqi marağının təmin olunması və məqsədinə çatması baxımından çıxarış deyil, hüquqmüəyyənedici sənəd əsasında daşınmaz əmlak üzərində hüquqa dair reyestrdə aparılmış dövlət qeydiyyatı hüquqi əhəmiyyət kəsb edir... Belə ki, daşınmaz əmlaka dair əməliyyatlar fiziki anlamda mövcud olan çıxarış əsasında deyil, reyestrdəki qeydiyyat üzərindən aparılır.”

19. Məhkəmə İPM-in 13-cü maddəsinin tələblərini nəzərə alaraq, iddiaçı tərəfə hüquqi yardım edərək, nəzərinə çatdırmışdır ki, hazırkı iddia tələbində çıxarış deyil, çıxarışın verilməsi üçün əsas olmuş sənəd mübahisələndirilməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən göndərilmiş məktuba münasibətini bildirməmiş, həmçinin məhkəmə tərəfindən təyin edilmiş mümkünlük iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyul 2023-cü il tarixli, 2-1(102)-160/2023 nömrəli qərarına əsasən “...çıxarışın ləğvini tələb etmək, yəni bu barədə iddia qaldırmaq səlahiyyətinə malik olmaq üçün qeyd olunan çıxarışın iddiaçının hüququnu pozması imkanı mövcud olmalıdır. Belə imkan yalnız o halda mövcud olardı ki, üçüncü şəxslərə torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd iddiaçının həmin torpaq sahəsi üzərində hüquqlarına müdaxiləyə səbəb olduğundan iddiaçı tərəfindən mübahisələndirilmiş olsun və bunun nəticəsində həmin hüquqmüəyyənedici sənəd ləğv edilmiş olsun. Başqa sözlə, iddiaçı əvvəlcə üçüncü şəxsin adına olan hüquqmüəyyənedici sənədin ləğvinə nail olmalı və yalnız bundan sonra həmin torpaq sahəsinin ona ayrılması barədə hüquqmüəyyənedici sənədlərə əsasən torpaq sahəsi üzərində hüququnun qeydə alınmasını və bu barədə müvafiq sənədlərin verilməsini tələb edə bilər.”

21. Göstərilənlərə əsasən məhkəmə iddiaçının “çıxarışın ləğvi” tələbini mümkün hesab edə bilməz.

22. Eyni zamanda, hazırkı iddia tələbinin digər mümkünlük şərtlərinin ödənilibödənilməməsi ilə bağlı qeyd edilməlidir ki, hazırkı iddia tələbi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı qaldırılmışdır. Lakin iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisə predmeti olan çıxarışın ləğvi ilə bağlı cavabdeh orqana müraciət edilməmişdir.

23. Yuxarıda istinad edilən Ali Məhkəməsi Plenumunun Qərarınına əsaslanaraq, məhkəmə hazırkı halda mümkünlük şərtlərinə aid edilən cavabdehin imtinasının olubolmamasını yoxlamış, belə nəticəyə gəlir ki, bu baxımdan da iddia tələbinin mümkünlük şərti ödənilməmişdir.

24. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.

25. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı X11 Mərkəzinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X2, X6, X9, X5 adına verilmiş 4 aprel 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar