Məhkəmə qərarları › İş №2-1(118)-4863/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4863/2023

28.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4863/2023 28.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “üçüncü şəxslər xx.xx.1968-ci il təvəllüdlü X2 (övladı xx.xx.2017-ci il təvəllüdlü X10 ilə birlikdə), xx.xx.1983-cü il təvəllüdlü X1 (övladları – xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X11, xx.xx.2016-cı il təvəllüdlü X12 ilə birlikdə), xx.xx.2014-cü il təvəllüdlü Abdullayev Yadigar Zeyfi oğlunun iddiaçının xüusi mülkiyyətində olan Sumqayıt şəhəri, 45-ci məhəllə, 11A/14 saylı evin 42 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə vəzifə qoyulması” tələbinə dair iddiası üzrə inzibati mübahisəyə Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Sumqayıt şəhəri, 45-ci məhəllə, 11A/14 saylı evin 42 saylı mənzilindən X2 (övladı X10 ilə birlikdə), X1 (övladları – X8, X7, X11, X12 ilə birlikdə), Abdullayev Yadigar Zeyfi oğlunun pasport qeydiyyatından çıxarılmaları vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt şəhəri, 45-ci məhəllə, 11A/14 saylı evin 42 saylı mənzilini xx.xx.2013-cü il tarixdə bağışlama yolu ilə əldə etmişdir. Həmin mənzil iddiaçının xüsusi mülkiyyətindədir. xx.xx.1968-ci il təvəllüdlü X9, övladı xx.xx.2017-ci il təvəllüdlü X10, xx.xx.1983-cü il təvəllüdlü X3, övladları – xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X11, xx.xx.2016-cı il təvəllüdlü X12, habelə xx.xx.2014-cü il təvəllüdlü Abdullayev Yadigar Zeyfi oğlu ona məxsus evdə qeydiyyatda olmalarına baxmayaraq orada yaşamırlar. Onların həmin mənzildə qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Onların qeydiyyatdan çıxarılmaları ilə bağlı cavabdeh orqana müraciət edilsə də iddiaçıya imtina məktubu verilərək məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X9 və X3 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.

2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 28 noyabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclası barədə məlumatlandırılmasına və nümayəndəsinin iştirakının təmin ediləcəyini bildirməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmiş, məhkəməyə ünvanlanan məktubda sərəncama etirazının olmamasını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında iştirak edən, üçüncü şəxs qismində məhkəməyə cəlb edilmiş X3 iddia tələbini qəbul edərək mübahisəli mənzildən qeydiyyatdan çıxmağa etirazının olmadığını bildirdi. Sonuncu məhkəmə iclasında iştirak edən X9 da iddia tələbinə etiraz etmədiyini bildirdi.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. • Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda onun ərizəsinin icrasından imtina olunmuş və məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən xx.xx.1968-ci il təvəllüdlü X9, övladı xx.xx.2017-ci il təvəllüdlü X10, xx.xx.1983-cü il təvəllüdlü X3, övladları – xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X11, xx.xx.2016-cı il təvəllüdlü X12 və xx.xx.2014-cü il təvəllüdlü Abdullayev Yadigar Zeyfi oğlu Sumqayıt şəhəri, 45-ci məhəllə, 11A/14 saylı evin 42 saylı mənzilində (bundan sonra - mübahisəli mənzil) qeydiyyatdadırlar. • İşdə olan 10 iyun 2013-cü il tarixli mənzilin bağışlama müqaviləsinə əsasən mübahisəli mənzil iddiaçıya X4 tərəfindən bağışlanmışdır. • RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətində olmaqla xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. • Sumqayıt şəhəri, 45-ci məhəllə, 11A/14 saylı evdə yaşayan (müvafiq olaraq 43 və 54 nömrəli mənzillər) qonşular tərəfindən tərtib olunan və 7 saylı Mənzil Kommunal Sahəsi tərəfindən təsdiq olunan Akta əsasən üçüncü şəxslər iddiaçıya məxsus mənzildə yaşamırlar. 7 saylı Mənzil Kommunal Sahəsinin 685 nömrəli, xx.xx.2023-cü il tarixli arayışına əsasən həmin şəxslər mübahisəli mənzildə müvəqqəti qeydiyyatda olan şəxslərdir. • İşə əlavə edilmiş X9 və X1 notarial qaydada təsdiq edilmiş ərizələrinə əsasən onlar mübahisəli mənzilin satılmasına, bağışlanmasına və ya dəyişdirilməsinə etirazlarının olmadığını bildirmişlər.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İşdən göründüyü kimi iddiaçı hazırkı tələblə əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan tərəfindən iddiaçının ərizəsinin icrasından imtina edilmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. Belə ki, iş materiallarında olan çıxarışa əsasən mübahisəli mənzil İddiaçı məxsusdur. Həmin mənzildə olan üçüncü şəxslərdən X9 iddiaçının qardaşı, X10 yetkinlik yaşına çatmayan şəxs olmaqla qardaşı oğlu, X3 iddiaçının bacısı oğlu, yetkinlik yaşına çatmayan X8, X7, X11, X12 bacısı nəvələri, Abdullayev Yadigar Zeyfi oğlu isə onun vəfat edən qardaşı Abdullayev Zeyfi Müslüm oğlunun övladıdır. Hazırki iş üzrə iddiaçı sözügedən şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin həmin orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sözügedən mənzil iddiaçıya məxsusdur. İş materiallarından görünür ki, həmin mənzildə qeydiyyatda olan üçüncü şəxslərin mənzildə qeydiyyatı formal xarakter daşıyır və onlar faktiki olaraq həmin mənzildə yaşamır. Belə ki, üçüncü şəxslərdən X3 və X9 iddia tələbinə heç bir etirazlarının olmamasına dair notarial qaydada ərizə də imzalamışlar. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxslər iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X3 və X9 mübahisəli mənzildən qeydiyyatdan çıxarılmalıdır. Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı məhkəmə aşağıdakıları qeyd edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. İşdən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X5 atası X9, xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X11, xx.xx.2016-cı il təvəllüdlü X6 atası X3 qeydiyyatdan çıxarıldığı üçün yetkinlik yaşına çatmayan şəxslər də mübahisəli mənzildən qeydiyyatdan çıxarılmalıdır. Bundan əlavə məhkəmə Abdullayev Yadigar Zeyfi oğluna münasibətdə qeyd edir ki, məhkəmə sorğusu nəticəsində Sumqayıt şəhər Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən edilmişdir ki, atası Abdullayev Zeyfi Müslüm oğlunun ölümü xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi Abdullayev Yadigar Zeyfi oğluna münasibətdə də təmin edilməlidir. Qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, üçüncü şəxslər xx.xx.1968-ci il təvəllüdlü X2 (övladı xx.xx.2017-ci il təvəllüdlü X10 ilə birlikdə), xx.xx.1983-cü il təvəllüdlü X1 (övladları – xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X11, xx.xx.2016-cı il təvəllüdlü X12 ilə birlikdə), xx.xx.2014-cü il təvəllüdlü Abdullayev Yadigar Zeyfi oğlunun iddiaçının xüusi mülkiyyətində olan Sumqayıt şəhəri, 45-ci məhəllə, 11A/14 saylı evin 42 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:

İddia təmin edilsin. xx.xx.1968-ci il təvəllüdlü X9, övladı xx.xx.2017-ci il təvəllüdlü X10; xx.xx.1983-cü il təvəllüdlü X3, övladları – xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X11, xx.xx.2016-cı il təvəllüdlü X12; xx.xx.2014-cü il təvəllüdlü Abdullayev Yadigar Zeyfi oğlunun iddiaçının xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 45-ci məhəllə, 11A/14 saylı evin 42 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar