Məhkəmə qərarları › İş №2-1(118)-4865/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4865/2025

19.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4865/2025 19.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X6 Təşəkkül oğlunun sədrliyi, Yusubov Elvin Əlizadə oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2014-cü il tarixdən 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyinin elektron altsistemdə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib cavabdehin onun müddətsiz əlilliyinin ləğv edilməsi barədə qərarının ləğv edilməsi və xx.xx.2014-cü il tarixdən 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyin elektron sistemdə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1969-cu il tarixində Azərbaycan Respublikası, Qubadlı rayonunda anadan olmuş, X7, 1992-ci-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, müharibə veteranıdır. X1 xx.xx.1994-cü ildə Füzuli rayonu, Güllücə kəndində şəhid olmuşdur. Hərbi xidmətdə aldığı xəsarətlərlə bağlı xx.xx.2011-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, ona “Hərbi Tvmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı verilmişdir.xx.xx.2000-ci ildən xx.xx.2008-ci ildək ona Ümumi xəstəlik ilə əlaqədar 2-ci dərəcə müddətli əlillik, xx.xx.2008ci ildən ona Ümumi xəstəlik ilə əlaqədar 2-ci dərəcə müddətsiz əlillik və xx.xx.2014-cü il tarixdə təkrar Səhiyyə müəssisəsinin göndərişi (88 nömrəli forma) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə müddətsiz əlillik təyin edilmişdir. Məhkəməyə müraciət edən tarixədək cavabdeh əlilliyimin ləğv edilməsi barədə ona heç bir inzibati akt, bu barədə qərar, bildiriş və ya hər hansı bir yazılı məlumat təqdim etməmişdir. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair (httvs://www. e-sov, az/az/services/read/3493/0) elektron sistemə baxış keçirən zaman ona məlum olmuş ki, onun müddətsiz əlilliyi elektron sistemdə əsasız olaraq bir illik kimi göstərilib, belə ki, ona qarşı bu çox haqsız mövqedir, çünki o, 2014-cü ildən müddətsiz əlildir. Hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza yə Reabilitatsiya Agentliyi mənim xx.xx.2014-cü ildən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup müddətsiz əlil olmağını elektron sistemdə bərpa etməlidir. Bu barədə Ali Məhkəmənin 2-1(102)-3289/2024 nömrəli xx.xx.2024-cü il tarixli, 2-1(102)-3627/2024 nömrəli xx.xx.2024-cü il tarixli, 2-1(102)-1330/2023 nömrəli xx.xx.2023-cü il tarixli və 2-1 (J02)-996/2022 nömrəli xx.xx.2022-ci il tarixli analoji qərarlarını iddia ərizəmə əlavə edir. Qeyd edir ki, onun əlilliyinin bərpa edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki, o 2014-cü ildə qiymətləndirilmiş və 2-ci qrup müddətsiz əlildir.Cavabdehin hərəkətləri qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, “Əlillik altsistemində” olan məlumatlara əsasən iddiaçıya xx.xx.2016-cı il tarixdən 5 il müddətinə Ümumi xəstəlik səbəbilə İkinci dərəcə əlillik təyin edilmişdir. Əlillik müddəti bitdikdən sonra iddiaçı tərəfindən əlillik vəziyyətinin qiymətləndirilməsi barədə yeni Forma-88 nömrəli göndəriş rəsmiləşdirilməmişdir........ Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən cavabdehin nümayəndəsi X2 eyniməzmunlu izahat verərək, iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin etiraz ərizəsi, iddiaçıya aid inzibati icraat materiallarının təsdiqlənmiş surəti, DSMF-nin Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktub, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktub, Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji işlər üzrə qərarların surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ müddətsiz əlilliyin ləğv edildiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Agentlik hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, əlilliyin təyin edilməsi Agentliyin səlahiyyətlərinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi hazırkı iddia tələbi üzrə cavab verməli olan orqandır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Agentliyə müraciət etmiş, inzibati orqanın imtina qərarı ilə onun müraciətinə müsbət cavab verməmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən digəri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının (məskunlaşdığı) Abşeron rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1-ci bəndinə əsasən Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir.1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər, 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İddiaçının ərizəsində qeyd edilənlərə əsasən ona 2000-2008-ci illər arası müddətli, 2008-2024-cü illər arası ümumi xəstəlik səbəbindən müddətsiz 2-ci dərəcə əlillik təyin edilmiş və xx.xx.2014-cü ildən etibarən əlilliyin səbəbli əlaqəsi dəyişdirilərək, “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi” ilə əlaqədar müddəstsiz 2-ci dərəcə əlillik təyinatı aparılmışdır. Lakin, təqdim edilən iş materiallarından görünür ki, iddiaçıya ilk dəfə xx.xx.2007-ci ildən ümumi xəstəlik səbəbindən bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, daha sonra onun əlilliyi xx.xx.2008-ci ildən müddətsiz olaraq müəyyən edilmiş, növbəti dəfə iddiaçıya təyin edilmiş əlilliyin səbəbli əlaqəsi dəyişdirilərək, xx.xx.2014-cü il tarixdən 1 il müddətinə, xx.xx.2016-cı il tarixdən isə 5 il müddətinə ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçı tərəfindən təqdim edilən 9 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının 519629 nömrəli arayışından görünür ki, iddiaçıya xx.xx.2014-cü ildən etibarən əlilliyin səbəbli əlaqəsi dəyişdirilərək, “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi” ilə əlaqədar müddəstsiz 2-ci dərəcə əlillik təyinatı aparılmışdır. Lakin, arxiv məlumatlarında həmin arayışın olması öz təsdiqini tapmadı. İddiaçının hüquqi marağı əlavə müayinələr aparılmadan ona xx.xx.2014-cü il tarixdən “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi” ilə əlaqədar ikinci dərəcəli müddətsiz əlillik təyin edilməsi və həmin tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz əlilliyinin elektron altsistemə daxil edilməsindən ibarətdir.Başqa sözlə desək iddiaçının xx.xx.2014-cü il tarixli qərar əsasında əlilliyinin bərpa etdirilməsində məqsədi odur ki, həmin inzibati aktla onun müddətsiz əlilliyi müəyyən edilmişdir. İş materiallarında olan sənədlərə əsasən inzibati orqanın xx.xx.2014-cü il tarixdən 1 il müddətinə, xx.xx.2016-cı il tarixdən 5 il müddətinə ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin edilmiş və növbəti müayinə tarixi xx.xx.2020-ci ilə təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 nömrəli 2020-ci il 16 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Başqa sözlə iddiaçı xx.xx.2020-ci il tarixinədək əlilliyi olan şəxs olmuş, bu tarixdən sonra yeni göndəriş təqdim edilmədiyindən onun bu statusu aradan qalxmışdır. İnzibati orqanın xx.xx.2014-cü il tarixli qərarı ilə əlaqədar olaraq məhkəmə qeyd edir ki, xx.xx.2014-cü il tarixli qərar “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 4.9-cu bəndinə əsasən TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2). Məhkəmə qeyd edir ki, əlilliyin müəyyən edilməsi barədə xx.xx.2014-cü il tarixli qərar 1 illik müddəti əhatə etmiş, həmin qərarda düzəliş edilərək əlilliyin müddətsiz olması barədə qeyd aparılsa da, əlilliyin müddətli, yəni 5 il müddətinə müəyyən olunmasına dair daha sonra xx.xx.2016-cı il tarixli inzibati akt qəbul edilmişdir. İddiaçı inzibati orqanın xx.xx.2014-cü il tarixli və xx.xx.2016-cı il tarixli qərarlarını heç vaxt mübahisələndirməmişdir. Göründüyü kimi xx.xx.2016-cı il tarixli inzibati aktın qəbul edilməsi ilə xx.xx.2014-cü il tarixli qərar öz hüquqi qüvvəsini itirmiş olur. Beləliklə, xx.xx.2014-cü il tarixli qərar sonradan hüquqi qüvvəsini itirmiş inzibati akt olduğundan (ondan sonra xx.xx.2016-cı il tarixli yeni inzibati akt qəbul edilmiş və inzibati hüquq münasibətləri məhz bu aktla tənzimlənməkdə davam etmişdir) iddiaçının “14 dekabr 2014-cü il tarixindən ikinci dərəcə “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi” ilə əlaqədar müddətsiz əlillik dərəcəsinin əlillik alt sisteminə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2014-cü il tarixdən 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyinin elektron altsistemdə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar