Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4875/2024 08.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə (Açar sözlər: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanı ilə müəyyənləşdirilən ödəmənin alınması üçün siyahıya daxil edilmə) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Kazımova İradə Səlim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “X2 adının 1997-ci ilin avqustun 2-dək ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər(matros) və çavuşların siyahısına əlavə edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi" tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı məhkəməyə müraciət edərək X2 adının 1997-ci ilin avqustun 2-dək ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər(matros) və çavuşların siyahısına əlavə edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, X4 16 fevral 1992- ci ildə Xocavənd rayonu Qaradağlı kəndinin müdafiəsi zamanı erməni quldurları tərəfindən öldürülmüşdür. O zaman atası hərbi mükəlləfıyyətçi kimi toplanışa səfərbər edilərək hərbi geyim geyinərək rayonun özünümüdafiə batalyonunun tərkibində Xocavənd rayonu işğal edilənə kimi erməni qəsbkarlarına qarşı döyüşərək şəhid olmuşdur. Bunları təsdiqləyən dövlət qurumlarından verilən bir çox sənədlər var və eyni zamanda Dövlət Təhlükəsizlik Xidməti və Qırmızı Xaç Komitəsində də məlumat var, hətta iddiaçıdan qan analizidə götürülübdür. Hal - hazırda iddiaçı ailə şəhid ailəsi kimi qanunvericilikdə nəzərdə tutulmuş qaydada bir çox imtiyazlardan istifadə edir. Lakin birdəfəlik ödəmə olan 11 000 ( on bir min ) manat məbləğində sığorta ödənişini ala bilmir və bəhanə gətirirlər ki, sizin atanız hərbçi olmayıbdır. Bundan başqa cavab verilmir. Birinci Qarabağ müharibəsi zamanı atası hərbi mükəlləfiyyətçi olaraq erməni təcavüzkarlarına qarşı döyüşürdülər, bu zaman ermənilər kənddə, şəhərdə qarşısına kim çıxırdı öldürürdülər. Atası Xocavənd rayonunun Qaradağlı kəndi uğrunda gedən qızğın döyüşlər zamanı rayon özünümüdafiə batalyonunun tərkibində vuruşaraq ölmüşdür, şəhid adı isə hərbi əməliyyatlar zamanı həlak olması, ölməsi və ya xəbərsiz itkin düşməsinə görə şəhid statusu verilir. Ailəyədə bundan sonra şəhid ailəsi statusu verilmişdir, buna görə də birdəfəlik ödəmə olan 11 000 ( on bir min ) manat məbləğində sığorta ödənişi onlara da şamil olunur. Birdəfəlik söğorta ödənişi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 4-cü bəndində göstərilir ki, birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə ( toplanışda ) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişi verilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1994- cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarına əsasən şəhid ailəsi kimi güzəşt və imtiyazlardan istifadə edirilər. ”Şəhid adını əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının qanunun 1- ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericilikdə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 saylı 15. 01. 1994- cü il tarixli qərarı ilə təsdiq edilmiş” şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarına əsasən”
1. 1. ci bəndinə görə Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qanununun 1.2.4-ci bəndində göstərilir ki, Ermənistanla sərhəd rayonlarda və Qarabağda erməni təcavüzü habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi ) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar. Bu qanunların tələblərinə məhəl qoyulmur və müxtəlif bəhanələrlə işin həll olunmasına mane olunur, iddiaçı dəfələrlə məsələ ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Xocavənd rayon şöbəsinə yazılı müraciət etsə də heç bir nəticə olmur. Bunların hərəkətlərindən bezərək məhkəməyə müraciət etmək məcburiyyətindədir. Əlavə olaraq bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir, oradan bildirilmişdir ki, birdəfəlik ödəniş olan 11 000 ( on bir min ) manat məbləğində sığorta ödənişini almaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ( alt sisteminə ) siyahısına daxil etməlidir, bundan sonra məsələyə baxıla bilər. iddiaçının atası erməni təcavüzü nəticəsində şəhid olmuşdur və hesab edir ki, cavabdeh yuxarıda göstərilən xüsusatları nəzərə almadan müraciəti təmin etməkdən imtina etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “X2 adının 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş əsgər (matros) və çavuşların siyahısına əlavə edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən, iddia ərizəsini təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. Məhkəmə bu məqsədlə ağlabatan müddət təyin edir. İddiaçı iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında “ Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli, 1 nömrəli Fərmanına əsasən, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsinə, mənzilməişət problemlərinin həll olunmasına, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsinə şərait yaratmışdır. Bu sahədə dövlət siyasətinin mühüm istiqamətlərindən biri də hərbi qulluqçulara dövlət icbari sığortasının tətbiqidir. 1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılmış, belə ödənişlərlə bağlı maliyyə təminatı məsələsi həll edilmiş və Qanuna uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılmışdır. Həmin Qanunun tətbiqindən əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların, eləcə də daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdur. Həmin Fərmanın 5-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etsin və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin. Bu Fərmandan müddəalarından görünür ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını hərbi idarəetmə orqanları birgə müəyyən etdikdən sonra ödənilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. Belə ki, hərbi idarəetmə orqanları tərəfindən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edilmiş 1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş hərbi qulluqçuların siyahılarında X2 adı keçmir. Göründüyü kimi mərhum X4 mülki şəxs olmuş və onun adının hərbi qulluqçu kimi “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında “ Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli, 1 nömrəli Fərmanında nəzərdə tutulmuş siyahıya adının daxil edilməsi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən mümkünsüzdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd Rayon Bölməsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: İş materiallarına əlavə edilmiş Xocavənd raton İHB tərəfindən imzalanmış xx.xx.1998-ci il tarixli, 213 saylı arayışda qeyd edilmişdir ki, X4 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan mübarizədə erməni təcavüzü nəticəsində həlak olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 saylı qərarına və rayon İHB-nın sərəncamına əsasən X1 şəhid ailəsi statusu verilmişdir. Xocavənd rayon İHB-nın Qaradağlı kənd İcra nümayəndəsinin xx.xx.2012-ci il tarixli, 379 saylı arayışında X2 xx.xx.1992-ci il tarixdə şəhid olduğu və onun son yaşayış yerinin Xocavənd rayon Qaradağlı kəndi olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd Rayon Bölməsinin xx.xx.2024-cü il tarixli 260/2024 saylı mövcud və arxiv sənədlərində mərhum X2 hərbi xidmətə çağırılması, xidmət keçməsi, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda hərbi qulluqçu kimi həlak olması barədə heç bir məlumat olmadığı qeyd edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-25-14/2-3792/2024 saylı məktubunda qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan “Şəxsi heyətin elektron məlumat sistemi”nə əsasən X2 Azərbaycan Ordusunda hərbi qulluqçu qismində xidmət keçməsi barədə məlumat yoxdur.
Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı X2 adının 1997-ci ilin avqustun 2-dək ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər(matros) və çavuşların siyahısına əlavə edilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, hərbi idarəetmə orqanları tərəfindən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edilmiş 1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş hərbi qulluqçuların siyahılarında X2 adı keçmir. Göründüyü kimi mərhum X4 mülki şəxs olmuş və onun adının hərbi qulluqçu kimi “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında “ Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli, 1 nömrəli Fərmanında nəzərdə tutulmuş siyahıya adının daxil edilməsi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən mümkünsüzdür. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. X2 hərbi qulluqçu olmaması işin mübahisəsiz halıdır, iddiaçı izahatında bu faktı təsdiq etmiş və mübahisələndirməmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 2.0.9. hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar; Maddə 29. Hərbi andiçmə ..... 29.3. Hərbi qulluqçular ancaq hərbi and içdikdən sonra döyüş növbətçiliyinə (döyüş xidmətinə) təyin edilə və ya döyüş tapşırığının yerinə yetirilməsinə cəlb edilə bilərlər və onlara silah və hərbi texnika təhkim oluna bilər. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanı:
1. 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə (bundan sonra – birdəfəlik ödəmə) verilsin.
2. Birdəfəlik ödəmə bu Fərmanın 5-ci və 5-1-ci hissələrində nəzərdə tutulmuş siyahılardakı hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.
5. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etsin və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin. 5-1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş daxili işlər orqanları əməkdaşlarının siyahısını 2019-cu il fevralın 15-dək müəyyən edib Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin. Fərmanın 1-ci, 2-ci və 5-ci bəndlərindən görünür ki, bu Fərmanla nəzərdə tutulmuş birdəfəlik ödəmə hərbi qulluqçuların vərəsələrinə aid edilmiş, həmçinin 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını aidiyyəti dövlət orqanları ilə birgə müəyyən edilməsi və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi vəzifəsi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilmişdir. Lakin iddiaçının atası X2 hərbi qulluqçu olması hər hansı sənədlə təsdiq edilmir və müvafiq təminata götürülməsinə dair əmr olmamışdır. Vahid məhkəmə təcrübəsini müəyyyən edən Ali Məhkəmə İnzibati Kollegiyasının 2-1(102)-2326/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı:
41. Məhkəmələr iddianı təmin edərkən həmçinin ona əsaslanmışlar ki, müvafiq təminata götürülməyərək (müvafiq əmr olmayan) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşərək şəhid olmuş şəxslərə münasibətdə fərqli yanaşma (hərbi qulluqçu statusu əldə etmələri ilə bağlı) ayrı-seçkilik hesab oluna bilər. Kollegiya hesab edir ki, hazırkı işin halları baxımından iddiaçıya münasibətdə inzibati orqan tərəfindən qeyri-bərabər rəftara yol verilməmişdir. Çünki, bərabərlik hüququnun tələblərinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağan edilir. Eynilə, inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Bu mənada, Fərmanla nəzərdə tutulan ödənişlərin alınması yalnız 1997-ci il avqustun 2dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə malik hüquqlar kimi tanınmışdır. Başqa sözlə, hazırkı halda norma yaradıcının məqsədi məhz sözügedən şəxslər dairəsinə konkret imtiyazlar verilməsinə yönəlmişdir. Belə olan halda, qeyd edilən şəxslər dairəsinə aid olanlara və olmayanlara münasibətdə fərqli qərarın verilməsi qanuni və əsaslı olmaqla ayrı-seçkilik kimi qiymətləndirilə bilməz. Çünki hər iki vəziyyətin faktiki halları müxtəlifdir (hərbi qulluqçu və daxili işlər orqanları əməkdaşı statusuna malik olan şəxslər və belə statusa malik olmayan digər şəxslər) və həmin müxtəliflik fərqli qərarların verilməsini qanuni və əsaslı edir. “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 79-1-ci maddəsinə əsasən, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Hazırkı halda cavabdehin hərəkəti qanuni olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Aynur Axundova