Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4875/2025 31.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: müddətsiz əlilliyin elektron sistemdə bərpa edilməsi) GİRİŞ HİSSƏ X4-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə qarşı “müddətsiz əlilliyin elektron sistemdə bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 31 oktyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən müddətsiz əlilliyinin ləğv edilməsi barədə qərarı ləğv edilməsi, xx.xx.2024-cü il tarixdən 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyinin elektron sistemdə bərpa edilməsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra, iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı xx.xx.2024-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi” ilə əlaqədar İİ qrup müddətsiz əlilliyinin elektron sistemdə bərpa edilməsi öhdəliyinin cavabdehin üzrinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1962-ci il tarixində Oubadlı rayonunda anadan olmuşdur. X9, 1992-1995-ci illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda yedən döyüşlərdə zabit kimi iştirak etmişdir. Hərbi xidmətdə aldığı xəsarətlərlə bağlı xx.xx.2007-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, ona “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı verilmişdir. xx.xx.2008-ci ildən xx.xx.2014-cü ilədək ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup müddətli əlillik və xx.xx.2014-cü il tarixdə təkrar Səhiyyə müəssisəsinin göndərişi (88 nömrəli forma) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup müddətsiz əlillik təyin edilmişdir. Məhkəməyə müraciət edən tarixədək cavabdeh əlilliyinin ləğv edilməsi barədə heç bir inzibati akt, bu barədə qərar, bildiriş və ya hər hansı bir yazılı məlumat təqdim etməmişdir. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair elektron sistemə baxış keçirən zaman məlum olmuşdur ki, müddətsiz əlilliyi elektron sistemdə əsassız olaraq bir illik kimi göstərilib, belə ki, ona qarşı bu çox haqsız mövqedir, çünki 2014-cü ildən müddətsiz əlildir. İddiaçı hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi xx.xx.2014-cü ildən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup müddətsiz əlil olmağını elektron sistemdə bərpa etməlidir. Xüsusi ilə qeyd edir ki, mən xx.xx.2024-cü ilədək pensiya və təqaüdlə təmin edilmişdir. Bu barədə Ali Məhkəmənin 2- 1(102)-3289/2024 nömrəli xx.xx.2024-cü il tarixli, Ali Məhkəmənin 2-1(102)-3627/2024 nömrəli xx.xx.2024-cü il tarixli, Ali Məhkəmənin 2-1(102)-1330/2023 nömrəli xx.xx.2023-cü il tarixli və Ali Məhkəmənin 2-1(102)-996/2022 nömrəli xx.xx.2022-ci il tarixli analoji qərarlarını iddia ərizəsinə əlavə edilmişdir. Qeyd edir ki, iddiaçının əlilliyinin bərpa edilməsi məqsədi də yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki 2014-cü ildə qiymətləndirilmiş və 2-ci qrup müddətsiz əlildir, hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin qarşı etdiyi haqsızlıq tam əsassızdır, bu səbəbdən də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən əlilliyi bərpa edilməlidir. Bu səbəbdən də, hal-hazırda müraciətinin məhkəmə qaydasında həll olunmasını hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. Cavabdehin iddiaya qarşı yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının “Əlillik altsistemi”ndə olan məlumatlara əsasən, xx.xx.2014-ci il tarixli qərara əsasən, 1 il müddətinə Ümumi xəstəlik səbəbi ilə ikinci dərəcə əlilliyi olmuşdur. xx.xx.2015-ci il tarixindən etibarən iddiaçıya 5 il müddətinə Ümumi xəstəlik səbəbi ilə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik müddəti bitdikdən sonra iddiaçı tərəfindən yeni forma-88 nömrəli arayış rəsmiləşdirilməmişdir. Məlumat üçün bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq, “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyinizi xahiş etmişdir.
5. Şifahi məhkəmə dinləməsi (məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Şifahi məhkəmə dinləməsi (məhkəmə baxış iclası) zamanı iştirak edən cavabdehin nümayəndəsi imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi
ƏSASLANDİRMA HİSSƏSİ
İİ. İddianın növü və mümkünlüyü
7. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olubolmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
10. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
11. 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.
12. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məcburetmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüquqa malikdir.
13. İddia tələbinin xüsusi mümkünlük şərtlərindən biri də cavabdeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Belə ki, inzibati orqan tərəfindən iddiaçının ərizəsinə sonuncu dəfə cavab verilməmiş, məhkəmə prosesləri gedişində xx.xx.2025-ci il tarixdə imtina cavabı verilmişdir.
14. İddiaçının iddia ərizəsi isə xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil omuşdur.
15. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının yaşayış yeri Sumqayıt şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır.
İİİ. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
16. Tibbi-Sosial ekspertiza müayinəsindən çıxarışdan görünür ki, xx.xx.2008-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya ilkin 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.
17. Tibbi-Sosial ekspertiza müayinəsindən çıxarışdan görünür ki, xx.xx.2010-cu il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.
18. Tibbi-Sosial ekspertiza müayinəsindən çıxarışdan görünür ki, xx.xx.2011-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.
19. Tibbi-Sosial ekspertiza müayinəsindən çıxarışdan görünür ki, xx.xx.2013-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.
20. Tibbi-Sosial ekspertiza müayinəsindən çıxarışdan görünür ki, xx.xx.2014-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.
21. Tibbi-Sosial ekspertiza müayinəsindən çıxarışdan görünür ki, xx.xx.2014-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir.
22. Tibbi-Sosial ekspertiza müayinəsindən çıxarışdan görünür ki, xx.xx.2015-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.
23. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmət Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 37 nömrəli arayışdan görünür ki, ehtiyatda olan b/l-t İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixə kimi N saylı hərbi hissədə hərbi xidmət keçib və Müdafiə Nazirinin 0501 №-li, xx.xx.1995-ci il tarixi əmrinə əsasən ehtiyata buraxılmışdır.
24. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Komissiyasının xx.xx.2007-ci il tarixli, 208 nömrəli qərarından görünür ki, Qubadlı RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Mir-Qasımov adma Respublika klinik xəstəxanasında müayinə və müalicə olunduğu travma - diaqnoz: “Alın sümüklərinin deformasiyası ilə ağır dərəcəli qapalı kəllə-beyin travması. Baş beynin əzilməsi. Sol budun əzilməsi, sol bud sümüyünün yerdəyişməyən sınığı” (Qubadlı RHK-mn xx.xx.2007-ci il tarixli 25 nömrəli arayışı və göndərişi, Respublika İdinik xəstəxanasının verdiyi xx.xx.1992ci il tarixli çıxarış epikrizi ilə təsdiq edilir), “HƏRBİ TRAVMA, AZƏRBAYCAN RESPUBLİK V SİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”.
25. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-17-4/2-26617/2025 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq, vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd (məhkəmə qərarı və s.) əsas götürülür. Müəyyən olunmuşdur ki, İddiaçı ilkin olaraq xx.xx.2008-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən ikinci dərəcə 1 il müddətinə (xx.xx.2009-cu il tarixinədək), sonrakı dövrdə isə təkrar olaraq xx.xx.2010-cu il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbilə ikinci dərəcə 1 il müddətinə (xx.xx.2011-ci il tarixinədək) əlillik təyinatı aparılmışdır. Növbəti dəfə vətəndaşa xx.xx.2011-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən ikinci dərəcə 1 il müddətinə (xx.xx.2012-ci il tarixinədək) əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Daha sonra, İddiaçı xx.xx.2013cü il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən ikinci dərəcə 1 il müddətinə (xx.xx.2014-cü il tarixinədək) əlillik təyinatı aparılmışdır. Sonrakı dövrdə vətəndaşa ümumi xəstəlik səbəbindən ikinci dərəcə xx.xx.2014-cü il tarixindən 1 il müddətinə (xx.xx.2015-ci il tarixinədək) və xx.xx.2014-cü il tarixindən (xx.xx.2015-ci il tarixinədək) ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Şəxsin ümumi xəstəlik səbəbilə ikinci dərəcə əlillik təyinatı xx.xx.2015-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.1-ci bəndinə uyğun olaraq, dövlət tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmədən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2020-ci il tarixinədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Bildiririk ki, Agentliyin arxiv şöbəsinin tibbi-sosial ekspertiza sənədləri arasında araşdırma zamanı vətəndaşa dair xx.xx.2009-cu il, xx.xx.2014-cü il və xx.xx.2014-cü il tarixili TSEK arayışı və protokol məlumatlar arasında uyğunsuzluq mövcud olduğundan üzləşdirilməsi və “Əlillik” altsisteminə şəxsin əlillik məlumatlarının daxil edilməsi mümkün olmamışdır. Qeyd edək ki, vətəndaşın əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə əlilliyini təsdiqləyən sənədlərlə (qərar, şəhadətnamə, həqiqi hərbi xidmətdə olan şəxslərin hərbi bileti, məhkəmə aktı, epikriz, tibbi rəy, TSEK arayışı və digər sənədlər) birlikdə Agentliyə (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küç. 134) qəbula gəlməsi tövsiyə olunur.
İV. Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikasının Konstitusiyasının: 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamə ... 1.4. Tibbi-sosial ekspert komissiyaları iki pilləli şəkildə təşkil olunur: ilkin pillə — zona tibbi-sosial ekspert komissiyaları; ali pillə — Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzi və Naxçıvan Muxtar Respublikası Tibbi-Sosial Ekspert Komissiyası. 1.5. Tibbi-sosial ekspert komissiyaları əlillik dərəcələrinin (qrupunun), müddətini və səbəbini müəyyən edir. Şəxsin həyat fəaliyyətinin məhdudlaşması dərəcəsindən asılı olaraq “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamə əsasında İ, İİ və İİİ qrup əlillik təyin edilir və Uşaqların sağlamlıq məhdudluğunun müəyyən olunması meyarları”na əsasən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilir. ... 3.1. İlkin TSEK-lərin vəzifələri. Tibbi-sosial ekspert komissiyaları: ... həyat fəaliyyətinin məhdudlaşmasının və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını təyin edir, sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edir;
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının: 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.6-cı bəndinə əsasən, orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə əsasən, göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.1.2-ci bəndinə əsasən, göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda əlilliyin səbəbi Agentlik tərəfindən dəyişdirilir. 3.4-cü bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
29. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
İV. Məhkəmənin mövqeyi
30. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
31. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı 1992-1995-ci illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda yedən döyüşlərdə zabit kimi iştirak etmişdir. Hərbi xidmətdə aldığı xəsarətlərlə bağlı xx.xx.2007-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, ona “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı verilmişdir. xx.xx.2008-ci ildən xx.xx.2014-cü ilədək ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup müddətli əlillik və xx.xx.2014-cü il tarixdə təkrar Səhiyyə müəssisəsinin göndərişi (88 nömrəli forma) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup müddətsiz əlillik təyin edilmişdir. Məhkəməyə müraciət edən tarixədək cavabdeh əlilliyinin ləğv edilməsi barədə heç bir inzibati akt, bu barədə qərar, bildiriş və ya hər hansı bir yazılı məlumat təqdim etməmişdir.
32. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə görə, cavabdeh inzibati orqan istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Cavabdeh əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməli idi. Hazırki halda bu baş verməmişdir.
33. İddiaçıya 9 nömrəli Tibbi Sosial Ekspert Komissiyası tərəfindən təyin edilmiş əlillik müddətsiz olduğu, həmçinin təyin edilmiş əlillik daha sonra inzibati orqan tərəfindən dəyişdirilmədiyi və ya ləğv edilmədiyi halda, əlillik alt sistemində iddiaçıya təyin edilmiş əlillik müddətli göstərilmişdir.
34. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarında olan və Arxiv və Sosial Ödənişlərin Çeşidlənməsi üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş arayışda da iddiaçıya təyin edilmiş əlilliyin müddətsiz olunması qeyd edilmişdir.
35. Müddətsiz əlilliyin müəyyən olunmasının məqsədi dövlət tərəfindən şəxsin sağlamlığında sabit və geridönməz pozuntuların olduğunun və həmin pozuntularda əhəmiyyətli yaxşılaşmanın obyektiv səbəblərdən mümkün olmadığının qəbul edilməsidir. Başqa sözlə, qanunverici müddətsiz əllilik müəyyən edilmiş şəxslərə münasibətdə onların reabilitasiya imkanlarının tükəndiyini qəbul edir, buna görə də, onların təkrar müayinəyə cəlb edilməsi zərurəti aradan qalxmış olur. Belə yanaşma, bir tərəfdən, şəxsin sağlamlığında əhəmiyyətli yaxşılaşmaların artıq istisna edildiyi hallarda onun mütəmadi təkrar müayinələrdən keçirilməsi ilə bağlı dövlət orqanlarını əlavə yükdən azad edir və dövlət resurslarına qənaət olunmasına xidmət edir. Digər tərəfdən isə, müddətsiz əlilliyi müəyyən olunmuş şəxs sabit və davamlı sosial dəstək təminatı əldə edir və yenidən müayinədən keçmədən, sosial dəstək təminatlarını itirmək qorxusunu yaşamadan öz həyatını planlaşdırmaq imkanı qazanır. Beləliklə, əlilliyin müddətsiz müəyyən olunması ilə həm dövlət orqanlarının və şəxsin əlavə inzibati yükdən azad olunmasına nail olunur, xüsusən dövlət reabilitasiyası artıq mümkün olmayan həmin şəxslərin təkrar müayinəsi ilə bağlı əlavə resurs sərfindən azad edilir, həm də müvafiq sahədəki dövlət idarəçiliyinin səmərəliliyi və proqnozlaşdırıla bilən olması, eləcə də şəxslərin hüquqi statuslarının sabitliyi və müəyyənliyi təmin edilir (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2025-ci il tarixli, 2-1(102)-1043/2025 nömrəli Qərarı).
36. Məhkəmə hesab edir ki, iddiaçıya əlilliyin müddətsiz təyin edilməsi barədə sənədin verilməsi nəticəsində iddiaçının onun barəsində qəbul edilmiş inzibati akta, həm də cavabdehin hərəkətlərinə etimad hüququ yaranmışdır. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindəndir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.
37. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı).
38. Məhkəmə hesab edir ki, iddiaçının 2014-cü il tarixdə təyin edilmiş (müddətsiz) əlilliyi ilə bağlı məlumatlar elektron sistemə yerləşdirilməli, onun etimad hüququ qorunmalıdır.
39. Həmin məlumatların mötəbərliyi ilə bağlı inzibati orqanda əsaslı şübhələr olduğu təqdirdə isə, sözügedən inzibati orqan inzibati icraat aparmaqla qanunauyğun olaraq əlilliyin dayandırılması barədə qərar qəbul edə bilər, lakin hazırki iş materiallarında belə bir inzibati icraatın həyata keçirilməsi müəyyən olunmamışdır.
40. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
41. Eyni zamanda, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarında (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-996/2023 nömrəli, xx.xx.2022-ci il tarixli, 2-1(102)- 2442/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)- 1330/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-1353/2023 nömrəli qərarları, 2-1(102)- 1841/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, cavabdeh əlilliyin ləğv edilməsi məsələsini həll edərkən, eyni zamanda həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Qeyd etmək lazımdır ki, "İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər, yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.
42. Məhkəmə qeyd edir ki, həqiqətən də, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin təyin edilməsində, dəyişdirilməsində və təyin edilmiş əlilliyin ləğv edilməsində sərbəstdir, lakin bu cavabdeh inzibati orqanı “İnzibati icraat haqqında” Qanunda müəyyən edilmiş qayda və meyarlara uyğun davranmaq öhdəliyindən azad etmir, yəni cavabdeh inzibati orqan iddiaçının əlilliyinin etibarsız hesab edilməsi zamanı qanunvericiliyin tələbini pozmuşdur.
43. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh orqan iddiaçının əlilliyini etibarsız hesab edərkən “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməli olduğu halda, bunu etməmişdir. Odur ki, iddiaçı tələbində haqlıdır.
44. İPM-in 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
45. İPM-in 68-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
46. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən ikinci qrup “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi” ilə əlaqədar müddətsiz əlilliyinin elektron sistemdə bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X4-Abbaszadə