Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-488/2021 08.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Qusar rayonu Qusar bələdiyyəsinə və qeyrilərinə qarşı hərracların nəticələrinə dair müqavilənin, protokolun, şəhadətnamənin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə X2 Ərazi Torpaq Müsabiqə və Hərrac komissiyasına, Qusar rayonu Qusar bələdiyyəsinə və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 mart 2020-ci il tarixli 13/05-06 N-li Hərrac müqaviləsinin, Hərracın nəticələri barədə 14 may 2020-ci il tarixli 13/05 N-li protokolun, Cavabdeh5 verilmiş 20 may 2020-ci il tarixli AM seriyalı 011679 N-li şəhadətnamənin, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi və onlardan törədən bütün hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı B.Cəliova iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinin tələbinə uyğun olaraq iddiaçıya hüquqi yardım göstərilərək cavabdehlərin sırasını və iddia tələbini dəqiqləşdirmək təklif edilmişdir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdeh qismində Qusar rayon Qusar bələdiyyəsini, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə X2 Ərazi Torpaq Müsabiqə və Hərrac komissiyasını və ayrı-ayrı fiziki şəxsləri göstərmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşmə verməmiş və iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında ƏMDX yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin etibarnaməsi əsasında iştirak edən ƏMDX-nin Xaçmaz Ərazi şöbəsinin əməkdaşı X3 ƏMDX-nin Xaçmaz Ərazi şöbəsinin müstəqil hüquqi şəxs olmadığını izah etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Vvəla məhkəmə qeyd edir ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında həm inzibati orqanları, həm də ayrı-ayrı fiziki şəxsləri cavabdeh qismində göstərmişdir ki, bu hal inzibati mhkəmə icraatının prinsiplərinə ziddir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs hesab edilir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzinati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bundan başqa iddia ərizəsindən göründüyü kimi hazırki mübahisə təbiətinə görə mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. Məhkəmə qeyd edir ki, mübahisənin xarakterindən göründüyü kimi iddiaçının tələbi mülki münasibətlərdən yaranmışdır və inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növlərinə aid deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Lakin, hazırki iddia tələbi üzrə mübahisə inzibati deyil, mülki-hüquqi xarakterlidir. Bu səbəbdən də iddia tələbinə inzibati mübahisə kimi inzibati məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 15.3-cü bəndinə görə mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Qusar rayonu Qusar bələdiyyəsinə və qeyrilərinə qarşı hərracların nəticələrinə dair müqavilənin, protokolun, şəhadətnamənin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası mümkün sayılmamalı, iddiaçıya müvafiq iddia ilə cavabdeh orqanın yerləşdiyi yer üzrə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Qusar rayonu Qusar bələdiyyəsinə və qeyrilərinə qarşı hərracların nəticələrinə dair müqavilənin, protokolun, şəhadətnamənin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-488/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-488/2021
08.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver