Məhkəmə qərarları › İş №2-1(118)-489/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-489/2020

05.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-489/2020 05.03.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı iştrakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “üçüncü şəxslər X7, X2, X8, X4, X5, X6, X10, X1 və X9 Sumqayıt şəhəri 11-ci mikrorayon, 6 saylı evin 45 saylı mənzilindən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə öhdəlik qoyulması tələbinə” dair iddiası üzrə inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı bildirmişdir ki, Sumqayıt şəhəri 11-ci mikrorayon, 6 saylı evin 45 saylı mənzili onun xüsusi mülkiyyətindədir. 2016-cı ildə cavabdehlərin xahişi əsasında onun mənzilinə qeydiyyata düşüblər. Üçüncü şəxslər qeydiyyat düşdükləri tarixdən də həmin mənzildə yaşamayıblar. Həmin faktı iddia ərizəsinə əlavə olunmuş Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB– nin 17 saylı MKS-nin və qonşuların tərtib etdiyi akt da təsdiq edir. Üçüncü şəxslərin qeydiyyatdan çıxarılması məqsədi ilə Sumqayıt şəhər Polis İdarəsinə yazılı surətdə ərizə ilə müraciət etmiş, xx.xx.2019–cu il tarixdə Sumqayıt şəhər Polis idarəsinin rəsmi məktubunda da qeyd olunur ki, Sizin Sumqayıt şəhər Polis İdarəsinə ünvanladığınız ərizənizə Sumqayıt ŞPİ-nin Qeydiyyat Məsələləri Bölməsində baxılmışdır. Bununla əlaqədar bildiririk ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması aşağıdakı hallarda mümkündür: 1. yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2. başqa ölkədə yaşayış yeri seçdikdə–müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3. azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4. öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə– ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5. yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; Odur ki, X7, X3, X8, X4, X5, X6, X10, X1 və X9 qeydiyyatdan çıxarılmasına görə məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. Göründüyü kimi üçüncü şəxslər ümumiyyətlə hazırki sözü gedən mənzildə yaşamayıblar. İddia ərizəsinə əlavə olunmuş Masallı Rayon Məhkəməsinin xx xxx 2015–ci il tarixli 2 (050)-904/ 15 saylı qətnaməsindən də göründüyü kimi hazırda X14 və X9 yaşayış yeri analarının qeydiyyatda olduğu Sumqayıt şəhəri, 11-ci mkr, ev 6, 45 saylı mənzildir. Həmçinin Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2014–cü il tarixli 2(060)-40241/2014 saylı qətnaməsindən də göründüyü kimi X1 yaşayış yeri anası X6 qeydiyyatda olduğu Sumqayıt şəhəri 11–ci mkr, ev 6, 45 saylı mənzildir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən yaşayış yerini dəyişdikdə şəxs qeydiyyatdan çıxarılmalıdır. Beləliklə də hazırda üçüncü şəxslərin mənzildə qeydiyyatda olması onun mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilməlidir.Bu qanunsuzdur və onun mülkiyyət hüquqlarnı məhdudlaşdırır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçı eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh təşkilata qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmişdir. Bundan başqa cavabdeh təşkilat məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Sumqayıt şəhər Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 123-33760N- 3219 nömrəli məktub və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışı, Qətnamələrin surətləri, Üçüncü şəxslərin notarial qaydada təsdiqlənmiş razılıq ərizələri və digər sənədlər daxildir Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, üçüncü şəxslərin Sumqayıt şəhəri 11-ci mikrorayon, 6 saylı evin 45 saylı mənzilə hər hansı bir mülkiyyət hüquqularının olmadığını özlərinin iradəsi əsasında notarial qaydada təsdiqlənmiş razılıq ərizələrinədə bildirmişlər. Beləliklə, məhkəmə hesab edir ki, üçüncü şəxslər X7, X2, X8, X4, X5, X6, X10, X1 və X9 Sumqayıt şəhəri 11-ci mikrorayon, 6 saylı evin 45 saylı mənzil üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmaları İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından və qanunvericiliyə əsasən, yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğu nəzərdə tutulduğundan iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideyinlik hüquqlarını itirməmiş valideyinlərinin yaşayış yeri sayılır,qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, X10, X1 və X9 valideyinləri qeyd olunan mənzildən pasport qeydiyyatından çıxmağa razıdırlar. Ona görədə hesab edilir ki, yetkinlik yaşına çatmayan şəxslər həmin mənzildən pasport qeydiyyatlarından çıxarılmalıdırlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. X7, X2, X8, X4, X5, X6, X10, X1 və X9 Sumqayıt şəhəri 11-ci mikrorayon, 6 saylı evin 45 saylı mənzildən qeydiyyatdan çıxarılmaları Sumqayıt şəhər Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar