Məhkəmə qərarları › İş №2-1(118)-489/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-489/2022

09.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-489/2022 09.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X7 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil (Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili, ünvan 1 ünvanında yaşayan), Cavabdehin nümayəndəsi X2 (ƏMDX-nin yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin Hüquq şöbəsində hüquq məsləhətçisi işləyən, ünvan 2 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu Mehdiabad qəsəbəsində 0,06 ha torpaq sahəsində inşa etdiyi qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Mehdiabad qəsəbəsində 0,06 ha torpaq sahəsində Abşeron rayon İcra Hakimiyyəti Başçısının 11.11.2014-cü il tarixli, 4276-T№-li məktubu və Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma şöbəsi tərəfindən razılaşdırılmış layihə əsasında inşa etdiyi qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0,06 ha ölçüdə torpaq sahəsi və torpaq sahəsində olan 1 mərtəbəli 83,3 kv m ölçüdə qeyriyaşayış binası mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Əmlak üzərində mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində **********66-06301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə 10.11.2012-ci il tarixdə qeydiyyata alınmış və RX seriyalı 0074472№-li çıxarış verilmişdir. Abşeron rayonu İcra Hakimiyyəti tərəfindən Mehdiabad qəsəbəsində aparılan abadlıq, yenidənqurma işləri ilə əlaqədar olaraq köhnə tikililərin abadlaşdırılmasına tapşırıq verilmişdir. İddiaçı Abşeron Rayon İcra Hakimiyyətinin şifahi tapşırığı əsasında ərazidə yeni ticarət obyektinin inşa etməyi planlaşdırmışdır. Qeyri-yaşayış sahəsinin layihəsinin hazırlanması üçün "xxxx" MMC-yə müraciət edib, tikintinin layihəsini hazırlatdıqdan sonra tikinti aparılmasına razılıq verilməsi və layihənin təsdiq edilməsi üçün Abşeron rayon İcra Hakimiyyətinə müraciət edib, mülkiyyət sənədinin və yeni tikmək istədiyi tikilinin layihəsini təqdim etmişdir. İcra Hakimiyyəti tərəfindən "xxxx" MMC tərəfindən tərtib edilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisidə yerləşən iddiaçıya məxsus mövcud qeyri-yaşayış obyektinin memarlıqplanlaşdırma bölməsi təsdiq edilmiş, tikintinin aparılmasına razılıq verilmişdir. Abşeron rayon İcra Hakimiyyəti Başçısının səalhiyyətlərini müvəqqəti icra edən İ.Gülməmmədova tərəfindən 11.11.2014-cü il tarixli 4276-T№-li məktubla RX seriyalı 0074472№-li çıxarışla mülkiyyətimdə olan 0,06 ha torpaq sahəsində inşası nəzərdə tutulmuş qeyri-yaşayış obyektinin tikintisinin eskiz layihəsi və baş planı-tikinti işlərinin qüvvədə olan tikinti norma və qaydalarına uyğun şəkildə razılaşdırılmış eskiz əsasında aparılması, tikinti aparılan ərazidə sanitar, yanğın təhlükəsizliyi normaları ilə yanaşı yaşama prinsiplərinə riayət olunması, tikinti müddətində və razılaşdırılmış eskizdən kənarlaşma halları nəzərdə tutularsa, əvvəlcədən müvafiq dəyişikliklər barədə RİH Başçısı aparatının memarlıq və tikinti sahəsinə məlumat verilməsi, qeyd edilən şərtlər iddiaçı tərəfindən pozularsa, mövcud məlumatlandırma icraatının öz qüvvəsini itirmiş hesab olunması razılaşdırılmışdır. Abşeron rayon İcra Hakimiyyəti Başçısının 31.10.2017-ci il tarixli, 1668-T№-li məktubu ilə Mehdiabad qəsəbəsi ərazisində iddiaçının mülkiyyətində olan 0,06 ha torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisi məqsədi ilə 4276-T№-li, 11.11.2014-cü il tarixli sərəncamın işçi sənəd kimi qüvvədə qalmasına etiraz edilmədiyi bildirilmişdir. "xxxx" MMC tərəfindən hazırlanmış və Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən razılıq verilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisidə yerləşən mülkiyyət hüququ ilə iddiaçıya məxsus torpaq sahəsində “Memarlıq-Planlaşdırma Bölməsi” təsdiq edilmiş, tikinti layihəyə əsasən inşa edilib tamamlanmışdır. Tikinti işləri tamamlandıqdan sonra Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin Baş Dövlət Tikinti İdarəsi tərəfindən 29 oktyabr 2020-ci il tarixli, Ö/004173№-li istismara hazırlıq aktı verilmişdir. Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisidə inşa etdiyi qeyri-yaşayış sahəsinin istismarına Abşeron rayonu İcra Hakimiyyətinin Başçısı tərəfindən 16 mart 2020-ci il tarixdə 018/1 №-li icazə verilmişdir. Mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan 0,06 ha torpaq sahəsində yeni layihə əsasında inşa etdiyi qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Müraciətinə cavabdeh tərəfindən 18.10.2021-ci il tarixli məktubla mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdi və iddia ərizəsinini dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsdi X6 iddianə qəbul etməyərək izah etdi ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən yeni layihələndirilmiş qeyri-yaşayış binasının tikintiyə icazə verilməsi barədə sənədinin ərizəyə əlavə edilmədiyi, həmçinin istismarına icazə sənədinin mövcud qanunvericiliyin tələblərinə uyqun tərtib edilmədiyi aşkar edilmişdir. Belə ki, sözügedən sənəddə istismara hazırlıq aktının verilmə tarixi və qeydiyyat nömrəsi, tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi qeyd edilməmişdir. Bundan başqa qeyri-yaşayış binasının ümumi tikintialtı sahəsinin 150 kv m hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Həmçinin müraciət üzrə əlavə edilmiş 3458 inventar nömrəli texniki pasportda göstərilən qevri-yasayış binasının sökülməsinə dair icazə verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının sərəncamının müraciətə əlavə olunmadığı müəyyən edilmişdir. İş materiallarında olan: -AN-İ №0322273 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X1 Hüseyn Məsmalı oğluna Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0,06 ha ölçüdə torpaq sahəsi və torpaq sahəsində olan 1 mərtəbli 83,3 kv m ölçüdə qeyri-yaşayış binasını satmışdır. -RX №0074472 seriyalı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 1 mərtəbəli 83,3 kv m ölçüdə qeyriyaşayış binası İddiaçı xüsusi mülkiyyətindədir. -Ö/004173 nömrəli istismara hazırlıq aktından görünür ki, həmin akt Abşeron rayonu, Mehdiabad qəsəbəsində ünvanında yerləşən 1 mərtəbli 83,3 kv m ölçüdə qeyriyaşayış binası barəsindədir. - Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 018/1 nömrəli 16.03.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış binası tikinti obyektinin istismarına icazə verilmişdir. - Abşeron rayon İcra Hakimiyyətinin 11.11.2014-cü il tarixli tarixli məktubundan görünür ki, RX №0074472 seriyalı reyestrdən çıxarışla Mehdiabad qəsəbəsində mükiyyətində olan 0.06 ha torpaq sahəsində inşası nəzərdə tutulmuş qeyri-yaşayış obyektinin tikintisinin eskiz layihəsi və baş planı İcra hakimiyyəti tərəfindən müvafiq şərtlər daxilində razılaşdırılır. - DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən 10.11.2012-ci il tarixdə olan vəziyyətə əsasən tərtib edilmiş daşınmaz əmlakın texniki pasportundan görünür ki, həmin texniki pasport İddiaçı oğlunun xüsusi mülkiyyətində olan qeyri-yaşayış binası barəsində tərtib edilmişdir, əsas tikilialtı sahə 106.2 kv m, digər 81.1 kv m, faydalı sahə və ümumi sahə 83.3 kv m təşkil edir. - "xxxx" MMC tərəfindən 2019-cu ildə tərtib edilmiş eskiz layihədən görünür ki, həmin eskiz layihə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən İddiaçı məxsus olan qeyriyaşayış obyekti barəsindədir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh iddiaçının müraciətinə cavab olaraq qeyri-yaşayış binasının tikintiyə icazə verilməsi barədə sənədinin ərizəyə əlavə edilmədiyi, həmçinin istismarına icazə sənədinin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi, eyni zamanda qeyri-yaşayış binasının ümumi, tıkıntialtı sahəsinin 150 kv m hissəsinin, yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağında yerləşdiyi aşkar edildiyi, həmçinin müraciət üzrə əlavə edilmiş 3458 inventar nömrəli texniki pasportda istərilən qeyri-yaşayış binasının sökülməsinə dair icazə verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının sərəncamının hazırkı müraciətinizə əlavə olunmadığı bildirərək onun müraciətini təmin etməkdən imtina etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0, 8.0.1-ci maddələrində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş əsaslardan biri kimi qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar nəzərdə tutulmuşdur. Həmin Qanunun 10.2.1-ci madddəsində vurğulanır ki, hüquqların dövlət qeydyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. Şəhərsalma və Tikinti Məcəlləsinin 102-ci maddəsinə əsasən Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum istismara icazə verməzdən əvvəl tikintinin və ya onun hissələrinin ekspertizadan keçirilməsinə dair ekspertiza müəssisəsinə müraciət edə bilər. Bu müraciət tikintinin təhlükəsizliyi baxımından əsaslandırılmış olmalıdır. Obyektin şəhərsalma və tikintiyə dair normativ sənədləri ilə müəyyən edilmiş tələblərə uyğunluğunun əlavə olaraq yoxlanılması üçün tikintinin və ya onun hissələrinin ekspertizadan keçirilməsinə çəkilən xərclər uyğunluğun təsbit edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən ödənilir. Məhkəmə qeyd edir ki, ilkin olaraq 82.3 kv m sahəyə malik qeyri-yaşayış sahəsi N.Həbibovanın mülkiyyəti kimi qeydə alınmış, daha sonra sonuncu həmin əmlakı və 0.06 ha torpaq sahəsini İddiaçıya satmışdır. Bundan sonra iddiaçı yerli icra hakimiyyəti memarlıq və şəhərsalma idarəsinin təsdiq etdiyi layihə əsasında yeni tikili inşa etmişdir. Həmin tikili hazır olduqdan sonra istismaraına icazə sənədi tərtib edilmişdir. Lakin cavabdeh həmin sənədin qanunvericiliyə uyğun qaydada tərtib edilmədiyi bildirmişdir. Məhkəmə hesab edir ki, həmin qüsürlara buna səlahiyyətli orqanlar tərəfindən yol verilmişdir və iddiaçıya bu səbəblə inşa etdiyi qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsi əsassızdır. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının inşa etdiyi binaının 150 kv m hissəsinin yüksək gərginlikli (6 kVt) elektrik xəttinin mühafizə zolağında yerləşdiyini iddia etsə də, bu halları təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları “Daşınmaz əmlakln dövlət reyestri haqqnda” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində təsbid edilmişdir. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehiabad qəsəbəsində 0,06 ha ölçüdə torpaq sahəsində Abşeron rayon İcra Hakimiyyəti Başçısının 11.11.2014-cü il tarixli, 4276-T№-lik məktubu və Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsi tərəfindən razılaşdırılmış layihə əsasında inşa etdiyi qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu Mehiabad qəsəbəsində 0,06 ha ölçüdə torpaq sahəsində inşa etdiyi qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 4 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar