Məhkəmə qərarları › İş №2-1(118)-4895/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4895/2024

29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4895/2024 29.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Xızı rayonu, Yeni Yaşma kəndi inzibati ərazi vahidi üzrə 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitaba əsasən 0.20 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, Xızı rayonu, Yeni Yaşma kəndi inzibati ərazi vahidi üzrə 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitaba əsasən 0.20 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın verilməsini istəyir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, İddiaçı Xızı rayonu, “Yaşma ” kəndində inşa edilmiş fərdi yaşayış evi və yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət resyterindən arayış verilməsi barədə xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli ərizəyə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılaraq, sözügedən daşınmaz əmlakın qeydiyyata alınması ilə bağlı hüquqmüəyyənedici əsas kimi təqdim etdikləri Xızı rayon Dövlət arxivinin xx.xx.2024-cü il tarixli 09 nömrəli arxiv çıxarışına əlavə edilmiş Xızı rayonu, Yeni Yaşma kəndi inzibati ərazi vahidi üzrə 1996- 2000-ci illərdə dair təsərrüfatbaşına kitabdan çıxarışda torpaq sahəsi barədə məlumatlar qeyd edilməmisini əsas göstərərək 29 aprel 2024-cü il tarixli 3-21-3-31/2-1492 saylı məktubu ilə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir. İddiaçı hesab edir ki, İddiaçı cavabdehin bu imtinası qanunsuzdur. Belə ki, sözügedən Xızı rayonu, “Yaşma ’’ kəndində inşa edilmiş fərdi yaşayış evi (2 otaq 56 m2) və yaşayış evinin yerləşdiyi torpaq sahəsi 10 avqust 1995-ci il 283-№-li ORDER-lə mərhum X4 ailəsinə Xızı rayon İcra Hakimiyyəti tərəfindən verilmişdir. İnzibati icraat haqqında Qanunun 64.2-cü maddəsinə görə, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə. qüvvədə olma müdcəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Mübahisə edilən torpaq sahəsinə dair verilmiş sənədlər hazırda qüvvədədir, hər hansı dövlət orqanı tərəfindən ləğv edilməyib, dəyişdirilməyib və ya etibarsız hesab edilməyib. Odur ki, iddiaçıya verilmiş torpaq sahəsinə aid sənədlər hazırda qüvvədə olduğundan və onun verilməsində hər hansı şərtlər, qaydalar pozulmadığından Yeni Yaşma kəndi inz bati ərazi vahidi üzrə 1996-2000-ci illərdə dair təsərrüfatbaşına kitabdan çıxarışda torpaq sanəsi barədə məlumatlar qeyd edilməməsi sözügedən fərdi yaşayış evi və yaşayış evinin yerləşdiyi torpaq sahəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinası arqumenti qanunsuz və əsassızdır. Hazırda sözügedən torpaq sahəsinin yerləşdiyi yerdə iddiaçının qonşuluğunda olan şəxslərin əksəriyyəti torpaq sahəsinə çıxarış alıb və iddiaçıya bu əsasla çıxarışın verilməsindən imtina edilməsi ona qarşı ayrı-seçkilikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibatı orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz Əmlakın dövlət reysteri haqqında ” Qanunun 8 ci mədəsinə əsasən bu qanun qüvvəyə minənədək ələdə edilmiş və ya yaranmış daşınmaz əmlak üzərində hüquqlar əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bır sıra qərarlarınd formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz. (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, X2rşı iş üzrə 2015-cı il 29 yanvar tarixli). “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununa əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki allara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.(maddə 12.2) Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, Xızı rayonu, Yeni Yaşma kəndi ərazisində inşa edilmiş fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi torpaq- sahəsi üzərində hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışın verilməsi barədə xx.xx.2024-cü il tarixli ərizə ilə -“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilmiş və həmin müraciət ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, sözügedən daşınmaz əmlakın qeydiyyata alınması ilə bağlı hüquqmüəyyənedici əsas kimi təqdim edilmiş Xızı rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 09 nömrəli arxiv çıxarışına əlavə edilmiş Xızı rayonu, Yeni Yaşma kəndi inzibati ərazi vahidi üzrə 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitabdan çıxarışda torpaq sahəsi barədə məlumatlar qeyd edilməmişdir. Məlumat üçün bildirirlər ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci bəndinə əsasən, torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması qaydasında həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. 19 sentyabr 2024-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi 29 oktyabr 2024-cü il tarixli məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinin 13 yanvar 2024-cü il tarixli məktubunda İddiaçı X4 vərəsəsi olduğu qeyd edilmişdir. Xızı rayon AİK 28 avqust 1997-ci il tarixli 9 saylı iclas protokolundan arxiv çıxarışı, Xızı rayon Yeni Yaşma kənd İƏD üzrə 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitabdan çıxarış, Xızı rayonu Yeni-Yaşma kəndində həyətyanı torpaq sahəsi mövcud olan, sənədləşməsi tamamlanmayan ailələrin adlı siyahısı, Xızı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1995-ci il 283 №li orderin surəti, X11 Kitabında 31 iyul 2009-cu il tarixdə 323 nömrə ilə uçota alınmış, A 212668 saylı torpaq sahəsinin plan və ölçü sənədi iş materiallarına əlavə edilmişdir. Məhkəmə prosesində iddiaçının nümayəndəsi və vəkili tərəfindən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinin çıxarışları məhkəməyə təqdim edilmişdir. Xızı rayon X7 xx.xx.2024-cü il tarixli 23 saylı arayışında qeyd edilmişdir ki, Xızı rayon Yeni Yaşma kəndində inşa edilmiş fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi mərhum X4 ailəsinin istifadəsindədir. Məhkəmə araşdırması zamanı torpaq sahəsinə dair müayinə aktı və ortofoto xəritəsindən çıxarış məhkəməyə təqdim edilmişdir. Müayinə aktında torpaq sahəsində mübahisəli halın baş vermədiyi, 0.0014 ha torpaq sahəsinin artıq olduğu, yerüstü kommunikasiya xətlərinin mühafizə zolağında yerləşmədiyi, torpaq sahəsinin daxilində 1 mərtəbəli fərdi yaşayış evinin, 1 ədəd yarımçıq tikilinin və həyət tikilisinin mövcud olduğu qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı Xızı rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 43 saylı məktubunda qeyd edilmişdir ki, Xızı rayon Aqrar İslahat Komissiyasının 20 sentyabr 2005-ci il tarixli 08 nömrəli qərarı (protokolu) Xızı rayon Dövlət Arxivində surət halında mühafizə edilir və həyətyanı torpaq sahələri deyil, pay torpaqları (əkin sahələri) verilməsi mövzusundadır. X1 adı həmin protokolda qeyd edilməmişdir. Müvafiq protokolun surəti məktuba əlavə olunmuşdur. Xızı RİH Başçısı tərəfindən 05 mart 2008-ci il tarixində təsdiq edilmiş “Xızı rayonunun Yeni Yaşma kəndində həyətyanı torpaq sahəsi mövcud olan, sənədləşməsi tamamlanmayan ailələrin adlı siyahısı”nda Xızı rayon Dövlət Arxivində surət halında saxlanılır. Həmin siyahıda ev № 283 olan X5 aid hissənin çıxarışı məhkəməyə təqdim edilmiş və istifadəsində olan torpaq sahəsi 0,20 ha qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 3-21-3-60/2- 1737/2024 saylı məktubu ilə Xızı rayonu, Yeni Yaşma kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısından X6 və onun ailə üzvlərinin adları qeyd edilmiş hissədən çıxarışın, eləcə də Xızı rayon AİK xx.xx.2005-ci il tarixli 08 saylı Qərarının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Xızı rayonu, Yeni Yaşma kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısından X6 və onun ailə üzvlərinin adları qeyd edilmiş hissədən çıxarışda X4 qanuni istifadəsində 0.20 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 04 oktyabr 2024-cü il tarixli, 3662/2024 saylı məktubu ilə **********77 və **********18 reyestr nömrəli torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, həmin şəxslərə həyətyanı torpaq sahələri Xızı rayon AİK xx.xx.2005-ci il tarixli 08 saylı qərarı ilə ayrılmışdır. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı Xızı rayonu, Yeni Yaşma kəndi inzibati ərazi vahidi üzrə 1996-2000ci illərə dair təsərrüfatbaşına kitaba əsasən 0.20 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın verilməsini istəyir. Cavabdeh isə imtinasında qeyd edir ki, Xızı rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 09 nömrəli arxiv çıxarışına əlavə edilmiş Xızı rayonu, Yeni Yaşma kəndi inzibati ərazi vahidi üzrə 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitabdan çıxarışda torpaq sahəsi barədə məlumatlar qeyd edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.3-cü bəndinə əsasən kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış hüquqların dövlət qeydiyyatına alınması üçün əsas olduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Xızı rayonu, Yeni Yaşma kəndi inzibati ərazi vahidi üzrə 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitabdan çıxarışda torpaq sahəsi barədə məlumatlar qeyd edilməmiş olsa belə məhkəmə araşdırması zamanı Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli 3-21-3-60/2- 1737/2024 saylı məktubu ilə Xızı rayonu, Yeni Yaşma kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısından X6 və onun ailə üzvlərinin adları qeyd edilmiş hissədən çıxarışda X4 qanuni istifadəsində 0.20 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir. Belə ki, iddianın təmin edilməsi üçün hüquqi əsas mövcuddur. Bundan əlavə iş materiallarına əlavə edilmiş X11 Kitabında 31 iyul 2009-cu il tarixdə 323 nömrə ilə uçota alınmış, A 212668 saylı torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, Xızı rayon Aqrar İslahat Komissiyasının 20 sentyabr 2005-ci il tarixli, 08 nömrəli qərarı ilə Xızı rayon, Yeni Yaşma kəndində 2028.68 kv.m həyətyanı torpaq sahəsi X5 ayrılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Xızı rayon Aqrar İslahat Komissiyasının 20 sentyabr 2005-ci il tarixli 08 nömrəli qərarı (protokolu) Xızı rayon Dövlət Arxivində surət halında mühafizə edilir və həyətyanı torpaq sahələri deyil, pay torpaqları (əkin sahələri) verilməsi mövzusundadır. X1 adı həmin protokolda qeyd edilməmişdir. Lakin eyni zamanda məhkəmə araşdırması zamanı torpaq sahəsinin ətrafında olan torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, həmin şəxslərə həyətyanı torpaq sahələri Xızı rayon AİK xx.xx.2005-ci il tarixli 08 saylı qərarı ilə ayrılmışdır. “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Məhkəmə hesab edir ki, iddia predmetini təşkil edən 0.20 ha torpaq sahəsinə dair fərqli mövqenin irəli sürülməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə ziddir. Bundan əlavə torpaq sahəsinin faktiki ölçülərinin sənəd üzrə ölçülərdən çox olmasına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının tələbi tərəfindən dəqiqləşdirilməklə 0.20 ha hissədə hüququn qeydə alınmasını istədiyi üçün həmin hissədə mübahisə qalmamış olur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi təsbit edilmişdir. “Vətəndaşların qanuni istifadəsindəki torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir və fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Xızı rayonu, Yeni Yaşma kəndi inzibati ərazi vahidi üzrə 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitaba əsasən 0.20 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar