Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4898/2024 26.11.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil İsgəndər oğlunun iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqların qeydiyyata alınması” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsində (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. Abşeron Rayon İcra Hakimiyyətinin 27 fevral 1993-cü il tarixli, 153 nömrəli sərəncamı ilə Novxanı kəndin Novxanı-Sumqayıt yolunun sağ tərəfindəki yararsız 60 kv.m sahə “Samir” kiçik müəssisənin mağazası altına ayrılmışdır.
2. Abşeron Rayon İcra Hakimiyyətinin 5 aprel 1994-cü il tarixli, 182 nömrəli sərəncamından çıxarışdan görünür ki, “Samir” kiçik müəssisəsinin cənubundan, Novxanıdan bağlara gedən asvalt yolun şərqindən istifadə olunmayan torpaq sahəsindən tərəvəz məhsul istehsal etmək üçün “Samir” kiçik müəssisəsinə əlavə 0,06 hektar torpaq sahəsinin təhkim edilməsi qərara alınmışdır.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində “Qeydə alınıb” 11 iyul 1997-ci il tarixli, 34353 nömrəli şəhadətnaməsi ilə təsdiq edilmiş "xxxx" Firmasının təsisçisi İddiaçı kimi qeyd edilmişdir.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin İddiaçı göndərilmiş 27 may 2024-cü il tarixli, 3-21-3-32/2-P-0008- 8/2023 nömrəli məktubundan görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində hüquqların dövlət qeydiyyatı üçün müraciət etmək səlahiyyətinin olmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən, ərizənin icrasından imtina edilir.
MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ:
İddia ərizəsinin dəlilləri
5. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 27 dekabr 1993-cü il tarixli 153 №-li Sərəncamına əsasən “Samir” kiçik müəssəinə Novxanı kəndində ayrılmış 60,0 kv.m və Abşeron rayon İcra Hakimiyyəti başçısının 5 aprel 1994-cü il tarixli, 182 №-li Sərəncamına əsasən “Samir” kiçik müəssəsinə Novxanı kəndində ayrılmış 0,06 ha torpaq sahələri üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
7. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri
8. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
9. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı - Abşeron RİH başçısının 5 aprel 1994-cü il tarixli sərəncamı ilə “Samir” kiçik müəssisəsinə ayrılmış 0,06 ha torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi; - torpaq sahəsinə dair icarə müqaviləsinin İdarəyə tam olaraq təqdim edilmədiyi; - Ərazi İdarəsinə Hüquqi şəxsin adından müraciət olunmalı olduğu halda, iddiaçının öz adından müraciət olunduğu; - iddiaçının səlahiyyətini təsdiq edən sənədlərin müraciətə əlavə olunmadığı və bu səbəbdən də torpaq sahəsi ilə bağlı mövcud ola biləcək çatışmazlıqların aşkar edilməsi üçün torpaq sahəsinə müayinə baxışının edilmədiyi müəyyən edilmişdir.
TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:
10. Məhkəmə iclasında izahat verən iddiaçı, onun vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək, təsis aktlarında iddiaçının adının qeyd olunmasını bildirərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öz nümayəndəsi ilə məhkəmə iclasında təmsil olunmamışdır. 12.Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “...42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
13. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
14. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.
15. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
16. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır.
17. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”
18. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.
19. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
20. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
21. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
23. İş materialında olan sənədlərin tədqiqi ilə müəyyən olunur ki, Abşeron Rayon İcra Hakimiyyətinin 27 fevral 1993-cü il tarixli, 153 nömrəli və 5 aprel 1994-cü il tarixli, 182 nömrəli sərəncamları ilə iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahələri “Samir” kiçik müəssisəsinə ayrılmışdır. İddiaçı isə həmin müəssisənin təsisçisi olaraq müəyyən edilmişdir.
24. İddiaçı hazırkı iddia tələbi ilə həmin torpaq sahələri üzərində öz mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş etmişdir. Halbuki, torpaq ərazisi müəssisənin adına ayrılmışdır. Cavabdeh isə iddiaçının hazırkı iddianı qaldırmaq hüququnun olmamasını bildirir.
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq normalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə 43. Hüquqi şəxs anlayışı və onun növləri 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. (-) Maddə 44. Hüquqi şəxsin hüquq qabiliyyəti 44.1. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. 44.2. Kommersiya hüquqi şəxsləri qanunla qadağan edilməyən istənilən fəaliyyət növlərini həyata keçirmək üçün zəruri mülki hüquqlara malik ola və mülki vəzifələr daşıya bilərlər. Siyahısı qanunvericiliklə müəyyənləşdirilən ayrı-ayrı fəaliyyət növləri ilə hüquqi şəxslər yalnız xüsusi icazə (lisenziya) əsasında məşğul ola bilərlər. 44.3. Hüquqi şəxsin hüquqları yalnız qanunla nəzərdə tutulan hallarda və qaydada məhdudlaşdırıla bilər. Hüquqi şəxs öz hüquqlarının məhdudlaşdırılması haqqında qərardan məhkəməyə etiraz verə bilər. (-)
26. Azərbaycan Respublikasının Mülki prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə 49. Mülki prosessual fəaliyyət qabiliyyəti 49.1. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. (-) Maddə 50. Tərəflər 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. (-)
27. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.2, 59.1, 357.1 və 357.2-ci maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 3 aprel 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, “... Odur ki, müəyyən əmlakla bağlı mülkiyyət hüquqlarının həyata keçirilməsi, payların bölünməsi və s. bu kimi hallar üzrə mülki mühakimə icraatı qaydasında qəbul olunmuş qətnamə hər hansı dövlət idarə və təşkilatının və ya təsisçisi dövlət və ya dövlət idarəsi olan, yaxud təşkilatı olan hüquqi şəxslərin mənafelərinə toxunarsa, həmin subyektlər (məsələn, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və s.) müstəqil qaydada məhkəmə aktını mübahisələndirə bilərlər. ...”
28. Aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə cavabdehin etirazının dəlili ilə razılaşaraq bildirir ki, iddiaçı tələb üzrə subyektiv hüququnun olması müəyyən edilmir.
29. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: - öz hərəkətlərinə hüquqi ixtiyar; - başqa (borclu) şəxslərdən tələb etmək hüququ; - müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 225/2024 saylı qərarında qeyd olunmuşdur ki, “31. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. 32. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.”
31. Məhkəmə yuxarıda qeyd edilən normaların tələblərinə istinad edərək bildirir ki, iddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmadığından, iddia iddiaçının subyektiv hüququnun olmaması əsası ilə mümkün sayılmamalıdır.
32. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
33. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron Rayon İcra Hakimiyyəti başçısının 27 dekabr 1993-cü il tarixli 153 №-li Sərəncamına əsasən “'Samir” kiçik müəssəinə Novxanı kəndində ayrılmış 60,0 kv.m və Abşeron rayon İcra Hakimiyyəti başçısının 5 aprel 1994-cü il tarixli, 182 №-li Sərəncamına əsasən “Samir” kiçik müəssəsinə Novxanı kəndində ayrılmış 0,06 ha torpaq sahələri üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.
Hakim Könül Həbibova