Məhkəmə qərarları › İş №2-1(118)-490/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-490/2022

10.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-490/2022 10.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, İddiaçı Ələddin oğlunun (işləməyən, ünvan 1 ünvanında yaşayan) və onun nümayəndəsi X6 (VMN vəkil bürosunun vəkili, “Yusif Allahverdiyev və partnyorları” Vəkil bürosunun vəkili) , Cavabdehin nümayəndəsi X4 ( Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 şöbəsində baş mütəxəssis işləyən, Abşeron rayonu, Saray qəsəbəsi, Təzə məhəllə üvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı Ələddin oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Ələddin oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək iddiaçının 2-ci dərəcəli əlillilyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə meraciət edərək, ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 16.02.2016-cı il tarixdən etibarən Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən müəyyən olunan etiologiyasından asılı olmayaraq aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması meyarına əsasən, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əsası ilə ikinci dərəcə əlillik qrupuna daxil edilmişdir. Belə ki, 16.02.2016-cı il tarixdən etibarən 01.03.2021-ci il tarixədək maneəsiz ikinci dərəcə əlilliyə malik şəxslər üçün nəzərdə tutulan müavinəti almışdır. Lakin sözügedən tarixdən ona heç bir səbəb və əsas göstərilmədən müavinətin verilməsi dayandırılmışdır. Bununla bağlı dəfələrlə tərəfindən müraciət olunmasına baxmayaraq ona heç bir cavab verilməmişdir. Sonuncu dəfə iddiaçı tərəfindən 27.07.2021-ci il tarixdə tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və nazirliyin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə ərizə göndərilmiş, lakin 3 aydan çox müddət keçməsinə baxmayaraq yenə də heç bir cavab alınmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı Ələddin oğlu və nümayəndəsi X8 iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdehin məhkməyə ünvanladığı etiraz ərizəsində göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt şəhər 4 nömrəli xəstəxananın poliklinka şöbəsinin 18.01.2016cı il tarixli 0530003AAC6Z göndərişi əsasında baxılmış və “Səbəbi : Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: Xİİİ Sinif - Sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M20- M25 - Oynaqların digər zədələnmələri => M24 - Oynaqların digər spesifik zədələnmələri =>...; Diaqnozun mətni: Sağ qamış sümüyü köhnə bitişmiş sınığı.Sağ qamış sümüyü odlu silah yaralanmasından sonrakı xr.osteomieliti,remissiya fazasında, Oynaqların kontrakturası- Sağ diz oynağının postravmatik artrozu və kontrakturası, Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9,G80-G80.9)” səbəbi ilə” beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 4 nömrəli xəstəxananın poliklinka şöbəsinin 09.03.2021-ci il tarixli 0530003AAF1G saylı göndərişi əsasında baxılmış və “X2: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu ...; Diaqnozun mətni: Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Sağ qamış sümüyü yuxarı 1/3nin köhnə bitişmiş sınığı və yad cismi.(qəlpə)Sağ baldırın, sol budun orta 1/3 nin odlu silah yaralanmasından sonrakı çapıqları. Ağırlaşma M86.6 Digər xroniki osteomielit, Sağ qamış sümüyünün postravmatik xroniki osteomieliti,remissiya fazası. Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Sağ diz oynağının hərəkət məhdudluğu,artrozu ,ağrı sindomu ilə,funksiyanın pozulması ilə.. Yanaşı xəstəliklər 111 Ürəyin hipertenziv xəstəliyi, Arterial hipertenziya. İİ mər; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması, Səbəb: Xəstənin ağırlıq dərəcəsi, funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətləri qeyd edilməmişdir” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası'nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarf’na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrimə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Məhkəmə iclasında iştirak edən cavabbdehin nümayəndəsi X7 etirazda göstərilənləri müdafiə edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan : - Y.Məmmədkərimovun adına Sumqayıt şəhər X11 xəstəxanası tərtib edilmiş ambulator, stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, o, 07.07.2015- 13.07.2015-ci il tarixlərdə “ sol qamış sümüyünün köhnə bitişmiş sınığı, və yad cismi (qəlpə) yarası sonra deformasiyası “diaqnozu ilə müalicə edilmişdir. -Y.Məmmədkərimovun adına Sumqayıt şəhər X11 xəstəxanası tərtib edilmiş ambulator,stasionar xəstənin tibbi kartasından kitabından çıxarışdan görünür ki, o, 08.08.2019-17.08.2020-ci il tarixlərdə “sol qamış sümüyünün köhnə bitişmiş sınığı, və yad cismi (qəlpə ) yarası sonra deformasiyası “diaqnozu ilə müalicə edilmişdir. - Y.Məmmədkərimovun adına Sumqayıt şəhər X11 xəstəxanası tərtib edilmiş xəstənin ambulator kitabından (xəstəlik tarixindən) çıxarışdan görünür ki, o, 08.05.2020- 18.05.2020-ci il tarixlərdə “odlu silah yaralanmasından sonra sol bud və sağ baldır nahiyəsinin çoxsaylı çapıqları“ diaqnozu ilə müalicə edilmişdir. - iddiaçının adına Sumqayıt şəhər X11 xəstəxanası tərtib edilmiş xəstənin ambulator kitabından (xəstəlik tarixindən) çıxarışdan görünür ki, o, 24.10.2020-05.11.2020ci il tarixlərdə “ odlu silah yaralanmasından sonra sol bud və sağ baldır nahiyəsinin çoxsaylı çapıqları “diaqnozu ilə müalicə edilmişdir. - Sumqayıt şəhər X11 xəstəxanası tərtib edilmiş xəstənin ambulator kitabından (xəstəlik tarixindən) çıxarışdan görünür ki, o, 17.05.2021-31.05.2021-ci il tarixlərdə “odlu silah yaralanmasından sonra sol bud və sağ baldır nahiyəsinin çoxsaylı çapıqları“ diaqnozu ilə müalicə edilmişdir. -TSEK tərəfindən verilmiş 16.02.2016-cı il tarixli arayışdan görünür ki, İddiaçı Ələddin oğluna həmin tarixdən ikin dərəcəli əlillik verilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. “İnzibati icraat haqqında” Qanunun : -13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.3-cü maddəsinə görə müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. -14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. -14.3-cü maddəsinə əsasən Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. -21.1.-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2-ci maddəsinə əsasən Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1-ci maddəsinə görəİnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -25.1-ci maddəsinə Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. -64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Bənd 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Məhkəmə qeyd edir ki, iddiaçıya verilmiş Forma 88 arayışa əsasən göstərilən diaqnoz (xəstəliklər) təsdiq olunmasına baxmayaraq (müayinəyə dair sənədlər iş materiallarına əlavə edilmişdir), əlilliyin növbəti müddətə təyin olunmasından imtina iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli və iddiaçıya ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzəırinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı X1 ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar