Məhkəmə qərarları › İş №2-1(118)-490/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-490/2024

24.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-490/2024 24.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Kamal qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə 60 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialina qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək işlədiyi müddətin iş stajına daxil edilməsi, güzəştli şərtlərlə pensiyası hüququnun yarandığı tаriхdən yaşa görə əmək pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya güzəştli şərtlərlə 60 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barıdı qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. 118-K saylı əmr ilə 14 dekabr 1993-cü il tarixdən 5 dekabr 1999-cu il tarixədək "Azərsənayepartlayış" müəssisəsində Bakı şəhərində atıcı vəzifəsində işləmişdir. "Azərsənayepartlayış" müəssisəsi 2002-ci il tarixdə Azərbaycan Respublikası Prezidentin Fərmanı əsasında Özəlləşmə Proqramı ilə 286 saylı əmrə əsasən "xxxx" ASC adı ilə fəaliyyət göstərir. O, 01 aprel 2003-cü il tarixdən 01 aprel 2015-ci il tarixə kimi "xxxx" ASC-də qazmaçı vəzifəsində işləmişdir. Həmçinin 13 iyul 2016-cı il tarixdən hal-hazıradək "xxxx" MMC-də güzəştli şərtlə pensiya hüququ verən usta qazmaçı vəzifəsində işləyir. "xxxx" MMC-nin arayışından da göründüyü kimi ümumi iş stajı 27 il 10 aydır. Əmək kitabçasının surətindən və "xxxx" ASC və "xxxx" MMC tərəfindən verilən 07 dekabr 2021-ci il tarixli, 09 saylı, 04 oktaybr 2022-ci il tarixli 71 saylı arayışlardan da görünür ki, iddiaçı həqiqətən də 1993-1999-cu illərdə "Azərsənayepartlayış" müəssisəsində Bakı şəhərində "atıcı", 2003-2015-ci illərdə "xxxx" ASC-də "qazmaçı" işləmişdir. Həmçinin 13 iyul 2016-cı il tarixdən hal-hazırki ilədək "xxxx" MMC-də güzəştli şərtlə pensiya hüququ verən usta "qazmaçı" vəzifəsində işləyir. Bu səbəbdən də o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə ərizə ilə müraciət etmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. Halbuki, iddiaçının ümumi iş stajı 27 ildən artıqdır, iddiaçı bu müddətdə zərərli iş şəraitində işləmişdir, halhazırda da işləyir. O, insan sağlamlığına zərərli olan əmək şəraitində qazmaçı işləmişdir. Bir tərəfdən güclü səs, bir tərəfdən də toz səhhətində ciddi problemlər yaratmışdır. Artıq çətinlik çəkir, qanuna uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq istəyir. Lakin işlədiyi müəssisədə struktur dəyişikliyi olmuş, bu səbəbdən də arayışda dəqiq olaraq vəzifəsinin güzəştli olub-olmamasını qeyd olunmamışdır. Hesab edir ki, əmək şəraiti ağır olan işlərdə işləməyi və müvafiq yaş həddinə çatmağı nəzərə alınmaqla güzəştli şərtlərə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə qoyulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etmədi və izah etdi ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bundan başqa iş materiallarına əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 48480,00 manat hesablandığı halda, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 33210,00 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Dağ-mədən işləri bölməsinin (1) Açıqda dağ-mədən işləri və yer səthində işlər bədində (1.2.1) yer səthi işlərində qazmaçılar vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 9 nömrəli arayışında xx.xx.2003-xx.xx.2015ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə iddiaçının işlədiyini iddia etdiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”’nın hansı sahəsində hansı vəzifəyə uyğun olması barədə məlumat qeyd olunmadığı üçün İddiaçı vəzifəsinin güzəştli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, F.X5 təqdim etdiyi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 71 nömrəli arayışında xx.xx.2016-cı il tarixdən bu günədək adıçəkilən müəssisədə “usta qazmaçı” vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad olunan Dağ-mədən işləri bölməsinin (1) Açıqda dağ- mədən işləri və yer səthində işlər bədində (1.2.1) yer səthi işlərində qazmaçılar vəzifəsinə uyğun deyil. Bu səbəbdən də hesab olunur ki, iddiaçının güzəştli iş stajı yoxdur. İş materiallarında olan: -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1961-ci il təvəllüdlüdür. -iddiaçıya aid hərbi biletdən görünür ki, İddiaçı 1980-1982-ci illərdə hərbi xidmətdə olmuşdur. -İddiaçının adına açılmış ИТ № ******* seriyalı əmək kitabçasından görünür ki, o, xx.xx.1993-xx.xx.1999-cu il tarixlərdə “Azərsənayepartlayış” müəssisəsində Bakı sahəsində atıcı vəzifəsində, xx.xx.2003-xx.xx.2015-ci il tarixlərdə "xxxx" ASC-də qazmaçı vəzifəsində işləmiş, xx.xx.2016-cı il tarixdən hazırki tarixədək "xxxx" MMC-də usta qazmaçı vəzifəsində işləyir. - X7 ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 05 nömrəli arayışdan görünür ki, İddiaçı Şamil oğlu həqiqətən “Azərsənayepartlayış “ müəssisəsində (əmr№-118-K) xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək (əmr№-5K) Bakı sahəsində atıcı vəzifəsində işləmişdir. Arayış Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarın 2 №-li Siyahısının XXVİİ fəslinin 23200000- 19906 şifri (kodu) üzrə ona ona güzəştli şərtlə pensiya təyin olunması hüququ verilir. Öz hesabında məzuniyyətdə olmamışdır. Lakin 2002-ci il ildə “Azərsənayepartlayış” müəssisəsi Azərbaycan Respublikası Prezidentin Fərmanı əsasında Özəlləşmə Proqramı ilə 286 saylı əmrə əsasən "xxxx" ASC adı ilə fəaliyyət göstərir. xx.xx.2003-cü il tarixdən xx.xx.2015-ci il tarixə kimi "xxxx" ASC-də qazmaçı işləmişdir. - Məhkəmənin sorğusuna əsasən "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 09 saylı məktubdan görünür ki, İddiaçı Şamil oğlu barəsində verilmiş xx.xx.2023-cü il tarixli, 5 nömrəli arayış "xxxx" ASC tərəfindən verilmişdir və arayışda göstərilən həqiqəti əks etdirir. Həmin məlumatlar "xxxx" ASC-nin arxiv məlumatlarına əsaslanır. - Məhkəmənin sorğusuna əsasən "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən usta qazmaçı vəzifəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 13 iyul 2016-cı il tarixdən hal hazıradək işləyir və bu müəssisədə çalışdığı güzəştli şərtərlə stajı 7 ( yeddi ) ildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə,əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 N-li Siyahısı”na əsasən “qazmaçı” vəzifəsi güzəştli siyahıya daxildir və “2010300a-11961” kodu ilə qeyd edilmişdir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda da “qazmaçı” vəzifəsi güzəştli siyahıya daxil edilmiş və həmin siyahıda “qazmaçı” vəzifəsi “Dağ-mədən işləri” bölməsinin 1.2.1-ci bəndinin a) hissəsində nəzərdə tutulmuşdur. - Məhkəmənin sorğusuna əsasən DVX Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.2023-cü il tarixə olan uçotbaza məlumatlarına əsasən, Cəmiyyət xx.xx.2002-ci il tarixdə dövlət qeydiyyatına alınmış, fəaliyyəti və digər vergi tutulan əməliyyatları isə aktivdir. Əlavə olaraq qeyd edilir ki, uçot-baza məlumatlarında Cəmiyyətin əsas fəaliyyət növü “Digər qruplara daxil edilməyən ixtisaslaşdırılmış tikinti İşləri” (43990), əlavə fəaliyyət növləri isə “Təcrübətikinti işləri” (41100), “Şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi” (68200), “Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması” (43112), “Digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi” (96090) və “Malların saxlanması və anbarlara yığılması üzrə fəaliyyət” (52101), o cümlədən Cəmiyyətin hüquqi ünvanı ünvan 2 Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialı tərəfindən İddiaçı işi üzrə inzibati icraat materiallarının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 2.1.8-ci bəndinə uyğun olaraq Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəıxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin Siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmiüşdür) əsasında müəyyən edilir. Yuxarıda göstərilən qanunvericilik normalarından aydın olduğu kimi iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasnını təyin edilməsi üçün onun ən azı 25 il ümumi, o cümlədən azı 12 il 6 ay xüsusi iş stajına malik olması tələb olunur. Cavabdehin mövqeyinə görə iddiaçının güzəştli iş stajı tələb olunan 12 il 6 aydan az olduğundan onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Belə ki, cavabdeh onun xx.xx.2003-xx.xx.2015-ci il tarixlərdə "xxxx" ASC-də qazmaçı, 13 iyul 2016-cı il tarixdən hal hazıradək "xxxx" MMC-də usta qazmaçı vəzifəsində işlədiyi dövrü güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrə aid olmadığını hesab edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»na əsasən “Dağ mədən işləri” adlanan bölməsinin “özül materialının hasilatı, yenidən emalı və nəql edilməsi” bölməsində qazmaçı (2010300a – 11964) peşəsi və nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na da qazmaçı peşəsi axil edilmiş və həmin siyahıda “Dağ mədən işləri bölməsinin 1.2.1-ci bölməsinin a) hissəsində nəzərdə tutulmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" ASC xx.xx.2022ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Uçot baza məlumatlarında Cəmiyyətin əsas fəaliyyət növü “Digər qruplara daxil edilməyən “Digər qruplara daxil edilməyən ixtisaslaşdırılmış tikinti İşləri” (43990), əlavə fəaliyyət növləri isə “Təcrübə-tikinti işləri” (41100), “Şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi” (68200), “Dağmədən işləri, dağ və buruq qazmalarının aparılması” (43112), “Digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi” (96090) və “Malların saxlanması və anbarlara yığılması üzrə fəaliyyət” (52101), o cümlədən Cəmiyyətin hüquqi ünvanı ünvan 2 Məhkəmə iddiaçının nümayəndəsinin vəsatətinə əsasən müqayisəli tədqiqat aparmaq üçün eyni müəssisələrdə qazmaçı peşəsində işləyən və güzşətli şərtlərlə əmək pensiyası təyin olunan X4 və X3 pensiya işlərinin surətlərini tələb etmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin şəxslərin pensiya işlərini nəzərdən keçirdikdə X2 xx.xx.1989-cu il tarixdən xx.xx.2003-cü il tarixdən “Azərsənayepartlayış” müəssisəsində fəhlə, anbar müdiri, xx.xx.2003-cü il tarixdən xx.xx.2008-ci il tarixədək "xxxx" ASC-də qazmaçı peşəsində, xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək "xxxx" MMC_də partladıcı qazmaçı peşəsində işlədiyi və müəssiənin verdiyi güzəştli arayışa əsasən (Siyahıdakı kod, şifrə və işlədiyi sahə qeyd edilmədən) güzəştli şərtlərlə pensiya təyin edildiyi, X3 və xx.xx.1987-ci il tarixdən xx.xx.1993-cü il tarixədək “Azərsənayepartlayış” müəssisəsində qazmaçı, xx.xx.1994-cü il tarixdən xx.xx.2003-cü il tarixdən isə həmin müəssisədə (sonradan "xxxx" ASC adlanıb) qazmaçı-sürücü peşəsində işlədiyi və müəssiənin verdiyi güzəştli arayışa əsasən (Siyahıdakı kod, şifrə və işlədiyi sahə qeyd edilmədən) güzəştli şərtlərlə pensiya təyin edildiyi müəyyən edilmişdir. Məhkəmə sübutlara məcmuu qaydada qiymətn verdikdə hesab edir ki, iddiaçının ən azı 12 il 6 ay müddətində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrdə işləməsi öz təsdiqni tapır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən mübahisələndirilən müddət də iddiaçının güzəştli iş stajına daxil edildikdə iddiaçıya güzətli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün əsas yaranmış olur. Bundan başqa iddiaçı ilə eyni müəssisələrdə və eyni peşədə işləmiş şəxslər güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana eyni arayışlarla (yəni arayışda işlədiyi sahə, peşə və kod dəqiq göstərilmədən) müraciət etmişlər və onların müraciətləri təmin edilmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Məhkəmə xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn “İnzibati icraat haqqında” Qanunun 13cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. Beləliklə,məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsaslı hesab edilərək təmin edilməli və iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə ənək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı güzəştli şərtlərlə 60 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar