Məhkəmə qərarları › İş №2-1(118)-491/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-491/2020

21.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-491/2020 21.08.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X4, Cavabdeh təşkilatın nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli, 1057 №-li əmrinin ləğv edilməsi, işə bərpa olunaraq, məcburi buraxılmış müddətin ümumi hərbi xidmət müddətinə daxil edilməklə həmin dövr üzrə hər ay hesablanmalı olan maaşın verilməsi, əvəzçiliklə icra etdiyi vəzifələr üzrə (2014-cü ilin aprel ayının 14-dək Lənkəran sərhəd dəstəsinin 9-cu sərhəd zastavasının rəisi, 2014-cü ilin aprel ayının 14-dən 2015-ci ilin may ayının 25-dək Lənkəran sərhəd dəstəsinin 6-cı sərhəd zastavasının rəisi, 2017-ci ilin dekabr ayının 2dən 2018-ci ilin iyul ayının əvvəlinədək Göytəpə sərhəd dəstəsində təminat bölük komandiri) vəzifə maaşı ilə onun vəzifə maaşı arasındakı fərqin, 2016-2018-ci illər üzrə geyim pulunun və 2013-2018-ci illər üzrə ərzaq əvəzinə pul kompensasiyasının artırılmış məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dair dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, 1990-cu ildə İsmayıllı rayonunda anadan olmuşdur. 2008-2012-ci illərdə Dövlət Sərhəd Xidməti Akademiyasında inzibati idarəetmə ixtisası üzrə təhsil almış, Akademiyanı bitirdikdən sonra 2012-2014-cü ilin aprel ayının 14-nə kimi Lənkəran sərhəd dəstəsinin 9-cu sərhəd zastavasının rəis müavini və zastava rəisi əvəzi 2014-cü ilin aprel ayından 2015-ci ilin iyul ayına kimi Lənkəran sərhəd dəstəsinin 6-cı sərhəd zastavasında rəis əvəzi, 2016-cı ilin noyabr ayının 1-dən 2018-ci ilin iyul ayının 28-nə kimi Göytəpə sərhəd dəstəsinin təminat bölüyündə mühəndis yol tağım komandiri vəzifəsində xidmət etmişdir. 2017-ci ilin dekabr ayının 2-dən 2018-ci ilin iyul ayına kimi Göytəpə sərhəd xidmətinin təminat bölük komandiri vəzifəsini icra etmiş, TBMYTK-nın xx.xx.2018-ci il tarixli, 1057 №-li əmri ilə Dövlət Sərhəd Xidmətindən ehtiyata buraxılmışdır. Əmrə görə ehtiyata buraxılmağına əsas xidməti uyğunsuzluq göstərilir. Güman edir ki, ehtiyata buraxılmağına səbəb 2018-ci ilin may ayında xidmətdə olan əsgərlə bağlı anlaşılmaz bir hadisə olmuşdur ki, bu məsələ ilə bağlı prokurorluq tərəfindən araşdırma aparılmış, onun əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanmasından imtina olunmuşdur. Lakin, cavabdehin komandanlığı prokurorluq tərəfindən aparılan araşdırmanın sonunu gözləmədən xidmət keçdiyi müddətdə attestasiya keçirilmədiyi halda, tələm-tələsik attestasiya təşkil edib, onu qeyd olunan maddə ilə ehtiyata buraxır. İddiaçı hesab edir ki, qanunsuz olaraq xidmətdən kənarlaşdırıldığına görə tutduğu vəzifəyə bərpa olunmaqla, məcburi buraxılmış müddət ərzində xidməti maaşı hesablanaraq ona verilməlidir. O, geyim dəstlərinin komplektləşdirilməsi üçün nəzərdə tutulan geyim pulu və ərzaq əvəzinə pul kompensasiyasının artırılmış məbləğini almamışdır, eyni zamanda əvəzçiliklə icra etdiyi vəzifələr üzrə, həmin vəzifə ilə tutduğu vəzifəyə görə aldığı məvacib fərqi ona ödənilməmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, DSX rəisinin xx.xx.2018-ci il tarixli, 1057 №-li əmrinin ləğv edilməsi, işə bərpa olunaraq, məcburi buraxılmış müddətin ümumi hərbi xidmət müddətinə daxil edilməklə həmin dövr üzrə hər ay hesablanmalı olan maaşın verilməsi, əvəzçiliklə icra etdiyi vəzifələr üzrə (2013-cü ilin oktyabr ayından 2014-cü ilin aprel ayının 14-dək Lənkəran sərhəd dəstəsinin 9-cu sərhəd zastavasının rəisi, 2014-cü ilin aprel ayının 14-dən 2015-ci ilin may ayının 25dək Lənkəran sərhəd dəstəsinin 6-cı sərhəd zastavasının rəisi, 2017-ci ilin dekabr ayının 2-dən 2018-ci ilin iyul ayının əvvəlinədək Göytəpə sərhəd dəstəsində təminat bölük komandiri) vəzifə maaşı ilə onun vəzifə maaşı arasındakı fərqin, 2016-2018-ci illər üzrə geyim pulunun (qış paltosu, demisezon palto-kitel, tijurka, gödəkçələr, buxara papaq, qulaqlı papaq, furajka, şlyapa, panama, yun köynəklər, şərflər və başqa geyim detalları, əşya kisəsi, səhra çantası) və 2013-2018-ci illər üzrə artırılmış ərzaq təminatı əvəzinə hər ay ödənilməmiş 64 manat kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştrak edən iddiaçı və onun vəkili eyni məzmunlu ifadə verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin xx.xx.2018-ci il tarixli K/1207/10/V-1543 nömrəli imtina məktubunda bildirmişdir ki, iddiaçı Lənkəran və Göytəpə sərhəd dəstələrində həqiqi hərbi xidmətdə olduğu dövrdə Dövlət Sərhəd Xidməti rəisinin müvafiq əmrilə zastava rəisinin müavini və son olaraq tağım komandiri vəzifəsində xidmət etmişdir. Dövlət Sərhəd Xidməti rəisinin əmrilə müvafiq vəzifələrdə xidmət etdiyi zaman pul təminatı tam olaraq hesablanıb onun şəxsi əmək haqqı kart hesabına köçürülmüşdür. Hərbi geyim və əşya əmlakı əvəzinə pul kompensasiyası ilə əlaqədar müraciətinə dair isə bildirilmişdir ki, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına xidmətkeçmənin xüsusiyyətlərindən asılı olaraq hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyasının ödənilməsi qaydası Azərbaycan Respublikası Nazirlər kabinetinin 2004-cü il 31 may tarixli 80 nömrəli qərarına (“Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim və əşya əmlakı ilə təminat normaları” ) əsasən həyata keçirilir. Qeyd edilmiş qaydanın 6-cı bəndinə əsasən “Cari ildə geyimlə müddəti başa çatmış hərbi geyim və əşya əmlakının bu Qaydanın 1-ci bəndində göstərilmiş normalarına uyğun olaraq yeni hərbi geyim və əşya əmlakı ilə əvəz olunması tarixinə hərbi geyim və ya əşya əmlakı əvəzinə verilən pul kompensasiyası Dövlət Sərhəd Xidmətinin rəisi-X1 müvafiq əmrinə əsasən həmin ilin İV rübü ərzində ödənilir.” İddiaçı həqiqi hərbi xidmətdə olduğu dövrdə hərbi geyim və əşya əmlakı ilə tam təmin olunmuşdur. Cavabdeh iddia tələbinə xx.xx.2020-ci il tarixli yazılı münasibətində bildirmişdir ki, sabiq hərbi qulluqçu İddiaçı xx.xx.2012-ci il tarixdə Dövlət Sərhəd Xidməti Akademiyasını bitirərək Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsində 9-cu sərhəd zastavsı rəisinin müavini, xx.xx.2016-cı il tarixdə isə həmin hərbi hissənin 6-cı sərhəd zastavası rəisinin müavini vəzifəsinə təyin edilmişdir. Baş leytenant İddiaçı iddia ərizəsində qeyd etdiyi vəzifələri icra edərkən hərbi qulluqçulara pul təminatı maaşlarının ödəniməsi qaydaları «Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında» Əsasnaməsinə müvafiq olaraq ödənilmişdir. Bundan başqa 2013-2018-ci illər üzrə ərzaq əvəzinə verilən pul kompensasiyasının artırılmış məbləğinin ödənilməsi tələbinə cavab olaraq bildiririk ki, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ödənilən kompensasiya 64 manat təşkil edir və məbləğin artırılması badədə DSX-nə hər hansı bir sənəd daxil olmamışdır. Sabiq hərbi qulluqçu baş leytenant İddiaçı N №-li hərbi hissədə xidmət etdiyi müddətdə nizam-intizam pozuntularına yol verməsi, tabeçiliyində olan hərbi qulluqçulara qarşı subordinasiya qaydalarını gözləməməsi, hərbi qulluqçuların şərəf və ləyaqətini alçaldıcı sözlərlə təhqir etməsi və onlara qarşı fiziki zor tətbiq edərək döyməsi səbəbindən barəsində Azərbaycan Respublikası CM-nin 331.3-cü maddəsi ilə cinayət işi başlanılmış və istintaq aparılması üçün Lənkəran hərbi prokurorluğuna göndərilmişdir. Cəlilabad hərbi məhkəməsi tərəfindən baş leytenant İddiaçı təqsirli bilinərək barəsində Azərbaycan Respublikası CM-nin 331.3-cü maddəsi ilə ittiham hökmü çıxarılmışdır. İddiaçı funksional vəzifələrinin yerinə yetirilməsində nöqsanlara yol verdiyinə görə Dövlət Sərhəd Xidmətinin rəisi - X1 xx.xx.2016-cı il tarixli əmri ilə «Hərbi Xidmətkeçmə haqqında» Əsasnamənin 81-ci maddəsinin «v» bəndinə (işgüzar və ya mənəvi keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan vəzifələrə keçirildikdə) müvafiq olaraq xidmət yeri Sərhəd Qoşunlarının N №-li hərbi hissəsində təminat bölüyünün mühəndis yol tağımının komandiri vəzifəsinə dəyişdirilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə N №-li hərbi hissə komandirinə raportla müraciət etmiş, lakin sonradan xx.xx.2018-ci il tarixdə raportun icrasının dayandırılmasını xahiş etmişdir. İddiaçı bu kimi davranışları digər hərbi qulluqçularda ruh düşkünlüyünün yaranmasına, həmçinin tabeliyində olan hərbi qulluqçuların yanında və kollektivdə nüfuzunun əhəmiyyətli dərəcədə azalmasına səbəb olmuşdur. N №-li hərbi hissədə xidmət etdiyi müddətdə tabeliyində olanlarla idarəetməni düzgün qura bilmədiyinə, nizam-intizam pozuntularına yol verdiyinə, vəzifə borclarının icrasına laqeyd münasibət bəslədiyinə və tabeçiliyində olan hərbi qulluqçulara qarşı fiziki zor tətbiq etdiyinə görə xx xxx 2018-ci il tarixdə xidmət etdiyi N №-li hərbi hissədə ona attestasiya keçirilmiş və attestasiya komissiyası tərəfindən «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidmətə uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması qərarı verilmişdir. İddiaçıya attestasiya komissiyasının qərarı elan edilmiş və o, bu barədə imza edərək qərarla razı olduğunu bildirmişdir («Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 105-ci maddəsinə əsasən attestasiya qaydasının pozulması və attestasiyanın qeyri-obyektivliyi ilə əlaqədar şikayət müəyyən edilmiş qaydada attestasiyanın elan edildiyi gündən 1 aydan gec olmayan müddətdə verilə bilər. Şikayət üzrə son qərarı attestasiya vərəqəsini təsdiq etmiş rəis qəbul edir. Hərbi qulluqçunun şikayəti əsaslı sayıldıqda, attestasiya vərəqəsinə müvafiq dəyişikliklər edilir, yaxud yeni attestasiya tərtib edilir). Bundan başqa xx.xx.2018-ci il tarixdə iddiaçı Sərhəd Qoşunlarının aparatına dəvət olunaraq söhbət aparılmışdır. Söhbət zamanı xidməti fəaliyyətində yol verdiyi ciddi nöqsanlara görə baş leytenant İddiaçı məsələsinə hərbi hissənin attestasiya komissiyasının iclasında baxıldığı, komissiya tərəfindən onun Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə qərar qəbul edildiyi nəzərinə çatdırılmışdır. Baş leytenant İddiaçı komissiyanın qərarı ilə tanış olduğunu bildirmişdir. Ehtiyata buraxılması ilə əlaqədar İddiaçı sağlamlıq vəziyyətinin müəyyənləşdirilməsi və şəhadətləndirilməsi üçün DSX Mərkəzi Hərbi Həkim Komissiyasına təqdim edildiyi və MHHK-nın xx.xx.2018-ci il tarixli 1388 №-li arayışına əsasən sıradankənar hərbi xidmətə yararlı hesab olunduğu, həmçinin etdiyi intizam pozuntularının hərbi qulluqçuya yaraşmayan hərəkətlər olduğu ona bir daha izah olunaraq «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılacağı bir daha nəzərinə çatdırılmışdır. İddiaçı Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli 1057 ş/h №-li əmri ilə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Cavabdeh qeyd olunanları əsas götürərək, iddianın təmin edilməməsini Məhkəmədən xahiş etmişdir. Cavabdeh təşkilatın nümayəndəsi məhkəmədə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş xx.xx.2018ci il tarixli K/1207/10/V-1543 nömrəli imtina məktubu, EZ ******* nömrəli hərbi biletin notariat qaydada təsdiq edilmiş surəti, İddiaçı N nömrəli hərbi hissədə xidmət vərəqəsinin və xidmətlə bağlı sənədlərinin, xx.xx.2018-ci il tarixli Attestasiya nəticələrinin, raportun surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsassızdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin xx xxxx 2018-cu il tarixli, 1057 nömrəli əmrindən çıxarışa əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə müvafiq olaraq, baş leyrenant İddiaçı Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İş materiallarına əlavə olunmuş EZ seriyalı ******* nömrəli əmək kitbaçasına əsasən müəyyən olunur ki, iddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Döblət Xidmətinin İsmayıllı rayon idarəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.2008-ci ildə hərbi hissəyə göndərilmişdir. xx.xx.2018-ci il tarixdə "Hərbi vəzifə və Hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 41.0.6-cı maddəsinə əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hərbi rütbəsi baş leytenantdır. N №-li hərbi hissə komandirinə ünvanlanmış xx.xx.2018-ci il tarixli raportun iş materiallarına əlavə edilmiş surətinə əsasən müəyyən edilmişdir ki, iddiaçı raportla müraciət edərək "Hərbi vəzifə və Hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 41.0.6-cı maddəsinə müvafiq olaraq DSX-da həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmiş, sağlamlıq vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə DSX Mərkəzi Hərbi Həkim Komissiyasında şəhadətləndirilməyinə ehtiyacı olduğunu bildirmişdir. Daha sonra iş materiallarına surəti əlavə edilmiş, xx.xx.2018-ci il tarixli raportla müraciət edərək, ehtiyata buraxılması barədə xx.xx.2018-ci il tarixli raportun icrasının dayandırılmasını xahiş etmişdir. İddiaçının tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üçün keçirilmiş attestasiyanın nəticələrinə əsasən iddiaçının tutduğu vəzifəyə uyğun olmaması və "Hərbi vəzifə və Hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 41.0.6-cı maddəsinə müvafiq olaraq, Silahlı qüvvələrin ehtiyatına baraxımasının məqsədəuyğun olması müəyyən edilmişdir. Eyni zamanda, məhkəmə iclasında iştirak etmiş iddiaçı da, öz izahatında hərbi qulluq keçən əsgərlərə qarış zor tətbiq etdiyi, onların şərəf və ləyaqətini alçatdığı halların olduğu, bu əməllərinə görə də cəzalandırıldığını və cəzasını çəkdiyini faktiki olaraq etiraf etmişdir. Məhkəmənin sorğusuna Lənkəran hərbi prokurorluğunun xx.xx.2020-ci il tarixli HP- 18/366 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, Lənkəran hərbi prokurorluğunda iddiaçı barəsində xx.xx.2015-ci il tarixdə və xx.xx.2017-ci il tarixdə AR CM-nin 331.3-cü maddəsi ilə cinayət işi başlanaraq Cəlilabad Hərbi Məhkəməsinə göndərilmişdir. Cəlilabad Hərbi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1-1(096)-63/2015 nömrəli hökmünə əsasən İddiaçı AR CM-nin 331.3-cü maddəsi ilə təqsirli bilinmiş, barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunaraq üç yüz manat məbləğdə cərimə cəzasına məhkum edilmişdir. Cəlilabad Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1-1(096)-26/2017 nömrəli hökmünə əsasən isə İddiaçı AR CM-nin 331.2 və 331.3-cü maddələri ilə təqsirli bilinmiş, hər iki maddə üzrə barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə CM-nin 331.2-ci maddəsi üzrə yüz əlli, CM-nin 331.3-cü maddəsi üzrə isə 350 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. AR CM 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaq yolu ilə ona qəti cərimə cəzası 400 manat miqdarında təyin edilmişdir. Göründüyü kimi, həm iddiaçının izahatı, həm də onun barəsində əvvəllər çıxarılmış hökm iddiaçının beş illik fəaliyyətini də əhatə edən attestasiya nəticələrində qeyd olunan məlumatların şübhəliliyini və əsassızlığını istisna edir. «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən aşağıdakı günlər həqiqi hərbi xidmətin başlanğıcı sayılır: çağırışçılar üçün – müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildikləri gün; bağlaşma əsasında hərbi xidmətə könüllü daxil olanlar üçün – bağlaşmanın imzalandığı gün; kursantlar üçün – hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunduqları gün. Qanunun 37.2-ci maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Həmin Qanunun 40.3-cü madəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Həmin Qanunun 40.2-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları bu Qanunun 41.0.3-cü, 41.0.5-ci, 41.0.8-ci, 42.0.2-ci və 42.0.3-cü maddələrində, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları isə həmçinin bu Qanunun 41.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata və ya istefaya buraxılırlar. Həmin Qanunun 41.0-cı maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: (41.0.1.) xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); (41.0.2.) yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; (41.0.3.) xəstəliyə görə — hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; (41.0.4.) ştatların ixtisarına görə — ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); (41.0.5.) ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları — «Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə müəyyən edilmiş əsaslara görə; (41.0.6.) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); (41.0.7.) məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və «Azərbaycan Respublikası Silahlı X2»nin 61-ci bəndinin «z)» yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); (41.0.8.) törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzalara məhkum edildikdə (bu Qanunun 42.0.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla); (41.0.9.) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; (41.0.10.) Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. İşin müəyyən edilən hallarından da göründüyü kimi iddiaçının mübahisələndirdiyi əmrin verilməsinə əsas kimi onun məhz xidmətə uyğun olmadığı qeyd olunmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt—inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə qeyd edir ki, mübahisələndirmə haqqında iddianın səciyyəvi xüsusiyyətlərindən biri odur ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Bu zaman iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqları pozulsun. Bununla yanaşı İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmənin qənaətinə görə hazırkı halda mübahisələndirilən əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirildiyi halda, mübahisəli əmrin ləğv edilməsini yetərli əsasların olması iş üzrə müəyyən olunmur. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Hazırkı halda Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin xx xxxx 2018-ci il tarixli, 1057 nömrəli əmrinin qəbul edilməsi zamanı «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin və «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulmasını təsdiq edən hallar iş üzrə öz təsdiqini tapmadığından iddia əsassızdır və təmin oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli, 1057 №-li əmrinin ləğv edilməsi, işə bərpa olunaraq, məcburi buraxılmış müddətin ümumi hərbi xidmət müddətinə daxil edilməklə həmin dövr üzrə hər ay hesablanmalı olan maaşın verilməsi, əvəzçiliklə icra etdiyi vəzifələr üzrə (2014-cü ilin aprel ayının 14-dək Lənkəran sərhəd dəstəsinin 9-cu sərhəd zastavasının rəisi, 2014-cü ilin aprel ayının 14-dən 2015-ci ilin may ayının 25-dək Lənkəran sərhəd dəstəsinin 6-cı sərhəd zastavasının rəisi, 2017-ci ilin dekabr ayının 2dən 2018-ci ilin iyul ayının əvvəlinədək Göytəpə sərhəd dəstəsində təminat bölük komandiri) vəzifə maaşı ilə onun vəzifə maaşı arasındakı fərqin, 2016-2018-ci illər üzrə geyim pulunun və 2013-2018-ci illər üzrə ərzaq əvəzinə pul kompensasiyasının artırılmış məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar