Məhkəmə qərarları › İş №2-1(118)-4913/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4913/2025

02.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4913/2025 02.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: əlilliyin təyin edilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı Azərbaycan Respublikasının müdafiəsi nəticəsində aldığı hərbi travmaya görə əlilliyin-orqanizmin funksiyasının pozulması faizinin təyin edilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, xx.xx.1993-cü ildə anadan olmuş və 2020ci il 27 sentyabr tarixində başlamış 44 günlük Vətən Müharibəsində zabit kimi iştirak etmiş, işğalda olan rayonların erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərə qatılmış və hərbi tapşırığını yerinə yetirən zaman kəllə-beyin travması və digər xəsarətlər almış və AR MN-nin HHEK-sı tərəfindən şəhadətləndirilməyi aparılmaqla 25 iyul 2024-cü il tarixli 1236 saylı Xəstəlik haqqında Şəhadətnaməyə əsasən «sülh və müharibə dövründə hərbi xidmətə yararsız» hesab olunaraq təxris edilmişdir. P00249185CRZ saylı xx.xx.2025-ci il tarixli tibbi göndəriş elektron qaydada cavabdeh orqana təqdm olunmuş,cavabdeh tərədindən «diaqnoz əlillik əlaməti təyin etmir» əsası ilə əlillik dərəcəsinin təyin olunmasından imtina barədə Qərar qəbul edilmişdir. Cavabdehin imtinası tam əsassızdır, belə ki, onunla eyni diaqnozda olan şəxslərə əlilliyin təyin edilməsi meyarlarına uyğun olaraq əlillik dərəcəsi təyin olunmuş və ona təyin olunmuş diaqnoz belədir: «Müharibə zamanı barotvurma nəticəsində üzvü şəxsiyyət pozuntusu, depressiv daxilolmalar intihar fikirləri,cəngolma tutmaları ilə,Fəlakət keçirdikdən sonra kəskin dərəcədə ifadə olunan şəxsiyyətin davamlı dəyişkənliyi və digər. 2020-ci İdən sonra səhhətində olan problemlər daha da artmış və əlavə də bu müddət ərzində səhhətində baş vermiş ağırlaşmalara dair tibbi müayinənin nəticələri həmin tibbi göndərişə əlavə edilmişdir. Onu da qeyd edir ki, barəsində həkim psixiatr Komissiyasının verdiyi rəylə də prof. F.İsmayılov və prof. В.Əsədov tərəfindən ««2-ci Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində şəxsiyyət pozuntusu depressiv affektiv daxilolmalar, təkrarlanan intihar cəhdləri cəngolma tutmaları və eşitmə görmənin zəifləməsi ilə F07.0 diaqnozu təsdiq edilmişdir ki, bu da əlillik təyinatına əsas verir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində qeyd edir ki, İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli 1236 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020) nəticəsində, keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu. Fəlakət (müharibə) keçirdikdən sonra kəskin (ağır) dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi. Partlayış travması (xx.xx.2020), başın küt travması (xx.xx.2021) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, ayrı-ayrı davamlı nevroloji nişanələr, xroniki sefalgik və insomnik sindrom, koqnitiv defisit ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi, mərkəzi sinir sisteminin funksiyasının mülayim dərəcədə pozulması ilə. Sol dirsək oynağı nahiyəsinin arxa səthinin və sol ayağın iç topuq və ayaqaltı nahiyəsinin yumşaq toxumalarının dəlib-keçən odlu silah yaralarından sonrakı (xx.xx.2020; xx.xx.2020) bərkimiş dəri çapığı. Barotravma (xx.xx.2020) nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 2,5 (iki tam onda beş) metr, sol qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə. Partlayış travması (xx.xx.2020) nəticəsində hər iki gözün travması, görmə siniri diskinin hissəvi azalması, görmə itiliyi hər iki gözdə 1,0 olmaqla” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Sağ saidin, qarnın ön divarının çoxsaylı kəsilmiş (xx.xx.2024) yaralarından sonrakı bərkiməmiş, sol saidin ön səthinin termiki yanığından sonrakı bərkimiş dəri çapıqları” diaqnozlu travmanın səbəb əlaqəsi “Travmadır, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 12292547 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 3441 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar fikirləri, cəngolma tutmaları, eşitmə və görmənin zəifləməsi ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 12705051 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024xx.xx.2024-cü il tarixli 13315498 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 28 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar fikirləri, cəngolma tutmaları ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 2 il müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 13638462 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluq, əsəbilik, insanlardan uzaqlaşmadan, təkliyə qapanmadan şikayətlənmişdir. Dərmanlardan Escita, Ketilept, Fenibut, Depakin, Fenozepam qəbul etdiyini söyləmişdir. Zahirən səliqəli, düşüncəsi aydın olmuşdur. Əsəbləşəndə əlində və ayağında qıcolmalar olduğunu söyləmişdir. Sağ saiddə səthi kəsiklər izlənmiş, xidməti müddətdə əsəbləşərək etdiyini bildirmişdir. Təqdim etdiyi 11.06-xx.xx.2024-cü il tarixli 1108 №-li Məhkəmə Tibbi Ekspertiza rəyində “İddiaçı özünə xəsarət yetirərkən hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəsizlik dərəcəsini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Bu əməli törətməsi şəxsiyyət pozuntusu ilə əlaqədar olmuşdur. Hazırki psixi vəziyyətinə görə stasionar psixiatrik müalicəyə ehtiyac yoxdur” kimi nəticə müəyyənləşdirilmişdir. Anamnestik məlumatlar sual doğurmuşdur. Belə ki, tələbə olanda da Qrandaksin və Amitriptillin ilə müalicə aldığını və qohumlarının da (bibisi uşaqları) psixi problemləri olduğunu bildirmiş, lakin XTQ-da xidmətə qəbul edilərkən psixi sağlam olması mütləq faktor olaraq araşdırılmış və nəzərə alınmışdır. 2024-cü ilədək heç bir psixiatrik müəssisədə müalicə qəbul etməmişdir. Yaddaşı qorunmuş, mühakimə və analiz qabiliyyəti situasiyaya uyğun olmuş, tənqidi bütün istiqamətlərdə qorunmuşdur. Hal-hazırda psixi vəziyyəti ilə əlaqədar kənar şəxsin nəzarəti və ya qulluğuna ehtiyac yaradan ağırlaşmalar izlənilməmişdir. Ailəli, 1 və 5 yaşlarında iki övladı olduğunu söyləmişdir. Özünün həkimterapevt olduğunu bildirmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Anamnezdə özünü kəsmələr” kimi müəyyənləşdirilmiş, ixtisaslaşmış tibb müəssisələrində sutkalıq stasionar şəraitində müalicə və dinamik müşahidə edilməsi tövsiyyə edilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmiş, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “X3 Mərkəzi” X5 stasionar xəstənin tibbi kartasından çıxarışından məlum olur ki, İddiaçı Abutahb oğlu xx.xx.2020-ci ıl tarixdən xx.xx.2020-ci il tarixədək "Qapalı kəllə-beyin travması, topuq nahiyəsini (sol) dəlib keçən güllə yarası. Barotravma. Sol dirsək nahiyəsini dəlib keçən güllə yarası" diaqnozu ilə müalicədə olmuşdur. Travma haqqında arayışların, xəstəlik haqqında №1236 saylı şəhadətnamənin surəti iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışından məlum olur ki, İddiaçı xx.xx.2025-ci il tarixdə "Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar fikirləri, cəngolma tutmaları ilə. Fəlakət (müharibə) keçirdikdən sonra kəskin (ağır) dərəcədə ifadə olunmuş .şəxsiyyətin davamlı dəyişildiyi, Saidin çoxsaylı açıq yaralan, Sağ saidin .qarnın ön divarının çoxsaylı kəsilmiş (xx.xx.2024) yaralarından sonrakı bərkiməmiş, sol saidin ön səthinin termiki yanığından sonrakı bərkimiş dəri çapıqları. Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, Sağ tərəfli 1-ci dərəcəli xroniki neyrosensor tip ağıreşitmə, sol tərəf 1-ci dərəcəli xroniki neyrosensor tip ağıreşitmə” diaqnozu qoyulduğu, lakin “əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina edildiyi aydın olur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X7 xx.xx.2024-cü il tarixli 28 saylı arayışından məlum olur ki, İddiaçı xx.xx.2024-cü il tarixdə həkim psixiatr komissiyasından keçmiş, ona “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar fikirləri, cəngolma tutmaları’’ diaqnozu təyin olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası" X7 xx.xx.2024-cü il tarixli 3441 saylı arayışından məlum olur ki, İddiaçı xx.xx.2024-cü il tarixdə həkim psixiatr komissiyasından keçmiş, ona “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar fikirləri, cəngolma tutmaları, eşitmə və görmənin zəifləməsi ilə F07.0” diaqnozu təyin olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X5 1352/2024 nömrəli xəstəlik tarixindən çıxarışdan aydın olur ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar fikirləri, cəngolma tutmaları ilə F07.0” diaqnozu ilə müalicədə olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli 1680 saylı rəyində qeyd edilmişdir ki, İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları və depressiv daxilolmalarla” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (döyüşlərdə kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, əsəb gərginlik anlarında özünə xəsarət yetirməsi, gecə yuxusunun pozulması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasıda “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotrauma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar fikirləri, cəngolma tutmaları, eşitmə və görmənin zəifləməsi ilə F07.0" diaqnozu təyin olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən narahat və gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, disforik olması, enməyə meylli olması, emosional dayanıqsızlığı və s.) sübut edir. İİ. Yekun hissəsi: İnzibati işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən mənkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: iddiaçı xx.xx.1993-cü il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla, onda aşağıdakı xəstəliklər aşkar olunurmu? - Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar fikirləri, cəngolma tutmaları ilə F 07.0 Cavab: Yoxlanılan şəxs İddiaçı “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları və depressiv daxilolmalarla” (F07.0) aşkar edilir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İmtina qərarının iddiaçıya hansı tarixdə təqdim edilməsi barədə cavabdeh sübut təqdim etməmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı ona əlillik dərəcəsinin təyin edilməsini istəyir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli 1680 saylı rəyində qeyd edilmişdir ki, İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları və depressiv daxilolmalarla” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (döyüşlərdə kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, əsəb gərginlik anlarında özünə xəsarət yetirməsi, gecə yuxusunun pozulması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasıda “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotrauma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar fikirləri, cəngolma tutmaları, eşitmə və görmənin zəifləməsi ilə F07.0" diaqnozu təyin olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən narahat və gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, disforik olması, enməyə meylli olması, emosional dayanıqsızlığı və s.) sübut edir. Beləliklə, işin hallarından görünür ki, İddiaçı “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları və depressiv daxilolmalarla” (F07.0) aşkar edilir. İş materiallarına əlavə edilmiş xəstəlik haqqında №1236 saylı şəhadətnamədən görünür ki, diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin, o cümlədən: F 07.0 Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş kəllə-beyin travması, baş silkələnməsindən sonrakı kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, F62.0 Fəlakət (müharibə) keçirdikdən sonra kəskin (ağır) dərəcədə ifadə olunmuş şəxsiyyətin dəyişikliyi) səbəbli əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” olaraq qeyd edilmişdir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının 7.6.2.1 bəndinə əsasən əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) orqanizmin funksiyalarının pozulması faizi 35-60 faiz, orqanizmin funksiyalarının pozulması 2 il müddətinə müəyyən edilmişdir. Bu halda iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə iki il müddətinə əlillik təyin edilməlidir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İş materiallarından görünür ki, iddiaçı barəsində tibb müəssisəsinin sonuncu göndərişi əsasında iddiaçıya əlilliyin təyin olunmasından imtina haqqında cavabdehin sonuncu qərarı xx.xx.2025-ci il tarixdə qəbul olunmuşdur. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən (imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda) təyin olunmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)- 185/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1164/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-3050/2024 nömrəli qərarları). Bu baxımdan hazırkı mübahisəyə münasibətdə iddiaçıya müvafiq əlillik sonuncu imtina tarixindən təyin edilməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı imtina haqqında sonuncu qərarın qəbul edildiyi tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizm funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar