Məhkəmə qərarları › İş №2-1(118)-4917/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4917/2025

05.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4917/2025 05.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Mənzil-Tikinti Kooperativinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi) GİRİŞ HİSSƏ X3-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Mənzil-Tikinti Kooperativinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 05 noyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı MTK cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin pozulmasına və ya icbari tibbi sırğorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********191985 nömrəli Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ‘'Cənnət Park” MTK-ya 2 saylı Ərazi Vergilər idarəsinin xx.xx.2024-cü il tarixli **********180739 saylı qərarına əsasən, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə yanvar 2021 - dekabr 2023 hesabat dövrləri üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx.xx.2024-cü il tarixdə başlanmış, xx.xx.2024-cü il tarixdə bitmişdir. Nəticəsi isə xx.xx.2025-ci il tarixli **********181632 nömrəli aktla rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlamasının nəticəsinə dair xx.xx.2025-ci il tarixli, **********191985 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmiş və həmin qərara əsasən, iddiaçıya 1,095,386.46 manat (o cümlədən, 2021-2023-cü illərin mənfəət vergisi üzrə 196,749.31 manat, yanvar 2021 - dekabr 2023 hesabat dövrlərinə ƏDV üzrə 898,637.14 manat) əlavə vergi məbləği hesablanmış, 575,657.51 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Mübahisələndirilən xx.xx.2025-ci il tarixli, **********191985 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” Qərar ilə razı deyil. Belə ki, cavabdeh iddiaçıya ƏDV üzrə 2023-cü ilin noyabr ayına əlavə vergi məbləğini “Azəriqaz” İstehsalat Birliyindən aldığı məlumatlara əsasən hesablamışdır. Belə ki, cavabdeh vergi orqanı X1 aldığı məlumata əsasən iddiaçının yoxlamaya təqdim etdiyi müqavilələrdən əlavə olaraq ümumi sahəsi 1202.35 kv.metr olan 20 ədəd mənzil satdığını müəyyən etmiş və bu səbəbdən iddiaçıya ƏDV hesablamışdır. Halbuki, X1 alınan məlumat sadəcə elektrik sayğaclarının quraşdırıldığı mənzillər barədədir və həmin mənzillər yoxlamanın əhatə etdiyi dövrdən əvvəlki tarixlərdə satılmış, lakin sayğacın quraşdırılması prosesi daha sonrakı tarixlərdə olmuşdur. Bir sözlə, cavabdeh yoxlamadan əvvəlki dövrlərdə satılmış və vergisi hesablanaraq büdcəyə ödənilmiş 20 mənzilə görə hazırki yoxlama ilə təkrar olaraq iki qat ƏDV hesablamışdır. Cavabdeh 2023-cü ilin dekbar ayı üzrə 787,775.28 manat ƏDV hesablamış və hesablamanı belə əsaslandırmışdır ki, VM-nin 67.16-cı maddəsinə əsasən, ümumi sahəsi 6320,32 manat elan 117 mənzilin satışını müəyyən etmiş və buna müvafiq olaraq iddiaçıya əlavə vergi məbləği hesablamışdır. Bununla bağlı bildirir ki, İddiaçı MTK tərəfindən çoxmərtəbəli yaşayış binasının tikintisi 2016-ci ildə başlanılmış və mənzillər 2016-2023-cü illərdə satılmışdır. Daxili kredit qaydasında satılmış mənzillərin dəyəri illər üzrə daxil olduqca, müvafiq aylar üzrə ƏDV və illər üzrə də Mənfəət vergisi bəyannaməsi vergi orqanına təqdim edilmişdir. Başqa sözlə desək, cavabdehin qeyd etdiyi 117 mənzil yoxlama ilə əhatə olunan dövrdə (yanvar 2021 - dekabr 2023) satılmamışdır. Yoxlama ilə əhatə olunan dövrdə iddiaçının satışdan bank hesabına daxil olan məbləğlərə görə ƏDV və mənfəət vergisi hesablanaraq dövlət büdcəsinə hesablanmışdır. Göründüyü kimi, cavabdeh yenə də yoxlamadan əvvəlki dövrlərdə satılmış mənzillərə görə satılmış və vergisi ödənilmiş mənzillərə görə təkrar olaraq ƏDV hesablamışdır. Mənfəət vergisinə münasibətdə qeyd edir ki, eyni hal həmin vergi növündə də təkrarlanmışdır. Belə ki, vergi orqanı əvvəlki dövrlərdə satılmış və vergisi ödənilmiş mənzil və obyektlərə görə, iddiaçıya 2023-cü ilə təkrar olaraq mənfəət vergisi hesablamışdır. Cavabdeh vergi orqanı iddiaçı tərəfindən satılmış mənzillərin bazar qiymətini müəyyən etmək üçün ekspertiza təyin etmiş və ekspertin xx.xx.2024-cü il tarixli rəyinə əsasən, satılmış mənzillərin bazar qiyməti 2021-2022-ci illərdə 700 manat, 2023-cü ildə isə 800 manat müəyyən edilmişdir. Daha sonra, cavabdeh iddiaçı tərəfindən satılmış 151 ədəd mənzilə bazar qiymətini tətbiq edərək dövriyyə hesablamışdır. Bununla bağlı ilk öncə qeyd edir ki, iddiaçı yoxlama ilə əhatə olunan dövrdə (2021-2023-cü illərdə) bəmi 14 ədəd mənzil satmışdır, lakin cavabdeh kobud səhvə yol verərək, əvvəlki illərdə (2016 - 2020-ci illərdə) satılmış mənzillərə ekspertin 2021 - 2023-cü illər üçün müəyyən etdiyi qiyməti tətbiq etmişdir. İkincisi, cavabdehin hər hansı hüquqi əsası olmadığı halda, bazar qiymətinin müəyyən edilməsi məqsədilə ekspert dəvət etmişdir. Belə ki, “Avropa Məhkəməsinin hüquqi mövqeyindən görünür ki, icarə münasibətlərindən əldə olunan gəlirdən verginin tutulması üçün bazar qiymətinin tətbiq edilməsi vergidən yayınmanın baş verməsinə dair ciddi əsasların - mövcudluğunu tələb edir. Belə ciddi əsasların mövcudluğunu təsdiq edə biləcək sübutetmə vasitələri ilə bağlı vergi orqanı, ilk növbədə, hər bir konkret işə onun fiziki, hüquqi və iqtisadi xüsusi hallarını nəzərə almaqla fərdi yanaşmalıdır.”. Bundan başqa, cavabdeh vergi orqanı bazar qiymətinin müəyyən edilməsi məqsədilə Vergi Məcəlləsinin 14cü maddəsində təsbit edilmiş ardıcıllığa riayət etməmişdir. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)-2728/2024-cü il tarixli qərarında qeyd edilir ki, “Vergi orqanı tərəfindən yoxlama başlanılan tarixdən ekspertizanın təyin edilməsinədək Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulan ardıcıllıq üzrə qeyri-yaşayış obyektinin bir hissədə isə mənzilin) bazar dəyərinin müəyyən edilməsi istiqamətində hər hansı tədbir görülməmişdir. Cavabdeh tərəfindən aparılan inzibati icraatda və iş materiallarında iddiaçı kimi fəaliyyət göstərən və iddiaçının əmlakına uyğun əmlakın icarəsi barədə heç bir analoji vergi ödəyicisinin məlumatı yoxdur. İnzibati orqanın qərarında onun bazar qiymətinin tətbiq etməsinin hər hansı konkret əsası barədə sənədlər, faktlar və ya sübutlar göstərilməmişdir. Konstitusiya Məhkəməsinin 13 mart 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, bazar qiymətinin, ilk növbədə, müqayisəli şəkildə aşkar edilməsinin əsası qoyulur. Bu metod əvvəllər ekvivalent hallarda bağlanılmış oxşar predmetli icarə müqavilələrinin şərtlərinin müşahidəsinə əsaslanmaqla müvafiq dövlət mənbələrindən, rəsmi, yaxud da açıq məlumatlardan istifadə etməklə əmlakların mümkün olan ən həqiqi qiymətinin müəyyən edilməsindən ibarətdir. Lakin bu üsuldan istifadə etməklə qiymətin aşkar olunması mütləq bütün hallarda nəticə vermədiyi üçün, vergi orqanı bazar qiymətinin müəyyən edilməsi məqsədilə növbəti mərhələyə də keçə bilər. Əks yanaşma tərəflər arasında müqavilə azadlığı çərçivəsində bağlanmış və tələb və təklif əsasında müəyyən edilmiş qiymətin mötəbərliliyi prezumpsiyasına ziddir. Qeyd edildiyi kimi, əgər vergi orqanı mülki hüququnun subyektlərinin müqavilə azadlığından sui istifadəsinə istinad edirsə, bunu mötəbər sübutlarla təsdiq etməlidir.”.

3. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, cavabdeh vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********180739 saylı qərarına əsasən, İddiaçı MTK-da (VÖEN **********) xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr əhatə edilməklə vergi ödəyicisində növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. “Növbəti səyyar vergi yoxlamasının keçirilməsi barədə” Qərar, Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış, “Vergi yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə” Tələbnamə vergi ödəyicisinə təqdim edilmiş və xx.xx.2024-cü il tarixli, **********180763 saylı Tələbnamədə qeyd olunan sənədlərin 15 (on beş) iş günü müddətində yoxlamaya təqdim edilməsi təklif edilmişdir. Yoxlanılan dövr ərzində mənzil tikinti fəaliyyəti ilə məşğul olmuşdur. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisində aşağıda qeyd olunan uyğunsuzluqlar aşkar olunmuşdur və əlavə vergi məbləği hesablanmışdır. Yoxlama zamanı vergi ödəyicisinin təqdim etdiyi müqavilələrə əsasən, 131 mənzil üzrə 7095.94 m2 sahənin satıldığı müəyyən olunmuşdur. Bundan başqa, Azəriqazdan alınmış məlumata əsasən, 20 mənzil üzrə 1202.35 m2 sahənin satıldığı, baza məlumatlarına əsasən isə 46.7 m2 olan bir obyektin satıldığı müəyyən edilmişdir. Ümumilikdə, yoxlama ilə 8344.99 m2 satışa yararlı sahənin satıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Ticarət və Sənaye palatası Azərekspertiza Birliyinin xx.xx.2024-cü il tarixli rəyinə (AVİS xx.xx.2024-cü il tarixli **********342300 saylı) əsasən, İddiaçı MTK-ya məxsus Abşeron rayonu, Hökməli ŞTQ, Bakı-Şamaxı şosesi 14-cü km, Aşağı Güzdək qəsəbəsində inşa edilən binaların yaşayış sahəsinin 1 m2-nin orta bazar qiyməti 2021-2022-ci ildə 700.0 manat, 2023-cü illər üzrə 800.0 manat (ƏDV ilə), qeyriyaşayış sahəsi isə 2023-cü ildə isə 1000,0 manat (ƏDV ilə) müəyyənləşdirilmişdir. ƏDV üzrə Vergi Məcəlləsinin 67.16, 166-cı, 173.1-ci və 159.1-ci maddələrinə əsasən, 151 mənzilin və bir obyektin satışı üzrə 8344.99 m2 satışa yararlı sahənin satışı müəyyən edilmiş, 5795700.0 manat dövriyyə məbləği müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən 1087397.9 manat dövriyyə məbləği göstərildiyindən, 4708302.1 manat dövriyyə kənarlaşması üzrə 847494.3 manat əlavə ƏDV məbləği hesablanmış, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən, əlavə dəyər vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən ayrı-ayrı aylar üzrə 849025.25 manat azaldılmasına görə 50% məbləğində, yəni 477282.8 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan başqa, mənfəət vergisi üzrə gəlirlər Vergi Məcəlləsinin 135-ci maddəsinə əsasən yoxlanılmışdır. Vergi ödəyicisinin xərc məbləğlərini müəyyən etmək mümkün olmadığından Nazirlər Kabinetinin 55 saylı Qərarına əsasən, xərclər müəyyən edilmiş və nəticədə, 2021-2022-2023-cü illər üzrə 196749.31 manat mənfəət vergisi hesablanmış və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən, mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 196749.31 manat azaldılmasına görə, 50% məbləğində, yəni 98374.66 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama xx.xx.2025-ci il tarixli, **********181632 nömrəli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilmiş və həmin akta əsasən, “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********191985 nömrəli Qərar qəbul edilmişdir. Həmçinin, iddia ərizəsində qeyd olunlarla bağlı bildirilir ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, vergitutma obyektinin müəyyənləşdirilməsi mümkün olmadıqda vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır, xx.xx.2024-cü il tarixli, **********072200 nömrəli məktubla “Azəriqaz” İstehsalat Birliyinə müraciət olunmuş və alınmış cavab üzrə (**********707200) Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə əsasən hesablanma aparılmışdır. İddia ərizəsində qeyd olunan 117 mənzil üzrə 6320,32 kv.m olan sahənin yoxlamadan əvvəlki dövrdə daxili kreditlə satıldığı, ödəniş hissə-hissə daxil olduqca vergilərinin hesablanmasına münasibətdə isə bildiririk ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, vergitutma obyektinin müəyyənləşdirilməsi mümkün olmadıqda vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır, xx.xx.2024-cü il tarixli, **********072200 nömrəli məktubla “Azəriqaz” İstehsalat Birliyinə müraciət olunmuş və alınmış cavab üzrə (**********707200) Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə əsasən hesablanma aparılmışdır. İddia ərizəsində qeyd olunan 151 mənzilə bazar qiymətinin tətbiq edilməsi - Yoxlama ilə əhatə edilən dövrdə (yanvar 2021-dekabr 2023) 14 mənzil satılmışdır, qalan mənzillər yoxlamadan əvvəlki dövrdə satılıb. 2016-2020-ci illərdə satılmış mənzillərə 2021-2023-cü illərə müəyyən edilmiş bazar qiyməti tətbiq edilib hissəsinə münasibətdə isə qeyd edir ki, Vergi Məcəlləsinin 44.2-ci maddəsinə Ekspert müqavilə əsasında cəlb edilir. VM-nin 44.8-ci maddəsinə əsasən, ekspert rəyi öz adından verir və imzalayır. Ekspertin rəyində onun tərəfindən aparılan araşdırma, gəldiyi nəticələr və qoyulan suallara əsaslandırılmış cavablar əks etdirilir. Vergi Məcəlləsinin 44.7-ci maddəsinə əsasən, Ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı yoxlanılan şəxsin aşağıda göstərilən hüquqları vardır: ekspertə etiraz etmək; ekspertin onun tərəfindən göstərilən şəxslərdən təyin edilməsi barədə müraciət etmək; ekspertin rəyinin alınması üçün əlavə suallar təqdim etmək; ekspertiza keçirildikdə vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxsinə əvvəlcədən məlumat verməklə bilavasitə və ya nümayəndəsinin vasitəsi ilə ekspertiza keçirilməsində iştirak etmək; ekspertin rəyi ilə tanış olmaq. Müvafiq ekspert rəyi xx.xx.2024-cü il tarixdə vergi ödəyicisinə tanış olmaqçün təqdim olunub. Vergi ödəyicisi rəylə tanış olaraq, bir nüsxəsini götürüb.

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin olunmamasını xahiş etdi.

ƏSASLANDİRMA HİSSƏSİ

II. İddianın növü və mümkünlüyü

6. İPM-in 2.2.1-ci maddəsinə görə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

7. Mübahisələndirilən aktlar iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.

8. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

9. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir.

10. İddiaçı xx.xx.2025-ci il tarixli qərarının mübahisələndirilməsi üçün xx.xx.2025-ci il tarixdə iddia ərizəsini məhkəməyə təqdim edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır.

11. İddia mümkündür.

IV. Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ.Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ.Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.

13. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz.

14. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə 38.3.6. cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə. 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; 38.3.9. aşağıdakı hallarda bu Məcəllənin 85-ci maddəsində göstərilən müddətlərdən asılı olmayaraq, əvvəlki səyyar vergi yoxlaması ilə yoxlanılan dövr əhatə edilməklə yuxarı vergi orqanının qərarı əsasında: 38.3.9.1. vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə; 38.3.9.2. vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlaması zamanı sənədlər təqdim edilmədikdə və vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə; 38.3.9.3. vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi zamanı təqdim edilən sənədlərdən fərqli sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə. 38.4. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. 38.5. İnventarizasiya səyyar vergi yoxlaması zamanı aşağıda göstərilən hallarda vergi orqanının əsaslandırılmış qərarı ilə aparılır: 38.5.1. vergi ödəyicisində sonuncu vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən bilərəkdən hesabat sənədlərinin aparılmaması aşkar edildikdə; 38.5.2. vergi ödəyicisində sonuncu vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq hesabat sənədlərinin aparılmaması aşkar edildikdə və bununla əlaqədar vergi orqanının xəbərdarlığından sonra yol verilmiş dəqiqsizliklər aradan qaldırılmadıqda və hesabat müəyyən edilmiş qaydalara uyğun olaraq aparılmadıqda; 38.5.3. vergi ödəyicisində səyyar vergi yoxlaması zamanı aksiz markaları ilə markalanmalı olan, ancaq markalanmamış, məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış mallar, habelə markalanmalı olan, lakin markalanmamış dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və videomateriallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları aşkar edildikdə; 38.5.4. vergi ödəyicisində əmlak vergisinin hesablanmasının və ödənilməsinin düzgünlüyü yoxlanıldıqda. 38.6. Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; 38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda -məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Maddə 43. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi 43.5. Səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması üçün zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların götürülməsi qadağandır. Maddə 45. Vergi yoxlamasının keçirilməsinə kömək göstərilməsi üçün mütəxəssisin dəvət edilməsi 45.1. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları 53.1. Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. 53.2. Heç bir kəs vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb oluna bilməz. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Maddə 54. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallar 54.0. Şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması; 54.0.3. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşına çatmaması; 54.0.4. vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması. Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir(xx.xx.2024-cü il tarixədək qüvvədə olmuşdur). 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır.(xx.xx.2024-cü il tarixədək qüvvədə olmuşdur). 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi.

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 70. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. 70.2. İddiaçının pul məbləğinin həcmini müəyyən edən və ya pul məbləğinin təyin edilməsi üçün müəyyən şərtlərin mövcud olduğunu nəzərdə tutan (tanıyan) inzibati aktın dəyişdirilməsini tələb etdiyi hallarda, məhkəmə başqa miqdarda pul məbləği və ya pul məbləğinin ödənilməsi üçün başqa şərtlər müəyyən edə bilər. 70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər.

16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarına və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

IV. Məhkəmənin mövqeyi

17. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

18. Məhkəmə tərəfindən müəyyən edildi ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə yanvar 2021- dekabr 2023 hesabat dövrləri üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx.xx.2024-cü il tarixdə başlanmış, xx.xx.2024-cü il tarixdə bitmişdir. Nəticəsi isə xx.xx.2025-ci il tarixli **********181632 nömrəli aktla rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlamasının nəticəsinə dair xx.xx.2025-ci il tarixli **********191985 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmiş və həmin qərara əsasən, iddiaçıya 1,095,386.46 manat (o cümlədən, 2021-2023-cü illərin mənfəət vergisi üzrə 196,749.31 manat, yanvar 2021-dekabr 2023 hesabat dövrlərinə ƏDV üzrə 898,637.14 manat) əlavə vergi məbləği hesablanmış, 575,657.51 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

19. Cavabdeh inzibati orqan qeyd edir ki, səyyar vergi yoxlaması zamanı vergi ödəyicisində aşağıda qeyd olunan uyğunsuzluqlar aşkar olunmuşdur və əlavə vergi məbləği hesablanmışdır. Yoxlama zamanı vergi ödəyicisinin təqdim etdiyi müqavilələrə əsasən, 131 mənzil üzrə 7095.94 kv.m sahənin satıldığı müəyyən olunmuşdur. Bundan başqa, Azəriqazdan alınmış məlumata əsasən, 20 mənzil üzrə 1202.35 kv.m sahənin satıldığı, baza məlumatlarına əsasən isə 46.7 kv.m olan bir obyektin satıldığı müəyyən edilmişdir. Ümumilikdə, yoxlama ilə 8344.99 kv.m satışa yararlı sahənin satıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Ticarət və Sənaye palatası Azərekspertiza Birliyinin xx.xx.2024-cü il tarixli rəyinə (AVİS xx.xx.2024-cü il tarixli **********342300 saylı) əsasən, İddiaçı MTK-ya məxsus Abşeron rayonu, Hökməli ŞTQ, Bakı-Şamaxı şosesi 14-cü km, Aşağı Güzdək qəsəbəsində inşa edilən binaların yaşayış sahəsinin 1 m2-nin orta bazar qiyməti 2021-2022ci ildə 700.0 manat, 2023-cü illər üzrə 800.0 manat (ƏDV ilə), qeyri-yaşayış sahəsi isə 2023cü ildə isə 1000,0 manat (ƏDV ilə) müəyyənləşdirilmişdir. ƏDV üzrə Vergi Məcəlləsinin 67.16, 166-cı, 173.1-ci və 159.1-ci maddələrinə əsasən, 151 mənzilin və bir obyektin satışı üzrə 8344.99 kv.m satışa yararlı sahənin satışı müəyyən edilmiş, 5795700.0 manat dövriyyə məbləği müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən 1087397.9 manat dövriyyə məbləği göstərildiyindən, 4708302.1 manat dövriyyə kənarlaşması üzrə 847494.3 manat əlavə ƏDV məbləği hesablanmış, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən, əlavə dəyər vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən ayrı-ayrı aylar üzrə 849025.25 manat azaldılmasına görə, 50% məbləğində, yəni 477282.8 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan başqa, mənfəət vergisi üzrə gəlirlər Vergi Məcəlləsinin 135-ci maddəsinə əsasən yoxlanılmışdır. Vergi ödəyicisinin xərc məbləğlərini müəyyən etmək mümkün olmadığından Nazirlər Kabinetinin 55 saylı Qərarına əsasən, xərclər müəyyən edilmiş və nəticədə, 2021- 2022-2023-cü illər üzrə 196749.31 manat mənfəət vergisi hesablanmış və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58,1 maddəsinə əsasən, mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 196749.31 manat azaldılmasına görə 50% məbləğində, yəni 98374.66 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, vergitutma obyektinin müəyyənləşdirilməsi mümkün olmadıqda vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır, xx.xx.2024-cü il tarixli **********072200 nömrəli məktubla “Azəriqaz” İstehsalat Birliyinə müraciət olunmuş və alınmış cavab üzrə (**********707200) Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə əsasən hesablanma aparılmışdır.

20. Məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin pozulmasına və ya icbari tibbi sırğorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025ci il tarixli, **********191985 nömrəli qərarı vergi qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Ona görə də, iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir.

21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

NƏTİCƏVİ HİSSƏ

22. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilmir. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X3-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar